Bir insan bütün ömrü boyu neçə sözlə yaşayır, bəs bir xalq? Dərhal verilən və doğru hesab olunan cavab budur ki, bu, insanın və xalqın intellektual səviyyəsindən asılıdır. İntellekt, zehni ərazi nə qədər azdırsa, bir o qədər az sözə ehtiyac duyulur. Məsələn, ərəblər Hindistandan başlayaraq Aralıq dənizinə qədər uzanan bir dünyaya sahibləndikləri X-XI əsrlərdə ərəb dilinin "əl-Muhkem vel-Muhitiul-Azam” lüğəti 26 cild idi. Halbuki həmin dövrdə türk dilində on minə, fars dilində iki yüz otuz minə yaxın söz var idi. Bu gün bütün dünyanın öyrənməyə məcbur olduğu ingilis dili isə həmin dövrdə əyalət dili hesab olunurdu. Fransızların əsarətində olan İngiltərənin özündə də ingiliscə danışmaq kəndlilik (Azərbaycan türkcəsində desək: "çuşkalıq”) hesab olunurdu. O dövrdə istər Asiyada, istər Avropada ərəb dili elmin, fəlsəfənin dili hesab olunurdu, ona görə də söz ehtiyatı baxımından zəngin bir dil idi.
Sonra nə oldu? Ərəblər də, hindlilər, yunanlar kimi inkişafın müəyyən bir mərhələsində donub-qaldılar, hətta öz mədəniyyətlərini, fəlsəfələrini unutdular, onu yeniləmək istəyənləri təqib etdilər və nəticədə vaxtilə onlardan elm, fəlsəfə öyrənənlərin müstəmləkəsinə çevrildilər.
Mədəniyyətin süqutu ərəb dilinin ölümü ilə nəticələndi. Bu gün islam dünyasının öz keçmişinə duyduğu nostalgiyanın dini burjuadan və Şərqə romantizmin gözü ilə baxan məcnunlardan başqa kimsəyə faydası yoxdur. Çünki müdriklik çağı çoxdan məlumat, bilgi çağına məğlub olub. Hətta Şərq öz tarixi missiyasını bərpa etmək istəsə belə, öz qədim müdrikliyini müasir məlumatlarla əsaslandırmalıdır. Çünki artıq Şərq mədəniyyətinin təməllərini yaradan "həqiqət”, "bəsirət”, "fəzilət”, nə bilim, "fitrət” və s. kimi söz və anlayışlara həyatın heç harasında ehtiyac duyulmur.
Səbəbi çox sadədir. Bu gün heç kim həqiqətə çatmaq üçün universitet axtarmır, təhsilin belə məqsədi yoxdur, hətta xalqı həqiqət axtarmağa çağıranlar belə gizli yollarla öz övladlarını Qərb universitetlərinə elm, məlumat oxumağa göndərirlər. Şərq müdrikliyinin beşiyi olan Çin belə, əvvəllər olduğu kimi, insanlar elm dalınca yenə Çinə getsinlər deyə Qərb elmini mənimsəyir (kopyalayır).
Artıq dörd yüz ildir ki, üç-beş mənəviyyat dəllalını çıxmaqla, insanlar öz rifahlarını təmin edəcək karyeralarını müdrik deyil, elmi anlayışlar üzərində qururlar. İnsanların rifahını təmin edən modern ixtisasların bu qədim anlayışlara ehtiyacı yoxdur. Hətta emosional zəka təliminin tərəfdarları da duyğulardan intellektual mühitdə necə yararlanmağın yollarını axtarırlar. Bu gün heç bir ixtisas sahəsinə hind qurusu, yaxud Tibet müdriki lazım deyil, hətta problemdir.
Bu günün nirvanasına varmaq xərçəng hüceyrəsinin yaranmasının qarşısını almaq haqqında düşünərkən tərk-dünya olmaqdır. COVİD-19 pandemiyası da göstərdi ki, modern dünyanın "seçilmişləri” qədim Çin müdrikləri, yəhudi peyğəmbərləri, yaxud Misir kahinləri deyil, təcrübə yolu ilə əldə olunan bilgilərə istinad edən, gözlə görünməyən bir virusa arvadından çox vaxt ayıran elm adamlarıdır.
Yazımızın əvvəlinə qayıdaq. Bu gün ağılla, təcrübə ilə ölçülə bilən bütün bilgilərin, məlumatların mənbəyi Qərb dillərindədir. Bu gün ingilis dilini bilmədən, ərəb dilində, türk dilində, fars dilində, nə bilim, hind dilində bircə dənə də olsun, məsələn, qursaq həkimi, kompüter proqramçısı yetişdirə bilmərik. Çünki bütün bilgilər ingilis, alman, fransız dilindədir. Çin, rus, türk alimləri də bu dillərdəki elmi məqalələrdən faydalanır.
Hətta müasir azərbaycanlı ailələr də ən pis halda övladları daha asan karyera qurub rahat yaşasın deyə onları öz vətənlərində rusdilli məktəblərə qoyurlar, çünki Azərbaycanda hələ də rus dilində olan məlumat öz dilimizdə olandan daha çoxdu. Bu gün insanların taleyini dərin həqiqətlər yox, lazımlı məlumatlar, bilgilər təyin edir.
İngilis filoloq Devid Kristalın artıq təsdiqlənmiş proqnozuna görə, daha yaxşı ixtisaslara yiyələnib daha yaxşı yaşamaları üçün valideynlər övladlarına pul qazandıran dilləri öyrədəcəklər. Beləliklə, gec-tez "ana dili” kimi məşhur anlayış öz əhəmiyyətini itirəcək. Dil "çörəyə” qurban veriləcək. Yaxın gələcəkdə heç bir şair öz ana dilini öz xalqına sevdirə bilməyəcək.
Dilimiz məlumat, bilgi dili olmadığı üçün çörəyimiz başqa dillərdən çıxacaq. Artıq bu proses başlayıb. Tez-tez şairlərimizlə dilimizi qoruduqları üçün fəxr edirik. Şairə "dil şəhidi” kimi baxırıq. Halbuki onların yaradıcılığındakı həqiqət, bəsirət, fəzilət kimi anlayışlara heyranlığımız dilimizi məhv edir. Biz millət olaraq öz dilimizdə "ölürük”. Gələcək nəsil artıq indidən öz ana dilinə cəfəngiyyat kimi baxır. Bu gün ingilis, alman, fransız, ən pis halda, rus dili azərbaycanlının gələcək taleyini müəyyənləşdirir. Nəyin hesabına? Bilginin, məlumatın hesabına...
Daha üstün mədəniyyətlər öz təsirinə saldığı xalqların ilk növbədə dillərini yox edirlər. Məsələn, araşdırmalara görə, avropalılar Avstraliyaya gəlməzdən əvvəl bu torpaqlarda 250-dən çox dil vardı, bu gün onlardan yalnız 50-si özünü birtəhər qoruyub saxlaya bilib. Yaxud Kolumbun səfərlərinə qədər indiki ABŞ ərazisində mövcud olan 300 dildən bu gün, sadəcə, 175-i sağdır.
Orta əsrlərin mətnlərini araşdıran Umberto Eko "Gündəlik həyatdan sənətə” kitabında yazır ki, Orta əsrlərin alimləri belə düşünürdülər ki, onlar özlərindən heç nə yarada bilməzlər. Hər şeyi Avqustin, Aristotel kimi nəhənglər deyiblər. Onların işi sələflərinin yaratdıqlarını təqdir və təbliğ etməkdir. Bu düşüncə Dekarta qədər davam etdi.
Ekonun Orta əsrlər düşüncəsi dediyi bu köhnəpərəstlik bu gün bizim mədəniyyətin lokomotivdir. Yazıb-oxumağı bacaran hər kəs yeni olanın qənimidir. Hakim fikir budur ki, kimsə özündən Amerika icad edə bilməz, hər şey bizə qədər deyilib, biz, sadəcə, yazılanları təkrar etməli, şairimiz demiş, "tozunu almalıyıq". Toz alanlar başımızın tacıdır!
Bu gün Milli Elmlər Akademiyasında çalışan istənilən gənc alimi danışdırsanız, bu Orta əsrlər düşüncəsindən əziyyət və əzab çəkdiyindən dad edəcək. Belə çıxacaq ki, bizim elm ocağı elmi yeniliklərə çox pis baxır. Çünki Orta əsrlər düşüncəsinin modern daşıyıcılarına görə hər şey artıq deyilib, kəşf olunub. Bizim intellektaul potensial, sadəcə, elmi mirasa keşik çəkməlidir.
Bu isə köhnəliyə xidmət etmək deməkdir. Dilimiz də bu köhnəpərəstliyin hesabına yenilənmir. Dili yeniləmək "kupalnikə” "geyçim” demək deyil. Elmi, intellektual yeniliklər yaranmadıqca, hətta qadağan olunduqca bu, ilk növbədə dilimizin sükunətinə səbəb olacaq. Dilimiz hər gün qocalıb, bir gün öləcək. Uzaqbaşı, ərəb dili kimi öz qınına çəkiləcək.
1951-ci ildən bəri yayımlanan və hər dörd ildən bir yeni hesabat hazırlayan "Ethnologue, Languages of the World”ün son hesabatına görə bu gün dünyada 7099 dil var (www.ethnologue.com), ancaq bir çox dil alimi hesab edir ki, təxminən, 2500 dil gələn əsrə keçə bilməyəcək. İngilis filoloq Devid Kristalın proqnozları daha vahiməlidir: Kristala görə, önümüzdəki əsrdə bu gün dünyada var olan dillərin yarısı öləcək, bu da orta hesabla hər iki həftədə bir dilin ölməsi deməkdir.
Nə qədər kədərli olsa da, bu gün özümüz üçün bu suala cavab axtaramalıyıq: Kristalın dediyi kimi, gələn əsrdə iki həftədən bir ölən dillərdən biri də bizm dilimiz ola bilərmi?..