Kulis.az Vüqar Babazadənin ""Ramana”nın və “ƏBUHÜBB”ün fabulası ətrafında" adlı yazısını təqdim edir.
Klassik əsərlər haqqında yazmaq olduqca çətindir. Klassik əsərlər haqqında yazanda, Roma papasından daha çox katolik olmaq təhlükən var. Ona görə də bu çox təhlükəlidir.
Çox düşündüm, çox daşındım, belə qərara gəldim ki, yaxşısı budur, terminlərlə zəngin olmayan, sadə dillə yazılmış, dolaşıq cümlələrdən istifadə etmədən bir inşa yazım. Bu həm məni karikatura kimi görünməkdən xilas edər, həm Aydın müəllim haqqında inşa yazmış ilk adam olaram, həm də asan qavranılan bir yazı ərsəyə gələr.
Aydın Talıbzadə haqqında inşa
Bir müddət qabaq Aydın Talıbzadənin “Ramana” romanının bitirdim. Kitabçı işləyən bir dostumun məsləhəti ilə romanı almışdım. O vaxta qədər Aydın müəllimin iki essesini və bir hekayəsini oxumuş, haqqında gəzən ümumi fikirləri eşitmişdim. Onu oxuyan adamlar demişdi ki, “çətin oxunur”, “heç nə başa düşmək olmur”, “dilin başına min dənə hoqqa gətirir”, “onu oxumaq üçün gərək müəyyən bazan ola”, “hər adam onu anlamır”, ““ƏBUHÜBB” (müəllifin bundan əvvəlki romanı – V.B.) çətin getdi” kimi fikirlər eşitmişdim və açığı yazıçıdan çəkinirdim. Çətin başa düşülən romanlardan qorxuram. Üstəlik, müəllifin siması çox müdrikanə, nuranidir, bioqrafiyasında isə yazılıb: Sənətşünas. Ona baxanda elə bilirdim ki, indi deyəcək, teatr nədir? Mən də cavab verə bilməyəcəyəm.
Bax belə, bu dəfə fikirləşdim ki, qorxularımın üstünə gedim, şeytanın ayağını sındırım və mən də Aydın müəllimin təzəliklə çapdan çıxmış “Ramana” romanını oxuyum.
Romanın annotasiyasını sizə təqdim edirəm. Annotasiya olduqca maraqlıdır. Açığı, annotasiyanı oxuyandan sonra qorxularım çəkilib getdi.
““Ramana” adlı romanın hadisələri üç müxtəlif müstəvidə şəbəkələnir və üç mühüm predmetin iştirakı ilə yığılır: NƏRD, TELEFON və TELEKAMERA. Hər üç predmet əsərin dilsiz qəhrəmanıdır.
Roman bir qumarbazın, bir nərd xiridarının BAKI – İSFAHAN – RAMANA marşrutunda tale yaşantılarının, sevgisinin tarixçəsidir; bir tədqiqatçının nərdin möhtəşəmliyi və mistikası haqqında apardığı söhbətlərdir; bir muzdlu əsgərin müharibə bölgəsindən göndərdiyi video-selfilərdir. Onların hamısı 12 şəbəkə vasitəsilə bir-birinə birləşib bütövləşir.
“Ramana” elə bir romandır ki, orada nərdin fəlsəfəsinə uyub qədim çağlara səyahət etmək olar, XX əsr Bakısının, Bakı həyətlərinin, Çəmbərəkəndin göyərçinli damlarının poeziyasına tutulmaq, XXI əsrin bugünkü sərt oyunları ilə qarşılaşmaq mümkündür”.
Roman belə başlayır:
Qocalmış, istifadəyə yararsız Ağarza adlı bir nərd xiridarı ilə gələcəkdə nərd haqqında kitablar yazacaq, nərdin möhtəşəmliyi haqqında məruzələr deyəcək balaca oğlan – Əlövsət söhbət edirlər. Ağarza zərləri dama atır və deyir ki, misalçün, şeş-cahar düşdü. Əlövsət dama çıxır və doğrudan da, görür ki, şeş-cahar düşüb. Bu halı dəfələrlə təkrarlayırlar, hər dəfə Ağarzanın dediyi doğru çıxır.
Roman belə bitir:
Nərdin möhtəşəmliyi haqqında məruzələr deyən, kitablar yazan Əlövsət Qüdsi elə həmin damda, bir vaxtlar Ağarza dayının saxladığı göyərçinlərin yerində öz xoşbəxtliyinə qovuşur.
Tale hamını eyni nöqtəyə gətirir – müəllifin həyətinə.
Roman məni sarsıtdı, xeyli təsirləndim. Keçən əsrin Bakısı haqqında yazılmış poetik bir əsərdir. Müxtəlif insan taleləri, canlı təsvirlər, orqanik obrazlar, axıcı təhkiyə, bir sözlə, qüsursuz bir işdir.
Romanın əsas qəhrəmanı Ağarzanın həyatını oxuya-oxuya fikirləşirdim ki, Cahandar ağadan bəri məni iki yol arasında qoyan belə bir unikal obraz qarşıma çıxmamışdı.
Kitabı oxuyanlardan soruşuram, sizcə, Ağarza necə obrazıdır? Müsbət, yoxsa mənfi? Atasını öldürən, lakin dostunun arvadının seks təklifi ilə razılaşmayan, bütün Bakıya pul paylayan, amma hər gün qumar oynayıb, içki içən, ailəsini məhv edən, amma İrandan gətirdiyi bir fahişəni ömrünün sonuna kimi sevən bir obraz, sizcə, necə adamdır?
Dili çox zəngindir. Xüsusən, özüm üçün xeyli yeni şey öyrəndim. Mündəricat şeir formasında olan XII şəbəkədən ibarətdir. Romanın mövzusu isə, eyni zamanda, nərd, nərdin tarixi və fəlsəfəsidir. Nərdi də necə fırladırsan, fırlat, on ikidən qırağa çıxmır (bu haqda romanda ətraflı şəkildə söz açılıb).
Bəzi yerlərdə durğu işarələrindən istifadə etmədən yazılan mətn, bəzi yerlərdə pyesvari dialoqlar, bəzi yerlərdə ləhcənin təbiiliyi, bəzi yerlərdə Pamukun "Kafamda bir tuhaflık"ında istifadə etdiyi üslub, bir sözlə nə yenilik etmək olardısa, müəllim hamısını edib, özü də ustalıqla, sənətkarcasına.
Xırda detallarla romanı hörüb Aydın müəllim. Bircə dənə olsa boşluq yoxdur. Gah Bakının ən məşhur qumarbazı olur, gah həmin nərd haqqında kitablar yazan alim, gah da könüllü şəkildə Suriyada döyüşən bir azərbaycanlı əsgər. Bu obrazların hər üçü müəllif olduğu kimi, həmin obrazlar da hamısı bir-biri ilə bağlanır, tək bir şeyə, nöqtəyə çevrilirlər. Yəni ki, zərin tək gözü "yek" kimi.
Kitabı oxuyarkən düşünürdüm ki, Aydın müəllimə iki qol bəs etməyib. Ona dörd, beş qol lazım olub bu əsəri yazmaq üçün. Beynindən klaviaturasına kimi olan məsafəyə iki qolla necə çatdırıb başa düşmürəm. Oxuduqca başım gicəllənir, məsti-xumar olurdum. Son dövrlər, müasir Azərbaycan ədəbiyyatından, heç klassik ədəbiyyatdan da, belə bir roman oxumamışdım. Oxuduqca üfüqün genişlənir, oxuduqca ləzzət alırsan, ayrı bir aləmə düşürsən, bu dünyanı, özünü tamamilə unudursan. Müəllif adamı o qədər həyəcanlandırır ki, istəyirsən vərəqləri yeyəsən, mətni canına hopdurasan. Oxuya-oxuya fikirləşirsən ki, bundan oyanası nə qədərdir? Bu dahilik deyil, bəs nədir?
Roman haqqında uzun-uzadı danışmaq lazımdır. Çünki əsər elə yığılıb, bir mövzudan yazan kimi avtomatik digər mövzuları da mütləq yazmalısan ki, başadüşülən olsun. Buna görə də sözümü burda saxlayıram və keçirəm müəllifin növbəti romanı olan “ƏBUHÜBB”ə.
ƏBUHÜBB (M+O+N+A+M+O+R) romanı haqqında
ƏBUHÜBB-ün annotasiyası belədir.
“”ƏBUHÜBB” təsəvvüf parolundan götürülmüş bir addır; mənasını tapmaq üçün gərək romanı oxuyasan. “Monamor” isə artıq müəllif şifrəsidir. Bu sözü güzgü prinsipilə açanda “roman om” alınır, yəni “Om romanı” Veda ənənəsinə görə Om mantradır, özündə hər şeyi və bütünlüklə kainatı ehtiva edən sakral səsdir.
Roman iki müxtəlif gerçəklik, iki müxtəlif zaman müstəvisində inkişaf etdirilir və bu müstəvilər yalnız ruhsal qatda bir-birilə baxışır.
Əslində isə bu roman müasir dərvişəbənzər bir rəssamın yaşantı və düşüncələrindən hörgülənib. Sevgi və qanun, sevgi və mənəvi borc, sevgi və əxlaq romanın hədəflədiyi mövzulardır. Əgər oxusanız, fərqli bir romanla qarşılaşacaqsınız...”
Annotasiya adama hər şeyi deyir. Annotasiya adamı özünə maqnit kimi çəkir. “Ramana”nın da annotasiyası kitab haqqında ətraflı məlumat verirdi.
ƏBUHÜBB doğuda və batıda məşhurlaşmış Cingöz adlı xanın qoşunlarının sərkərdəsi və xanın yaxın dostu olan Toltı bəyin evinə dönüşü ilə başlayır. Hamı narahatdır, hamı nigarandır, hamı həyəcanlıdır. Çünki hər kəsin bir günahı var. Əslində isə, roman ilk səhifədə bitir. Toltı bəy uzun səfərlərdən sonra yenidən keçmişinə (evinə) qayıdır. Bu qayıdış Toltı bəyin sonudur. Toltı bəyin keçmişinin sonudur. Sonun başlanğıcıdır.
Toltı bəy arvadı Təncigül xatunun onu mehtər Qarabolla aldatdığına görə mehtərin başını kəsməyə gəlir.
Toltı bəy öz qızını zorlamağa gəlir.
Toltı bəy öz arvadını diri-diri yandırmağa gəlir.
Toltı bəy özünü məhv etməyə gəlir.
Bu diyarda belə ənənə var ki, əgər xan ölərsə, onunla bərabər qırx əsilzadə bakirə qız da basdırılır. 40-cı qız Toltı nəyin balaca qızı Umayradır. Toltı bəy xan öləni bir neçə gündür saraydan uzaqlaşıb, əyanlar onu tutsalar dövlətə xəyanətə görə cəza verəcəklər. Dostu Cingöz xan artıq həyatda deyil. Onu heç kim qoruya bilməyəcək. Bu ənənəni bildiyi üçün bir gün qabaq gəlib qızını zorlayıb, arvadının oynaşını öldürüb və çıxıb gedib. Qızı artıq bakirə olmadığı üçün onu xanla bir yerdə basdırmayacaqlar. Mehtərin ölümünü görən arvadı dəli olub. Bir gündən sonra yenidən peyda olan Toltı bəy evdəki bütün qulluqçuları azadlığa buraxır (birini yanında götürür), bütün mal-qarasını, evini od vurub yandırır. Qızıllarından bir hissəsini həyətə nökərləri üçün səpir. Qızı Umayranı, qızının dayəsi Saytubanı və bir cavan nökərini də götürüb qaçır. Onu tutsalar öldürəcəklər. Ağlını itirmiş arvadı odlanmış evin içərisində isə diri-diri yanır.
Toltı bəy qızını zorlayıb.
Amma onu ölümdən xilas edib.
Toltı bəy arvadını diri-diri yandırıb.
Amma onu həyatdan xilas edib.
Toltı bəy mal-qarasını, evini külə verir.
Amma nökərlərinə qızıl paylayıb, onları azad edir.
Toltı bəy müharibələrdə minlərlə adam öldürüb.
Amma heç vaxt dostu Cingöz xana sədaqətsizlik etməyib.
Nəticədə onun və qızının uzun səfəri başlayır. Yolda hər iki nökər, onu guya ki, sevən Saytuba və ona xəyanət edən cavan oğlan onlardan ayrılır. Saytuba sevgisini qızıla dəyişib gedir. Nökər isə yoldakı xəyanətinə görə Toltı bəy tərəfindən öldürülür.
Hərə beynində öz yolunu gedir.
Yola çıxmamısansa, azadsan.
Yol diktatordur.
Yola qarşı üsyan edə bilməzsən.
Yolu yarıdan qayıtmısansa, yarımçıqsan.
Sən yolu seçə bilərsən, amma bu o demək deyil ki, yol da səni seçib.
Yolun axırında Umayranın atasından, yəni Toltı bəydən bir oğlu dünyaya gəlir. Toltı bəy qızının əri olur. Nəvəsinin atası olur. Oğluna baba olur. Umayra oğlunu dünyaya gətirərkən ölür, Toltı bəyin də taleyi naməlum qalır. Oğlan isə dərvişlərin yanında böyüyüb və gələcəyin müqəddəs bir zatına çevriləcək (?).
Əslində isə, ilk səhifədə roman tamamlanır. Cingöz xan ölür və bir oğlan dünyaya gəlir. Cingöz xan ölür, bir sufi rəssam yaranır. Cingöz xan ölür və onunla bərabər 40 bakirə qızı yox, Toltı bəyi, Umayranı, Təncigülü, Saytubanı, nökəri, oğraş mehtəri, Tuncalı, Fərizəni basdırırlar.
Üfüqünə çatan Günəş qürub edir.
Üfüqünə çatan yazıçı qələmini sındırır.
Üfüqünə çatan rəssam kor olur.
Üfüqünə çatan şair özünü asır.
Üfüqünə çatan sevgidən əlamət qalmır.
Romanın digər cinahında isə sufi (?) bir rəssam dayanıb. Onun adı Tuncaldır.
Tuncal, məncə, Toltı bəydir. Onları ruhları göydə birləşib və zaman axınında eyni insana çevriliblər.
Əslində, sufi rəssam Tuncalın şərti dostları onu atıb gediblər, özlərinə iş qurublar, qalereyalar açıblar, əntiq dükanları saxlayırlar, partiyalara üzv olublar, müəllimlik eləyirlər, xaltura götürürlər. Dostları Tuncalı yox, Tuncal hər dəfə bir dostunu axtarıb tapır və birtəhər ondan pul qoparır, yəni dilənir. Burada “dahilik” köhnəlmiş maskadan başqa bir şey deyil. Dostları bilir ki, Tuncal dahi rəssam sayılmır. Ancaq onlar Tuncalı sındırmırlar. Onlar Tuncalı dahi bilməsələr də, onun sufiliyinə inanırlar. Tuncal əlinə düşəni həməncə aparıb verir rənglərə, fırçalara, kömürə, karandaşa, kətana, taxta-tuxtaya. Özü axırda qalır pendir-çörəyə. Pendir çörəkdən zəhləsi gedəndə düşür məhəllə uşaqlarının yanına, ona-buna aşkar deyir ki, “gedək, qonaq elə”. Hətta sevgilisi Fərizəyə xəbər çatmışdı ki, bəzən Tuncal, yəqin ki, lap pulsuzlaşanda, şəhəri gəzib və ya İçərişəhərin girəcəyində əyləşib sədəqə toplayır. Soruşanda da deyir ki, bunu sənət üçün eləyir. Tuncal sevgilisinin hesabına yaşayan, yalnız ideyaları sevən, bomj, səfil və bədbəxt, aldadılmış bir rəssamdır.
Toltı bəyin yaşadığı günlərin əksəriyyətində onun qılıncından günahkar və günahsız adamların qanı dammışdı. Hara getmişdisə, orada amansızcasına davranmışdı: qürurunu qılınca bayraq kimi sarıyıb gəzdirmişdi və yeri gəldi-gəlmədi camaatın gözünə soxmuşdu, qılıncının gücünə Cingöz xan üçün çeşid-çeşid işgəncələrdən bir zülm xalısı toxutdurmuşdu. Kiminin boğazına, kiminin başına qurğuşun əritdirib tökdürmüşdü, beynini diri-diri bişirtdirmişdi, kimini qaynar qazanın içinə atdırıb öldürtmüşdü, kimini axtalatdırmışdı, kiminin dilini kəsdirmişdi, kimini nizəyə oturtdurmuşdu, kiminin dərisini soydurtmuşdu, kimini ayaqlarından asdırtmışdı, kimisini də şaqqalatdırıb qanını çöllərə, daşlara, təpələrə, küləyin üstünə sıçratmışdı, aman verdiyi adamlarınsa, ya əlini kəsmişdi, ya qulaqlarını, ya da burnunu...
Tale Tuncaldan və Toltı bəydən ayrı-ayrı zamanlarda qisas alırdı.
Toltı bəy öz qızını zorlamışdı.
Tuncal məhəllədə bir pedofiliya aktına şahidlik etmişdi.
Tuncal da aldanmışdı.
Toltı bəy də.
Tuncal da sevə bilməmişdi.
Toltı bəy də.
Tuncalın da babasının adı ƏBUHÜBB idi.
Toltı bəyin də nəvəsinin adı ƏBUHÜBB idi.
Tuncalın da axırına məhv olmuş Sovetski çıxmışdı.
Toltı bəyin də axırına yeri bilinməyən və yeriyən Pünhaniyyə şəhəri.
Tuncal da anlamışdı ki, indiyə kimi yaşadıqların mənasızdır.
Toltı bəy də.
Tuncal da naməlum şəkildə ölmüşdü.
Toltı bəy də.
Tuncal da yarımçıq idi.
Toltı bəy də.
Tuncalın sevgilisi Fərizə də sevgisində aldanmışdı.
Toltı bəyin arvadı Təncigül xatun da.
Tuncalı da sevgilisi Fərizə Ruf adlı kişiylə aldadırdı.
Toltı bəyin arvadı Tənigül də mehtər Qarabolla.
Tuncalın sevgilisi Fərizə də onu pula satmışdı.
Toltı bəyi sevən Saytuba da.
Tuncalın sevgilisi Fərizənin də oğlu ölmüşdü.
Toltı bəyin arvadı Umayranın da.
İntihar könüllü seçimdir.
İnsan yaşamaq istəməyib intihar eləyirsə, bu azadlıqdan qurtuluşdur.
İnsan yaşamaq istəyə-istəyə intihar eləyirsə, bu üsyandır.
Adam dözmək mümkün olmayanda yox, dözmək istəməyəndə intihar eləyir.
Hər şey güzgü effekti vasitəsilə bir-birinə bağlıdır. Romanda hamı bir-biridir. Kim nə edirsə, paralel olaraq digəri də onu edir. Bu roman insan talelərinin, həyatların müxtəlif nöqtələrdə kəsişdiyi riyazi funksiyalar toplusudur. Bu funksiyaların qrafiki gah əyri, gah düz, gah da qırıq-qırıq əmələ gəlir.
Son dövrlərdə oxuduğum gözəl dili, strukturu, məzmunu, konteksti və teksti olan bir əsər idi ƏBUHÜBB. Hər kəsə şiddətlə tövsiyə edirəm.
Müəllifə isə can sağlığı arzu edirəm.
Aydın Talıbzadə son dövrlər Azərbaycan ədəbiyyatının ən yaxşı nasiri adına tam iddialıdır. Təəssüf ki, bütün yaxşı şeylər kimi, Aydın müəllim də göz önündə deyil. Gərək axtarıb tapasan. Nəinki oxucuların, hələ ədəbi mühitin özünə yazıçı deyən kəslərinin əksəriyyəti Aydın Talıbzadəni tanımır, oxumur. Mütləq oxumaq, oxutdurmaq lazımdır.
Hə, son olaraq, Xilə Masazırdan yaxşıdır.