Mədəniyyətimizdə yeni dövr: lotuluq, quldurbazlıq

Mədəniyyətimizdə yeni dövr: lotuluq, quldurbazlıq
27 noyabr 2022
# 12:29

4.4 Qısa Tamaşalar Festivalı çərçivəsində Bakıya dəvət olunmuş, Finlandiyada yaşayan rejissor Kamran Şahmərdanla aramızda yaşanmaş insident artıq mediada işıqlandırılıb. Yazımda bəzi detallara dəqiqlik gətirəcəm.

2015-ci ildə Kulis.az saytında “Qatil” film deyil, vəssalam!” adlı yazımda Kamran Şahmərdanın “Qatil” filmini sərt tənqid etmişdim. Bu gün də həmin film haqqında yazdığım hər cümlənin altından imzamı atıram. Bu yazıdan sonra K. Şahmərdanın şəxsimə düşmən kəsilərək, müxtəlif ziyafətlərdə, sosail şəbəkələrdə haqqımda təhqiramiz ifadələr işlətdiyi haqda məlumatlıyam…

Bir yaradıcı insan kimi Kamranı anlayıram, bəzən də acıyıram: tənqidə dözümsüzlüyünə, kinoda uğur qazana, kinorejissor ola bilmədiyinə görə. Həyatdır, neyləmək olar, Tanrı hər kəsə Aki Kaurismaki, Koen qardaşlarının istedadını verməyib. Onu da başa düşürəm ki, acı reallıqla barışmaq insan üçün çətindir.

Lakin bu, heç bir halda Kamran Şahmərdana içib, özünə nəzarəti itirərək teatr festivalına gəlməyə, ağır ifadələrlə, qeyri-normativ leksika ilə kimisə təhqir etməyə, əl-qol hərəkətləriylə hücum çəkməyə haqq tanımır.

Hadisənin qısa məğzi bundan ibarətdir. Noyabrın 26-da, 4.4 Qısa Tamaşalar Festivalı çərçivəsində, Azərbaycan Dövlət Kukla Teatrında yerləşən Yuğ teatrında Mikayıl Mikayılovun “Kloun Z” tamaşası göstəriləcəkdi. Kukla Teatrında redaktor işlədiyimdən həmin məkanda idim, iş vaxtı bitirdi və evə getməyə hazırlaşırdım. Foyedə tanış adamları görüb yaxınlaşdım, qısa söhbətləşdik. Elə bu zaman, yaxında olan Kamran Şahmərdan əl uzadıb özünü təqdim elədi. Mən də özümü təqdim edəndən sonra, 7 il öncə yayımlanan yazımla bağlı iradını bildirdi, sonra iradlar təhqirlərə çevrildi. Bizim cəmiyyətdə belə söyüşlərə görə bıçaqlanma, qətl hadisələri baş verir. Əlbəttə ki, mən Şahmərdanın “Qatil” filmindəki sadomazoxist, maniakal-depressiv psixoz yaşayan kişini qətlə yetirən zavallı, zəif qadın deyiləm. Ona görə təmkinli davranaraq, insidentdən sonra polis idarəsinə gedib şikayət ərizəsi ilə müraciət elədim. Ümid edirəm ki, qısa müddətdə onunla bağlı ciddi ölçü götürüləcək.

Yeri gəlmişkən, həmin günədək Kamran Şahmərdanla rastlaşmamışdım.

Xatırladım ki, Kamran Şahmərdanın hücumuna peşə fəaliyyətimlə bağlı məruz qalmışam. Amma bir az da məsələnin görünməyən tərəflərini qeyd edim. Kamran Şahmərdan, yuxarıda dediyim kimi, Bakıya 4.4 Qısa Tamaşalar Festivalının direktoru Elçin Cəfərovun dəvətiylə gəlib. Cənab Cəfərov festivalın direktoru, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərovanın həyat yoldaşıdır.

Kamran Şahmərdan və Könül Cəfərova


Etibarlı mənbənin bildirdiyinə görə, Könül Cəfərova, baş məsləhətçi Emin Əliyevlə birlikdə Kamran Şahmərdana Akademik Milli Dram Teatrında bədii rəhbər və rejissor vəzifəsini vəd ediblər. Özü də qısa müddətə. Kamran Şahmərdanın mənə qarşı publik aqressiyası (hətta fiziki zorakılığa keçmək cəhdləri) ola bilsin ki, həm də bu dost çevrəsindən qaynaqlanır. Çünki son yazılarımda onun, nazirliyin teatr siyasətinə cavabdeh olan dostlarını kəskin tənqid etmişəm. Sabiq nazir Əbülfəz Qarayevin rəhbərliyi dövründə də Mədəniyyət Nazirliyinin ən sərt tənqidçilərindən biri olmuşam. Amma heç vaxt nazirlikdən tənqidlərimlə bağlı şəxsimə aqressiya, hücum kampaniyası baş verməyib. Əbülfəz Qarayevin dövründə kinoda, teatrda daha sağlam mühitin, peşəkar münasibətlərin olmasını da qeyd etməliyəm.

Daha vacib məsələ isə odur ki, dünənki insident Kamran Şahmərdanın bir teatrın bədii rəhbərliyinə yararsızlığını göstərdi. Üstəlik, bildiyim qədərilə bu, onun sənət aləmində ilk qalmaqalı deyil. Maraqlıdır, Kamran Şahmərdan teatrda rəhbər vəzifədə işləyəcəyi halda media ilə münasibətlərini necə quracaq? Onun fəaliyyəti haqda tənqid yazacaq media nümayəndələrinə fiziki zor tətbiq edəcək, söyüş söyəcək? Doğrudan da, teatr sektoru – etika, davranış, özünüidarə ilə bağlı ciddi problemləri olan, belə qeyri-adekvat adamı rəhbər vəzifədə necə təsəvvür edir?

Mədəniyyətimizdə qəribə vəziyyət yaranıb. Mədəniyyət Nazirliyinin həm kino, həm teatr sahəsinə gənc məmurlar təyin olunsa da, bu sahələrdə nəinki nəsə dəyişmədi, əksinə, hər şey daha da pisləşdi və mədəniyyətsizləşdi. Demək, problem yaşda yox, yanaşmada, peşəkarlıqda, dürüstlükdə, sənəti sevib-sevməməkdədir…

Bu insidentdən dolayı, məni dəstəkləyən, yanımda olan hər kəsə, həmkarlarıma ayrı-ayrılıqda təşəkkür edirəm. Tənqidi yazılarım isə əlbəttə ki davamlı olacaq.

azlogos.eu

# 7401 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #