Avropa qocaları niyə sevmir?

Avropa qocaları niyə sevmir?
13 yanvar 2021
# 10:54

“Gənclərə yol açmaq lazımdır”, “gənclər həmişə haqlıdır”, “qocalar çəkilməli, gənclər gəlməlidir”, “mən gənclərdən öyrənirəm”, “get, nəvələrinlə oyna” kimi fikirlər keçmişi cahillik, dəyərsiz və gərəksiz hesab edən maarif filosofiyası ilə (yəni, modernizm ilə) yaranmış, dəbə mindirilmiş, əzbərlənmiş və bütün tarixə, irsə, mövcud olana qarşı çevrilmiş mövqedir.

Bu, “yeni tapıntıların hamısı keçmişin irsindən yaxşıdır”, deməkdir. Bu, maarifçiliyin, daha doğrusu, pozitivizmin tərəqqi edən tarix anlayışıdır (yəni, tarix guya zəruri olaraq daha yaxşıya, daha üstünə sarı gedir, guya daim üzü yuxarı qalxır).

Maarifçilik gənclikçilik deməkdir. “Atalar və oğullar” problemi, atalarına qarşı satqınlıq edən Pavlik Morozov fenomeni və s. hamısı maarifçiliyin gətirdiyi görkəzməliklər idi. Ümumiyyətlə, yaşlı-gənc, qoca-cavan qarşıdurması tamamilə sünidir, bizim kulturamıza və dünyagörüşümüzə də ziddir və Avropa maarifçiliyindən sonra yaranmış, bizə də sovet dövründə yeridilmişdir. Maarif filosofiası gənclikçilik yolunu onun üçün tutmuş idi və tutmuşdur ki, bu dünyagörüş yeni doğulan, keçmişi, irsi, mirası olmayan Avropada yaranmışdı. Bu səbəbdən də gənclərə üstünlük verirdi və verir.

Avropa universitetləri 30-40 yaşlı “full professor”larla doludur. Və onların çoxu alim yox, sadəcə olaraq, cəld və cahil elm bürokratlarıdırlar. Qərbin “keçmiş”i yoxdur deyə, ancaq “gələcəy”ə (və gəncliyə) fokuslanır. Avropanın zəhləsi gedir özünə aid edə bilmədiyi qədim xalqlardan və qədim kulturalardan, yəni İsa peyğəmbərdən qabaq yaranmış özgələrdən.

Yaradıcılıq yaxşıdır, amma qoruyuculuq (mühafizəkarlıq) da qətiyyən pis deyildir. Pis olan – heç nəyi qorumadan hər şeyi yenidən yaratmaq maarifçiliyidir. Nitsşe nihilizmi Kant maarifçiliyinin birbaşa nəticəsi idi. Gənclər qoruyucu olanda möhtəşəm olurlar – eynilə bizim ordumuzun gənc əsgərləri kimi, tariximizi, dilimizin dərinliklərini öyrənən gənclər kimi və s. Yaşlılar isə yaradıcı olanda möhtəşəm olurlar.

Yaşlı-gənc tarazlığının pozulması keçmiş-gələcək tarazlığını pozur. Bizdə həmişə bu izah hakim olub ki, sovet dövründə keçmiş irsi silmək rus imperializminin yerlərdəki arzusu idi. Halbuki, inqilab ideyasının özü, “keçmişin qalıqlarıyla mübarizə” siyasətinin özü rusun, bolşeviklərin, kommunistlərin yox, birbaşa avropalı maarifçiliyin tələbi idi.

“Dünyanı çox cürə yozdular, indi onu dəyişdirmək lazımdır” deyən Marks-ın yanaşması birbaşa maarifçiliyin (modernizmin) yetirməsi idi. Əgər yaşlılar mühafizəkardırlarsa və mühafizəkarlıq da pisdirsə, onda gənclər də çox dağıdıcıdırlar, şöhrətpərəstdirlər.

Yaşlı Aristotel "Avesta"nı əsla yandırtmazdı, amma şagirdi, 20-30 yaşlı o lənətli İskəndər yandırtdı.

# 3654 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #