Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?

Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
17 aprel 2021
# 16:32

Kulis.az Samirə Əşrəfin Sabir Əhmədlinin göz yaşları…” yazısını təqdim edir.

Xeyli vaxtdır Sabir Əhmədli haqqında yazmaq istəsəm də hər dəfə məsuliyyət hissi məni bu arzudan uzaqlaşdırıb. Sağlığında iyirmi iki romana imzasını atan bu azman, azman olduğu qədər də sanballı yazıçı haqqında “mən nə yaza bilərəm” kəlmələri məni yazıdan ürküdüb.

Sabir Əhmədlinin adı səslənəndə ağlıma gələn fikirləri ümumiləşmiş olaraq bir sözlə izah edə bilərəm. Təsəlli...

Bəli məhz onun adını eşidən zaman ilk xatırladığım söz bu olur. Daha sonra qürur, həsrət, kədər, göz yaşları və.s.

Doğulub boya-başa çatdığım Cəbrayıldan mənə qalan bircə Sabir Əhmədli imzası olub. Təsəllim bundan yanadır. Qürur-ədəbiyyat, həsrət-Cəbrayıl, göz yaşları-Cəmil Əhmədov, Məhəmməd Əhmədov və yenə də Cəbrayıl, bütünlükdə isə Qarabağ.

Sizə deyim ki, bəzən Sabir Əhmədli adına toxunanda ərk hissi də keçirmişəm. Axı mən onun əsərlərində nəql etdiyi torpaqda böyümüşdüm. Həmin yerləri qarış-qarış gəzmişdim. Sirik kəndinin məktəbli lagerindən tutmuş, ta Cəmil Əhmədovun ev muzeyinə qədər olan hər yeri bugünkü kimi xatırlayıram.

1944-cü il iyirmi yaşında Polşada həlak olan nakam qardaş Cəmil Əhmədovun sağ qalmış abidəsi önündə dəfələrlə əlimdə bir dəstə yasəmən çiçəyi ilə dayanıb şəkil çəkdirmişəm. Mirzəcanlı ilə qalalıları bir-birindən ayıran çaylağın üzərindəki dəmir körpüdən keçib hər gün uşaq bağçasına getmişəm. Qurban təpəsinin ətəklərində bitən şirin yemlikdən dodaqlarım qızarana qədər yemişəm. Cəmil Əhmədovun adını daşıyan məktəbin şagirdi olmuşam.

Bütün bunlar indi yoxdur. Daha doğrusu var, amma həmin məkanlar artıq bizə qadağandır. Biz o məkanları nə görə, nə də hiss edə bilərik. Eləcə xatirələrimizdə, yuxularımızda, bir də Sabir Əhmədlinin əsərlərində duya bilərik.

Sabir Əhmədlinin göz yaşlarını onun bütün fotolarında görmüşəm. Hətta ən qəzəbli, ən ciddi baxdığı şəkillərində belə onun yanağını isladan göz yaşlarını hiss etmişəm. Onu belə gizlin-gizlin ağladan qardaş, torpaq və oğul nisgili olub.

Sonuncu kitabı “Axirət sevdası” yazıçın ömrünün son trilogiyasıdır. Əgər “Yazılmayan yazı” kitabında Sabir Əhmədli yeddi arxa dönənini, şəcərəsini, yaşadığı torpağın tarixini araşdıra-araşdıra öz kəşməkəşli bioqrafiyasına işıq tuturdusa, “Axirət sevdası” kitabında yazıçı Qarabağ müharibəsinin gətirdiyi, insanlara yaşatdığı faciələrin səbəbini göz önünə sərir.

“Axirət sevdası” kitabında yer alan ilk roman elə kitabla eyni adı daşıyır. Yazıçı burada oğlu Məhəmmədin gözlənilməz və vaxtsız ölümünün ona bəxş etdiyi ağrı-acıdan danışır. Hərdən gileylənir, hərdən vaysınır, amma bir dəfə də olsun niyə sualını ünvanlamır. Heç kimə nə özünə nə də başqalarına... Eləcə canından, qanından yaranan bir insanın yerində qalan dərin boşluğun yaratdığı kədərə sızıldayıb, çox az adamın eşidə biləcəyi səslə ağı deyir.

Axı oğluna söz vermişdi ki, ad günündə mütləq onun yanına gedəcək. Gedir də. Amma bir az ləngiyir, bir yandan qarlı çovğun, bir yandan ölüm kəlməsinin ağlına, eyninə gəlməməsi onu arxayınlaşdırır.

İnsanlar adətən ölümü özlərinə yavuq buraxmırlar. Amma Sabir Əhmədli onu oğluna da yaraşdırmır. O elnikürək, iki əlləri ilə onu qucağına qaldırıb yerə qoyan oğul hara, bircə qəlpənin anidən gətirəcəyi ölüm hara?

Yox, o, inanmır! Bu səbəbdən də “Axirət sevdası”nda oğlunun getdiyi yolları qarış-qarış o, da gedir. Düz Murovun ətəklərinəcən... Əli hər yerdən üzülür, amma Məhəmməddən üzülümür. Geri qayıdır. Gəncədəki dostunun və ailəsinin ona qarşı yaranan qəmgin münasibətindən, hətta öz oğlanlarını ona qoşub Bakıyacan yoldaşlıq etmək tapşırığından da eymənmir. Bəlkə də eymənir, amma o amansız kəlməni, ölümü oğluna yaraşdırmır. Gəlib Yasamaldakı evinin dikdirinə qalxıb həyətindəki yas çadırını görsə də yenə unamır. Unamır ki, Məhəmməd daha yoxdur. Güman edir ki, oğlu yaralıdı və hansısa xəstəxananın dərman qoxulu otağında cığhacığ cığıldayan dəmir setkalı çarpayıya uzanıb onun yolunu gözləyir. Lakin, evinin qapısından girib qohum-əqrəbasını onun evinə daşıyıb gətirən çoxlu ayaqqabıları görən Sabir Əhmədli əyilir. Bütün həyatı boyu heç kimin, heç nəyin qarşısında sınmayan, əyilməyən bu nəhəng insan ilk dəfə əyilir. Oğlunun, Məhəmmədin cənazəsi qarşısında... Dizin-dizin sürünüb özünü neçə günlərdi arayıb, axtardığı, ölümü yaraşdırmadığı uca boyu ilə tabuta döşənmiş Məhəmmədinin üstünə atır.

“Elə ki, mənzilin açıq qapısından qoluma girmiş bu oğlanla içəri ayaq basdım, bütün qohum-əqrəbanı, otaqları dolu gördüm.

Orta-böyük otaqda çəhrayı ipək çəkilmiş cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qohum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.

- YOX! Yox! Yox... Ola bilməz. İnanmıram! Məhəmməd balam mənim! İnanmıram! Cənazənin ayağında çöküb dizin-dizin onun üstünə can atdım:

- Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm! Mən səni haralarda axtardım balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə. Bütün nigaranlıq bitdi!”

Bu məqamda belə yazıçı heç kimi heç nəyi, hətta taleyin özünü belə təqsirləndirmir. Eləcə özü öz matəminə bürünür. Öyrəncəlidir artıq... Nakam qardaşını qərib, özgə torpaqlarda itirib. Ondan geriyə bir neçə məktub, orden və medaldan başqa heç nə qalmayıb. Bir də heykəl. Daş parçası... Amma yazıçı o, heykəlin də həsrətini qaçqınçılıqdan sonra qardaşının həsrətini çəkən kimi çəkir. Qohum əqrəbasını onun ev muzeyindən məktublarını gətirməməkdə qınayır, küsür, acıq edir...

Polşada qardaşının uyuduğu məzardan özü ilə bircə şəkil gətirə bilir. Onunla təsəlli tapır. Məhəmməddən də geriyə çoxlu şəkillər əlbət ki, qalıb. Amma bu qalıcılıq onun yarasına məlhəm olmur. Gündən-günə heydən, taqətdən düşür. Güclü insan olsa belə övlad itkisi onu şam kimi əridir. O, isə özünü insanların yanında şax tutur, tutmağa çalışır.

Yazıçı ikinci romanı “Kef” də öz ahıl ovqatını, yaşam tərzini bütünlüklə əks etdirir. Taleyin umuduna qalmış qoca ər və arvadın başının üstünü alan yoxsulluq, yaşlılıq, xəstəliklər sətirlərdə dilə gəlib danışırlar. Evinin açarını itirən yaşlı müəllim əslində elə yazıçının özüdür. Müəllim vasvası bir qorxu ilə həmin açarı axtarmağa başlayır. İşə gedib gəldiyi bütün yolları axtarır, amma tapmır. Lakin, məsələ bundadır ki, həmin açarı axtararkən o, gəzdiyi küçələrin, rastlaşdığı insanların, hətta ağacların, binaların yaranması başlarına gələn hadisələr haqqında danışır. Əslində açar bir bəhanədir. Onun vasitəsi ilə yazıçı 90-cı illərin ab-havasını, cəmiyyətdə baş verənləri çox gözəl və maraqlı dillə oxucuya çatdırır.

On yaşım olanda qradın, topun, alazanın nə olduğunu bilirdim. Bilirdim ki, bu adlarını saydıqlarımın hamısı düşdükləri yeri qana bələyir. Bu səbəbdən də torpaqlar işğal olunandan sonra uşaqlıq dövrü də mənim üçün sona çatmışdı. Yalnız kitablar bu sonluğun içimdə dərin yarğanlar açmasına imkan vermədi. Məktəb kitabxanasından götürüb oxuduğum kitablardan sonra içim aşıb daşır, sözlə qaynaşırdı. Özümü yalnız xəyallarımda ifadə edirdim. Xəyallarımın gücü ilə qəhrəman bir döyüşçü kimi necəsə, nə cürsə Cəbrayıla, doğma yurda gedib çıxırdım. Boş küçələri, sahibsiz evləri, bağçaları yalnız mən görürdüm.

Böyüdükcə həmin xəyallar da yavaş-yavaş solğunlaşdı. Cəbrayıla gedib çıxa bilmədim. Bu iyirmi dörd ildə onlar heç cür gerçəkləşmədi. Otuz altı yaşın tamamında mən on üç yaşında öz torpağından didərgin düşmüş qızcığaz həmin xəyalların daha bir insanda təzahür etməsinin şahidi oldum.

Sabir Əhmədlinin “Ömür urası” romanı bütün qaçqınların arzuladığı günün çin olduğu məqam idi. Sabir Əhmədli Bakı-Mincivan qatarı ilə özü təkcənə Cəbrayıla yola düşmüşdü. Amma Allah bilir nə qədər mənim kimi qaçqının xəyalını, arzusunu da özü ilə götürüb o torpaqlara aparmışdı.

Həmid Herisçi “Konspiroloq” kitabında yazır: “Hərbiçilərimiz, siyasətçilərimiz, millətimizin eləyə bilmədiyini yenə də ədəbiyyatımız, əslində yalqız-qocaman bir yazıçı həyata keçirdi-işğal altındakı torpaqlarımızı, xəyalən də olsa belə, düşmən tapdağından azad edib öz doğma yurdu Cəbrayıla qayıtdı”

Beləliklə heç kimin edə bilmədiyini qocaman, ürəyi yaralı bir insan edə bilir. Bircə o, hər kəsdən xəbərsiz doğulub boya-başa çatdığı torpaqlara daxil ola bilir. İlahi qüvvə bircə onun təmizliyinə və saflığına hörmətlə yanaşır və onu ömrünün son illərində nakam qoymaq istəmir.

Başlı-başına bomboş, kimsəsiz qalan, ağacları budanan, evləri sökülən, yandırılan vətəni görmək o qədər də asan olmur. Hələ qarşıda qardaşının sahibsiz heykəlini qucaqlamaq bağrına basmaq, evinin taxtapuşuna çəkilmiş əlif izlərində Məhəmmədin əl izlərini görmək də var. Başı kəsik kötüklərin üstündə əyləşib işğaldan sonra xana toxuyan gözəl qızların başına düşmən tərəfindən gətirilənləri yada salıb xatırlamaq da yazıçının nəsibində var imiş.

Tanrı böyük bir səxavətlə bircə bu əzəmətli, təmiz xislətli, istedadlı insanın həmin əraziyə daxil olmasına imkan yaradır. Onu ömrünün urasında, sonunda bu cür mükafatlandırır. Çünki ona böyük istedad və güclü xarakter versə də, ondan çox şey almışdı. Qardaş, torpaq və oğul dağı yazıçının sinəsinə əbədi həkk olunmuşdu. Həmin torpaqlara xəyali səyahət belə Sabir Əhmədlinin ürəyini sərinlədib, toxtadır.

Bu gün Sabir Əhmədli sağ olsaydı ondan soruşardım. Ustad, “Dəyirman dərəsi” məhləsinin lap əvvəlində səliqəli, güllü-çiçəkli bir həyət vardı. Şah İsmayıl Xətai küçəsi, ev 2... O ev, o həyət bizim idi. İndi oralar salamatdırmı? Ya həmin evin də taxtapuşunu ermənilər söküb aparıb, ağaclarını kəsib doğrayıb, qızılgül, nərgiz, yasəmən çiçəklərinə divan tutublar?

O həyət-bacada mənim rəhmətlik adamın əl izləri vardı. Eynən sizin Məhəmmədin son əl izlər kimi... O nişanələri görə bildinizmi? Ya eləcə öz həyətinizdə oturub vaysınıb, ağlayıb, sonra da kiriyib dərə aşağı düşərək sizi gözləyən son ömür qatarına mindiniz?

Amma Sabir Əhmədli artıq həyatda yoxdur. İndi bütün bu sualları onun əsərlərində, yazılarında axtarmaq lazım gələcək. Əminəm ki, onun hansısa sətrində nə vaxtsa öz suallarımın cavabını tapacam. /Ədəbiyyat qəzeti/

# 7273 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #