Həyat yoldaşının xəyanətindən xəbərsiz ölən yazıçı - Vüsal Bağırlı

Həyat yoldaşının xəyanətindən xəbərsiz ölən yazıçı - Vüsal Bağırlı
24 avqust 2023
# 13:30

Kulis.az Vüsal Bağırlının "Corc Oruellin yaradıcılıq gücü" adlı yeni yazısını təqdim edir.

Corc Oruellin "Kataloniya xatirələri"ni oxuyurdum. Paralel şəkildə, həm də internetdə bu yazıçı haqqında başqa məlumatları da araşdırırdım.

Oruell İspaniyadakı vətəndaş müharibəsinə könüllü qoşularaq, anarxistlər və trotskiçilərlə birgə Franko rejiminə qarşı döyüşə atılır.

Bundan sonra kommunistlər və stalinçilər ona şübhə ilə yanaşmağa başlayırlar. NKVD agentləri xəlvəti şəkildə Oruelli nəzarətə götürürlər.

Kataloniyaya məhəbbətlə - Wikiwand

Oruellin arvadı, onunla birlikdə İspaniyaya gəlmiş Aylin Bler də izlənilir. Daimi müşahidə altına düşür. Sonra Oruel ön xəttə, Araqon cəbhəsinə göndərilir. Cəsur yazıçı əlində silah əsl döyüşlərdə iştirak edir. Frankoçu faşistlərə qarşı vuruşur.

Photograph of Orwell in the Home Guard | The British Library

Aylin isə Barselonada qalır. Məxfi NKVD arxivlərindən məlum olur ki, Aylin Barselonada qaldığı müddətdə Oruellə xəyanət etməyə başlayır. O tez-tez cəbhə generallarından, səhra komandirlərindən birinin evində gecələyir.

Amma bu xəyanət Oruellin xilası naminədir. Qadın bu yolla ən zəruri şeyləri, çay, yağ, şam, çörək, sabun, patron əldə edib, onları ön cəbhəyə, ərinə göndərir. Onu həyat üçün ən vacib ərzaq və libaslarla təmin edir.
Oruell ömrünün sonuna qədər bu xəyanətdən xəbərsiz qalır.

***

Corc Oruellin ən tanınmış əsəri “1984” romanıdır, amma bu əsəri o qədər də xoşlamıram. Çünki antiutopiya nümunəsi daşıdığı böyük məna yükü ilə bərabər, həm də çətin oxunur, adamı yorur. Totalitar rejim, Böyük Qardaşın daim üzərimdə hiss etdiyim nəzərləri, qəddar hakimiyyət. Əsərin daxilimdə yaratdığı ağır duyğulardan uzun müddət qurtula bilmədim.

1984 - Qanun.Az | Kitab | Kitablar

Onun digər əsəri “Heyvanıstan”ı isə çox bəyəndim, sevə-sevə oxudum. Əsərin yumoristik tonu, cümlələrin satira gücü, qəhrəmanların qəribə davranışı, düşdükləri məzəli vəziyyətlər oxucunu cəlb edir. Kitab SOSİAList Cəmiyyət (Ferma) və İnsanlar (Heyvanlar) arasındakı münasibətləri aydın və lakonik şəkildə izah edir.

Bir neçə hekayə və essesini nəzərə almasaq, çoxdan idi Oruell yaradıcılığına müraciət etmirdim. “1984” romanını oxuduğum vaxtdan 15 il ötürdü. “Heyvanıstan”ı isə on il əvvəl bitirmişdim.

O gün kitab dükanında idim. Rəflərin birində bəzi kitablar endirimli qiymətlə təklif olunurdu. Onların arasında gözüm “Kataloniya gündəliyi"ni o dəqiqə seçdi. Nəfis cildlə rus dilində tərtib olunmuş kitabı cəmisi dördcə manata əldə etdim. Kitabı acgözlüklə oxuyub, bir neçə günə bitirdim və Oruell qələminin möhtəşəm gücünə bir daha inandım.

***

Əsər memuar üslubda yazılıb, bəzi fəsillərdə müəllif əhvalatların ümumi xəttindən kənara çıxır. Burada yazıçı oxucuya müharibənin daxili mahiyyətini, partiyalararası münasibətləri, üsyan ab-havasını göstərməyə çalışır.

İspaniyada vətəndaş müharibəsi sıradan müharibə, ayrıca götürülmüş ölkədə siyasi proses, elə-belə silahlı qarşıdurma deyil, bu bir neçə il sonra baş verəcək böyük fəlakətin, İkinci Dünya müharibəsinin lokal məşqidir. Bir tərəfdə respublikasçılara kömək edən Stalin Rusiyası, Fransa, Britaniya, digər tərəfdə Franko rejimini dəstəkləyən faşist cəbhəsi İtaliya və Almaniya dayanır. Əsas mübarizə daxili deyil, xarici qüvvələr arasında baş verir.

Homage to Catalonia by George Orwell

Oruellin şişirdilmiş, yersiz romantizmdən qaçmağa, obyektiv görünmə istəyinə baxmayaraq, o, əsərdə anarxistlərə olan rəğbətini və əks cəbhəyə - kommunistlər, respublikaçılar, frankoçulara - antipatiyasını gizlətmir. Oruell kommunizm və faşizmə qarşı gələcəkdə aparılacaq mübarizələri və bu müharibədə qalib gəlmək üçün ödəniləcək bədəl haqqında çox düşünür.

Oruellin yaradıcılığı və həyatını müqayisə etdikdə, onun haqqında yalnız bir şey söyləmək olar: dürüst insan. İşi və əməli, yaradıcılığı və düşüncəsi üst-üstə düşən şəxsiyyət. Fədakar sənətkar və böyük yazıçı.

“Kataloniya gündəliyi”ni oxumamışdan əvvəl oxuculara kiçik məsləhət vermək istəyirəm. Əvvəlcə onun “Paris və Londonda qara qəpiksiz” avtobioqrafik romanını oxuyun, sonra isə “Gündəlik"ə” keçin. Bir məqamı də əlavə edim. Əsərdə qaldırılan bir çox məsələ indi də aktualdır.

***

Corc Oruellin “Kataloniya gündəliyi” oxucular üçün bir neçə səbəbdən maraqlı görünə bilər:

- Oruellin İspaniyada olduğu dövrün bioqrafiyası
- İspaniya vətəndaş müharibəsi dövrü üçün tarixi araşdırma baxımından
- XX əsrin 20-30-cu illərində Avropada güclənən, Fransa , İspaniya, Almaniya kimi bəzi böyük dövlətlər üçün baş ağrısına çevrilən kommunist-anarxist-solçu hərəkat.
- Franko rejimi
- İspaniyada vətəndaş müharibəsi.

***

Oruell İspaniyada altı ay qalır. Cəmisi altı ay. Amma bu müddət bəs edir ki, o vətənə, İngiltərəyə ruhən, mənən dəyişmiş vəziyyətdə, yeni insan kimi qayıtsın.

Yalnız bu əsəri oxuyanlar anlaya bilər ki, Corc Oruell “Heyvanıstan” və “1984” əsərlərini hansı yaşantılardan, əzab-əziyyətlərdən sonra yazıb. O, daxili aləmini, düşüncələrini, xatirələrini müharibə, üsyan, xaos süzgəcindən keçirərək yazıb.

Книга Heyvanıstan | Corc Oruell | | Alinino.az

Əsər eyni zamanda, həm də əsl jurnalistikanın nə olduğunu anladır. Onun iş prinsipini izah edir. Bu heç də cəbhədən kilometrlərlə uzaqda, oteldə rahat oturub köşə yazmaq deyil, öz ideyan, mübarizən naminə həyatını təhlükəyə atıb silaha sarılmaq, buz kimi soyuq səngərdən düşmənə güllə atmaq, mərmi yağışı atlında yaralı silahdaşını belində daşımaqdır. Ölümün gözünə dik baxmaq, inanılmaz cəsarətdir.

Əsər o qədər canlı, real detallarla qələmə alınıb ki, oxucu müəlliflə bərabər hadisələrin ən gur yerinə düşür, Barselonada barrikada düzəldir, jandarmlarla atışır, küçə döyüşlərində iştirak edir, səngərdə donur, daimi xaosdan, qida, geyim çatışmazlığından əziyyət çəkir, aylarla ac qalır, siyasi partiyaların, solçu hərəkatların intriqa və daxili mübarizələrindən baş çıxarmağa çalışır.

***

Bəzən əzabverici, bəzən gülməli, bəzən ümidverici, gündəlik adi həyat əhvalatlarını nəql etmək bacarığı. İlk ayların həvəsi, hər şeyi doğru etdiyinə, bütün əzab-əziyyətin müvəqqəti olduğuna dərin inam. Sadə, axıcı, amma düşündürücü cümlələr. Bax, Corc Oruellin əsas yaradıcılıq gücü budur.

“Kataloniya gündəliyi” XX əsrdə sosial nizam haqqında düşüncənin hansı xətt üzrə inkişafı ilə maraqlanan hər kəs üçün vacib kitabdır.

# 2178 dəfə oxunub

Müəllifin son yazıları

# # #