O kitabları tərcümə edənlər utanırlarmı?

O kitabları tərcümə edənlər utanırlarmı?
15 iyul 2019
# 14:17

Gözlükdən istifadə edib "göz mükəmməl yaradılıb" deyən, dini ticarətə Adnan Oktarın təbliğatı ilə başlayan ilahiyyatçı övladını universitet təhsili üçün Amerikaya göndərib. Düz edib, dünyanın ən yaxşı universitetləri Amerikadadır və gəncə uğurlar arzu edirik, sağ-salamat təhsilini başa vursun.

Bəs nə üçün mollaların özləri üçün istədikləri ilə təbliğ etdikləri fərqlidir? Ərbakan illərlə Avropanı təndiq etdi, ancaq Qəddafinin çadırında həqir münasibəti özünə sığışdırdı və partiyası bağlananda "Avropa məhkəməsinə müraciət edəcəm" dedi. Cübbəli Əhməd "elm lazımsızdır, qadınlar oxumasın" deyib müalicə üçün modern xəstənada qadın doktorun qəbuluna getdi. Türkiyədəki teokratiyanın rəhbərləri İmam Hatip lisələrini dəstəkləyib uşaqlarını Amerika və Avropa kolleclərində oxudurlar.

Din də, marksizm də sözdə ədalət tərəfdarı kimi görünsələr də, insan təbiətinə qalib gələ bilmirlər. Bəzilərinin əlində çoxluğu istismar etmək üçün vasitələrə çevrilirlər. Gücləri ondadır ki, istismar olunanlar könüllü olurlar, insan zəifliyini, onun istək və arzularını yaxşı tanıyır, yaxşı da istismar edirlər. Ancaq başqalarının övladına zərərli təbliğat aparmaqla pul qazanıb özü üçün fərqli seçimlər etmək nə qədər etikdir?

Hazırda Adnan Oktara 850 il həbs cəzası istənilir, işləmədiyi həqir cinayət yoxdur demək olar ki. Görəsən onun təbliğatı ilə məşğul olanlar, bu şəxsin xəstə təfəkkürünün məhsulu olan tezsilərini təbliğ etməkdən peşman oldularmı? Üç-beş manat üçün Adnan fədaisi olmuş gənclərdən ibarət qrup var idi, heç bir etika gözləmirdilər mübahisələrdə. Tərcümələri təhrif edir, faktlar uydurur, arqumentləri görməzdən gəlib şər atırdılar. Gənc insanların üç-beş manat üçün Oktar fədaisi olmağı, onun zərərli görüşlərini ölkə gənclərinə yaymağı özlərinə sığışdırırdılar. Fəaliyyətlərinə yaşıl işıq var idi, maliyyə imkanları da kifayət qədər. Saxta fosillər sərgiliyir, məktəblərə və universitetlərə kitablarını və jurnallarını göndərirdilər. Milli Kitabxanada təkamül nəzəriyyəsinə dair son kitab 1986 girişli idi, Adnan Oktarın təkamül nəzəriyyəsini "çökdürən" kitabı isə elmi kitablar rəfinə qoyulmuşdu. Ölkənin ən çox oxunan qəzeti, Adnan Oktardan sualların onun lehinə qoyulmasının fərqində olaraq ya da olmayaraq iki dəfə müsahibə almışdı.

Karl Saqan "İblislərlə dolu dünya" kitabında xürafatın yayılmasında medyanın rolundan danışarkən səbəbin bilgisizlik və ya "kinik əməkdaşlıq" olduğunu yazır.

Adnan Oktar kitablarını tərcümə edənlər, o kitabı ekranlarda təbliğ edənlər az da olsa utanırlarmı? Adnanın bəzəkli fanatikləri yoxa çıxdılar ancaq astronomiya.az, paleontologiya.az kimi mötəbər adlar altında uydurmalarını yaydıqları saytlar hələ də qalır.

Liseydə biologiya müəllimi işləmək üçün müraciət edən birinə "təkamül nəzəriyyəsini qısaca izah edin" deyirəm, "təkamül nəzəriyyəsi səhvdir" deyir. "Tutaq ki səhvdir, o səhv olan nəzəriyyəni tərif edin". "O sadəcə fərziyyədir". "Fərziyyə ilə nəzəriyyənin fərqi nədir bəs?". Cavab yoxdur, "səhv olduğunu" bilir, ancaq səhv olanın nə və niyə səhv olduğunu bilmir. Şagirdlərə oxumaq üçün materiallar təklif edəndə dilimizdəki qaynaqların nə qədər az olduğunu bir daha görürsən.

Az qaynaqlardan belə xəbəri olan, istifadə edən yoxdur. Kitab yoxdur deyirlər. Kitab çıxır. Tərcümə pisdir deyirlər. Normal tərcümə olunur. Bu səfər də qiyməti bahadır deyirlər. Qiymət baha deyil, "mən kitaba o pulu vermərəm" demək lazımdır dürüstcə. Skeptik hərəkatın əsas kitabı sayılan 500 səhifəlik, müəlliflik hüququ ödənmiş, yazıldığı dildən tərcümə olunmuş, dizaynerə, redaktora, çapa xərc çəkilmiş bir kitab üçün 14 manat çox deyil. Kilosu 20 manat olan nişan şokolatı, 40 manatlıq gül buketi ilə müqayisədə heç baha deyil.

Belə kitabları oxumayanda nə olur? Hər zaman daima mövcud olacaq, ciddi savadı olmayan din tacirləri gəncləri təsiri altında alacaq. Vaizlər çoxalıb son zamanlarda. Müzakirə edib bir yerə çıxa bilmədikləri əsas mövzu: qadınlar. Necə geyinməlidirlər, necə danışmalıdırlar, sosial şəbəkələrdən istifadə edib-etməməlidirlər? Sənə nə? Bunlar sadəcə "əxlaq əldən getdi" hay-həşiri salıb insanları sanki təhlükədən xəbərdar edirlər ki, əxlaq keşikçisi statusu qazansınlar. Ondan sonra da gavur icadı facebookdan istifadə edib təbliğat aparsınlar, moizə oxumağa Mercedesdə getsinlər, Avrotəmirli evlərdə yaşasınlar.

Onsuz da xalqımızın əksəriyyəti komfort zonasından çıxmaqda maraqlı deyil. İndiki halda orta məktəblərin dərslikləri heç də maraqlı deyil şagirdlərə. Alqoritmə misal fikirləşib quyudan vedrə ilə su çəkmək misalı tapıblar 21-ci əsrdə. Şagird vedrə ilə quyudan su çəkir verdikləri misalda. İbrətamiz-tərbiyəvi dialoqlar, heyvanlar arasında dialoqlar, müdrik baba (indiki uşaqları babaların müdrikliyinə inandırmaq çətindir) məsəlləri uşaqlara maraqlı deyil. Olimpiadada komandlara bu mövzuda dərsliklərdən hansı məlumat əldə etdiniz deyə soruşanda (yarış mövzusu "Marsa səyahət"), "heç nə, dərsliklər maraqsızdır" deyirlər.

Ondan bundan üç beş manat alıb gəncləri təbliğat obyektinə çevirənlər həmişə olacaq. Onların "bazar" tapmamaları üçün skeptik düşünən, dünyaya öz baxışını formalaşdırmış gənclik yetişməlidir ki bu da Təhsil Nazirliyinin vəzifəsidir.

Mövcud olan dərslikərin məzmunu müasirləşdirilməlidir və orta məktəblərdə "Kritik düşüncə" dərsi tədris olunmalıdır. Orta məktəb şagirdlərə testləri keçəcək bilgi verməli deyil sadəcə, onlara yeni əsrə, yeni risklərə, informasiyanın sel kimi axdığı zamanda düzgün analiz edib nəticələr çıxaran çevik düşünmə tərzi də aşılamalıdır. Başlamaq üçün ən yaxşı yol kimi "Kritik düşüncə", ya da "Düşünmə bacarıqları" (bacarıq olmasa bilgi passiv qalır, istifadə etmə bacarığı da öyrədilməlidir) dərsliyi hazırlanıb, müvafiq dərs orta məktəb proqramına salınmalıdır.

# 3265 dəfə oxunub

Müəllifin son yazıları

# # #