13 yaşında zorlanan qızın məktubu

13 yaşında zorlanan qızın məktubu
21 fevral 2018
# 10:29

Kulis.az Ulucay Akifin "13 yaşlı qadın" adlı essesini təqdim edir.

Siz daha əvvəl heç 13 yaşı olan qadın görmüşdünüz? Qəribə səslənir bilirəm, amma belə də olur. Mən 13 yaşımda qadın oldum.

Hər şey bir ay əvvəl baş verdi. Əslində nəyin necə baş verdiyini özüm də anlamadım, amma məhz o gecə baş verən hadisədən sonra on üç yaşı olan qadına çevrildim. Bir ay əvvəl məndən sadəcə bəkarətimi yox, uşaqlığımı, yeniyetməliyimi, gəncliyimi də oğurladılar. On üç yaşlı qadın olduğumu dedim? Yox! Məndən qadınlığımı da oğurladılar!

Düzü hələ heç nəyi tam dərk etməsəm də zaman keçdikcə bu hadisənin travmasını daha da çox hiss edəcəyimi bilirəm. O gecə olanları heç vaxt tam xatırlamayacam, amma heç vaxt unutmayacağıma da əminəm.

Həmin gecədən sonra hər dəfə anam mənim yatıb-yatmadığımı yoxlayanda özümü yuxuya getmiş kimi aparıram. Anam gedən kimi isə gözlərimi açıb baxışlarımı tavana zilləyirəm və düşünməyə başlayıram.

Artıq mənə toxunacaq hər əldən qorxacağımı anlayıram. Əlimdən tutacaq sevgilim, ya ərim olacaq kişi də mənə yadımda qalmayan həmin gecəni xatırladacaq. Çünki hər bədənimə toxunulanda içimdə ağrı qarışıq qorxu yaranır. Sevdiyim adam bədənimə toxunanda necə ağrıyacağımı indidən hiss edirəm və gözlərim dolur.

Hələ gələcək bir yana, insanların mənə indi göstərdiyi münasibət də məni çox incidir. On üç yaşım var, amma anam mənə elə acıyaraq baxır ki, mən də pis oluram. Hələ atamın baxışlarını görəndə içim parçalanır. Hərdən elə bilirəm ki, anamdan fərqli olaraq o mənə acımaqla yanaşı həm də nifrət edir. Atamın mənə baxaraq ağladığını görəndə istəyirəm yaxınlaşıb saçını sığallayım, təsəlli verim, amma cəsarət etmirəm. Bu baş verənlərdən sonra danışmağı heç istəmirəm də.

İçimdə böyük bir günah hissi var. Bu hiss elə bir hissdir ki, baş verənlərə görə məni qınadığını, məni günahlandırmağa başladığını düşünürəm və bu hissin məni heç vaxt tərk etməyəcəyindən qorxuram. On üç yaşım olsa da insanların mənə həmişə yarı acıyaraq, yarı da günahlandıraraq baxacağını hiss edirəm.

Mənim isə həmişə on üç yaşım olacaq. Sevgilimin əlindən tutanda da, ərimin qoynuna girəndə də, övladımı qucağıma alanda da. Həmişə on üç yaşındakı uşaq kimi qalacam. Həmin gecəni heç xatırlaya bilməsəm də, heç vaxt unutmayacam.

# 3730 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #