Özünü tanımaqda çətinlik çəkən Seymur Baycan

Özünü tanımaqda çətinlik çəkən Seymur Baycan
19 aprel 2021
# 14:32

Əziz (ironiyasız) Seymur Baycanın “AzLogos” da yayımlanan “Təxəyyül çatışmazlığının fəsadları” çox adamı cırnatdı, qıcıqlandırdı. Məni də o cümlədən. Hətta email vasitəsilə Seymurla mübahisə də etdik. Səmimi deyim ki, sonra peşman oldum. Mövqeyimdə qalsam da düşünürəm ki, Seymura bütün hallarda iradlarımı sərt şəkildə deməməliydim.

Seymur dəyərli adamdır, yazdığı kimi yaşayan çox az yazıçıdan biridir, prinsiplərinə sadiqdir, sözünü birbaşa deyəndir. Və digər mühüm fakt ondan ibarətdir ki, Seymurun dünyagörüşünə, fikirlərinə təsir göstərdiyi, maariflənməsində əhəmiyyətli rol oynadığı bir nəsil var. Mən Seymuru həm də ona görə çox istəyirəm ki, onda zərrə qədər falş olmayıb, yoxdu.

Ancaq bütün bunlar əlbəttə ki, Seymurun bütün fikriləri ilə razılaşmaq anlamına gəlmir. Doğrusu, onun davamlı oxucusu deyiləm. Sevdiyim hekayələri, publisistik yazıları var əlbəttə ki. Xüsusən son dərəcə dəqiq müşahidələrini qeyd etmək istəyirəm.

Lakin əksər hallarda publisistik məqalələrində təkrara yol verdiyi üçün mütaliəmi yarıda kəsməli oluram. Seymurun başqa bir problemi (şəxsi yazışmalarda özünə də demişəm) hansısa yazıçının əsərlərini tənqid edərkən fikirlərini arqumentləşdirməməsində, ya da bunu bacara bilməməyindədir. Yəni çox ola bilsin ki, əsərdəki boşluqları intuitiv dəqiq hiss edir, amma onu məntiqə sığışdırıb rasional izahını verə bilmir. Başqa cür ifadə etməli olsam, Seymur özünün ədəbi-bədii estetik zövqünü çatdırmaqda çətinlik çəkir. Misalçün: “Lyosa əsrin sonluğun qəddarcasına kədərli yazıb. Oxuyanda lap belə qəhərləndim. Rüşdinin ədəbiyyata dəxli yoxdur. Başdan-başa süni, saxta, ölü təsvirlər canımı boğazıma yığdı” və s.

Zamin Hacı haqlıdır ki, çox vaxt da diktator mövqeyindən çıxış edir, öz fərdi zövqünü sırımağa çalışır. Başqalarının ədəbi zövqünə hikkəylə müdaxilə eləyir. Hətta imkanı olsa Damokl qılıncı olub başlarının üstünü kəsdirər ki, niyə Salman Rüşdini oxuyursuz? Seymur heç cürə barışmaq istəmir ki, onun təsəvvüründəki və təfəkküründəki güclü əsər anlayışı mütləq deyil. Ümumiyyətlə, sənət, ədəbiyyat mütləqlik anlayışını qəbul etmir.

Halbuki, bütün bunların əvəzinə Seymur normal ədəbi polemika yarada bilərdi. Seymur əla bilir ki, sənət, ədəbiyyat alternativ fikirlər, alternativ təcrübələrdir, çoxçeşidli estetika, üslub, ifadə formaları və zövqlərdir. Konstantin Boqomolovun diliylə desək mürəkkəb insan konsepsiyasını hər müəllif doğru bildiyi tərzdə araşdırır.

Müsahibələrindən ya yazılarından birində dostumuz rejissor Berqmanı bəyənmədiyini deyir. Kiminsə Berqmanı sevməməyi normaldır. Çünki, bu, zövq məsələsindən ziyadə ruh, toxuna bilmək məsələsidir. Amma tutaq ki, kinokonsepsiyası dünya kinosunun məhək daşlarından sayılan Berqmana münasibətinə görə kimsə Seymurun boğazından yapışmır… Və yapışmamalıdır da.

Biz yazsaq da, yazmasaq da Seymur heç vaxt dəyişməyəcək. Elə dəyişmədiyinə, dürüstlüyünə və yeri gələndə özü haqda açıq danışmağı bacardığına (“Ürəyim istəyən qədər boşboğazlıq eləmək istəyirəm. Heç bir məna ifadə etməyən mətnlər yazmaq ovqatındayam”) görə Seymuru sevmək, dəyərləndirmək lazımdır. Özünü tanımaqda çətinlik çəkən Seymuru rahat buraxmaq lazımdır.

# 2888 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #