Qumru səsi - Xəyyam Rəfilinin yeni hekayəsi

Qumru səsi - Xəyyam Rəfilinin yeni hekayəsi
25 avqust 2020
# 08:58

Kulis.az "Hekayə günü"ndə Xəyyam Rəfilinin yeni - "Qumru səsi" hekayəsini təqdim edir.

Səhər qab-qacağı, dəhrə-baltanı dükanın qabağına yığanda fikirləşdi ki, evlənmək lazımdı. Ev-eşik sahibi olmaq üçün az-çox nə lazımsa, varıdı. Ata-anasıyla ikiotaqlı evdə yaşayır. Bəd ayaqda evi satıb, bir az da gücürləyib üç otaq almaq olar. Neçə il pul yığıb, nəhayət aça bildiyi təsərrüfat malları dükanı balaca olsa da, alver bir ailəni dolandırmağa yetər. Yeri gələndə bir adamın yeməyi iki adamı da doyurar. Yaş da otuzu keçib.

Ortalığı boşaldıb, səliqə-sahmana salanda, Bilalın gözü divardan asdığı hamam güzgüsünə sataşdı. Qəddini düzəldib güzgüyə baxdı. Gözünə səliqəsiz görünən telini düzəltməyə çalışdı, amma lap pis günə saldı. Cəld güzgünün qabağından darağı götürüb saçını tumarladı, ovcu ilə də sığallayıb o yandan, bu yandan özünü süzdü. “Axı kimdən əskiyəm? Boy-buxunum, işim-gücüm! Hamıdan da yaraşıqlıyam. Xasiyyətim də pis deyil. Vallah, mən yaxşı adamam, heyf bunu sözlə başa sala bilmirəm. Allah erməniyə lənət eləsin!” – dərindən köks ötürüb, qapının ağzındakı kətilə oturdu.

Laçını xəyal etdi. Gözünü zillədiyi asfaltın üstündə Laçındakı evlərini tikdi. Evin arxa otağına beşik qoydu. Beşiyin içində yup-yumru əllərini yuxarı uzadıb, mışıl-mışıl yatan Bilalı gördü. Qıvırcıq saçları tərləmiş alnında, boynunda sual işarəsinə oxşayırdı. Alnında puçurlanan tər damcısı sürüşüb qulağının içinə düşəndə, başını yana əyib gözlərini açır, sonra yenə şirin yuxusuna dalırdı. Otağın ortasına anasının toxuduğu iri, qırmızı güllü gəbəni sərdi. Gəbənin üstündə adı cəmi dörd il Yaşar olan qardaşını oturtdu. Qabağına da üç-dörd oyuncağa oxşar nəsə qoydu.

Laçındakı evlərindən atası Saday kişinin ona göstərə bildiyi mənzərə bundan da az idi, çoxunu Bilal öz təsəvvüründə yaradırdı. Anası isə Laçından heç danışmazdı. Yaşadıqlarını sözlə söyləmək çox ağır idi, o da qala əllə-qolla başa salasan. Məşəqqət! Axı bir ana dörd yaşında oğlunun gözünün qabağında al qana batmasını, bir yaşında oğlunun da qulaqlarının partlayıb ömürlük kar qalmasını əli ilə necə göstərsin? O əllərin yaddaşında təzə gəlin gələndə toxuduğu gəbəyə çəkdiyi sığal da, o gəbənin üstünə yayılmış övlad qanının istiliyi də, körpə oğlunun ağ kəfəninin düyünləri də o qədər canlı idi ki, onları göstərmək yenidən yaşamaq kimiydi.

Bilal lalların məktəbində oxuyanda anası onunla əllə danışmağı öyrənmişdi. Hərdən əli ilə bir şeyin isti olduğunu göstərmək istəyəndə, bədəni ürpənirdi, tez əllərinə baxırdı, sonra da əllərini üzünə sıxıb qoxlayırdı. Eynən ananın balasını qoxladığı təki.

Bilalın gözünü zillədiyi asfaltın üstündən qəfil keçən yük maşını onun asfaltda tikdiyi ev-eşiyini havaya uçurtdu. Başını qaldırıb ətrafına baxanda uzaqdan Qumrunun gəldiyini gördü. Qumrunun gəlişi Bilalı asfaltın üstündə qurduğu xəyallardan qoparıb həyata qaytardı. Buna həyat da demək olmazdı, çünki Bilalın Qumru ilə bağlı bütün arzuları ancaq onun içində idi, heç kimə bəlli deyildi. Bilalın gözündə Qumrunun fani dünyaya aid olmayan gözəlliyi vardı. Adının Qumru olduğunu onların binasında yaşayan bir uşaqdan öyrənmişdi. Uşaq Qumru adını kağızın qırağına yazıb Bilala verəndə, Bilalı səbəbini bilmədiyi bir kədər bürümüşdü. Nədənsə Qumru adı ona çox kədərli gəlmişdi. O kağız parçasını utana-utana anasına göstərib, Qumrunun nə demək olduğunu soruşmuşdu. Anası da Qumrunun çox gözəl və nazlı göyərçin olduğunu göstərəndə, kədəri ikiqat artmışdı. İçindəki o kədəri nə qədər sevgi ilə bəzəməyə, üstünü örtməyə çalışsa da, hər dəfə Qumrunu düşünəndə bir yerdən çıxıb Bilalı çarəsizliyin əsiri edirdi. Heç olmasa, adı çirkin olaydı! Bu qədər gözəl qız məni bəyənərmi, üstəlik adı da Qumru!

Bilalı ən çox qorxudan fikir, bir gün Qumrunun da onu sevə bilməsiydi. Hər şeyə hazır idi, Qumrunun onun sevgisinə rədd cavabı verməsinə, ona kobud sözlər deməsinə, hətta söyməsinə də, bircə onu sevməsinə hazır deyildi. Ondan sonra nələr ola biləcəyini təsəvvürünə də gətirə bilmirdi. O haqda düşünməkdən həmişə qorxurdu. Hərdən də düşünürdü ki, o cür gözəl bir qızın lal ər, xəstə-qoca valideynlərlə bir evdə yaşaması haqsızlıqdı. Üstəlik adı Qumru olan birinə belə bir həyatı heç cür rəva görə bilmirdi.

Qumru dükana yaxınlaşdıqca, Bilal balaca dükanın künc-bucağına baş çəkib, özünə yer tapa bilmirdi. Gah güzgüyə baxır, gah üst-başını tumarlayır, gah da nəyisə bir yerdən götürüb, başqa yerə qoyurdu.

Qumru dükana girəndə Bilala elə gəldi ki, onun ayaqları pillələrə toxunmadı, süzüb dükanın ortasında yerə yendi. Ətri bütün dükanı bürüdü. Bilalın gələcək xəyalları da bu ətirdən nəsibini aldı. İncə-uzun, az qala şəffaf barmaqlarını vitrindəki qayçıya uzadıb, sual işarəli baxışlarla Bilalın üzünə baxdı. Dodaqları ilə də nəsə dedi. Bəlkə də Bilal səsin nə olduğunu bilsəydi Qumrunun gözəlliyindən çox səsinə aşiq olardı. Amma o, insanları bir əllərindən, bir də üzündən anlayırdı. Qumrunun təzə xınalanmış, bir barmağında da nişan üzüyü olan əlləri Bilala o elə şeylər anlatdı ki, indiyə qədər heç kim ona heç nəyi bu qədər ifadəli və aydın anlatmamışdı. Əllərin havada cızdığı işarələri sözə çevirməyi bacaran adam, bu dəfə heç bir işarə cızmayan əllərdən min söz düzəltdi. Min sözün mini də Bilala "yox" deyirdi. Bilal da həmən min sözün mininə də "yox" deyirdi.

Axşam qab-qacağı, dəhrə-baltanı içəri yığıb, dükanı bağlayanda fikirləşdi ki, intihar eləsin. Bu gün al-ver də yaxşı olmuşdu. Evə qayıdanda çörək aldı, yol boyu gah Qumrunu, gah da anasını düşündü.

# 4339 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #