Ləhcə ilə danışmaq mədəniyyətsizlikdirmi?

Ləhcə ilə danışmaq mədəniyyətsizlikdirmi?
6 iyul 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Ləhcələrin fabulası ətrafında düşüncələr” adlı yazısını təqdim edir.

Dil problemi

Dil düşüncə üçün problem ola bilir. Hər birimiz bildiyimiz dilin imkanları çərçivəsində düşünə bilirik. Çox dil bilməyin faydası həm də buna görədir. Adam nə qədər çox dil bilsə, o qədər də çoxqatlı düşünə bilir. Düşüncə dilin imkanları ilə məhdudlaşır. Çünki düşüncələr dil vasitəsilə ötürülür.
Mənasız həyat düşüncəyə mane olur və insanların azadlığını kəskin məhdudlaşdırır. Adamlar özlərindən şübhələnməyə başlayırlar. Hər bir sözdə ədəbsiz mənalar axtarırlar. Misalçün, gəlin kiçik bir təcrübə aparaq və sizin nə qədər mənalı adam olduğunuzu görək.

“Basmaq”

Bu sözü oxuyanda ağlınıza ilk nə gəldi? Əgər ədəbsiz məna düşündünüzsə, deməli, təbriklər, sizin həyatınız və özünüz mənasız insansınız. Azad düşünə bilmirsiz. Azad düşünə bilmədiyinizə görə bu cür sözləri işlətmirsiz, yaxud işlədəndə üzr istəyirsiz. Yalançı utancaqlığınız isə adamın ürəyini bulandırır. Səmimiyyət azalır, riyakarlıq artır.

Hələ dilin azadlığını məhdudlaşdıran müxtəlif şeylər var. Məsələn, ailə. Anam mənə deyir ki, yazılarında “çuşka” sözünü işlətmə, filan sözü belə yaz, filan şeyi bu cür elə. Mən də deyirəm ki, ana, mənim 22 yaşım var və harada necə danışmalı və yazmalı olduğumu bilirəm. Xahiş edirəm, sadəcə fikrini bildir. Məsləhət vermə. Sonra o məndən küsür. Mən də gedib onun yanaqlarından öpürəm, barışırıq.

Ləhcə ilə danışan adamlar

İqtisadi azadlıqların olmadığı və ya az olduğu cəmiyyətlərdə gənclərin normal dolanışığı üçün yetərli ola biləcək işin tapılması çox çətinləşir. Rəqabət duyumu inkişaf etmir. Kimsə dayısının, kimsə atasının hesabına münasibət qurur. Savadından və bacarığından başqa heç nəyi olmayan gənclər isə qalırlar kənarda. Nəticədə insanlar daha çox ailə və məhəlli çevrələrə qapanmağa məcbur olurlar. Buna görə də adamların böyük qismi ləhcə ilə danışmağa üstünlük verir.

Ləhcələrin təsiri təkcə insanların danışığı ilə məhdudlaşmır. Ləhcənin həm də düşüncəyə təsiri olur. Düşüncələr əsasən məhəlli çevrədən kənara çıxa bilmir.

Misalçün, “ayəə”, “oyyə”, “hoyyə” kimi ifadələrdən istifadə edən adamların nəsə məntiqli bir şey düşündüyünü fikirləşə bilərsiz? Mən, yox. “Ayyə”, “oyyə” kimi ifadələr işlədən adamlar hozudur. Hozular isə daş dövründən qalıblar. Onlar hələ odu kəşf etməklə məşğuldur. Bu yazını isə mədəni danışan və mədəni düşünən adamlar üçün yazıram. Mən gördüyüm və tanıdığım qədər ləhcə ilə danışan adamlar, əsasən, mədəniyyətsiz olur. (Əvvəlki Vüqar olsaydı, yazardı ki, ləhcə ilə danışan adamlar çuşkadır. Amma əvvəlki Vüqarı basdırmışıq. Əvvəlki Vüqar öldü. Onu siz öldürdüz!)

Adlarını da qoyublar ki, ləhcə ilə danışmaq səmimilikdir, təbiilikdir, ay nə bilim nədir. Bəsdirin, qurtarın bu boş-boş söhbətləri.

Azərbaycanda ləhcələrin 4 qrupu var: Şərq, Qərb, Şimal və Cənub qrupu. Gəlin misallarla mənzərəni daha aydın göstərim. Yaydı, adamların akademik sicilləmələr oxumağa nə vaxtı var, nə də həvəsi.

“Mən bu gün oyandım və fikirləşdim ki, həyat çox maraqlıdır”.
Düzgün tələffüz forması:
(Mən bu gün oyandım və fikirrəşdim ki, həyat çox marağlıdı)

Şəkili: “Mən bu gün oyandım, həblə nə qədə yatmışam, bir allah bilir dəə. Həblə gördüm ki, qano qaraltmaxa dəyməzmiş. Həyat çox maraxlıdı”

Salyanlı: “Mə bı gün oyandım də. Mamam ma qayıtdı ki, aə dur əl-üzo yu. Onda öz-özümə dedim ki, ae dəli olmısan? Bideye ora-bıra qaşdun, həyat maraxlıdı də”

Qazaxlı: “Mən bu gün oyandım dana. Onnan sora da, nə görsəm yaxşıdı? Gördüm dünən coraflarım yoxdumu? Denən hə. Gördüm ki, coraflarım daşdıyıf ayə. Yən quruyuf dana. Sora elə bil öz-özümə fikirrəşdim ki, aə həyat nə maraxlıdı ağren alem, bildinmi?”.

Naxçıvanlı: “Ə məni oyatdılar yuxudan, bildiin? Dedim, ə donqili yuxudan oyatduz mə niyəə? Ə, nə görsəm yaxşıdı? Baxdım ki, həyat maraxlıdı da bə, heş dəxli vaa. Heş nə prablem dəyil?”.

Gəncəli: “Səən qadan alım, əəə. Gejə pis yatmışdım, işmişdiy yaxşıca. Səhər oyananda şey dana, oyandım gördüm, maraxlıdı dana həyat, səən qadan alım”.

Bakılı: “Hə də, qaqaş. Biteher oyanduğ. Gördüm aləə, her şey bombədü”.

Lənkəranlı: “Ədə, oyandım də bu gün. Getdım borəni aldım, gördım həyat nə marağlidu, qızə”.

Bu cür şitlik elədiyim üçün oxucudan məni əfv etməsini xahiş edirəm. Əslində, belə şitlik eləməzdim, amma yazı özü məni şitlik etməyə məcbur elədi. Həm də ümumi mənzərəni canlandırmağa kömək oldu. Hələ bunun min dənə fərqli-fərqli növləri var. Hər rayonun hər bölgəsinin ayrı-ayrı ləhcəsi var. Saysaq bitməz, həm də mən mövzunu yaxşı bilmirəm. Bacardığım budur.

Gördüyünüz kimi bir cümləni verdiyim misallardan olan zona adamları aşağı yuxarı o cür cavablayar. Sadə bir cümlənin kontekstinin nə qədər dəyişdiyini gördünüz? Ləhcənin çevik düşünməyə nə qədər mane olduğunu başa düşdünüz?

Bu adamlara – ləhcəylə danışan, ləhcəylə düşünən adamlara sadə və lakonik dillə nə izah etmək olar, siz Allah? Hələ elmi və bədii dillə yazılmış mətnlərdən danışmıram. Elmi və bədii dildə yazılmış mətnləri fikirləşəndə ürəyim ağrıyır. Mən bu adamlardan nə istəyirəm, bilmirəm. Nəyi dəyişməyə çalışıram, anlamıram.

Adi peşələri olan qara camaat yaxşı olar ki, dillərini düzəltsinlər. Amma onlarla çox da işimiz yoxdur. Onsuz da, həyatları çətindir. Bir də mən başlarına min cür hoqqa çıxarmayım. Amma bu da bir faktdır ki, bu adamlar cəmiyyətin əsas hissəsini təşkil edirlər. Hərdən görürəm ki, yazımda “arqument, adekvat” sözlərini başa düşməyən adamlar var. Onlar məni söyürlər. Elə bilirlər, “arqument” sözünü yazmaqla, nəsə tərbiyəsiz bir iş görürəm. Sizə zarafat gəlməsin, vallah-billah görmüşəm. Bir adam mənə yazmışdı ki, “arqument özünsən, cındırın biri cındır”. Hələ bu sözlərin mənasını bilməyən adamlar, çox qəribədir ki, başa düşmədikləri və avazla oxunan bir ərəbcə söz eşidən kimi elə bilirlər ki, Qurandan bir ayədir. Hamı həmin ifadəyə hörmətlə yanaşırlar.

Tutaq ki, mən desəm ki, “vəlləzinə amənu minən nari və bil hurməti bikə, vəcəlna min beyni əydikum səddən və bil axirəti fə əxşeynahum fəhum la yubsirun”. Ardıyca da mə-əs salavat desəm, hamısı salavat gətirib, Həmd-surə oxuyacaqlar. Lap Danabaş kəndindəki kimi.

Mədəniyyət adamları, siyasətçilər, aparıcılar, idmançılar, vəzifəli şəxslər, alimlər, yazıçılar, hərbçilər və ləhcə ilə danışan bütün peşə sahiblərinə burdan səslənirəm. Xahiş edirəm, dilinizi düzəldin. Bədii kitablar oxuyun, köhnə kinolara baxın, yaşlı adamlarla çoxlu söhbət edin. Dilinizi dəyişsəz, düşüncələrinizi dəyişə bilərsiz. Dilinizi dəyişsəz, özünüzü düzgün və çevik ifadə edə bilərsiz. Dilinizi dəyişin ki, özünüz dəyişə biləsiz.

# 7401 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #