Kulis.az Zamin Hacının “Film-klişe” yazısını təqdim edir.
Bakı kinoteatrlarından birində rejissor Rüfət Həsənovun “Daxildəki ada” filminə baxmağa gedəndə bu film haqda olduqca az məlumatım vardı. Bircə onu eşitmişdim ki, film 2020-ci ildə Sarayevo festivalında ən yaxşı rejissor mükafatı alıb.
Sözgəlişi, mən bu festivalın adını da elə bu filmə görə tanımışam, günahımı etiraf edirəm.Halbuki vaxtilə Lars fon Triyerin “Dalğaları yararkən”, Danis Tanoviçin “Heç kəsin torpağı”, Radu Judenin “Ailəmizdə hər şey” filmlərinə də baş ödülü vermiş festivaldır.
Ancaq bir sosial-psixoloji məqamı da özümüz üçün müəyyənləşdirsək yaxşı olar: hansısa bədii əsərin müəllifi yüksək vəzifə tutmağa başlasa, bu, onun obyektiv qiymətləndirilməsinə necə təsir göstərər? Lap açıq yazsam, mən bir müəllif filminin (şübhəsiz, “Daxildəki ada” kütləvi mədəniyyət hadisəsi deyil, hətta, Eldəniz Zeynalovun personajı demişkən, “lazım gəlsə” onu art-haus film də saymaq olar) Bakı kinoteatrlarında nümayiş etdirilməsinə əla baxıram, lakin filmin rejissoru Mədəniyyət Nazirliyində kino şöbəsinə müdir keçməsə, eyni taleyi yaşayardımı? Bu sualın cavabını, zəhləmgetmiş politoloqların təbiriycə yazsam, açıq buraxıram.
Hərçənd, məndən başqa həmin gün salonda cəmi 2 nəfər tamaşaçı var idi, bilmirəm bunu filmin gəlir-çıxarı, prodakşnı üçün nə dərəcədə uğurlu saymaq olar.
Rüfət Həsənov heç şübhəsiz Azərbaycanda dünya kino dilini bilən üç-beş adamdan biridir. Ən üstün cəhətlərindən isə gənc olmağını və hələlik çox az film çəkməyini saya bilərik. Yəni, şablon, ağsaqqal leksikonuyla yazsam, gələcəyi hələ qabaqdadır. Ancaq niyə bizim mədəniyyət və incəsənət xadimləri vaxtından tez müdrikləşir, qılafa girirlər, oyun oynamağa başlayırlar?
“Daxildəki ada” filminin ən böyük qüsuru onun elə film olmağındadır. Hər epizodda rejissor bizim, pis çıxmasın, gözümüzə soxmaq istəyir ki, baxın, siz balaca uşaqları anqırda-anqırda, razılığını almadan sünnət eləyən, cır-cındır bazarları, dana ayağından yeməkləri, sınıq idman avadanlıqları, diktator ataları olan məmləkətsiniz, lakin mən sizin üçün kino çəkirəm! (Bəlkə bir-iki epizodda arxa plandan eşidilən “bunlar kino çəkirlər, söyüş söyməyin” tipli fon səslərinin saxlanılması da həmin effekti gücləndirmək üçündür).
Əlbəttə, yaxşı eləyib çəkir. Kinomuz çox olmalıdır. Kəmiyyətin keyfiyyətə keçməsi deyə xüsusiyyət var. Lakin kino bizi ovqatına qatmalı deyilmi? Kinoteatrdan çıxandan uzun müddət sonra da onun təəssüratları ilə yaşamaq lazım deyildirmi? Təbii, bunlar “obıvatel” düşüncələridir. Biz nə bilirik qayğanaq necə olur, əgər ömrümüz boyu yumurtlamadıqsa?
Filmdən uğurlu cəhətlər olaraq yüksək keyfiyyətli montaj, operator işi, musiqi seçimini qeyd eləyə bilərəm. Mənim üçün unudulmaz səhnələrdən biri vertolyotun uçuşu zamanı dəniz dalğalarının və sahildəki mənzərənin təsviri, bu zaman verilən musiqi oldu. Bu niyə mənə belə gözəl təsir elədi, izah etməyə çətinlik çəkirəm. Hərçənd, belə səhnələri kinoda ilk dəfə görmüş sayılmaram. Terens Malikin filmlərindən Tarkovskinin əsərlərinə, Koppolanın “Apokalipsis”indən Deni Vilnevin filmlərinə qədər – yüz yerdə oxşar səhnələr görmək mümkündür.
Yeri gəlmişkən, əgər mənə “Daxildəki ada” filmini çox qısa şəkildə təqdim elə desələr, bu şəkildə yazardım: “Triyer, Tarkovski və Kusturitsaya “Əhməd haradadır” filminin rimeykini çəkməyi əmr eləsələr, belə bir şey alınardı”.
Ümumiyyətlə, bizim yaradıcı adamlar insan tənhalığını ada obrazıyla təsvir eləməkdən haçan qurtulacaqlar? Ta bu şey Daniel Defonun vaxtında qaldı da bə. Buddanın “Özünə bir ada yarat” ehkamını irəli sürməyindən isə lap 2500 il ötür. İndi bütün adalar pis-yaxşı məskunlaşıb, bəzilərini də milyarderlər şəxsən alıblar. İnsan tənhalığını, insan azadlığını kinoya çəkmək istəyirsənsə, buyur, milyonlarla adamın içində tənha qalanları çək. Asan yola qaçmağa nə var? Tənhalıq və ada klişesindən indi bəlkə yumoristik yararlanmaq olar. (Məsələn, “Sinyor Robinzon”). Biz isə “Daxildəki ada”da guya dramatik gedişatla üzləşirik.
Qadağaları qırmaq, azadlığa çıxmaq üçün Neftçaladakı adaya getməyə ehtiyac yoxdur. Elə Bakının Nərimanov rayonunda, nə bilim, Biləcəridə nə qədər belə sərhədlər var. Bacarırsan, bunu qır. Yox, ada vacibdirsə, get Pirallahının necə rayon olmasından çək. Ordakı əmək qəhrəmanlarını tərənnüm elə. (Vallah, zarafat eləmirəm). Hətta bulvarda, Mədəniyyət Nazirliyinin düz burnunun ucunda Nargin adası yüz ildir durub, filminin çəkilməsinə həsrətdir.
Orda repressiya qurbanlarından, güllələnən türk əsgərlərindən serial çəkmək olar. Bizə isə şahmatçının adaya qaçması klişesi daha lazım imiş. Hələ onu yazmıram ki, biz artıq kadrda aktyor Vidadi Həsənovu görürüksə mütləq onun gitarada Ramiz Rövşəndən nəsə çalacağına hazır olmalıyıq. Bir növ, “tüfəngin divardan asılması” söhbəti kimi olmuşdur.
Bu qədər klişe bir film üçün çox deyilmi? Hətta yaxşı olardı əzazil ata obrazı şirin nənə klişesiylə əvəz edilsin. Çünki biz həyatda bu cür kök şahmatçı (baş rolu, Seymur Tahirbəyovu oynayan Orxan Ata) görməmişik. Nəvə onu zorla yedizdirən nənədən adaya qaçsa yerinə düşərdi.
Neftçaladakı son illər məşhurlaşan o ada isə yaxşı tale yaşamadı. Oranın yeganə sakini Vitali Pronin dilə-dişə düşəndən, “şöhrət olandan” az keçməmiş öldü. (Film onun xatirəsinə ithaf edilib – titrdə belə cümlə gözümə dəydi). Bu da onu göstərir ki, heç kəsin adasına müdaxilə eləmək, oranı qarğa bazarına çevirmək olmaz.
Hətta bu, guya sənət naminə olsa belə... Bəlkə Vityanın dağıdılan, parazit jurnalistlər, farmazon şəhər qaqulyaları daraşan dünyası haqda film çəkilsin?
Lap istəsəniz axırda Flora xanım gəlib “Ayrılıq bir dənizmiş, Sən uzaq yaşıl ada” oxusun. Kimdən əskiyik, bizim də şablonumuz var.