Bu hadisə Zaur Kamalın sonu olacaq!

Bu hadisə Zaur Kamalın sonu olacaq!
30 iyun 2022
# 17:30

Kulis.az Vüqar Babazadənin “Zaur Kamalın sonu” yazısını təqdim edir.

Ay Zaur və Zaur Kamala baxanlar

Sosial şəbəkələrdə təzə bir video tirajlanır. Deməli, Zaur Kamal “ARB TV”dəki səviyyəsiz və əttökən verilişində yenə öz ampluasındadır, yenə öz aləmində qonaqları ələ salır, lağa qoyur. Bir sözlə, ürəkbulandırıcı hərəkətlər. Sizə tam səmimi deyirəm, Zaurun sifətini, vidini görəndə ürəyim bulanır. Özümü güclə saxlayıram. Üstəlik, bu hal hələ o biri Zaura da (Baxşəliyev) aiddir. İkisi də bir-birindən əttökənlikdə geri qalmır. Hələ bu Zaur Kamalın Damla ilə bir dueti var. Həmin duetdə nə qədər bayağılıq, mədəniyyətsizlik, ifrat banallıq varsa, hamısı orda var. Axşamlar ulayan yiyəsiz küçə itləri də həmin duetdə oxuyanlardan daha yaxşı avaza sahibdir.

Zaur Kamal Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi adına layiq görülüb. Başa düşə bilmirəm ki, bu cür adama necə mədəniyyət işçisi adı vermək olar? Ola bilər ki, bu titulu, həqiqətən, mədəniyyətli, mədəniyyət adına xidmətləri olan adamlara veriblər. Amma mədəniyyət və Zaur Kamal. Nə bilim. Mədəniyyət və Zaur Kamal gecə və gündüz kimi, qaranlıq və işıq kimi, plyusla minus kimi bir şeydirlər. Heç cürə, heç bir halda, heç bir vəziyyətdə bir-biriylə uzlaşa bilməzlər. Bu, faktdır. Bu faktı özümdən uydurmuram.

Zaur Kamal, əslində, ona baxanların, onun işlədiyi kanalın səviyyəsizlik şkalasıdır. Zaur nə qədər səviyyəsiz ola bilirsə, hara qədər sərhədləri zorlaya bilirsə, onun kütləsi də ora qədərdir. Əslində, elə sizə o cür bayağılıq yaraşır. Belə pis çıxmasın, Zaurun, Xoşqədəmin verilişinə baxmayıb guya nə edəcəksiz ki? Hansısa faydalı iş əmsalınız var? Yoxdur. YOXDUR. Zaurun qabağına qoyulacaq alternativ bir şey yoxdur. Tutaq ki, Zaurun verilişi bağlandı (hətta bunu praktikada təcrübəsi var, bir ara bağlanmışdı). Yaxşı, ona baxanlar nə edəcəklər? Mən deyim sizə. Özlərinə yeni Zaurlar yaradacaqlar. Nə çoxdur sosial şəbəkələrdə elə adamlar. Tut birin, bir az orasını-burasını səviyyəsizləşdir, olsun Zaur Kamal.

İndi Zaurun verilişinə sevə-sevə baxan adamlar, Zaura ibadət edən adamlar gəlib yazacaqlar ki, sən kimsən bizi təhqir edirsən, alçaldırsan. Bu yazıda həmin adamlara dərin minnətdarlığımı da bildirirəm. Çünki siz olmasanız, sizin kimi neandertal adamlar olmasa, siz əsəbiləşməsəz, mən yaşaya, yaza və yarada bilmərəm. Onlara demək istəyirəm ki, gedin öz işinizlə məşğul olun. İnsaf naminə, bu cür mövzularda heç cürə sivil ola bilmirəm. Məni bəri başdan üzrlü sayın.

Həyat yorucu və darıxdırıcı olduqda qalan vaxt da özəl ola bilmir, sadəcə boş olur. Belə həyatı gətir vur mənim başıma. Azərbaycanda insanların əksəriyyətinin həyatı cansıxıcı keçir, düşüncələr cılızlaşır. Düşüncə boşluğunu isə ehtiraslar doldurur. Düşüncəsiz ehtiraslar isə insanı şəxsiyyətsizləşdirir, çünki ehtiraslar hamıda eynidir, YALNIZ DÜŞÜNCƏLƏR FƏRQLİDİR VƏ DÜŞÜNCƏSİZ, YALNIZCA EHTİRASLA YAŞAYAN ADAMLAR ŞƏXSİYYƏTLƏRİNİ İTİRİRLƏR, YA DA ŞƏXSİYYƏT NECƏSƏ DEFORMASİYAYA UĞRAYIR.

Şəxsiyyətsizləşmiş insanlar da vaxtlarını öldürmək, həyatlarındakı boşluqlara xüsusi bir məna qatmaq, özlərini dəyərli hiss etmək üçün Zaur Kamala və onun timsalındakı bütün bayağı adamlara pərəstiş edir və onları izləyirlər. Bu qədər. Mənim daha sizə sözüm yoxdur.

Bir adam nə qədər geriyə inkişaf edə bilərsə, o qədər inkişaf etmisiniz, ay Zaur Kamalı izləyənlər. Zopalarınızı götürün və təcili olaraq mağaralarınıza geri qayıdın, daş dövrünə. Xahiş edirəm, ibtidai insanlar ölkəmizi tərk etsin. Haydı.

Zaur Kamalın tərbiyəsizliyi

Durduq yerə Zaur Kamaldan heç vaxt və heç vədə yazı yazmaram. Bir hadisə baş verib. Deməli, Zaur öz verilişində (bəli, bəli öz verilişində) Güney Azərbaycandab olan bir müğənnini dəvət edib. O müğənni ilə işimiz yoxdur. İndi məsələni dəqiq bilmirəm, bir də ki, bu axı mənim heç nəyimə lazım deyil. Bir az bildim, ucundan-qulağından eşitdim, bəsdir. Əsas odur ki, yenə hər kəsin canına xof salacam. Yenə ham-ham-ham.

Qərəz, Zaur bu iranlı müğənnini verilişindən qovur. Arqumenti də budur ki, biz səni sayıb dəvət etmişik, sayıb öz verilişimizə çağırmışıq (bah-bah-bah), sən isə səhnə arxasında dedin ki, İrandan olan başqa müğənnilər mənim yanımda qələt edir. Ən yaxşısı mənəm-filan. İranlı da buna cavab verir ki, yaxşı olar ki, kişinin yanında danışılan şey kişinin arasında qalsın. Mən elə şey deməmişəm. Nəysə, Zaur da deyir ki, yox elə deyil. Sən mənim verilişimi tərk et, çıx get burdan. Daha sonra reklamlar olur, vəssalam. Belə bir bayağı hadisə.

Allah bu sosial şəbəkələrin başına daş salsın. Bu gün maaş günü idi. Özümə qəşəng ayaqqabı və paltarlar almışdım, yayın ilk qarpızını yemişdim, heç kimlə işim yox idi. Birdən bu hadisə çıxdı qarşıma. Allah bir daha şeytana lənət eləsin.

Zaurun elədiyi qeyri-etik hərəkətdən başqa bir şey deyil. Zaur kimi gönüqalın insanlara həmişə həsəd aparmışam. Axı nə qədər belə mədəniyyətsiz olmaq olar, ilahi? Deyəsən, Volterdir, deyir ki, mənim həyatım alınmadı. Olsun, bu faciə deyil. Faciə odur ki, mən bunun fərqindəyəm. İndi faciə odur ki, mən bu gönüqalınlıqları, hozuluqları görürəm, amma əlimdən heç zad gəlmir. Özüm də elə ola bilmirəm. Qərb təfəkkürü ilə Şərq ölkəsində yaşamaq dünyanın ən çətin işidir.

Yəqin, bu hadisədən sonra Zaurun xodunu bir az alarlar. Ya da boltunu bir az sıxarlar. Nəsə etməlidirlər ki, Zaur bir az mədəni ola bilsin.

Mənim ARB TV-nin rəhbərinə yaxşı bir təklifim var.

Təklif bundan ibarətdir: irağı görmək üçün, qırağı kəsmək lazımdır.

Əgər qırağı kəsməsək, bu cəmiyyət Zaurların, Xoşqədəmlərin, Elgizlərin, Mikayılların əlində hədər olacaq. Əgər çərçivəni genişləndirməsək, adamların mədəni immunitetləri yox olacaq. Zaurların kökü kəsilməlidir.

Bu dəfə yazıya yekun vura bilməyəcəyəm. Çünki açıq bir sual var və bu yazını oxuyanlar da onun cavabını bilməlidirlər:

Doğrudanmı, bizim cəmiyyətin mədəni inkişafı dayanıb və heç vaxt biz mədəni cəmiyyət ola bilməyəcəyik?


# 17873 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #