"Mənim qəribə dostum – Mehman" - Vüsal Bağırlının yeni hekayəsi

"Mənim qəribə dostum – Mehman" - Vüsal Bağırlının yeni hekayəsi
28 fevral 2024
# 15:00

Kulis.az Vüsal Bağırlının "Mənim qəribə dostum – Mehman" adlı yeni hekayəsini təqdim edir.

Bakının mikrorayon məhlələrindən birində, iki “xruşşovka”nın kəsişməsindəki aypara şəkilli arkadan həyətə daxil olub azacıq irəlilədikdə bağçanın arxa tərəfindəki boz binanın həyətinə çatırıq.

Həyətdə həyat ritmi öz klassik axarındadır.

Orta yaşlı dolu qadın eyvanda paltar sərir. Bardaş qurmuş qarı nənə həyətdəki çəkilin kölgəsində yun çırpır. Lopa bığlı kişi blokun divarına söykənib siqaret çəkir. Nəsə fikirləşir. Xırıltılı səslə ara-sıra öskürür. İki yeniyetmə oğlan əllərində şlanq hay-həşirlə maşın yuyur. Dərsdən qayıtmış uşaqlar isə səs-küylə ora-bura qaçır, parkovka-meydançada futbol oynayırlar.

Buranın havası da, küləyi də qəribədir, fərqlidir.

Gilavar əsəndə, yaxud xəzri şiddətlənəndə məhlə toz-torpağa bürünür. Dəli külək buraya hardan necə düşdüyü bilinməyən sellofan torbaları, çirkli kağızları, boş qutuları havaya qaldırıb göydə fırladır.

Günün müxtəlif saatlarında məhlədən müxtəlif qoxular gəlir. Axşamlar ocaq-tüstü, günortalar ucuz yağda qızardılmış kartof ya da dolma iyi. Səhər erkən hamı çarpayısında şirin yuxuda ikən bütün iylər itir, yoxa çıxır. Hər yan səssizliyə, ölü sükuta qərq olur. Hər yan ancaq yuxu qoxuyur.

Bax, həmin məhlədə yaşayır bizim qəhrəman.

***

Mehmanı on beş ildən çoxdur tanıyıram. Adətən ilıq, küləksiz və günəşli havalarda o, aşağı düşür və rəngi solmuş taxta “besedka”nın yanında dayanır. Bəzən dalğınca uzaqlara boylanır, bəzən futbol oynayan uşaqlara baxır. Bəzən də gülümsər nəzərlərini gəlib-keçənlərə dikib özünə uyğun həmsöhbət axtarır. Qalan günlər isə evdən bayıra çox da can atmır. Dörd divar arasında qalmağı üstün tutur.

Mehmanı ilin istənilən fəslində qışın sazağında, yayın nəfəs kəsən bürküsündə, yağışda, şaxtada, qarda həmişə eyni qiyafədə görmək olar: bambazı köynəyin üzərindən geyindiyi nazik, qolu didilmiş jaket, boz nimdaş şalvar və qara rəngli dəri ayaqqabılar.
Bir zamanlar məhlənin ən fəal uşağı olub Mehman. Diribaş, hazırcavab, yaraşıqlı birisi. Deyillənə görə yaxşı futbol oynayarmış, idmanda, turnikdə, qaçışda ona çatan olmazmış.

Yaşıdların, dostların söhbətlərində, o hər kəsə kömək etməyə hazır etibarlı dost, sadiq yoldaşdır. Məhləarası futbol yarışında qayçı zərbəsi ilə vurduğu qol, oyundan sonra qızışan davada qonşu binanın özündənrazı cəyilini “omba” fəndi ilə yerə aşırması indi də yaddaşlardadır.

Amma həyatın öz qanunları var. Burda süjet xətti “happy end” filmlərdəki kimi cərəyan etmir. Yaşananlar gözləntiləri doğrultmur. Günlərin bir günü hər şey tərsinə dönür, Mehman bərk xəstələnir. O, naməlum, sirr dolu mərəzə düçar olur. Qısa müddət ərzində xəstəlik inkişaf edir, getdikcə şiddətlənir. Mehmanın sısqa orqanizmi xəstəliyin təzyiqinə tab gətirmir. Bədəni zəifləyir, psixoloji durumunda problemlər yaranır. Əsəbləri pozulur.

Yaxınları onu yaxın-uzaq yerlərə aparırlar - tibbi müəssisələr, xəstəxanalar, lazaretlər - müxtəlif həkimlərə - psixoloq, psixoterapevt, psixiatr - göstərirlər. Lakin cəhdlər müsbət nəticə vermir. Amansız xəstəlik sağalmır ki, sağalmır. Əksinə get-gedə daha da şiddətlənir.

Həmin vaxtdan onun davranışında, hərəkətində müəmmalı dəyişikliklər baş verir. Kimsəylə əl tutuşmur, paltarını təzələmir, dəyişmir. Yuyunmur, təraş etmir, demək olar heç yemir də.

Xüsusən qoxulara qarşı həssasdır Mehman. Ən gözəl ətir, ən əsrarəngiz gül iyi belə onu əsəbiləşdirir, üz-gözünü turşutmağa, yumruğunu sinəsinə sıxmağa vadar edir. Belə vaxtlarda o hər şeyə şübhəylə yanaşır, şübhəylə baxır. Ətrafdan, mühitdən iyrənir.

Hasaz halına görə artıq neçə illərdir məhəllə hüdudlarını belə tərk etmir.

Xəstəliyin əsl səbəbi, diaqnozu, müalicəsi isə tapılmır.

Mərəzin ağır fəsadı bədənini, psixi durumunu zəiflədib, görkəminə xələl gətirsə də, qəribəsi odur, belə xəstələr üçün xarakterik susqunluq, qaradinməzlik Mehmanda yoxdur. Əksinə söhbətcil, ünsiyyət dolu insandır. O, təzadların, əksliklərin insanıdır.
Sadə danışıq tərzi, incə zarafatları - uşaq-böyük, cavan-qoca - hər kəsin ürəyinə yol tapır. Anlaya bilmirsən, naxoşdursa niyə səlis danışır, aydın təfəkkürə malikdir, sağlamdırsa nədən bu cür zillət çəkir?

Mehmanın intuisiyası, tərəf müqabili duyma, anlama qabiliyyəti onu fərqləndirir. Ağır, sağalmaz xəstəliyin bir az da itiləyib həssaslaşdırdığı fəhmi ilə insanları tanıyıb seçməkdə ustadır. Bəzən hansısa məqamda məhlə sakinləri, yaxud yaxşı tanımadığınız qonşu barədə ətraflı məlumatı yalnız ondan ala bilərsiniz. Gümanlarında, zənnində heç vaxt yanılmır.

Çətin vəziyyətə düşənə kömək etməyə isə Mehman həmişə hazırdır. O, kiminsə işinə yarayanda, kiməsə lazım olduğunu duyanda böyük zövq alır.

***

Bir dəfə yaşlı bir qadın qızı ilə məhəllədən keçir. Qəflətən qadının halı pisləşir, o, səkinin kənarına yıxılır. Bürkülü boğanaq havadan, yaxud, aşağı qan təzyiqindən halsız olur, huşunu itirir. Yanındakı qız hay-haray salır, kömək istəyir, lakin ətrafdakı adamlar, yol boyu gəlib-keçənlər, laqeydcə çiyinlərini çəkir, özlərini görməməzliyə vururlar. Birdən Mehman peyda olur. Məhlənin super qəhrəmanı. Həmişəki kimi özünü vaxtında yetirir. Cəld yuxarı mərtəbədə yaşayan həkimi, qonşu kişini çağırır. Xəstəyə ilk yardım göstərilir, halı yaxşılaşır.

***

Mən indi şəhərin fərqli hissəsində yaşayıram. Başqa mikrorayona köçmüşəm. Amma vaxt tapan kimi öz məhləmizə qayıdıram. Binaların arasındakı taxta kətildə oturur, tanış küçələrdə gəzişir, köhnə qoxuları iyləyirəm. Xatirələrə dalır, doğma simalarla, qonşularla görüşürəm. Ora çatanda gözüm ilk onu axtarır.

Mehmanı…

Budur, həmişəki kimi əynində dirsəyi sürtülmüş pencək, qolu sökük köynək, ayağında köhnə ayaqqabılar. Odur! Tüklü arıq üzündə, batıq yanaqlarında tanış, mehriban ifadə ilə tində dayanıb.

Yaxınlaşıb hal-əhval tuturam:

- Salam, necəsən, dostum?

- Sağ ol, brat, yaxşılıq. Sən necəsən? Axşamkı oyuna baxdın?

- Baxdım. Təbrik edirəm, komandan qələbə qazandı. Əla oyun idi.
Mehman sevinir. Ona baxıb mən də gülürəm. Bu zaman, yersiz siqnal verib, məhəllə içi yolda uşaq-qoca gözləmədən azğın sürətlə ötən bahalı “cip” yanımızdan keçir. Şirin söhbət yarımçıq qalır. O, maşına tərəf dönür, sahibini işarə edərək təəssüflə əlini yelləyir, başını bulayır:

- Tanıdın də, yeni qonşudur. Pulun balta kəsmir. Di gəl, qanacağı yoxdur. Özünə “tank” alıb, düşüb məhlənin canına. Bizi tapdalamasa əl çəkməz. Təzəlikcə hacı da olub kişi. Ətəyində namaz qılmaq olar…

***

Mehmanın maraq dairəsi genişdir, əhatəlidir. Kitablar, siyasət, idman, kino yenilikləri. O, hər şeylə ilə maraqlanır, daim oxuyur.
Bəyəndiyi yazıçılar Ki de Mopassan, Lev Tolstoy, Anton Çexov, xoşladığı filmlər Kurosavanın “Yeddi samuray”ı və Kalotozovun “Durnalar uçur”udur.

Məhlədə görünəndə hamı istər-istəməz ayaq saxlayır, onun maraqlı söhbətlərinə, danışdığı qeyri-adi əhvalatlara qulaq kəsilir. Onunla istənilən mövzuda söhbət aparmaq mümkündür. Belə ünsiyyətdən yorulmursan, bezmirsən.

Mehman müasir həyatda baş verən bütün yeniliklərdən xəbərdardır. Elə bir şey yoxdur ki, bu qəribə insanın beyin süzgəcindən, aydın təfəkküründən keçməsin. Özünə sual verirsən, hər şeyi axı o, haradan bilir, necə öyrənib?!

Halına acıyan qonşular, sakinlər bəzən ona kömək üçün pul, pal-paltar, qida təklif edir. Amma Mehman belə şeylərə biganədir. Ya onları qəbul etmir, ya da götürsə belə aparıb ehtiyacı olan başqa birinə verir.

***

Artıq yazdır, təbiət oyanır, Mehmanın davranışlarında, danışığında bir canlanma, nikbin yenilənmə hiss olunur.

Baxın, talenin üz çevirdiyi bu bəxtsiz insan yenə “arka”nın yanındakı həmin yerdədir. Yaxınlaşınca çevrilir, tanıyınca gülümsəyir. Hər il mənə verdiyi vədi təkrarlayır:

- Havalar düzəlir brat, söz verirəm, bu yay mütləq paltarımı yeniləyəcəm, üzümü də qırxacam. Artıq hiss edirəm ki, sağalıram.

- Əlbəttə ay Mehman, üstəlik cavan oğlansan, evlənə də bilərsən.

Mən danışıram, o, gülür. Əl edib sağollaşırıq.

Həyatsa davam edir.

# 1755 dəfə oxunub

Müəllifin son yazıları

# # #