Terrorun tarixi

Aqşin Yenisey, yazıçı

Aqşin Yenisey, yazıçı

4 aprel 2022
# 17:40

Kulis.az Aqşin Yeniseyin "Dini fanatizm - müsəlmanın imperialst gücü" adlı yazısını təqdim edir.

Ukraynada baş verən müharibə zamanı evsiz-eşiksiz qalan ukraynalılara Qərb dövlətlərinin, az qala, çoxdandır yollarını gözləyirmiş kimi qucaq açması uzun müddətdir müharibələrdən əziyyət çəkən müsəlman xalqlarının bir çox nümayəndələri tərəfindən birmənalı qarşılanmır. Necə olur ki, xristian Ukraynadan qaçanlara, az qala, öz vətəndaşları səviyyəsində imtiyazlar tanıyan Qərb ölkələri müsəlman qaçqınlar ərazilərinə daxil ola bilməsinlər deyə sərhədlərini beton istehkamlarla, tikanlı məftillərlə möhkəmləndirirdi?

Necə olur ki, işğalçılara qarşı müharibə aparmaq üçün xristian Ukraynaya hər cür hərbi dəstək verilir, müsəlaman xalqları isə öz vətənlərini qədim yəhudilər kimi yalnız terror aksiyaları ilə müdafiə edirdilər? Dörd əsrdən çoxdur dünyaya humanizm kərənayı çalan Qərbin bu ikili yanaşması hansı səbəblərdən qaynaqlanır?

Bu barədə bir az ətraflı.

"Neft milli yox, bəşəri sərvətdir” deyən Qərb kapitalizmi "demokratiya”, "insan haqları”, "söz və fikir azadlığı” adı altında zəngin neft yataqlarına sahib müsəlman ölkələrini bir-birinin ardınca işğal edəndə beynəlxalq diplomatiyanın dilinə tətbiq olunan senzura "işğal” sözünü uzun-uzadı və dolaşıq cümlələrlə ifadə etməyi məqsədə uyğun bildi. Bəhanələr kimyəvi silah axtarışından tutmuş, terrorla mübarizəyə qədər uzandı. Necə ki, ABŞ-da sıravi qaradərililərə tətbiq olunan irqi zorakılıq siyasi senzuranın dilində "polis zorakılığı” ilə əvəz edilib. Nobel mükafatı laureatı qaradərili Toni Morrison özünün Nobel nitqində ABŞ-da siyasi dilə tətbiq olunan bu senzura haqqında geniş məlumat verir.

Əvvəlcə etiraf edək ki, oğul Buşun başlatdığı İraq müharibəsi islam dünyasının neftxuda liderlərinin işğala qarşı dirənə biləcək hərbi, siyasi gücə sahib olmadığını sübut etdi. Müsəlmanlar müqavimət göstərmək imkanını yalnız kortəbii islam həmrəyliyində, dini fanatizmdə gördülər. Çünki bu gün Qərb dünyası ilə müharibə aparmaq üçün müsəlman dünyası heç bir siyasi-diplomatik təfəkkürə, hərbi potensiala və müasir texnologiyalara sahib deyil. Yeganə müqavimət göstərə bilən güc islam idealizmidir.

O islam idealizmi ki, Məhəmməd peyğəmbərin ölümündən sonrakı yüz il ərzində Hindistandan tutmuş Atlantik okeanına qədər uzanan geniş bir ərazini öz hakimiyyəti altına almışdı. Bu islam imperializminin gerçəkləşməsində dini fanatizm mislisiz bir rola sahib idi. Sonrakı tarixdə fanatizmin gücünü kilsə Xaç yürüşlərində qullanacaqdı.

Terrorun islam, yaxud hər hansı bir din, hər hansı bir mənəvi təlimlə eyniləşdirilməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə, terrorun siyasi zorakılıq vasitəsi kimi üzə çıxmasında onun dini-ruhani mənsubiyyəti rol oynayırmı? Tarixə və ədəbiyyata müraciət edək; əcəba, terrorizmin dini ənənələri islam dinidənmi gəlir, yoxsa Aralıq dənizini əhatə edən islam coğrafiyasındanmı?

Baxaq görək bu barədə tarixi ədəbiyyatda nə yazılır; İudeya çarı İrodun yuxusuna dadanmış Mixey peyğəmbər, axır ki, son sözünü dedi: "Sən ey Vifliyem, səndən doğacaq mənə İsrail hökmdarı”. Qədim yəhudi peyğəmbərinin yuxuda dediyi bu sözləri gələcəkdəki təhlükədən xəbər verirdi, amma hələ bu "təhlükənin” xristianlıq kimi bir din olacağını söyləmək olmazdı, bu təhlükə İudeya hakimiyyətinə qarşı yönəlmişdi, indi əsas məsələ İudeyanın taleyi idi.

Həmin gecənin səhəri İudeya üzərində hakimiyyətinin gələcəyini qorumaq istəyən Çar İrodun əmri ilə Vifliyemdə doğulmuş iki yaşından aşağı olan bütün körpələr döyüşçülər tərəfindən öldürüldü. Amma Babəkin sözü olmasın, dülgər Yusifin oğlu İsa sağ qaldı!

Rəvayətə və Jozef Saramaqonun "İsanın İncili”nə görə, gələcək peyğəmbərin sarayda dülgər işləyən atası təsadüfən keşikçilərdən eşitmişdi gecə körpələrin qətliam ediləcəyini. O zamanlar hələ "dövlət terroru” ifadəsi kəşf olunmamışdı və dülgər ata, Saramaqonun təsvir etdiyi kimi, öz ailəsini mağarada gizləyərək iki yaşlı İsanı bu dövlət terrorundan xilas edə bilmişdi.

Terror səhnəyə ilk dəfə dinlə dövlətin qarşıdurma forması kimi hələ qədim Misirdə üzə çıxmışdı.

İndi görək tarixin özü nə yazır; Yerusəlimin işğalı ilə barışmayan yəhudilər özlərinin "Zealotos” dini icmalarının keçirdiyi ilk terror aktları ilə Roma işğalçılarına qarşı azadlıq mübarizəsi aparırdılar. Romanın Yerusəlimə göndərdiyi məmurları sui-qəsdlər yolu ilə aradan götürən yəhudi vətənpərvərləri bu yolla Roma imperializminin siyasi iradəsini zəiflətməyə çalışırdılar.

Yəni yəhudilərdə terror vətənpərvərlik aktı kimi üzə çıxmışdı.

Mübarizənin bu forması islam tarixində fars zadəganlarının gizli dəstəyi ilə Səlcuq sultanlarından və ərəb xəlifələrindən parçalanmış ölkələrinin qisasını alan Həsən Sabbahın yaratdığı xaşxaşilərin sui-qəsdlərində daha da mükəmməl səviyyədə təşkil olunmuşdi. Xaşxaşilərə maddi dəstək verənlər isə Səlcuqların zəifləməsini istəyən Avropanın "məbəd cəngavərləri” idi.

Mənəvi gücü sui-qəsd silahı kimi istifadə etməyin dərin psixoloji əsasları ona yönəlir ki, sürü şəklində eyni psixi təlqinlərin təsiri altında təlim keçən, sosial statusları bərabər olan insan qrupu qapalı mühitdə daima əqli fəaliyyətə qarşı qoyulmuş psixi-eyforik metodlarla gündəlik şüurdan uzaqlaşdırılır. Affektiv vəziyyətlərin ardıcıllığı, üstəgəl, beyini dumanlandıran narkotik vasitələr bu adamlarda epileptik ağıl zəifliyinə gətirib çıxarır.

Adətən, bu qruplardakı insanlar ya uşaqlıq, ya da yeniyetməlik vaxtından cəmiyyətdən uzaqlaşdırılmış şəxslər olur. Narkotik təsirlər altında aparılan uzunmüddətli emosional təlqinlər nəticəsində kütləvi psixi gərginlik qrup üzvlərində şüur pozğunluğuna gətirib çıxarıb. Bu, bir növ, məişət sevgisi zamanı şiddətlənən cinsi istəyin təmin olunmadıqda insanın ağlını əlindən alıb onu ya coşğun təcavüzkara, ya da aciz divanəyə çevirməsinə bənzəyir.

Getenin gənc Verterini, yaxud Füzulinin Məcnununu xatırlayın. Verteri və Məcnunu asta-asta cəmiyyətdən, bir müddətdən sonra sevgi mənbəyi olan qadından da uzaqlaşdırıb, onları özlərinin psixi səadəti ilə qapayan, məhdudlaşdıran, yollarını sevgidən ilahi eşqə və intihara aparan hissiyyat, eyni hormonal gərginlikdən törəyən bir coşqu, yaxud divanəliklə vətənpərvər yəhudini, yaxud gənc fədaini də dini-siyasi məqsədlər üçün ölümün üstünə aparırdı. Leyli Məcnunun gözündə nə idisə, ölüm də fədainin gözündə o idi. Fərq yalnız budur ki, aşiqlər bu daimi ekstaz vəziyyətə tənhalıqda, fədailər isə sürü halında yiyələnirlər.

Təkdən fədai olmaz. İnsanın təbiətindəki bu məcnunluq halı dinə lap çoxdan məlum idi və mənəvi müqavimət kimi ilk olaraq məhz dini inancın, mövhumi məcnunluğun terror vasitəsi kimi istifadəsi ən effektiv yol idi. İnsanın bu halı şairlər kimi, peyğəmbərlərə də məlum idi. Şair öz aşiq qəhrəmanını əbədi səadətin göylərdə olduğuna inandırdığı kimi, peyğəmbər də öz fədai fanatlarını əbədi həyatın o biri dünyada olduğuna inandırırdı. Ona görə də terrorun mənşəyindəki dini məzmunu görməzdən gəlmək doğru deyil.

Dini məzmunlu ilkin terror aktları dinlə dövlətin (yəhudiliklə Romanın) qarşıdurmasından törəmişdisə, tarixin sonrakı dövrlərində terrorizim artıq siyasi, iqtisadi, etnik, hətta məsələn, Həsən Sabbahda bir az da şəxsi (Nizamülmülklə şəxsi ədavət) maraqlar güdən, əvvəl günahsız insanlardan uzaq tutulsa da, sonradan çəkisi kütləvi qırğınlarla ölçülən konkret cinayət hadisəsinə çevirildi.

Bu gün artıq dünyada terrorizm təkcə radikal qruplaşmaların gizli müqavimət hərəkatında deyil, həm də işğalçı dövlətlərin terrora qarşı terror siyasətində də üzə çıxır. Məsələn, vaxtilə İraqda terrorizmə qarşı aparılan hərbi əməliyyatlarda mülki əhali arasında nə qədər itkinin olduğuna dair suala ABŞ generalı Tommi Frenksin "Biz ölüləri saymaqla məşğul olmuruq” cavabı bu siyasi təfəkkürün ən sərrast ifadəsidir.

İşğalçı Qərb dövlətləri islamçı terror qruplaşmaları adı altında əslində islam dövlətləri ilə döyüşürlər. Terrorizm bu müharibədə zəif dövləti təmsil edən qarşı tərəfdir, üzbəüz, amma gizli cəbhədir. Qərb dövlətləri terror qruplaşmalarını alternativ dövlətlər kimi görürlər. Bu gün adına "islam terrorizmi” deyilən hərəkat bir az da imperializmə qarşı aparılan vətən müharibəsidir. İslamın özü isə bu müharibədə, sadəcə, müqavimət forması kimi terror şəklində üzə çıxmış dərin dövlət ideologiyasıdır. Eynən yəhudilərin romalılara qarşı yaratdığı "Zealotos” terror hərəkatında olduğu kimi.

Şərqdə terror əksər hallarda milli heysiyyat məsələsi kimi üzə çıxır.

Din terror vasitəsilə işğalçı dövlətlərlə döyüşür. Onun vətəninə, torpağına təcavüz olunub, sərvətinə əl uzadılıb. Açıq müharibə aparmaq üçün hərbi imkan və siyasi dəstək yoxdur. Yeganə yolu isə qədim dünya tarixi təklif edir: terror! Ancaq bu da bir gerçəkdir ki, müsəlman ölkələr təkcə hərbi, diplomatik potensial baxımından zəif deyil, eyni zamanda informasiya müharibəsində də əliyalındırlar. Bu da Qərb dövlətlərinə onları terrorçuluqla şantaj edib, özlərinin neft uğrunda deyil, terroru yox etmək, neoliberal dəyərləri Şərqə köçürmək uğrunda bu ölkələrə soxulduqlarına haqq qazandırmaq üçün imkan verir. Hətta müsəlmanlar "dinc oturduqda” belə Qərbin maraqlı gücləri özləri Şərqdə terror qrupları yaratmağa çırmanırlar. Məqsəd terrorun müsəlmanın vətənpərvərlik gücü kimi ortaya çıxması görüntüsünü yox etmək, onun bütün insanlığa qarşı olduğu fikrini beynəlxalq şüura yeritməkdir.

# 3646 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #