Ayıb olan sizin düşüncənizdir

Ayıb olan sizin düşüncənizdir
5 yanvar 2022
# 11:20

Baxmaqla görmək arasında dərin bir fərq var. Hamı baxa bilir, amma hamı görə bilmir. Baxmaq ötəri hissdir, anlıqdır, üzərində dayanılmır, toxunulur və sonra buxarlanıb gedir.

Görmək... Görmək isə ayrı bir şeydir. Görmək hiss eləməkdir, anlamaqdır, dərk etməkdir. Bizim hamımızda görmək hissi yaxşı işləsəydi, dərdimiz nəydi ki? O zaman sadəcə göstərməklə kifayət edərdi hər şey.

Biz isə baxa-baxa görmürük.

O günləri, Yeni ilin təzə-təzə cücərdiyi vaxtlarda dostumuz İlkin Nəbiyevin fotosu gündəmə düşdü. Kuklanın başını çıxarıb yanına qoyan və siqaret çəkə-çəkə pullarını sayan kişi vardı görüntüdə. Oturuşunda bir az kədər, bir az da məmnunluq hissi sezilirdi. Yanındakı, ağzıgünə mişka başı da gülümsəyirdi.

Bu foto 2022-ci ilin ilk ən maraqlı fotosu oldu. Sırf fotoqrafiya baxımından usta bir işdir. Və kütləvi şəkildə paylaşıldı. Ara yerdə müəllif də unuduldu. Olsun. Sənət qurban tələb edir axı.

Bu şəkil uşaqlıq xatirələrimi oyatsa da, indi onu yaza bilməyəcəm. Yazsam da, alınmayacaq. Boş yerə gəvəzəlik eləmək fikrində deyiləm. Həm də mövzumuz bu deyil.

Söhbət nədir?

Foto mediada və sosial şəbəkələrdə maraq doğurdu. Hamı bu fotonun ətrafında danışmağa, yazmağa başladı. Sən demə, bu cür foto çəkmək olmaz.

Birincisi, bilin və agah olun ki, fotoqrafiya sənətdir – onun üçün hər şey azaddır. Fotoqraf sənət kimi, hekayə kimi gördüyü hər anı ölümsüzləşdirə bilər. Bu barədə heç kim ona qadağa qoymaz. Yalnız dövlət əhəmiyyətli yerlərin fotoları burda istisnadır.

İkincisi, ictimailəşdirmək haqqında ustad bir jurnalistimiz yeniyetmə vaxtımda bizə çox maraqlı bir söhbət etmişdi. Demişdi ki, heç kimi icazəsiz çəkmək olmaz. Hamımız razılaşmışdıq. Onda soruşmuşdu. Bəs kimi çəkmək olar? Hamı ağzına su alıb oturanda müəllim ayağa durub gülümsədi: o şəxs ictimai hadisədirsə. Yəni şəxs ictimai bir hadisəni ehtiva edirsə, onu çəkmək olar yox e, çəkmək vacibdir.

Üçüncüsü, ictimailəşdirmək yaxşı şeydir. Niyə? Deyim, siz də bilin. Yadınızdadırsa, süpürgəçi bir qadının uşağı ilə fotosu paylaşılmışdı. O fotonu hamı qınamışdı. “Ayıbdı!”, “Kim çəkib bunu?”. Halbuki foto paylaşılandan sonra xanımın problemləri həll olundu. İctimai rəy aidiyyatı qurumlara çatdı və məsələ qismən də olsa həllini tapdı.
Deməyim odur ki, şəkilin ictimailik qazanması həmin şəxsin özüdür.

Siz o şəklə bir də baxın.

Bəziləri deyir ki, evdəkilər görər, ayıbdır, bəlkə, adam işindən utanır.

Niyə axı?

Kukla qiyafəsində adamları əyləndirmək ayıbdır?

Bu nə düşüncədir?

Ayıb olan sizin düşüncənizdir.

O kişinin ağarmaqda olan saçlarının fonunda ayrı bir dram var. Bu heç. Amma onun öz işindən utandığını sanmıram.

Çünki kukla özfəaliyyətdir, performansdır. Yəni o kişi aktyordur, istedadlı bir şəxsdir.

Məncə, o bu fotoda öz rolunun öhdəsindən çox yaxşı gəlib.

Həyat elə bu fotodakı kimi deyilmi?

İndi bu şəklə görə fotoqraf dostumuz İlkini tapıb qucaqlamayaq, neyləyək?

Hərəyə ayda-ildə bir dəfə bu cür sənət yaratmaq fürsəti düşür. Bu dəfə İlkin yaratdı onu. Daha doğrusu, o sənət küçədə idi, gəzirdi, dolaşırdı, uşaqları əyləndirirdi, evdə nəvələrinə qoğal alırdı... O sənət başındakı kuklanı çıxartdı və o anı İlkin tapdı. Aqşinin məşhur misrası var: “İçdiyi suyun alnından öpər atlar”. Şairə demişdim ki, bu anı görməmisən, bəlkə də, amma içindəki fotoqraf dirilib və bu anı tezbazar fotoya çəkib. Sənət də budur.

Başınızı qaldırın və o şəklə bir daha baxın.

Görün nələri qaçırmısnız.

Daha doğrusu, siz o şəklə baxmayın.

Siz o şəkli görün.

Mən indi təkrar o şəklə baxdım.

Və bilirsiniz nə düşündüm?

İndi o dayını qucaqlamaqdan başqa çarə yoxdur.


# 4039 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #