Azərbaycanlılar pornoya niyə çox baxır? 

Azərbaycanlılar pornoya niyə çox baxır? 
6 sentyabr 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Pornonun fabulası ətrafında” adlı yazısını təqdim edir.

Tamah oddan istidir.

Atalar sözü

Dünənləri bir statistika peyda oldu. Ki, Azərbaycanda 2021-22-ci illərdə “Google”da ən çox nələr axtarılıb. (Bu statistikanın nə qədər doğru olduğunu müəllif bilmir, yalan da ola bilər) Məlum oldu ki, ölkəmizdə ən çox axtarılan şey porno saytıdır. Adını çəkib reklam etmək istəmirəm, başı hərfi X olan sayt.

Başladılar lağ-lağıya, şitlik eləməyə ki, zəhmətkeş azərbaycanlılar səhərdən axşama kimi porno izləyirlər. Gəlin bu məsələnin sosial-kulturoloji tərəflərini araşdıraq görək neyçün alov mühafizəçilərinin ən çox axtardığı şey pornodur. Zarafat edirəm, sosial-kulturologiyadan başım çıxmır, elə-belə yazdım. Mən sadəcə göft-gu edəcəm, yəni ordan-burdan danışacam. Bu da hər adamın işi deyil.

I hissə - Görmək, baxmaq

Biz görməyi sevən millətik. Görmək, baxmaq, izləmək hər şeydən üstündür. Bütün həyatımız görməyin üstündə qurulub. Bizim bu xislətimiz dilə də yansıyıb. “Qor gör, gor kor”. Hikmətli kəlamdır. Qor oddur, işıqdır. İnsan dünyanı işıqla görür. İşıq olmayanda adam kor olur. İşığın olmadığı yer isə gordur.

Xülaseyi-kəlam, görməyi, baxmağı çox sevirik. O səbəbə ki, statistikalarda birinci yerdə izləməklə bağlı bir zad gəlir. Buna pis baxmaq düzgün deyildir. (Sözgəlişi “pis baxmaq”da da “baxmaq” məsdəri vardır) Ay buna pis baxanlar, tfu sizə. Baxmaq bizim mayamızda var. Yolda, bərədə görürsən ki, kiminsə ürəyi getdi. Bir dəstə də adam qıraqdan baxır. Ya nə bilim, haranısa sökürlər, kimsə dalaşır, kiminsə evini yıxırlar, kimisə maşın vurur, “avariya” olur, mütləq baxmağı, seyrçi olmağı, izləməyi sevən azərilər orda bitirlər. Heç nə eləmədən, sakit-sakit baxırlar. (Yenə sözgəlişi, “azəri” sözü “zər” sözündən törəyib. Ona görə də azərilər “nərd”i, “şeş-beş”i, “gülbahar”ı, “tavla”nı çox sevirlər. Müəllif də nərd oynamağı çox sevir. Vaxt olsa, bir gün nərd turniri keçirərik Kulisdə. Hekayə-filan turnirləri mənasızdır)

II hissə - Riyakarlıq

Gördüyünüz kimi göft-gu edib, səhərdən üyüdüb-tökürəm. Əsas mövzumuz qalıb bir qıraqda. Bir az da ondan danışaq.
Nə təsadüf ki, bir neçə gün əvvəl, porno haqqında sənədli filmə baxırdım. Ordan xeyli şeylər öyrəndim. İmkan olanda siz də baxın. Pornoya yox ha, porno haqqında sənədli filmə.

Camaat deyir ki, bu nə tərbiyəsizlikdir? Niyə bizim adamlarımız pornoya baxır? Bu necə ədəbsiz hərəkətdir? Biz axı müsəlman ölkəsiyik, günahdır, əxlaqsızlıqdır. Biz gərək Quqlda ən çox əxlaqlı şeylər axtaraq. Pornoya baxan adamlar tərbiyəsizdir, və sairə, və ilaxır.

Bu kontekstdə üyüdüb-tökürlər.

Bu statistika, yalan da olsa, doğru da olsa, əla oldu. Gördük ki, əslində, əxlaqdan, ədəbdən-filan danışan, pornoya baxanları tərbiyəsiz adlandıran adamların özləri elə ən çox porno izləyənlərdir. Riyakarlıq, ikiüzlülük faş olundu. Hamı bir-birini ittiham edir. Əslində isə nə ittiham etməli, nə də kimdəsə günah axtarmalı bir situasiyadır. Sadəcə orta-statistik bir azərbaycanlı o qədər əxlaqdan və tərbiyədən danışıb ki, indi belə bir statistikaya görə pərt olub. Bunu qəbul edə bilmir. Günahı atır başqalarının üstünə. Düşüb əl-ayağa. O səbəbdən də, bu statistika az da olsa, əsl üzümüzü ortaya çıxardı.

III Hissə - Porno izləmək yaxşıdırmı?

Dünəndən bəri mənə zənglər, mesajlar dayanmır. Hamı məni axtarır, hamı məndən soruşur ki, “Vüqar müəllim, sizcə, pornoya baxmaq pis şeydir, yoxsa yaxşı? Sizcə, ən çox axtarılan şeyin porno saytı olmağı yaxşıdır, yoxsa pis?”. Elə bil porno-ulduz-zadam. Bütün bunları nəzərə alıb cavab verməyə qərara aldım. Bu qədər tələb olmasaydı, heç danışmayacaqdım bu mövzuda. Sadəcə məcbur, zorla danışdırırlar. Xalq yazarını sevir də, mən neynəməliyəm?

Soruşursuz ki, pornoya baxmaq pisdirmi?

Cavab verirəm, xeyr, pornoya baxmaq pis deyil. Pornoya baxmaq kinoya, futbola, nə bilim güləşə baxmaq kimi adi bir şeydir. Kim nə qədər istəyirsə, pornoya baxa bilər. Mən, şəxsən, gündə iki-üç dəfə açıb baxıram. Qətiyyən, burda utanılası, çəkiniləsi bir şey yoxdur.

Hətta alimlər son vaxtlar araşdırıblar ki, televizorda porno qoyub, öz işlərinizlə məşğul olsanız, ruhi dinclik tapacaqsınız. Misalçün, yemək bişirirsiz, açın bir porno, orda porno getsin, siz də heç ona fikir verməyin, öz işinizlə məşğul olun. Düzü hələ yoxlamamışam, amma deyirlər, əla təsir edir adama.

Əgər soruşsaz ki, pornoya baxmaq niyə pis deyil, Vüqar müəllim?

Cavab verirəm:

Porno cinsi istəyi oyatmağa kömək edən, cinsi fantaziyalar, yaradıcı fikirlər öyrədə bilən qurama bir video işdir. Yəni bizim baxdığımız 20-25 dəqiqəlik professional porno-videolar bir neçə günə çəkilir. Üstəlik, porno-ulduzlar ideal bədən quruluşlu adamlardan seçilir. Xüsusi olaraq ulduz olmaq üçün yetişdirilir. Yəni adi həyatda o cür adamlar yoxdur. Onlar damarlarını kəsirlər, dərman atırlar, nə bilim, keyləşdirici vururlar, min dənə hoqqadan çıxırlar. Bunu ona görə dedim ki, pornodakı ideal insanlara baxandan sonra partnyorunuz sizin gözünüzdən düşməsin. Porno-ulduzlar arzulamayın. Elə şeylər olmur.

Porno dünyada ən gəlirli sektorlardan biridir. Ölkələr bu industriyadan milyonlarla, milyardlarla dollar qazanır. Porno-ulduzlar ildə 30-40 milyondan çox alırlar. Yəni ki, belə. Bu sektor həddindən artıq gəlirli sahədir.

Bura Şimali Koreya deyil ki, seksə baxanı görəndə, öldürəsiz. Yaxud Uqanda deyil ki, porno qadağan olunsun.

Elə-belə maraqlı bir fakt da deyim ki, pornonun ən az baxıldığı ay Ramazan ayıdır. Nə gülməlidir, nə ağlamalı. Sadəcə dedim. Gözünün ucuyla görənlər nə demək istədiyimi başa düşüb, qımışdılar.

IV Hissə - Həvəskarlar

Bəzi dostlar görürəm ki, gileylənirlər. Ay nə bilim, o boyda keyfiyyətli kanallar dura-dura ən vizyonsuz, ən keyfiyyətsiz sayt nə üçün birinci yerdədir? Adamlar gərək keyfiyyətli porno izləsinlər, bizim millət keyfiyyətli şey istəmir-filan.

Dostlara burdan bildirmək istəyirəm ki, burda məyus olacaq bir vəziyyət yoxdur. Qətiyyən. Əksinə, bu vəziyyət olduqca, adidən-adi, sadədən-sadədir.

Porno-saytlarda ən çox baxılan kateqoriya “amatör” yəni “həvəskar” kateqoriyasıdır. Bunun da psixoloji səbəbləri vardır. Çünki adamlar porno-ulduzları, peşəkar adamları izləyərkən həvəsdən düşür, həyata qarşı marağı azalır, istəyirsən, arzulayırsan ki, sən də onlar kimi olasan, alınmır. Ona görə də ən çox tələb görən videolar adi adamların çəkdikləridir. Çünki o qeyri-peşəkarlar bizdən biridir. Onlar da bizim kimi hərəkət edir, adi qaydada prosesi keçirirlər. Onlara baxanda adam ruhlanır, sevinir ki, aha, mənə oxşayan bir adam tapdım. Rahat ola bilərəm. Bu baxımdan, keyfiyyətsiz, telefonla çəkilən videolar ən favoritləridir, burda məyus olmalı bir vəziyyət yoxdur.

Məsələn, mən Herman Hesseni oxuyanda ruhdan düşürəm, bilirəm ki, heç vaxt onun kimi yaza bilməyəcəm, ona görə tez qaçıb Şəhriyar del Geraninin yazılarını oxuyuram, dinclik, rahatlıq tapıram.

Ucundan tutub ucuzluğa getmək istəmirəm, amma digər statistikalardan mənə məlum oldu ki, biz hansı məzmunun yiyəsiyik.

Hamı deyir ki, porno-porno. Heç ikinci yerdə olan, “translate” (tərcümə) proqramını demirsiz. Bu onu göstərir ki, ölkəmizdə adamlar dil öyrənirlər, öz üzərində işləyirlər. Bu, əladır. Nə qədər dil bilsən, o qədər ağıllı olursan.

***

Yazımızı istərəm ki, bir şeirlə bitirim. Oxucularımızın qəlbini sərinlədim.

Pis gün deyildir daimi
Bilsin bunu qoy dərdlilər

Qəm qüssə də şadlıq kimi
Bir gün gəlib, bir gün gedər.

# 6298 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #