Hitler Bakını niyə ələ keçirmək istəyirdi?

Hitler Bakını niyə ələ keçirmək istəyirdi?
6 aprel 2022
# 11:00

Kulis.az Vüsal Bağırlının "Zirvənin qüdrəti" adlı yazısını təqdim edir.

Ona bir idman növü kimi baxmıram. O heç yarış, hobbi, həyəcan, adrenalin də deyil, hətta ekstrim də. Əslində, onu bəzilərinin düşündüyü kimi romantika da saymaq olmaz.

İnsan bəzən özünü bilərəkdən adi, boz, yeknəsəq həyatdan uzaq tutmağa çalışır, qeyri-adi, təhlükəli, sərgüzəşt dolu həyat axtarır. O, zirvəyə dırmanarkən bunu yalnız zərurət, yaxud öz daxili ehtiyacı üçün deyil, həm də qarşısına qoyduğu məqsədə çatmaq naminə edir.
İnsanın daxilində hansısa məchul, mübhəm psixoloji mexanizm, tarazlıq tələbatı baş qaldırır. Həmin hiss onu zirvələrə sarı çəkir. Keçi kimi dağlara, qayalara dırmanmağa vadar edir.

Alpinizm qorxulara, həyəcanlara qalib gəlmək əzmi, zirvələri fəth etmək eşqidir.

Dumanın, buludların arasında, quş uçuşu məsafəsindən, üfüq boyu axıb gedən genişliyi ürək yüngüllüyü ilə seyr etmək necə də gözəldir.
Elə deyilmi!?

***

Qüdrət məhlə uşağıdır. Xaraktercə mehribandır, çöhrəsi, gözləri daim gülümsərdir. Onu qısaca Qudi deyə çağırırıq.

Qudi ilə hər həftənin ikinci günü futbol oynayırıq. Qəribə oyun tərzi var Qudinin. Topla rəftarı, texniki göstəriciləri nisbətən aşağı olsa da, oyun ərzində yorulmadan, usanmadan çalışması, mübarizə əzmi, inadkarlığı başqa zəif cəhətlərini rahatlıqla ört-basdır edir.

Onu uşaq vaxtından tanıyıram. Əvvəllər Qüdrət kök, tosqun, qırmızıyanaq oğlan idi. Hərəkətləri ağır, yöndəmsiz təsir bağışlayırdı. İndi isə o arıq, qayışbaldır və əzələlidir. Bədəni rezin kimi elastik, ayaqları möhkəmdir. Onda bəbir cəldliyi var.

Xarakteri də dəmir kimi möhkəm, polad kimi sarsılmazdır. Qarşısına məqsəd qoydusa, vəssalam, bilin ki, nə yolla olur, olsun, ona çatmağı bacaracaq.
Xarakterinin özünəməxsus cəhətləri, yenilməzliyi, tərsliyi Qudini ən çətin və ekstremal idman növlərindən birini seçməyə vadar edib.

O, idman alpinizmi ilə məşğuldur...

Əslində, onun heç də asan olmayan idman növü ilə məşğul olması mənə qəribə gəlir!? Çünki Qüdrət Bakının tən ortasında, Dərnəgüldə böyüyüb. Burda isə dağ, yarğan o tərəfə, heç düz-əməlli təpə, enməyə eniş, qalxmağa yoxuş belə yoxdur. Bəlkə də, elə bu məhdudiyyətlər, “olmaz”lar, “yox”lar onun daxilində zirvə fəthinə dəli bir həvəs, hündürlüyə qalxma ehtiyacı yaratmışdır.

Qüdrət Alpinizm Federasiyasının üzvüdür. Onun ölkə daxilində çıxmadığı dağ, dırmanmadığı qaya, fəth etmədiyi zirvə qalmayıb. Şahdağ, Tufandağ, Bazaryurd, ucdantutma hamısında olub.

Bir dəfə hündürlüyə, zirvəyə nəyə görə can atdığını soruşdum.

Çiyinlərini çəkdi, – “yəqin ki, insanın ən anlaşılmaz və ağlasığmaz hisslərindən biridir” – söylədi.

Əl çəkmədim sualları yağış kimi yağdırdım:

– Bu qarşısıalınmaz və əbədi istəyin arxasında hansı hiss dayanir ay Qüdrət? Azadlığa qovuşmaq, ibtidai qorxuya qalib gəlmək, yoxsa quş kimi havaya uçmaq?

– Nə bilim, sualın qəliz oldu. Yəqin, hərəsindən bir az.

İkimiz də gülürük.

Bazardüzünə nə az, nə çox, düz üç dəfə qalxıb Qudi. Eləcə də, ölkədəki və ölkə xaricindəki irili-xırdalı digər zirvələrə, dağlara həmçinin.
Bir dəfə, indiyə qədər fəth edə bildiyi və unudulmaz təəssürat aldığı ən uca zirvəni xəbər aldım.

Qüdrət azacıq fikrə getdi. Üzü qırışdı, onsuz da, gülümsər, dalğın gözləri bir az da qıyıldı, daimi təbəssümü tam genişliyi ilə üzünə qondu.

Bir dəfə kiçik dəstə ilə Elbrusu fəth etmişdik. Bax o unudulmaz günlər, anlar indi də məni həyəcanlandırır.

– Bəs mən necə, ora qalxa bilərəm?

Sualımın cahilliyi və sadəliyi onu əyləndirir. Gülür. Başını bulayır.

– Yox, qətiyyən. Ağciyərlər, orqanizm tab gətirməz. Bunun üçün uzun müddətli hazırlıq tələb olunur, adaptasiya dövrü keçməlisən. Hündürlüyə qalxdıqca hava seyrəlir, atmosfer təzyiqi azalır. Hər şeyə tədricən, asta-asta nail olmalısan, birdəfəyə, birnəfəsə deyil. Əks halda, halsızlıq, ürəkbulanma baş verir, əzələlər qıc olur. Hətta ölə də bilərsən. Üstəlik, epikirovka, geyim, götürdüyün yükü dəqiq hesablamalı, hər şeyə peşəkar səviyyədə yanaşmalısan. Elbrus Olimp allahı Zevs kimi sərt və qəzəblidir. O, səhvləri bağışlamır.

Sonra başlayır gördüklərini təsvir etməyə, dağ bölgəsi barədə məlumat verir.

“Elbrus Qafqazda, kabardin-balkarlarla qaraçay-çərkəslərin arasında qərar tutur. Hündürlüyü 5642 metrdir, bizim ən hündür zirvədən təxminən bir kilometr uca. Bəzən onu Avropanın ən hündür nöqtəsi də adlandırırlar. Biz zirvəyə qalxdıqca, ətrafda qəribə şeylər müşahidə edirdik. Hər yerdə, qayalarda, daş parçalarında güllə, mərmi işləri, hər addımda, nə vaxtsa baş vermiş şiddətli döyüşün silinməz nişanələri”.

Olay Qüdrətə maraqlı gəlib. Görəsən bu qarlı, ayazlı sıldırım zirvələrdə nə baş verib?

Onun sualını alpinist dəstənin çərkəs bələdçisi Musa cavablandırır. O tarixin ən sirli və müəmmalı əhvalatını Qüdrətə danışır.

***

“1942-ci ilin qızmar yazı. Hava vaxta-vədəyə görə çox istidir, qaynardır. Döyüş meydanı həmçinin. Alman ordusu şərqə doğru xeyli irəli gedib. Əsas cəbhə xətti artıq lap cənubdan keçir. Üçüncü Reyxin sarıslmaz hərb maşını müharibənin al-qırmızı qanını sel kimi axıtmaq naminə qara qana kəskin ehtiyac duyur. Adolf Hitlerin əsas məqsədi Bakını ələ keçirtmək, qara qızıla yiyələnməkdir. Neft uğurun əsasını təşkil edir.

Qoşun yürüşdəykən, alman ordusunun gənc kapitanı - əsl ari, cəsur döyüşçü, peşəkar alpinist - qızılı saçlı Qrotun rəhbərlik etdiyi kiçik dəstə, qəflətən əsas ordudan ayrılır. Onlar “Edelveys” adlı xüsusi məxfi əməliyyatla Elbrusu ələ keçirməlidirlər.

Avqustun 21-də məqsədə çatılır. Zirvədəki kiçik sovet qarnizonu qarlı dağın başında faşistləri gözləmirdi. Onlar döyüşsüz təslim olurlar. Svastikalı bayraq Elbrusa taxılır və Hitlerə təcili məruzə olunur. Avropanın ən hündür zirvəsi artıq almanlardadır.

Əslində, əməliyyatın əsas məqsədi onun hərbi, siyasi, iqtisadi əhəmiyyətində deyildi, daha çox reklam xarakteri daşıyırdı və Üçüncü Reyxin sarsılmaz gücünü bütün dünyaya nümayiş etdirməliydi.

Tezliklə İosif Stalin də işğaldan xəbər tutur. Nəyin bahasına olur, olsun zirvəni geri qaytarmaq əmr olunur. Beləcə İkinci Dünya Müharibəsində, heç kəsin ağlına gəlməyən yerdə, Elbrusda şiddətli döyüşlər gedir. Ölən dərəyə, yarğana yuvarlanır, yaşayan sağ qalmaq üçün döyüşür.
Amma, döyüşlərin taleyi əvvəlcədən məlum idi.

Əlverişli mövqedə dayanmış peşəkar alpinistlərdən ibarət alman hərbiçiləri əziyyətlə yuxarı dırmanan düşməni yuxarıdan ovuc içi kimi görürdülər və hamısını asanlıqla məhv edirdilər.

Sonralar Kapitan Qrot belə deyir: “Mən rusları anlamırdım: onlar mövqeyin, onsuz da, geri dönməyəcəyini bilsələr, gözgörəti ölümə getsələr də, mənasız hücumu davam etdirirdilər”.

Nəhayət 1942-ci ilin sonlarında sovet komandanlığı Elbrusa aviasiya və dağ şəraitində döyüşməyə hazır peşəkar ordu hissələri göndərir. Almanlar vəziyyətin fənalığını görüb, xüsusi göndərilmiş təyyarə ilə aradan çıxırlar.

Fəqət, svastikalı faşist bayrağı hələ xeyli müddət, ta 1943-cü ilin ortalarına qədər Elbrusda dalğalanır.


# 3363 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #