Evində ölü tapılan məşhurların dəhşətli taleyi

Samirə Əşrəf, yazıçı-publisist

Samirə Əşrəf, yazıçı-publisist

19 oktyabr 2021
# 10:35

Məşhurların həyatı mənim üçün həmişə cəlb edici gəlib. Onların səhnədən görünən dəbdəbəli obrazları, bərbəzəkli simalarının arxasındakı həyatı öyrənmək istəmişəm. Əvvəllər elə bilirdim ki, bu cür insanların həyatında onların özlərindən başqa heç kim olmur. Onlar elə dünyaya tək gəliblər.

Zaman keçdikcə, onları küçədə, çöldə gördüm. Həmişə tez-tələsik, lap yel kimi yanımdan ötüb keçirdilər. Bu keçiddən sonra qəlbimdə qəribə nigarançılıq başlanırdı. Həmin narahatlıq dolu keçid məndə qəribə qüssə yaradırdı. Bu narahat adamlar küçələrdəki səsli-küylü insanların içərisindən ruh kimi süzülüb gedir, adamlardan qaçır, kütlənin içərisində əriyib yoxa çıxmaq istəyirdilər.

Zaman keçdi, mən uşaq olmaqdan çıxdım, yeniyetməliyi də yola verdim. Gənclikdə dayandım. Məşhurlarla ünsiyyətim də elə gənclik, orta yaş dövrlərinə düşür. Təəssüf, göz yaşı, kədər, ayrılıqlar, böyük sevgilər yaşamış bu insanlarla ünsiyyətdə olduqca anladım ki, yox, onların da əzizləri, doğmaları, övladları, sevdikləri olub.

Onlar da bizim kimi həyat tərzi sürüblər. Onlar da ailə qurub, övlad dünyaya gətirib, ata ana, doğma adamlar itiriblər. Hətta onlar yaradıcı insan olduqları üçün bütün bunları daha ağır, daha çətin yaşayıblar. Valideynlərini səhər dəfn edib, axşam teatrın səhnəsinə çıxan nə qədər aktyor olub.

Ancaq onların içərisində yaxınları ola-ola dünyasını tənha dəyişənlər də vardı. Ovuc içi boyda məmləkətdə son dövrlərdə evində ölü halda tapılan nə qədər məşhur adlar çəkmək olar. Ofeliya Məmmədzadə, Elçin Həmidov, Zərnigar Atakişiyeva və.s. Siyahını uzatmaq da olar. Ancaq məsələ siyahıda deyil. Övladı olsa belə acınacaqlı vəziyyətdə vəfat edən sənət adamlarımız olub. Xalq artisti Kübra Əliyeva ilə söhbət edərkən az qala ağlaya-ağlaya deyirdi:

“Rəhmətlik Lütfiyyə Səfərova evində acından ölürdü. Mən bax bu əllərimlə dəfələrlə bazarlıq edib aparıb onun evinin qapısından verib gəlmişəm”.

Lütfiyyə Səfərova dünyasını dəyişəndə isə ona bir məzar almağa belə imkan olmur, anası ilə bir qəbirdə basdırılır. Bəs dəbdəbəli həyat, səhnə parıltısı, məşhurluq harda qaldı?

Avropa ölkələrində yaşlı insanlar da cəmiyyət üçün bir dəyər daşıyır. Onlar üçün xüsusi yaşayış evləri, xəstəxanalar var. Ona görə də Avropada uşağın yaşı on yeddini adlayandan sonra valideyndən qopur, sərbəst həyata atılır. Onlar arxayındırlar ki, cəmiyyət evdə qoyub gəldikləri yaşlı valideynlərin qayğısına qalacaq.

Bizdə isə vəziyyət bir az başqa cürdür. Bizdə insanlar mütləq övladı üçün nə isə etməlidir ki, övlad da qocalanda ona baxsın. Valideynlər öz övladına övlad kimi yox, kapital kimi yanaşır. Sanki banka pul qoyurlar, bir müddət sonra isə həmin puldan yararlanmalıdırlar.

Elə məşhurlar var ki, onlar ailə qurmurlar, ailə qursalar da ailə üçün vaxt ayıracaq qədər asudə zamanları olmur. Bəzən ailə, övlad onların qarşısında keçilməz səddə çevrilir. Sənət adamına xas azadlıqları məhdudlaşır. Bu sədləri dağıdanlar, talelərinə qarşı çıxanlar da olur.

Bir məşhur ailə tanıyıram. Bu ailənin elə bir dövrü yetişir ki, qadın və kişi öz həyatını yaşamaqla məşğul olurlar. Lakin, günlərin birində övladlar böyüyür, gənclik dövrünə qədəm qoyur. Məlum olur ki, valideyn diqqətsizliyi nəticəsində onlardan biri pis vərdişlərin əsirinə çevrilib. El dili ilə desək, narkoman olub. Müalicələr, həkim, dərman heç bir kömək etmir. Belə ailələr çoxdur. Zamanla insanların başı öz şəxsi talelərinə qarışır, ayılanda isə iş işdən keçir.

Onlarla məşhur aktrisa tanıyıram ki, ailə qurmadığı üçün dəhşətli dərəcədə peşmanlıq yaşayıb. Bəzən ailə qurmadığınız üçün peşmansınız sualına gözləri dolanlar, diktofonu söndürüb ağlayan məşhurlarla da rastlaşmışam. Çox vaxt həyatda etdikləri səhvlərin peşmanlığını sözlərlə yox, baxışlarla dilə gətirən tanınmışlar da olub.

Məşhurların həyatı həm də bir az “Cırcırama və qarışqa” təmsilində cırcıramanın həyatına bənzəyir. Vaxtında çox gözəl beş, on il yaşayırlar. Dəbdəbə, kişili-qadınlı məclislər, parıltılı gecə həyatı, böyük sevgilər, ayrılıqlar, göz yaşı bir sözlə hər şey onların həyatından ötüb keçir. Lakin bütün bunlardan sonra bir dövr başlayır ki, hər şey arxada qalır. Yaşanan gözəlliklərin yerini tənhalıq, qocalıq, səfalət, aclıq, tutur.

Səbəb isə insanlarda məsuliyyət hissinin az olmasıdır. İnsan həyatda kim olursa olsun, hansı mərtəbəyə yüksəlirsə, yüksəlsin. Heç zaman dünyaya gətirdiyi övladın məsuliyyətindən yaxasını kənara çəkməməlidir. Eybi yox, lap övlada kapital kimi yanaşsınlar, ancaq yanaşsınlar. Övladlarının həyatına ciddi şəkildə nəzarət etməyi bacarsınlar. Əks halda, təəssüf doğursa da, cırcırama, yaz, bahar...

# 17087 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #