Gürcüstanda ərə verilən azyaşlı qızlarımız

Gürcüstanda ərə verilən azyaşlı qızlarımız
9 fevral 2021
# 11:09

Mən ənənəvi, mühafizəkar bir yerdə - Gürcüstanda doğulmuşam. Uşaq vaxtından atla, sonra da maşınla qaçırılan qadınlar görmüşəm. Erkən yaşda ərə verilən qızların sayını isə nə siz soruşun, nə də mən söyləyim. Öz yaxınlarımda, qonum-qonşuda nə qədər qızı erkən yaşda ərə veriblər, bilsəniz, başınızı tutub qaçarsınız. Həmişə ora gedəndə bunun üstündə tanış-bilişlə davaya çıxmışam, qadın hüququndan, insan haqlarından danışmışam, xeyri olmayıb. O bölgədə "qadın hüququ" söz birləşməsinin üzünə baxan yoxdur. Adını eşidənin qulağını bururlar.

Bu günlərdə də Gürcüstanın Soğanlıq adlanan ərazisində 11 yaşlı azərbaycanlı qızını 15 yaşlı dayısı oğlu ilə nişanlayıblar. Xəbərdə yazılırdı ki, məclis bir həftə əvvəl keçirilib. Bu dəhşət qoxan xəbər təbii ki, xalqımızın düşünən təbəqəsini narahat etdi.

Təəssüf ki, biz hələ də orta əsrlərdən qalan təfəkkürlə yaşayırıq. Erkən nikahı çıxış yolu, xoşbəxtlik sayırıq. Qızın yaşı bir az keçdimi, vəssalam, ər evinə hazırlıq başlayır. İndidən cehiz-cühüz yığılır, layiqli namizəd axtarışa verilir. Səbəb də nə olsa yaxşıdır? Qızımızı qoruyuruq. Cəmiyyətdən, basqılardan, söz-söhbətlərdən və s. Kül qoyum təpənizə!!!

Bu qədər texnologiyanın inkişaf etdiyi, dünyanın ayrı mövzularda danışdığı bir vaxtda 11 yaşlı qızı nişanlamaq nə deməkdir? Hələ oğlanın da yaşı 15-dir. Biabırçılığa bax e sən! İkisi də həyata təzə atılıb axı, ay insafsızlar, bu nə cahillikdir? Soruşsan, deyəcəklər ki, hələ toy eləmirik, eləcə adına deyikli demişik. Halbuki "evliliyə bir addım" janrında olan bu məclis cinayət əməlidir, bir qızla bir oğlanın təhsil, insan hüquqlarına qəsddir.

İnanın, heç o qızla oğlanın fikrini soruşan olmayıb. Hər şeyi yaxşı bilən ata və ana var çünki. Onlar dedilərsə, doğrudur, qəbuldur. Heç bir ata-ana qızının, oğlunun bədbəxt olmağını istəməz axı. Əslində isə o qızı da, o oğlanı da indidən bədbəxt ediblər, xəbərləri yoxdu.

Onun gəncliyini, xəyallarını əlindən aldılar. Onlar ümidlərin, arzuların, gələcək həyatın qatilləridir. O qızın, o oğlanın arzularını yerlə bir etmək onlar üçün bir içimlik sudur. İndi əylənib deyib güləcəklər, amma sonra nə olacaq? Balaca bir qız uşağının uşağı dünyaya gələcək. Hələ özü uşaqlığını yaşamadan bir uşağa baxmaq məcburiyyəti. Oğlan bu yaşda ata olacaq, öhdəlik götürəcək, zərif çiyninə ağır yük qonacaq... Dəhşətlidir. Söz tapmaq olmur. Ümumiyyətlə, o adamlara nə desək də xeyri olmayacaq. Hər şeyi ərə getməklə, evlənməklə həll edən bir toplumdan işıqlı nəsə gözləmək mümkünsüzdür. İnsan haqları, qadın hüquqları - onlar üçün bu anlayışlar yoxdur. Biz nə vaxta qədər ənənəvi, daşlaşmış dəyərlərlə yaşayacağıq? Nə vaxta kimi bir qızın tək xilasını ərə getməkdə görəcəyik? Sualların cavabı yoxdur. Bəlkə də bir nəsil dəyişməlidir. Yeni nəsil yeni fikirlərlə yaşamalı və bu erkən nikahı kökündən həll etməlidir. Bu tanış mənzərə məni o qədər əsəbiləşdirir ki, artıq nəsə deməyə dilim varmır. Çünki aşağı-yuxarı eyni şeyləri deməli olacağam. Erkən nikah xəyalların məhvidir axı. Bir az yaşı keçəndən sonra ona "evdə qalmış" damğası vuran və həmin şəxsi depressiyaya salan toplum utansın! Nə bilim... Daha nə deyim? Nöqtə, nöqtə və nöqtə.

Tam bu yerdə nişan xəbəri yayılan qızın qohumu danışdı: "Qızın 11 yox 14 yaşı var. 9-cu sinifdə oxuyur. Belə tez nişanlanmaq bizdə adətdir. Qızları azyaşlı vaxtında nişanlayırlar ki, başqasına verməsinlər. Nişanlanan oğlan qızın qohumudur və onun 19 yaşı var. Onlar 3 il nişanlı qalacaqlar. Sonra gənclərin toy mərasiminin keçirilməsi nəzərdə tutulur. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bizi qınamasınlar". Bu da oldu cavab. Guya yaxşı iş görüblər. Yenə də "nöqtə, nöqtə və nöqtə".

Növbəti hadisə də eynən bunun kimidir: deyəcək söz yoxdur. Film kimi günlər yaşayırıq. Bizə tale özü film çəkir. Deməli, Yasamal rayonunda qazi adı ilə dilənən şəxs saxlanılıb. Vətən müharibəsində iştirak etdiyini deyən hərbi formalı şəxs qollarını bintlə bağlayaraq döyüşlərdə yaralandığını deyərək dələduzluqla məşğul olub. Sözügedən şəxs polis tərəfindən saxlanılıb.

Qazi adından istifadə etmək. Bu yeni metod dələduzluqdur. İnsanların duyğuları ilə oynamaq, həssas qapıları döyüb pul dilənmək. İndi hamının qaziləri görəndə ürəyi pırr eləyir, hamı əlindən gələn yaxşılığı etmək istəyir axı. Bu yeni kəşfə imza atmış dələduz üçün bundan yaxşı fürsət hardan olacaq?

Düzdü, əksi də var, qazilərə, şəhid ailələrinə biganəlik eləyənləri də bu zaman içində gördük. Qazilik, şəhidlik başqa bir mərtəbədir. Bizim etmədiyimiz, daha doğrusu, edə bilmədiyimiz işi onlar gördü. Onların yanında öz kiçikliyimizi boynumuza almalıyıq.

Dostlarımdan, yaxınlarımdan da qazi olanlar var. O günü sinif yoldaşımın qazi olduğunu öyrənib çaşmışam. Sən demə, bizdən gizləyibmiş. Deyir, borcumuz idi, getdik döyüşdük, bunu üzə vurmağın nə mənası? Əxlaq budur bax. Biri qazi olduğunu deməyə utanır, o biri qazi adıyıla dələduzluq edir. Bütün hallarda ittiham etmək asandı. Mən xəbəri görəndə bir anlıq özünü qazi adlandıran o şəxsə acıdım. Elə şəhid oğlanları olduğunu iddia edən ananı görəndə də. İnsanların içindən nələr keçdiyini bilməyimiz mümkünsüzdür. Onlar niyə bunu edirlər? İşsizlikdən, çarəsizlikdən, diqqət əksikliyindən? Məncə, bu sualın cavabı ədəbiyyatdadır. Ədəbiyyat o insanları araşdırır və nə hiss keçirdiklərini yazır. Mən bütün hallarda insanların düşdüyü situasiyaya uyğun hərəkət etdiklərini düşünürəm. Bu mənada yaxşı və pis insan bölgüsü yoxdur mənə görə. Əksinə, yaxşı və pis hərəkətlər var. Xoşca qalın!

# 2614 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #