Bizim tərəflərdə (söhbət hələ sovet vaxtlarından gedir) oğlu əsgərliyə, Rusiyada işləməyə gedən bütün kənd arvadlarının ən ümumxalq dərdi-azarı bu idi ki, gədə oradan qayıdanda, yanına da bir rus ləçəri salıb gətirməsin. Nədənsə, bizim doqquztuman arvadlara həmişə elə gəlirdi ki, böyük rus eli öz ədəbiyyatının, mədəniyyətinin başını buraxıb, əlində gül-çiçək yol qırağına düzülərək, onun ora kartof satmağa gedən qara-qura gədəsini qarşılımağa döşənib ki, sonra da özünün ağappaq, oxumuş, mehriban qızını o gədəyə sırısın.
Amma biz nə qədər ironiya ilə düşünsək də, həmin qara-qura gədə doğrudan da yanına bir dənə üzügülər, sarışın Lena, ya da Tanya salıb kəndə gətirirdi. Düzdü, çox olurdu ki, həmin rus gözəlləri qafqazlı ərlərinin qaramat, acıdil, ona pis-pis baxan qohum-əqrəbasının sarsılmaz həmrəyəliyi qarşısında duruş gətirməyərək itilib öz xaraba Krasnodarlarına-zadına qayıdırdılar (bəzən subay-salıq, bəzən də əliuşaqlı). Amma bu artıq başqa yazının mövzusudur.
Hələ o vaxt, uşaq ağlımla fikirləşirdim ki, ana-bacısını pəncərədən baxmağa qoymayan, kənd yolunda bir oğlanın üzünə gülümsədiyinə görə bacını eşşək kimi çırpan (bəzən də lap vurub öldürən) bu oğlanlar necə olurdu ki, deyib-gülən, yeyib-içən, burdan vurub-ordan çıxan rus qızını alıb, özlərinə arvad eləyirdilər. Onlarda fontan vuran həmin qeyrət-namus-ar-mentalitet dördlüyü rus qızlarına münasibətdə hansı cəhənnəmə yoxa çıxırdı, - heç cür anlaya bilmirdim.
Böyüyəndən sonra anlamazlığımın miqyası bir az da böyüdü. Rus ədəbiyyatı, musiqisi, tarixi ilə tanış olduqca başıma hava gəlirdi. Axı necə olurdu ki, Dostoyevski, Çaykovski kimi azğın istedad yetişdirən, tarix boyu heç bir imperatora, sərkərdəyə Vətəni təslim etməyən, donuz kimi araq içən rus kişisi bu xəyanətə meyilli, başdanxarab rus qadınının ipini yığmır, bu da cəhənnəm, çox nadir hallarda başqa millətdən olan qadınlarla evlənir?
Mən belə düşünürdüm, çünki həyat, qadın-kişi, münasibətlər, sevgi, insanlıq barədə təsəvvürlərim nənəm Surəyya arvadın təsəvvürlərindən çox da o yana getmirdi.
Aradan uzun illər keçəndən sonra Həmid Herisçinin adını durmadan çeynə-tüpür elədiyi rus yazıçısı, Rusiyanın məşhur küçə liderlərindən biri, milli bolşevik Eduard Limonovu oxumağa başladım. Bir-iki hekayə oxuyum ki, təsəvvürüm olsun, kişi ilə məsələni həll edim deyə düşünərkən, əsərlərindəki vəhşi ruh məni necə cəlb etdisə, dizimi yerə atıb, bütün külliyatını oxudum (o da ki maşallah, ərinməyib yazıb haaa).
Bir il vaxt sərf eləyib, Limonovun əsərlərinin 90 faizini oxuyandan sonra, bayaqdan vurnuxdurduğum sualların cavabını onun iki əsərində - “Bədbəxtin gündəliyi” və “Bu mənəm – Ediçka” romanlarında tapdım.
Mən əminəm ki, hələ heç bir yazıçı öz millətinin qadınını bu qədər amansız, bu qədər iyrənclik, bu qədər vəşhilik və ən əsası bu qədər sevgi ilə təsvir edə bilməyib. Rus qadınının sərhəd bilməyən seksual azadlığından, qaçılması mümkün olmayan xəyanətlərindən, əyyaşlığından, narkomanlığından ən qəddar ifadələrlə yazan yazıçı bu qədər yaramaz qadını niyə belə vəşhicəsinə sevə bildiyini də izah eləyə bilir. Tamadalar demişkən, indi sözü bir rus yazıçısına verirəm və bayaqdan çək-çevir elədiyim sualın cavabını mənim kimi axtaran qadınların bunları oxuyandan sonra o cavabı tapacağına əminəm.
Limonovun Amerikaya köçəndən bir neçə il sonra onu atıb, bir amerikalı harının məşuqəsi olan, narkotikə qurşanan keçmiş arvadı barədə yazdıqlarından:
“Mən bu iyrənc, yekəqarın, ruhsuz amerikalılara nifrət eləyirəm! Onlar mənim Lenamı, mənim rus qızcığazımı əlimdən aldılar. O dözə bilmədi. Mənimlə birlikdə iki il ucuz, səfalətlə dolu otellərdə sürünəndən, ac qalandan, həftələrlə su tapıb yuyuna bilməyəndən sonra Lena məni atıb, o amerikalı yekəqarının yanına getdi. Mənsə hələ də onu vəşhi kimi sevirəm. Lena o qadındır ki, Rusiyada ondan əvvəlki arvadım Lenanın il uzunu pul yığıb, aldığı bahalı üzükdən xoşlananda, Lena düşünmədən üzüyü çıxarıb, onun barmağına taxmışdı. Mənim ağına-bozuna baxmadan pul xərcləməyimə şənliklə, zarafatla yanaşmışdı. İlk dəfə özünə məşuq tapanda bunu mənə açıqca demişdi. Bir də ki Lena istedadlıdır. O məndən də böyük yazıçıdır. Hələ özünün də xəbəri yoxdur ki, necə böyük istedaddır. O amerikalı yekəqarın bunu heç vaxt başa düşməyəcək. O, mənim Lenamı heç bir əziyyət çəkmədən əldə eləyib. Çünki burada, bu lənətə gəlmiş Amerikada sevgi üçün əziyyət çəkən adamlar yetişmir. Burada insanları qəpik-qəpik hesab çəkmək, heç bir mənfəətin olmadığı halda heç kimə vaxt, hiss, pul xərcləməməyi öyrədirlər. Buna görə də mən illər keçdikcə içkidən, narkotikdən, yataq istismarından bədənləri, üzləri it gününə qalan, amma qəlbi sevgi dolu, şeir yazan, ağ atlı şahzadəyə inanan sadəlövh, başdanxarab rus qızlarını sevirəm. Mənim Lenam kimi...”
Lena
8 avqust 2011
08:00
2505 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024