“Nə Süleyman Rəhimov oldum, nə də Nurəddin Babayev...”
4 sentyabr 2012
11:05
Elə bil, dünən idi... Amma nə billah edirəm, ilk dəfə kitabxanaya getdiyim günü dəqiqliyi ilə xatırlaya bilmirəm. Mənim kimi utancaq on iki yaşlı bir uşaq necə oldu ki, risk eləyib, kəndimizin mərkəzindəki, hər gün xeyli adamın yığışdığı böyük parkda yerləşən mədəniyyət evindəki kitabxanaya, onun gendən zəhmli görünən müdiri Bəhram kişinin yanına getdi – xatırlamıram. Sonrakı günləri yaxşı xatırlayıram; tay-tuşlarımızla gedərdik, bir kənarda durardıq, tay-tuşları ilə oturub çay içən Bəhram kişini narahat etməzdik, ancaq arada ya o, bizi görərdi, ya da, həmsöhbətlərindən kimsə “əşi, sənin kliyentlərin gəlib” deyə bizi göstərərdi, ağsaqqal durub gələrdi.
Bəhram kişi müharibə veteranı idi, yüngülcə əlilliyi də vardı, sağ əlinin barmaqlarının yarısı yox idi. Ancaq barmaqları olmayan bir adamın xətti çox gözəl idi; o qədər gözəl xətt hələ ki görməmişəm – rəhmətlik muncuq kimi yazardı.
Ağsaqqal yaxşı döyüşçü olmuşdu. Bizim kəndin baməzə əhalisi bəzən başqa veteranlara, xüsusilə də alman əsirliyi çəkmiş veteranlara ara-sıra “dalı peçatlılar” (guya ki, faşistlər onların yambızına damğa basıblar), “üzü bəri atanlar” deyə sataşsa da, heç vaxt Bəhram kişinin veteranlığı söz-söhbət mövzusu ola bilməzdi. O özü də veteran olmasıyla fəxr edirdi və orden-medallı pencəyi həmişə əynində olardı. Ali təhsili olmasa da, savadlı, iradəli kişiydi. Bir dəfə kəndçilərimizdən biri əsgərlik çəkdiyi uzaq Çita vilayətində nə qələt qırmışdısa, tutmuşdular, gözlənilirdi ki, ona cinayət işi açıb cəza verəcəklər. Bəhram kişi sinninin o çağında durub Çitaya getdi, əsgəri xilas edib gəldi. Hərbi hissənin komandiri uzaq Azərbaycandan gələn bu şüvərək, hələ də hərbçi olduğu açıq-aydın görünən 75 yaşlı kişinin sözünü yerə salmamış, intizamsız əsgəri ona bağışlamışdı.
Bəhram kişi mənə “xalanəvəsi” deyərdi. Hələ də araşdırıb tapmamışam ki, biz hansı xalaların nəvəsiyik, amma deyəsən, doğrudan da qohumluğumuz var idi. Hər halda, o, mənə böyük hörmət göstərirdi – bəlkə də oğluyla bir sinifdə oxuduğuma görə.
Bir dəfə dostlarımla yenə aldığımız kitabları dəyişdirməyə gedərkən, əlindəki açarla kitabxananın qapısını açmağa çalışan veteran yanımdakı uşaqların birində quşatan gördü. Uşaqlıq idi, ondan hamımızda olar, bütün günü qurbağa vurar, quş nişan alardıq. Ancaq 41-45 müharibəsində əvvəldən axıra qədər düşmən qanı tökən, öz qanını axıdan Bəhram kişi quşatanı görəndə üzü çöndü, həmin uşağa dedi ki, sənə kitab düşmür, kitab oxuyan adam təbiət düşməni ola bilməz.
Bir dəfə Bəhram kişi mənə seçdiyim kitabların hamısını (təxminən beş kitab) verməkdən imtina etdi, dedi, xalanəvəsi, incimə, atan tapşırıb ki, sənə çox kitab verməyim, hələlik bir dənə bəsindir. Çox pərt oldum. Axşam məlum oldu ki, doğrudan da, atam Bəhram kişidən elə bir xahiş eləyib.
Buna səbəb o idi ki, mən kitab manyakı idim – səhərdən axşama qədər oxuyurdum. Evdə qorxurdular ki, gözümün şəfəqi gedəcək. Nənəm belə deyirdi. Bir dəfə mənim çox kitab oxumağım yenə ailədaxili müzakirə mövzusu olanda atam soruşdu: “Fikrin nədir, Süleyman Rəhimov olacaqsan, yoxsa Nurəddin Babayev?”
O vaxtlar ölkəmizdə ən məşhur yazıçısı Süleyman Rəhimov, ən populyar jurnalist isə Nurəddin Babayev idi. Mənim böyüyəndə yazıçı, yaxud jurnalist olmağım atama belə fantastik görünürdü. Mən isə məhz yazıçı-jurnalist olmaq istəyirdim. Bunun yolunun çox oxumaq, öyrənmək, ədəbiyyatı sevməkdən keçdiyini də bilirdim.
Kəndimizin böyük parkında yerləşən mədəniyyət evinin qarşısında, kitabxananın on addımlığında “proletariatın dahi rəhbəri” Vladimir İliç Leninin skamyada oturduğu yerdə təsvir olunmuş heykəli vardı. Abidənin postamentində “Oxumaq, oxumaq, yenə də oxumaq” şüarı yazılmışdı. Ancaq “bağ uşaqları” (parka yaxın evlərdə yaşayan və günləri parkda oynamaqla keçən dəcəl uşaqlara belə deyirdilər) sözlərin sonundakı “q” hərflərini pozmuşdular. (Şüar “Oxuma, oxuma, yenə də oxuma”ya çevrilmişdi). Onlar heç vaxt kitabxanaya gəlməzdilər. Leninin oturduğu skamyada, rəhbərin sol əlinin altında daşdan yonulmuş kitab vardı. Əslində o daş kitabdan əvvəl orada Stalinin abidəsi varmış, ancaq Stalin 1956-cı ildə “xalq düşməni” çıxarılandan sonra onun abidəsini qol-bud eləyib mədəniyyət evinin klubundakı səhnənin bir küncünə atmış, boş qalmasın deyə yerinə daş kitab qoymuşdular. Biz bəzən Bəhram kişini məhz o heykələ söykənərək gözləyərdik.
Uzun illərdən sonra fikirləşirəm ki, hətta 40-50-ci illərdə buraxılmış və kollektivləşmədən, sosializm quruculuğundan bəhs edən kitabları o cür, gözləri deşilə-deşilə oxumağın mənası olmayıb. Çünki o kitablar əksəriyyət etibarı ilə ideoloji əsərlər idi, onlar əsl həqiqətdən bəhs etmirdilər. Bunu sonradan dissident ədəbiyyatını oxuyanda anladım və Bəhram kişidən alıb oxuduğum o kitablar mənə çox miskin, birtərəfli, anti-ədəbiyyat kimi göründü. Təbii ki, onların içində istisnalar da vardı – dəyərli romanlar, povestlər, şeirlər...
Bu yaxınlarda bildim ki, yox, yeniyetməlik dövründə oxuduğum kitablardan öyrəndiyim mühüm bir şey, hər halda, var imiş. Bu, ana dilimizdə dürüst cümlə qurmaq, ifadəli yaza bilmək vərdişidır. Mən bu dili o kitablardan öyrəndim. Sovet dövrünün kitablarında ideoloji təbliğat vardısa da, gizli şəkildə bir ana dili təbliğatı, ana dilinə sevgi də vardı.
Bu gün kənd kitabxanasına getdiyim sonuncu günü də xatırlamıram, amma hərdən burnuma yüz dəfə oxunmuş, sapsarı saralmış, tozlanmış kitablardan gələn həmin qəribə rayihə gəlir. Və ötən günlərin xatirələri adamın gözü qarşısında saralmış kitabların vərəqləri kimi yarpaq-yarpaq açılır... Elə bil, dünən idi.

1823 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024