Kulis.az Vüqar Vanın “Məktəb tualetinin fabulası ətrafında” adlı yazısını təqdim edir.
Bivəfa, bivəfa,
Atmısan odlara,
Öylə yandırmısan,
Sevmərəm bir daha.
Rəqsanə
Bu yazını Zamin Hacı ilə bir yerdə yazmışıq. Daha “Kulis”ə yazmır deyə, oxucular üsyan edirdi ki, Zamin Hacı hanı, Zamin Hacı hanı? Başa düşmürəm, nə görmüsüz onda? Mən nəyinizə çatmıram? Oxucuların çoxsaylı istəklərini nəzərə alıb dünən zəng vurdum və bildirdim ki, bir mövzu var, istəyirəm onu bir yerdə yazaq. O da razılaşdı.
Üsyana qalxan təkcə Zamin Hacının oxucuları deyildir. İmişlidə kənd məktəbində müəllim üsyan edib. Sözgəlişi onu demək lazımdır ki, axırıncı dəfə bu qədər üsyan Lullubi və Kuti tayfalarının dövründə olmuşdu. Onda hələ mən yox idim. Böyüklərimizdən eşitmişəm ki, Lullubilər çok kötü insanlar olublar. Bir tayfanın ki adı Lullubi ola, onda nə gözləyə bilərsiz?
Bəli, İmişlidə müəllim uşaqları dərsdən qovub, özü də deyir, daha dərs keçməyəcəm. Adam ilk baxışdan deyə bilər ki, həmin müəllimin çörəyi dizinin üstündədir. Amma elə deyil. Müəllim ona görə üsyan edir ki, məktəbdə tualet yoxdur. Nəinki tualet, heç WC də yoxdur. Sözümüzü qəribçiliyə salmayıb, tualetin olmamağını haradasa başa düşmək olar. Amma WC-nin olmamağına görə adam əsəblərinin cilovlaya bilmir. Söyüş söyməyimə redaksiyada icazə verilmir. Amma qarğış sərbəstdir. Ona görə də Allah biabır eləsin o məktəbin direktorunu.
“İmişilidəki məktəbdə niyə tualet yoxdur?” probleminin sosial-kulturoloji səbəblərini bura yazaqmı, yazmayaqmı deyə Zamin müəllimlə çox götür-qoy etdik. Qərar verdik ki, “İmişlidəki məktəbdə niyə tualet yoxdur?” probleminin sosisal-kulturoloji səbəblərini bura yazmağa ehtiyac yoxdur. Hətta Zamin müəllim səmimiyyətlə etiraf etdi ki, “İmişlidəki məktəbdə niyə tualet yoxdur?” probleminin sosial-kulturoloji tərəflərini yaza bilməz. Onu bu səmimi etirafına görə daha çox sevdim.
Bəs nə yazaq? Onda müəllimlə öz-özümüzə sual verdik.
İndiyə qədər dıqqılı balalar hara kıx edirmişlər? Yaxşı sualdır. Bəlkə, direktorun otağına? Yaxud məktəbin koridorlarına? Ola bilər. Bəlkə, təhsilimizin başına? Bilinmir.
Hətta təhsilimiz o qədər inkişaf etmiş ola bilər ki, uşaqlar tualetə gedib vaxt itirmək istəməzlər. Elə harda tutdusa, ora edərlər.
Yazının bu yerində təcrübəli Zamin Hacı dedi ki, bu lətifənin tam yeridir. Onu da yazım.
SSRİ-nin xarici işlər naziri Qromıko Polşaya səfərdəymiş. Tədbirlər zamanı onun kiçik ehtiyacı yaranır. Əyilib polşalı həmkarının qulağına deyir: “Burda hara tualetə getmək olar?”. Polşalı deyir: “Yoldaş Qromıko, sizə hər yerə olar”.
Sözgəlişi, bizim rayonda bir oğlanın adını dəli çıxarmışdı camaat. Səbəb də o idi ki, bu oğlan dostları ilə meşəyə göbələk yığmağa gedəndə, yüngül işi tutur. Oturub ağlayır ki, tualet yoxdur, işimi harda görəcəm. Dostları deyir ki, meşədə hər yer tualetdir, hara istəyirsən elə. Ağlaya-ağlaya deyirmiş, ölsəm də ağacların dibinə çiş eləmərəm. Beləcə rayonda adı dəli çıxdı.
Hə, onu deyirdik, uşaqlar vaxt itirməmək üçün harda gəldi orda işlərini görürlər. Bu da innovativ (bu sözdən Zamin Hacının zəhləsi gedir deyə, bilə-bilə yazdım ki, hirslənsin) təhsil. Başa düşmürəm, bu nə nankorluqdur?
Harda tutdu, orda eləməyin başqa bir yaxşı cəhəti də var. Bunu sizə başa salmaq üçün gərək gedək qədim dövlərdəki Fransaya, ordan da girək kral sarayına.
Belə rəvayət edirlər ki, kral sarayında kim harada istəyirmiş, ora kıx edə bilirmiş. Hətta parfümlər belə ortaya çıxıb Fransada. Pis iyi aradan götürmək üçün, yaxşı iy yaradıblar. Daha xəbərləri yoxdur ki, yanbızlarını yusalar məsələ həll olunar. Hər nəysə, çox uzağa getməyək. Camaatın dalı ilə nə işimiz? Yaxşı atalar sözü var, yeri düşdü, deyim keçək kral sarayına.
Deyir, mən onun dalına şotçik bağlamamışam ki? Nə eləyib özü bilər.
Bəli, kral sarayını bok götürüyormuş. Camaat nəcislərin üstünə basmamaq üçün sarayda hoppana-hoppana, tullana-tullana gəzirmiş. Belə-belə, belə-belə, günlərin bir günü ağıllı bir adam deyir, onsuz da, bütün gün hoppanırıq, gəlin bunun adını qoyaq. Beləcə tanqo yaranır.
Bildiyimiz, məşhur tanqo rəqsi.
İndi ola bilər, İmişlidəki məktəbin direktoru da uşaqlara kustar üsullarla tanqo öyrətmək istəyirmiş.
Elə hər şeyi pisləyin. (Burda qarnımı tuta-tuta güldüm)
Camaat tökülüb direktorun üstünə ki, məktəbdə niyə tualet yoxdur? Tualet tik, tez elə.
Başa düşməkdə çətinlik çəkirəm. Guya məktəbdə hər şey var, bircə tualetimiz əskikdir.
Keçən il ali məktəblərə 5 nəfər uşaq yola salan İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin sinif otaqlarının, həyətinin, idman zalının (zal demək nə qədər doğrudur, bilmirəm) halını görsəniz, deyərsiz ki, tualeti rədd eləyin oyana, otaqları düzəldin.
Şəkilləri yazının sonuna yerləşdirəcəm.
Xəbərçilik kimi çıxmasın, məktəbin direktorunun adı Anar Ələkbərovdur. Səhv edə bilərəm, internetdə uzun axtarışlardan sonra səhih olmayan bir mənbədən öyrəndim. Məncə, doğrudur. Çünki adam niyə yalandan özünü İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru kimi təqdim eləsin ki?
Hələ ən gülməli yer qabaqdadır. Direktor yayılan videodan sonra qayıdıb deyib ki, həmin müəllim məşhurlaşmaq istəyir. Ay Allah, nə qədər gülmüşük. Ölmüşük, gülməkdən. Çox maraqlıdır. Yanaşma çox fərqlidir. Adam düşünür, haqq da vermək istəyir.
Müəllimə də qəribə danışır sonraki videolarında. Üzr istəyirəm, mən insan sərrafıyam deyə, adamın üzünə baxanda tanıyıram. Leyla müəllimə sonraki videolarında deyir ki, əlmi yaman, məlmi yaman. (elə belə də deyir) Sonra üstünə basa-basa vurğulayır ki, mən bir qarabağlı olaraq bu məsələni ictimailəşdirməli idim. Niyə məhz qarabağlı olaraq bu məsələni ictimailəşdirmək istəyir, başa düşmədim. Bir lənkəranlı, qubalı, bakılı olaraq bu məsələni ictimailəşdirmək olmazdı? Ancaq və ancaq bu məsələni ictimailəşdirmək üçün qarabağlı olmalısan?
Daha sonra isə Leyla müəllim lap hirslənir, direktoru ağ-yuyub qara sərir. Deyir, sən gəlməmişdən qabaq 3-5 manat əlavə pul alırdıq (bu da, yəqin, müəllimlərin çak-çukudur) onu daha almırıq. Hara getdi bu pullar? Sən gələndən qohum-əqrəbanın adını yazdırmısan hər yerə. Sən kaşındın. İndi gör nələr edəcəm.
Həə, Kərəmi burda ağlamaq tutur. Görünür ki, Leyla xanımın da şəxsi ambisiyaları var. Pulu kəsilib, nə bilim, direktorla arası dəyib deyə, başlayıb ki, tualet yoxdur-zad. Bəlli ki, direktora qarşı qara piar gedir.
Yaxşı, bu qədər müddətdir tualet yox idi. İndi yadınıza düşdü tualet? Görünür, indi yadlarına düşməyib, sadəcə pul bulağı quruyub deyə indi xatırlanır.
Yenə yekə-yekə adamların güdazına balaca uşaqlar gedir. Öz problemlərini uşaqlar üstündən həll etməyə çalışırlar. Öz murdar əməllərinə, o saf, bərraq uşaqları da alət edirlər. Yazıq uşaqlar.
Nə bilək? Allah deyilik ha, hər şeyi bilək. Özləri bilər.