Bu adamları niyə Aya bənzədirəm?

Bu adamları niyə Aya bənzədirəm?
10 iyun 2016
# 12:53

Uşaq vaxtı sevdiyim iki cihaz vardı. Biri mikroskop, digəri durbin. Hər ikisini böyüdücü xüsusiyyətə malik olduqları üçün xoşlayırdım. Amma heç birindən yoxumuydu. Mikroskop məktəblərdə dərs vəsaiti kimi istifadə olunurdu, o da ancaq mənim yaşımdan nisbətən böyük siniflərin şagirdləri üçün nəzərdə tutulmuşdu. Durbin isə daha əlçatmaz idi. Kinolardan filan bilirdim ki, dənizçilərdə, səyahətə çıxan adamlarda olur. Bütün bu arzulamalar vaxtı mənim hələ on, on iki yaşım vardı.

Sonralar həmin arzularla yaşadığım torpaq da ayaqlarımın altından yox oldu. Sinəmizdən itələyib bizi o torpaqlardan çıxartmışdılar.

Saatlının hansısa kəndi idi. İndi adını dəqiq xatırlamıram. Bir qarının iki gözlü evində məskunlaşmışdıq. Təlatümlü günlərdə taleyin vecsiz qanadları altında böyüyürdüm. O kənddən yadımda çox şey qalıb. Amma ən çox yağışı xatırlayıram. Çünki kəndə hər gün yağış yağırdı. Mən də hər gün həmin yağışın altında saqqız kimi yapışqan palçığın üstü ilə sürüşə-sürüşə məktəbə gedirdim. Həmin məktəbin biologiya otağında mikroskop görmüşdüm. Yaş etibarı ilə də mikroskopdan məktəbli kimi istifadə edə bilərdik. Amma mikroskop müəllimin şəxsi pulu ilə alındığından onu üfürə-üfürə istifadə edirdi. Mən elə dərs vaxtı həmişə uzaqdan-uzağa mikroskopa baxırdım. Bir dəfə yadıma gəlir nə üçünsə biologiya otağına gəldim. Otaq boş idi. Mikroskop isə masanın üzərinə qoyulmuşdu. Vaxt itirmədim. Tez masaya yaxınlaşıb qorxa-qorxa cihazın gözlüyündən baxmağa başladım. Dairənin üstündə xırda yarpaq vardı. Gözlükdən bu yarpaq dəhşətli dərəcədə böyük görsənirdi. Ağımtıl rəngə çalan su, həyat, enerji dolu damarlar, yarpağın üzərindəki tükcüklər məni vahimələndirdi. Qorxub mikroskopdan uzaqlaşdım. Bir balaca yarpağı bu qədər böyük görmək məni ürkütdü. O günsən sevdiyim cihazla həmişəlik vidalaşdım.

Durbinlə tanışlığım isə yaxın keçmişə təsadüf edir. Atam xəstəxanada yatırdı. İkinci dəfə insult keçirmişdi. Yanında hər gün qardaşım, anam və mən növbəylə qalırdıq. Bir gün atamın yanına gedəndə küçə satıcılarının birində durbin gördüm. Ertəsi gün evdəki pul kassamı sındırıb içərisindəki pulları götürüb həmin durbini aldım. Ancaq qınaqdan qorxub həmin durbini gizlətdim. O, xəstə idi. Mən isə öz arzularımın hayına qalmışdım. Həm də ki, o ərəfələrdə gecələr ay da gözə görsənmirdi. Durbinlə aya baxmaq isə mənim ən gözəl arzularımdan biri idi.

Bir neçə gün sonra atam rəhmətə getdi. Həmin vaxtlar ancaq onu düşünürdüm. Fikirdən saçlarım da nazilmişdi. Sevimli əşyam tamam unuduldu... Bir də nə vaxtsa yır-yığış edəndə qarşıma çıxdı. Diksindim. Atamı xatırlatmışdı mənə.

Xatirələr isə amansızdır. Ən gözlənilməz anda insanların üz-gözünə, əllərinə, saçlarına toxunur. Bəzən bir adamı görəndə tamam başqa adamlar xatırlanır, yada düşür. Əşyalar da elədir. Xatirələr illər uzunu onlara hopub, onlarla birgə yaşayırlar. Durbini yenə gizlətdim.

Növbəti dəfə isti bir yay axşamı ay bütöv şəkildə dənizin üstündən asılmışdı. Durbini tapdım. Gözümə yaxınlaşdırıb diqqətlə aya baxdım. İndi dolğun üzündəki ləkə daha aydın görsənirdi. Yumru, süd kimi ağappaq göy cismi qəfildən böyüməyə başladı. Hövülləndim. Davam gətirə bilməyib gözlərimi durbindən çəkdim. Elə bilirdim ay indicə yerindən qopub üstümə düşəcək. Mən də süd kimi boşluqda sonsuzadək yoxa çıxacam. Durbinlə də vidalaşdım.

Həyat da belədi. Ay kimi adamlar tanıdım. Uzaqdan uzağa onlara həsrət, rəğbət və pərəstişlə baxdım. Toxunmaq belə imkansız idi. Sonra həmin Ay kimi adamlara yaxınlaşdım. Elə bilirdim onlar da Ay qədər təmiz, saf və gözəldirlər. Ancaq gözlədiklərim olmadı. Yanıldım. Onlardan da ürkdüm, qorxdum, incidim və vidalaşdım. Ancaq unuda bilmədim. Çünki Ay kimi adamlar unudulmaz olurlar.

# 3183 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #