Müğənnilərin öldürdüyü Nəsimi

Müğənnilərin öldürdüyü Nəsimi
25 dekabr 2019
# 10:54

Dünya incəsənət tarixinə məlumdur ki, müharibə ərəfəsində doğulan, yaşayan əksər sənətkarlar əsərlərində politikanı əks etdiriblər.

Əsasən, musiqidə! "Azadlıq marşları", "dövlət himnləri" və s. İstər operada, istərsə də rok, caz janrlarında, muğamda, aşıq yaradıcılığında.

Musiqi ilə politika arasındakı vəhdət özünü, eyni zamanda, folklor nümunələrimizdə də göstərir. Üstüörtülü və ya birbaşa siyasi hədəfə hesablanan mahnılarımız, musiqilərimiz, aşıq yaradıcılığı Azərbaycan sənət tarixinin heç də hazırki durum kimi olmadığını göstərir.

Məsələn, eşq şərqisi kimi səslənən "Sarı gəlin" mahnısında siyasi proseslərin məişətə, sosial həyata necə təsir etdiyi yüksək bədii çalarlarla əks olunub. Müasir dövrdə yaranan mahnılarımızda isə bu koloriti nadir hallarda sezmək olur. Bu da, əsasən, gəncliyin sürüyə-sürüyə inkişaf etdirmək istədiyi rok musiqi janrının səlahiyyətindədir.

Bəli, politikanın yuvası rokdur, metaldır, repdir. Çünki bu janrlar bir etiraz prosesidir. Metalda, rockda vokalistin çığırtıları üsyandır, əslində. Repdə yüzlərlə kəlmənin bir neçə dəqiqəyə sığışdırılıb təqdim olunması da.

Azərbaycanın politik musiqi ənənəsi var. Dediyim kimi, şifahi və yazılı xalq ədəbiyyatı nümunələrindən tutmuş, orta, yeni dövr incəsənət tarixinə kimi.

Ustad Nəsiminin politik mövzulara həsr etdiyi qəzəllərin dərvişlər tərəfindən ritmik notlarla oxunması buna misal ola bilər.


Nəsimi demişkən... Artıq Nəsimi ilinin yekunlarıdır. Dahi sənətkar ölkədə kifayət qədər anıldı. İlk olaraq, adı Afət, baxışları Nazpəri, saçı uzun Gita xanım, donu daray Zita xanım Nəsiminin "Sığmazam" qəzəlini tozlanan kitablardan çıxarıb, tozunu üfürüb, əyninə zər-ziba geyindirib, atdı şadlıq saraylarının, toyların rəqs meydanına. Özü də hansısa hind musiqisinin notları üzərindən.

Belə yerdə ürəyimizdən ağrı tutmazmı, infarkt vurmazmı bizi? Nəsimi məzarda tərs çevrilməzmi? Nə isə. “Afətdir də”, deyib keçdik.
İş gəldi çıxdı Sami Yusifə. Yusif müəllim təqdim olunduğu coğrafiyada müəyyən sanbal yiyəsidir. İstedadlıdır, ən azı, istedadlı mərsiyələri var. Yaxşı azan çəkməyi də. İnanclı, inancsız hamı zövq ala bilər o səsdən.
Müəllimə böyük təşəkkür düşür. Ki, "Sığmazam"ı Afətin monopoliyasından çıxarıb muğamın ixtiyarına təhvil verdi. Ölkə olaraq minnətdarlıq hissi ilə qarşıladıq, sevindik, fərəhləndik, ürəkləndik.

Amma...

Amma Yusifin kompozisiyası Nəsimi qüdrətini əks etdirə bilmədi. Şəxsi qənaətlərimin diktəsi ilə hansı natamamlıqları və artıqları gördüm, onu demək istəyirəm.

Əvvəla, xor möhtəşəmdir, adamı elə auraya, atmosferə salır ki, istər- istəməz harada olduğunu unudursan, zövq alırsan, daxili həzz yaşayırsan.
Bəs aşıq Samirənin sazının o kompozisiyada nə işi vardı? Saz və Nəsimi arasında hansı bağ var? Bağ yoxdur, "baxın, bizim sazımız da var" məsələsidir. Biz Yusifin səsində mərsiyə və azana alışan adamlarıq. Bəs bu, "Sığmazam"ın hansı kateqoriyasına sığır?

"Cahan mənəm, həqqə məkan mənəm" deyən birini Yusif müəllimin təqdim etməyində uyğunsuzluq yoxdurmu? Məncə, var. Nəsimi asi şairdir. Etirazçıdır. Onun əsərini məhz öz ideologiyasına yaxın, uyğun birisi daha dolğun canlandıra bilərdi. Allahı göydə yox, özündə axtaran bir adamın əsərini təqdim edən hansısa bir musiqiçi konsepsiyanın sonunda əllərini yuxarı - göyə, Allaha tərəf uzadırsa, yanılır, konseptə uduzur.

Muğamdan ekstaz yaşaya bilmədim, sarı simə toxunmadı. Təyyar bəy, elə bil, yorğun idi, elə bil, səsi salonun bu başından o başına getmək üçün əziyyət çəkirdi.

Muğam üslubundakı geyimi doğru stil hesab etmədim. Madam iş Nəsimiyə həsr olunub, o qədər zəhmətə, əziyyətə qatlanılıb, heç olmaya, Həsən Seyidbəylinin filmindən bəhrələnib geyimi uyğunlaşdırmaq olardı. Və madam bu qədər vəsait ayrılıb, niyə ortaya yüksək keyfiyyətli iş qoyulmadı?

Afətlə müayisə etmək doğru deyil, təbii. Amma bizdə o kompozisiyanı qura bilən bir Yusif müəllim yox idimi? Nə bilim, vallah. Ən azından, Nəsimini iməcilik kampaniyasına qoşub ağac əkdirmədik. Ən azı, Nəsimi ruhu onun ucbatından narahat qalmadı. “Təşəkkür mi konəm”.

İstəyirəm, çox da dərinə getməyim. Çünki biz musiqi ilə siyasətin vəhdətindən danışırdıq.
Dünya musiqi tarixinin nəhəngləri – “Pink Floyd”, “Metallica”, “Led Zeppelin”, ACDC kimi rock qrupları öz ifalarında dövrün siyasi proseslərini əks etdiriblər. “Pink Floyd” Albomlarında Amerika və İsraildə baş verən politik nüanslara toxunub. Heç şübhəsiz, musiqinin Şopenhaueri adını almağı bacarıblar. Necə? İntellektual və fəlsəfi konseptləri ilə.

Məsələn, "The Dark Side of the Moon" albomunun kopyası dünya üzrə hər 12 nəfərdən birində var. Albomda yer üzünə aid, demək olar, bütün səslərdən istifadə olunub.
Təsəvvür edin, "Sığmazam"ı təqdim edirsən “Pink Floyda”. Düşüncə belə möhtəşəmdir.

Bəs bizdə Pink Floyd keyfiyyətində rok qrupu, musiqiçi varmı? "Pink Floyd kimi" demək çox iddialı səslənir. Ümumiyyətlə, keyfiyyətli musiqi qrupları varmı?

Bir "Yuxu"muz vardı, lazımi qiymət verilmədi, İbrahim bu yay öldü. "Rəhmətə getdi", "vəfat etdi" və sair yox. Öldü! Və özü ilə tonlarla istək, məqsəd, yarımçıq qalmış sənət apardı. “Lazımi qiymət nədir” desəniz, cavab verə bilməyəcəm.

Fakt odur ki, bayağılığı tirajlayan televiziya proqramları İbrahim Emini yox, İbrahim Borçalını yayımlayır. Çünki fərdlərdə yüksək musiqi zövqünün formalaşması prosesində intellekt və bilgi, savad bilavasitə iştirak edir. Mən hələ intellektual, fikir, düşüncə sahibi birinin telekanallarımızda yayımlanan yüzlərlə toy mahnısını sevdiyini, dinlədiyini görməmişəm.

Sosial şəbəkələr, kütləvi informasiya vasitələri tirajlasa belə, Üzeyir Mehdizadənin üzünə deyir ki, "sənin mahnıların bayağıdır". O da cavab verir ki, "bayağılıq bəyəm pisdir?" Komediyadır.

Bəyəm Türkiyədə müəyyən kütlə tərəfindən sevilmək və təqdir olunmaq uğurdur? Dünyanın istənilən bölgəsində aşağı səviyyədə musiqi zövqünə sahib kütlə var.

Deməli, məhz bayağı mahnıların yayımlanması və tirajlanması da kütləvi informasiya vasitələrinin siyasətidir.
Yəni, musiqi ilə cəmiyyətə ötürülən mesajların ictimai, siyasi və sosial yükü heç də kitablardan, təhsil və elmdən az deyil. Musiqi zövqü o zaman zövq sayıla bilər ki, o musiqinin bir kimliyi, şəxsiyyət vəsiqəsi, ruhu, cismi olsun. Üzeyirə, Afətə qulaq asmaq, artıq zövq yox, intellekt məsələsidir. Və ümumiyyətlə, toplumsal politikanın tərkib hissəsi, bəlkə də, istiqamətidir.

# 3674 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #