Daşlar yerinə oturdu

Samirə Əşrəf, yazar

Samirə Əşrəf, yazar

8 noyabr 2021
# 17:43

Ötən ilin bu günü...

Yəqin ki, hər bir azərbaycanlı həmin günü yaxşı xatırlayır.

İşğaldan azad olunan torpaqlarımızın azadlıq sevincini yaşayırdıq. Ürəyimizdə bir nisgil qalmışdı. Şuşa... Hər kəs həsrətlə, həyəcanla, intizarla “Şuşa azaddır!” sözlərinin səslənəcəyi anı gözləyirdi. Və...

Və həmin an yetişir. Şuşa azaddır sözləri efirlərdən, radiolardan səslənib bir saniyənin içərisində ölkə boyu yayılır. Həyəcan, intizar, həsrət göz yaşına çevrilib insanların gözlərindən axmağa başlayır. Üç rəngli bayraq binaların eyvanlarından, avtomobillərin pəncərələrindən, atalarının çiynində oturan uşaqların əllərində yellənir.

Qarabağı görməyən gənclər çiyinlərində bayraqlar, “Qarabağ Azərbaycandır”, “Şuşa bizimdir” şüarları ilə qışqırır, şadyanalıq edirlər.

Bəli, bu gün həmin gündür. Bu gün həmin gündən bir il ötür. Eyni coşqu, eyni sevgi ilə insanlar yenə bayram edirlər. Amma bir az təmkinlə. İndi bir il əvvəl aldığımız, qələbə xəbərləri, sevincli sözlər içimizdə özünə yer edib. Millət olaraq hamımızda arxayınlıq, özünə inam yaradıb. Necə deyərlər, daşlar yerinə oturub.

Küçədəki insanlar, hərbi paltarlı qazilər görüşür, qucaqlaşır, təbrikləşirlər. İnsanlar iyirmi səkkiz illik həsrətin sevincini bu bir ildə doya-doya yaşayıb.

Hər kəsin üzündə arzulara çatan gülümsəmə var. Amma bu gülümsəmədə həm də xəfif, gizlin kədər də var.

Şəhidlər... Şəhidlərimiz... Canlarını torpaq, vətən, insan uğrunda qurban verənlər...

Hər sevincimizdə, gülüşümüzdə onları, onların ailələrinin, ata-analarının nisgilini, bala, övlad, ata, ər həsrətini mütləq xatırlamalıyıq. Bu xatirat o qədər güclü olmalıdır ki, şüurumuza, qanımıza, qəlbimizə işləməlidir.

Bugünkü kimi. İndiki kimi. Gülüşümüzə kədər qarışan andakı kimi....

İşğaldan azad olunan torpaqlara addım atan hər kəs ilk olaraq onları, o torpaqların hər qarışı uğrunda can verən oğulları yad etməlidirlər. O torpaqları dizin-dizin sürünən şəhidlərimizi, qazilərimizi, onların mənəvi, fiziki əzablarını düşünməliyik. Çünki bizim o torpaqlarımıza ayaq qoya bilməyimiz üçün onlar, Poladlar, İlqarlar, Xudayarlar, Ruhinlər, Denislər, Muxtarlar baş qoydular, can qoydular. Həm də ona görə ki...

“Keçdi xəyalımdan öz gözəl yurdum...”.

# 7935 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #