Arvadından çek tələb edən kişilər

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

19 sentyabr 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Xəsisliyin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Yazıya keçməzdən əvvəl sizə şad xəbər vermək istəyirəm. Bir neçə gün əvvəl bir böyüyün sözünə baxmadım. Təəccüblüsü isə odur ki, böyürə-böyürə qalmadım. Gələn dəfə də ağsaqqalın üzünə ağ olacağam. Hələ istəyirəm yol keçən bir qocanı itələyim, yıxılsın, beli sınsın. Görək necə olacaq. Hələlik böyüklərin sözünə baxmaya bilərsiz, adama heç nə olmur.

Bəzi şeylər var ki, onu kitabdan, dəftərdən, kinodan öyrənə bilmirsən. Həmin şeyləri öyrənməyin bircə yolu var. Onları həyat sənə öyrətməlidir. Başın daşa dəyməlidir. Ayrı variant, kəsə yol yoxdur. Mütləq həyat sənə bir şillə vurmalıdır ki, ayılasan.

Mənim üçün ən pis, ən hörmətsiz adam xəsis adamlardır. Bunu heç bir kitabdan, dəftərdən, kinodan öyrənməmişəm. Bunu az-maz yaşım və müşahidələrimlə həyatdan öyrənmişəm. Xəsislik kimi pis şey yoxdur.

Xüsusən kişinin xəsisini görəndə istəyirəm ki, onu öldürüm, beş metrə də aşağı basdırım, ordan çıxa bilməsin. Xəsis kişi görəndə elə bilirəm həmin kişi gecələr çevrilib siçan olur. Gündüz kişi, gecə siçan kimi yaşayır. Bu da ola bilsin ki, milli linqivistikanın gətirdiyi elementlərdir. Çünki bizdə xəsis adama həm də “mış” deyirlər.

Qarşıma tez-tez xəsis adamlar çıxır. Baxıram ki, normal adamdır. Qəşəng geyinib, qəşəng danışır, siması gözəldir, savadı var, kitab oxuyur, ağıllıdır. Di gəl xəsisdir. Bir manatın davasını eləyir. Bu mənzərəni görən kimi həmin adam dərhal gözümdən düşür. Ondan iyrənirəm.

Var belə adamlar, çoxdur. Bir manatın, iyirmi qəpiyin söhbətini edirlər, utanmaz-utanmaz dalaşırlar. Aləmi bir-birinə qatırlar. Soruşursan ki, ay qardaş, nə üçün bir manatın davasını edirsən? Ayıb deyilmi? Yekə kişisən. Həyasızcasına cavab verir ki, öz haqqımı tələb edirəm. Adamı lox bilirlər. Bir manat da puldur. Üstünü də düzəldib çörək alaram.

Qalırsan yana-yana. Əlin üzündə onun həyasız simasına tamaşa edirsən. Nə deyəsən, eşşək boyda adamdır, 20 qəpiyin, bir manatın davasını edir. Heç nə demək olmur. Dərhal həmin adamdan gərək uzaqlaşasan. Xəsis adam gözümün düşmənidir. Xəsislik bütün pisliklərin anasıdır. Xəsis adamdan hər şey gözləmək olar.

Əgər bir insan 10 qəpiyin davasını edirsə, cibindən beş manat çıxarıb hesaba kömək etmirsə, pul vermək lazım olan anda əlini cibinə atmırsa, pulu ola-ola səfil günündə, pis vəziyyətdə yaşayırsa, pulu ola-ola zövqsüz geyinirsə, yaxşı yeməklər yemirsə, dostlarına, ailəsinə bir manat da qıymırsa, paylaşmağı bacarmırsa, qəpik-qəpik yığıb öz aləmində varlanmaq xəyalları qurursa, borc istəyəndə vermirsə, həmin adamdan gərək dərhal, təcili şəkildə qaçasan. Ayrı variant, başqa çarə yoxdur. Gərək arxana baxmadan həmin adamdan uzaqlaşasan. Düzəlməyə ümid yoxdur. Bu elə bir xəstəlikdir ki, sağalmaq olmur. Ərdirsə, gərək boşayasan, dostdursa, gərək rədd edəsən gedə, sevgilidirsə, ayrılasan, nişanlıdırsa, nişanı qaytarasan. Mümkünatı yoxdur. Bu adamlarla həyata davam etmək olmur, olmayacaq.

Kişi gərək pul xərcləyən olsun. Kişinin pul xərcləyənini sevirlər. Həm qadınlar sevir, həm də dost-tanışı. Kişinin verdiyi pul şirin olur. Qadın çox pul qazana bilər, qadın yaxşı yerdə işləyə bilər. Amma di gəl kişinin verdiyi beş-üç manat çox əziz puldur. Yalandan da olsa, gərək kişi evə gələndə əlidolu gəlsin. Mütləq evə gələndə əlidolu gəlmək lazımdır. Həftədə bir-iki dəfə kişi gərək arvadını çağırıb desin:

“Ay arvad, al bu filan qədər pulu, get nə istəyirsən elə”.

Vəssalam. Bu cümlədən sonra get istəyirsən min dənə hoqqadan çıx, yenə də əfv ediləcəksən, hörmətli olacaqsan. Bu cümlə elə bir cümlədir ki, qadının ürəyinin qıfılı “şaqqqq” eləyib açılır. Sənə rahatlıq, azadlıq verir.

Baxırsan ki, düz adamadır, işə gedib-evə gəlir. Amma ailədə bir qram hörməti yoxdur. Axtarıb araşdırırsan, məlum olur ki, kişi xəsis adamdır. Pulu kəlbətinlə alırlar, pul verir, min dənə sorğu-sual edir, ay qardaş, çekləri tələb edir. Bu faciədir. Bir ailənin faciəsidir. Allah həmin qadınlara rəhm eləsin. Kişi ki evə gəldi dedi, ay arvad, gətir o çekləri görüm nəyə nə qədər xərcləmisən? Vəssalam. Kül o kişinin başına. Başqa söz tapa bilmirəm, əziz oxucular.

Kişi gərək verdiyi pulun haqq-hesabını sorğulamasın. Ümumiyyətlə, pula çox da əhəmiyyət verməsin. Xırda istəməsin. Ofisianta bəxşiş versin. Taksi 3 istəyir, 5 versin, dalaşmasın, bazarda bir şeyin qiymətini aşağı salmasın, geyiminə-keçiminə fikir versin. Nolub, dünyanın axırı deyil ki? Çek niyə tələb edirsiz həyat yoldaşlarınızdan?

Yox, dünyanın axırıdır? Dünyanın axırı deyil axı. Lap dünyanın axırıdır. Nə olub? Dünyanın az qala sahibi olmuş Makedoniyalı İsgəndər Bərdəyə gələndə Nüşabə onun qabağına yemək əvəzinə qızıl qoyur. Deyir, ye. İsgəndərə dərs keçir ki, ay fani insan, qızılı yemək olmur, nə tutmusan dünyanın ətəyindən? Burax, imkan ver yaşayaq da.

Qadının xəsisini hardasa başa düşmək olar. Yığıb, yığıb axırda gedib pudra-pomada-filan alır. Onu başa düşmək olur. Necəsə başa düşə bilərsən. Dad xəsis kişi əlindən.

Görürsən ki, uşaqdan pulun qalığını alır. Ciblərinə az qala qıfıl vurur. Dost-tanışına bir qəpik qıymır. Bu adamlar ən hörmətsiz adamlardır. İnsan, əvvəlcə, paylaşmağı bacarmalıdır. Ona gələn müəyyən bir miqdar pulu dost-tanışa, ailəsinə və özünə xərcləməlidir. Özü də səxavətlə, sevə-sevə, deyinmədən, ürəkdən eləməlidir bu işi. Bu cür adamlarla dostluq, yoldaşlıq etmək lazımıdır.

Dost-tanışa fikir verirəm, əgər kimin pulu varsa və vermirsə, həmin adamın gününü qara eləyirəm. Yarızarafat, yarıgerçək ona elə od qoyuram, peşman olur beş manat vermədiyi üçün. Gərək belə adamlara qarşı həyasızlıq edəsən.

Hələ kimdənsə on manat borc alırsan. Gəlir deyir ki, borcumu qaytar. Deyirsən ki, yoxdur. Olanda verərəm. Deyir, necə yəni yoxdur, doğ. Nə deyəsən, belə heyvərə adamlara? On manatı mən necə doğum? Doğa bilsəydim, səndən niyə borc alırdım? Yoxdur da. Neynək? Öldürək bir-birimizi?

Beş-on manat borcunu istəyənlər də, gözümün düşmənidir. Kimsə səndən beş manat borc istəyirsə, əgər imkanın varsa, imkan daxilində, on manat ver. Dünyanın axırı deyil, ha. Bir yaxşılıq elə də. Ölməzsən ki?

Rəhmətlik Bayram Kürdəxanlını xatırlayıram. Allah rəhmət eləsin sənə, ey sənət adam. Sən necə bir kişi idin, köçdün getdin bu dünyadan... Sən necə bir əfsanə idin... Bu qədər ölməli adamlar varkən, əcəl səni niyə apardı?..

Bayram Kürdəxanlı deyirdi ki, YEYİB-İÇƏN OĞLAN YAMAN OLMAZ.

Vallah-billah, bu kəlam min kitaba, min filosofun aforizminə dəyər. İndiyə kimi yeyib-içən bir oğlanın yaman olduğunu görməmişəm. Kəlamdakı enerjiyə bax, hikmətə bax, diaqnoza bax, bəh-bəh-bəh.

Əlinizi vicdanınıza qoyun. Heç yeyib-içən oğlanların yaman olduğunu görmüsünüzmü? Qətiyyən, görə bilməzsiniz. Yeyib-içən oğlanlar, heç vaxt, heç vədə yaman olmurlar. Söhbət həqiqi yeyib-içən oğlanlardan gedir. Çox dərin qatlı bir kəlamdır.

Yeyib-içməyən, pul xərcləməyən kişilər ümid edirik, bu yazıdan özlərinə bir dərs çıxararlar. Paylaşmağı bacarmayan, paylaşa bilməyən, xəsis adamlar çalışıb necəsə bu pis xüsusiyyətlərini düzəltməlidir. Bilirəm, bu, mümkün deyil. Elə bir mərəzdir ki, sağalmaq olmur. Amma həmin adamlar heç olmasa səxavətli, əliaçıq olmağa bir cəhd göstərməlidir.

Keçəndəfəki pritçam hamının xoşuna gəlmişdi. Adamlar durmadan “Vüqar Babazadə yek” yazırdılar. Sağ olsunlar. Zənglər, mesajlar dayanmırdı. Onlara hədiyyələrini çatdırmışıq. İndi isə istərəm yeni bir pritça ilə çıxış edim. Bunu bəyənənlər də Kulis.az-ın və yaxud mənim mesaj qutuma pritça ilə bağlı öz fikirlərini bildirsinlər. Ən tez fikir bildirən şəxsə qonaqlıq sözü verirəm.

““Mahabharata” eposunda Dharma böyük oğlu Yudhişhiradan soruşur: “Dünyada ən qəribə şey nədir?”. Yudhişhira cavab verir: “Gündə minlərlə adam ölür. Bunu bilə-bilə yerdə qalanlar öz ölümləri barədə heç düşünmürlər və özlərini elə aparırlar ki, guya ölümsüzdürlər. Dünyada ən qəribə şey budur”.



# 6214 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #