Bu gün Kulis-in 11 yaşı olur. Bu gün həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ona görə ki, bu 11 illik marafonda iştirak edirəm. Kədərlənirəm, ona görə ki, yaşa doluruq, qocalırıq. Ha-ha-ha... Lap “Son zəng” çıxışına oxşadı.
Həyat detallardan ibarətdir. Bu detalları birləşdirəndə düşdüyümüz mühiti, adamların xarakterlərini yadda saxlayıb, tanıyırıq.
Kulisdəki ilk iş günümdə anam demişdi ki, mən də səninlə gəlim, birdən özünü narahat hiss edərsən, darıxarsan. Bu absurd təklifi rədd edəndən sonra isə mənə işdə lazım olan bir sıra həyati şeylər qoymuşdu: duz, qənd, salfetka, stəkan, boşqab filan... Xətai metrosundan çıxıb, azmışdım. Axırda taksi məni aldadıb, 2 dəqiqəlik yolu 10 manata gətirmişdi. Yolda anamın mənə qoyduğu sumka cırılmış, içi duz dolu balaca banka dağılmışdı. Gəlib işdə əşyalarımı yerbəyer edirdim. Birdən Samirə anamın mənə qoyduğu duzu görüb demişdi:
– Nə kədərlidir... Ay Ulucay, baax. Maması duz da qoyub...
Mən Kulisi bu cümlə ilə tanımışam. Həmin bu balaca detalın altında yatan duyğu yükünü necə deyərlər bütün varlığımla hiss etmişəm. Bütün varlığımla deyirəm, çünki insanın qabağına eynihissli insanlar çox az-az çıxır. Kulis mənim üçün belə yerdir. Eyni şeylərə gülürük, eyni şeylərə kədərlənirik, eyni şeyləri sevirik və eyni şeylərdən zəhləmiz gedir. Bizim üçün fərqlilik budur.
İndi isə kədərli notları saxlayıb, məzəli və şən notlara keçək.
Mən Kulisə gələnə qədər bir neçə insan növü tanıyırdım. Homo Sapiens, Homo Erektus, Homo Gautengensis və s. Yəni, düşünən insan, bacarıqlı insan, ən qədim insan filan. Amma Kulisdə bu düşüncələrim dəyişdi, yeni insan növlərini tanıdım.
Biz Kulisdə 6 nəfərik. Mən, Samirə Əşrəf, Ulucay Akif, Ayxan Ayvaz, Mehdi Dostəlizadə, Rəvan Cavid. İstəyirəm ki, sizə bu insanları bir-bir tanıdıb, həm Kulisin ədəbi portretini çəkəm, həm də mənim gözümdən Kulisi görəsiz.
Homo Samirə Əşrəf
Bu növün xarici görünüşü bəstəboy, qara saçlı, mavi gözlü, al yanaqlı, badam belli, sərvi boylu olmasıdır. Əsasən, makiyajçılıq, manikürçülük, toplayıcılıq, odu qorumaq, meyvə doğramaqla məşğul olur. Ən sevdiyi rejissor Tarkovskidir. Hətta iş masasına Tarkovskinin şəklini yapışdırıb. Rus ədəbiyyatını və rus kinosunu yaxşı bilir. “Müsahibənin anası” tituluna sahibdir. Bir gün hazırladığı maraqlı faktlar layihəsi üstündə bıçaqlanmaq təhlükəsi ilə yaşayır.
Açığı deyim ki, mən Samirəyə güvənirəm. Şirkətdə istədiyim hərəkəti edirəm. Kimin haqqında nə istəyirəm yazıram. Nəsə olsa, tez qaçıb Samirəni çağırıram və o dərhal söhbəti həll edir.
Samirədən həm də qorxuruq. O, dayanmadan qadınlıq bacarıqlarını zənginləşdirir, özünü qadın kimi inkişaf etdirir, daha ağıllı qadın olmağın necəliyi barədə durmadan çalışır, axtarışlar edir. Samirədən qadınlar haqqında çox şeylər öyrənirik.
Onun ən vacib xüsusiyyətlərindən biri isə, şübhəsiz, biz gənc və kasıb yazarlara mesenatlıq etməsidir. Kimin pulu qurtarır, qaçır Samirənin üstünə. O, öz dərgahından heç kimi əliboş göndərmir. Hələlik bu belə davam edir. Amma bir gün beyni çönüb, kiməsə nəsə edəcək. Allah bəşəriyyəti o gündən saxlasın.
Samirənin ən çox işlətdiyi söz və ifadələr:
“Buraxdım xəttə, gir oxu”, “plankanı yuxarı elə”, “salam, sizi Kulis-dən narahat edirik, necəsiniz?”, “6-cı gün növbətçi kimdir?”, “video tapın”, “aə, qızlara az pul xərcləyin”, “Səfər”.
Kişi cinsinə mənsub adamları adam yerinə qoymur.
Gözəl gülməyi var. Onun qəhqəhələrini, elə fikirləşirəm ki, uzun müddət yadımdan çıxarmayacağam.
Kankası Sevda Sultanovadır.
Samirə bizim ikinci anamızdır. Samirə ana yarısıdır.
Homo Ulucay Akif
Həyatımda bircə dəfə “söhbətə” getmişəm, o da Ulucayla olub. Bu söhbətdən də, həqiqətən, yaxşı dostluq meyvələri yetişib.
Bu növün xarici görünüşü tam dəqiq müəyyənləşdirmək olmur. O bəzən arıq olur, bəzən əzələli olur, bəzən kökəlir, bəzən boyu uzanır, bəzən qısalır, bəzən saçları gur olur, bəzən seyrək.
Ulucay yığıcılıq, paylayıcılıq, ovçuluq, sevgililik, əkinçilik, yazıçılıqla məşğul olur. Hətta Qədim Mesopotamiyanın sağ sahilində yerləşən Urartu dövlətinin ərazisindən tapılan gil kitabələrdə onun “Revolver” şeiri aşkar olunub. Hazırda həmin gil kitabə Drezden kitabxanasında Dədə Qorqud dastanının Drezden nüsxəsi ilə bir yerdə saxlanılır. Bu barədə səhv eləmirəmsə Alban tarixçisi Heredot da öz qeydlərində yazıb.
Ulucayla bizi birləşdirən əsas dəyərlərdən biri futboldur. İkimiz də futbol xəstəsiyik. Düzü, onun oyununu hələ görməsəm də, video oyunlardan və futbol bilgisindən təxminən bilirəm ki, necə oynayır.
O, boş vaxtlarında fatehliklə məşğul olur. Bir də görürsən durduq yerə, beş dəqiqənin içində hansısa qızın qəlbini fəth elədi gəldi. Bilmirəm, o, bu bacarığına görə şair olub, ya şair olduğu üçün bu bacarığı var. Amma, istənilən halda, onun bu bacarığını gözardı etmək düzgün deyil.
Ulucayın öz doğruları var. Ümumiyyətlə, hər insanın öz doğruları var. Bunu elə belə dedim.
Bu tipə xas olan əsas xüsusiyyətlərdən biri də hazırcavablıqdır. Lazımi anda, lazımi yerdə məzəli cavab vermək həmişə alınmır. Amma Ulucayda bunu müşahidə etmişəm. Misalçün, dünən Seymur Baycanın “Quqark” romanından danışırdıq. Mənə dedi ki, sən də “Vuqark” adında roman yaz. Açığı, mənim də ağlıma batdı.
Bu növ yavaş həyatı sevir. Sakit, şər-şəbədəsiz, rahat, dinc və oturaq həyata üstünlük verirlər. Ulucay da öz növü kimi tamamilə yavaş yaşayır. Yeriyəndə elə bilirsən yavaşlandırılmış rejimdədir. Danışanda elə bilirsən sözü bu dəqiqə bitəcək. O, siqaret çəkəndə elə yavaş çəkir ki, mənim az qala ürəyim çəkilir.
O da Samirə kimi yüksəkdən, qəhqəhəylə gülür. Ümumiyyətlə, belə özümü tərifləmək kimi çıxmasın, hara getsəm özümlə gülüş aparmışam. Mən Kulisə gələndə gördüm ki, burda gülüş var. Amma o gülüşü bir az da təkmilləşdirdim. Təbiidir ki, heç kim mənim zəhmətlərimi dana bilməz.
Bu növün bir pis xasiyyəti var ki, həyatın çox anlarında özlərini mənasız hiss edirlər. Ulucay da, özünü həyatın müxtəlif anlarında tənha, mənasız hiss edir. Mən bilirəm. Bunun tək bir çarəsi var. Evlənmək. Evlənsə, düzələcək.
Hazırda nəsr duyumunu artırmağa başlayıb. Dediyinə görə, roman yazır.
Çox hörmətli baş redaktorumuz, mənim əziz qardaşım Ulucay Akifin ən çox işlətdiyi sözlər isə bunlardır:
“Əsası qruplara atın tez”, “Sayta-səhifəyə nəzarət eləyin”, “Rəvan, neyniyirsən, qardaşım?”, “Ayxan, az çöplət”, “Vüqar, az qızlarla yazış”, “Uşaqlar, Mehdini hara göndərək?”, “Samirə, maraqlı faktlar noldu?”, “Buna nə başlıq qoyaq?!”, “Elə eləməyin ki, axırda hamımızı birdən qovsunlar”.
Homo Ayxan Ayvaz
Ayxan Ayvaz növü balacaboy, arıq, sısqa, saqqallı, sümükləri tam bərkiməmiş olur. Əsasən, daşıyıcılıq, baxıcılıq, ustadlıq, əkinçilik və dulusçuluqla məşğuldur. Hətta Qazax rayonunun Daş Salahlı mağarasından tapılmış sağ əlin üç sümüyü, Heredotun fikrincə Ayxan Ayvaza məxsusdur.
İlk iş günüm idi. Utana-utana içəridə gözləyirdim ki, birdən Ayxan otağa girdi. Paltosunu çıxarıb, mənlə salamlaşdı. Balaca və kədərli bir qoğal almışdı. Onu mənə təklif elədi və nəzakətlə rədd etdim. Bundan sonra hər şey başladı. Ayxanla, həqiqətən, çox yaxın olduq. Ürəklərimizi bir-birimizə açdıq və yarım saatlıq “obed” gəzintilərində “Bravo”nun həyətində sülənə-sülənə Ayxan mənə bütün həyatını danışdı, mən də ona. O mənə bildiyi hər şeyi öyrətdi, mən ona oxuduğum hər şeydən danışdım. Hazırda Ayxanın həyatında vacib və xatırlanası hansı xatirəsi varsa, demək olar ki, hamısını bilirəm. Hətta bəzən özünün yadından çıxan dost-tanışının adını məndən soruşur.
Ayxanla naharı həmişə bir yerdə edirik. Ayın əvvəli restoranda İmişli qovurması yeyirik, ayın ortasında o evdən yemək gətirməyə başlayır, mən marketdən alıram, ayın sonunda isə, ümumiyyətlə, yemək işi müəmmalı qalır.
Ayxan haqqında çox danışıb, çox yaza bilərəm. Amma və lakin buna gərək yoxdur. Sadəcə bir etiraf etmək istəyirəm.
Bu hadisə mənə əzab verir. Ümid edirəm ki, danışıb rahatlaşaram. Günahlardan arınaram. Daha Allahdan gizli deyil, sizdən niyə gizlədim?
Bir dəfə reportaja getmişdik. Bütün şəhəri ələk-vələk edib, işə yarım saat qalmış qayıdırdıq. İkimiz də, həqiqətən, çox yorulmuşduq. Avtobusa minib arxaya keçdik. Adam çox idi. Əyləşə bilmədik. Bir az keçəndən sonra mənim dayandığım tərəfdən bir nəfər düşdü, mən oturdum. Ayxan ayaq üstə qaldı. Ayxan da yorulanda sifətdən yorulur. Sifətində yorulduğunu ifadə edən müxtəlif emosiyalar peyda olur. Hər nəysə, mən oturdum, o otura bilmədi. Yanımda ayaq üstə qaldı. Xala xətrin qalmasın, bir dəfə də təklif elədim ki, “qaqa, istəyirsən durum sən əyləş”. O, razı olmadı.
Bir az irəliləmişdik ki, birdən adamların arasından onun yorğun simasını gördüm. Amma o qədər yorulmuşdum ki, durub öz yerimi ona verə bilmədim.
Son günlər bu hadisəni xatırlayıb, çox əzab çəkirəm. Özümü danlayıram ki, kaş gərək durub öz yerimi Ayxana verərdim. O oturaydı, mən ayaq üstə qalardım. Buna görə ümid edirəm Ayxan məni bağışlayar.
Ayxan Ayvazın ən çox işlətdiyi sözlər:
“Ulucay, bu gün bir az tez çıxım da”, “Mehdi, mənə də çay gətir də”, “Rəvan, bu nə danışıqdır Ayxan Ayvazla danışırsan?”, “Ayxan Ayvazam e mən!”, “Vüqarnan reportaja gedək də, iki material gətirəcəyik”, “Niyə də, qaqaaa??!!!”.
Homo Mehdi Dostəlizadə
Homo Mehdi. Bu növ hələ formalaşmamış insan tipidir. Onun fiziki quruluşu da qəribədir. Bədəni ilə həyatı tərs mütənasib böyüyüb inkişaf edir. Onun həyatda hələlik konkret bir işi yoxdur. Bəzən köşə, şeir, reportaj yazmaq və yığıcılıqla məşğul olsa da, çox vaxt bir iş görmür. Boş-boş, “Allaha təvəkkül” rejimində yaşayır.
Mehdi hələlik bir toxumdur, fidandır. Və onun böyüyüb məhsul verən bir ağac olması üçün münbit şəraiti var. Biz varıq, Kulis var. Heç kim belə şanslı olmur. Ayxan nə qədər faciələrdən sonra Seymur Baycan, Şərif Ağayar, Aqşin və həmin dövrün sözünü demiş çoxlu yazıçıları ilə bərabər, onlara özünü təsdiq edə-edə, əzabla ədəbiyyata gəlib. Ulucay deyir ki, ədəbiyyata “peşkom” gəlib. Rəvan Cavid ədəbiyyata gəlmək üçün universiteti atıb, Seyfəddin Hüseynli kimi adamın yanında, çətinliklə ədəbiyyata gəlib. Mən Seymur Baycanın qılıncı ilə ədəbiyyata gəlmişəm. Samirə uzun bir qaçqınlıq yolu keçərək, Cavanşir Yusifli kimi əjdahanın razılığı ilə gəlib. Yəni ki, hamımız dırnaqlarımızla qazıya-qazıya, zəhmətimizlə, əziyyətimizlə ədəbiyyata gəlmişik. Amma Mehdi “lipa”dır. Mehdi birbaşa bizim yanımızda, Kulislə ədəbiyyata gəlib və artıq bir imza kimi tanınır. Hər kəsə belə bəxt nəsib olmur.
İşdə Mehdimiz zühur edəndə su və çay işini ona tapşırırıq. Ən balaca oldun, belədir. Bir az yaşayan əfsanə Ayxan Ayvaza su gətirəcəksən, bir az dahi Vüqar Babazadəyə çay gətirəcəksən, bir az baş redaktor Ulucay Akifə kofe gətirəcəksən və s. Belə-belə işin yolunu öyrənəcəksən.
Mehdi oxuyur deyə, günün ikinci yarısı bizimlə ola bilir. Onun şəxsiyyət ikiləşməsi var. Bir də görürsən durduq yerə içəridə qışqırır. Bir də görürsən durub Rəvana şillə vurur, mənə ilişir, nə bilim min hoqqadan çıxır. Onu yaman ərköyün böyüdürük. Hər nazını çəkirik.
Oxucular üçün vacib bir qeyd etmək istəyirəm. İki gün əvvəl Mehdinin universitet imtahanının cavabı bəlli oldu. Mehdi 98 bal yığıb. Yuxarıda dediyim fidan-midan söhbətlərinə inanmayın. 98 bal yığan adamdan heç nə olan deyil. Bizim bütün ümidlərimizi puç elədi.
Mehdinin ən çox işlətdiyi sözləri də sadalamaq istəyərdim, amma Mehdi, demək olar ki, danışmır. Lüğəti “hə”, “yox” və “yaxşı” sözlərindən ibarətdir.
Homo Rəvan Cavid
Bu növün xarici görünüşü ən qədim insanı xatırladır. Əlləri uzun, beli bükük, beyni tam formalaşmamış, qırıq-qırıq səslər çıxaran, daşdan və taxtadan əmək alətləri düzəldə bilən, su və siqaretlə yaşayan, əsasən, yığıcılıq, alıcılıq, əclaflıq və şərabçılıqla məşğul olan bu növün ən vacib xüsusiyyəti taleyinin qara olmasıdır.
Homo Rəvan Cavid tipi həmişə hər şeyi bildiyinə əmindir. Onunla hansısa mövzu haqqında mübahisə etməyə dəymir. Ulucay kimi onun da daima öz doğruları olur və doğrularını bütün hallarda müdafiə edir. Onun müxtəlif situasiyalarda qəribə refleksləri adamı təəccübləndirir. Bəzən mənasız sakitliyi və rahatlığı insanı əsəbiləşdirir. Həmişə olmasa da, çox vaxt bəxti gətirir. Rəvan 24 ildir necə sağ qalıb baş aça bilmirəm. Bu 24 ildə ən azından 3 dəfə ölməli idi. Rəvan həm də özünün dediyinə görə yaman ayağı bəddir. Hansı işin üstünə getsə, bütün qapılar üzünə bağlanır. Bir dəfə də bunun canlı şahidi olmuşuq.
Mənəvi olaraq da, daima bir boşluqdadırlar. Bu tipin daha vacib bir xüsusiyyəti tam fərqli əxlaq qaydalarının olmasıdır. Ona gülən olmasa, lüt də gəzə bilər. Təxminən, qədim vikinqlərin sülaləsindən gəlir.
Onunla təxminən 3 ay bir yerdə yaşamışıq. Təfərrüatlara girmək istəmirəm, amma o, doğrudan da, qəribə adamdır.
Rəvan yekə bir boşluqdur. Ona nə qədər çox baxsan, o qədər çox boşluğa çevrilirsən.
Rəvanın ən çox işlətdiyi sözlər:
“Eşit gör nə deyirəm”, “Reqular”, “Qaqa, mənə 10 min pul tap da, bu günə lazımdı”, “Tək qalmaq istəyirəm”, “Üşüyürəm”, “ə, yox, dəlisən?! Nə danışırsan?!”, “odu baaaa!
Belə. Kulis əhli budur. Mənim haqqımda da gələn ad günümüzdə kimsə yazar. Ümid edirəm ki, ona qədər hamımız sağlam və xoşbəxt şəkildə bir yerdə olarıq.
Xüsusi təşəkkürlər.
Kulis təkcə bizdən – 6 nəfərdən ibarət deyil. Kulis həm də kənardan yazan müəlliflərdən, daimi Kulis oxucularından və Kulis sevənlərdən ibarətdir. Arxada, sözün əsl mənasında, kulisdə böyük bir komanda var: fotoqraflarımız İlkin və Sabir, Turan xanım başda olmaqla SMM-lərimiz, İT mütəxəssislərimiz, təzəcə özünə saç əkdirmiş Elcanımız və hər fürsətdə bizim boş işlə məşğul olduğumuzu deyən hüquqşünas Şamil Paşayev.
Kulis Azərbaycanda olan ən gözəl hadisələrdən biridir. Baxmayın bizi tənqid etdiklərinə. Hamısı oxuduqları üçün edir. Bizə də nə lazımdır? Oxunmaq, oxunmaq, yenə də oxunmaq. Ölmüş ədəbiyyata və sənətə yeni nəfəs vermək bizim işimizdir. Və biz öz işimizlə fəxr edirik.
Zamin Hacıya dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk. Hər dördüncü gün, səhər saat 9-da Zamin Hacının yazısı çıxır və 10-15 dəqiqəliyinə dünya gözəlləşir. Ən birinci mən oxuyuram, sayta mən qoyuram və ay sonu qonorarını kartına mən atıram. Düzdür, hələ ki heç bir tanışlığımız yoxdur və o mənim bu əziyyətləri çəkdiyimi bilmir. Elə bilirəm ki, platonik olaraq Hacı Zamini sevirəm. Görünməz qəhrəmanı, xüsusi fanatıyam Zamin Hacının. Bir fanatı olaraq hacımızdan xahiş etmək istəyirəm ki, təzə şəkil çəkdirsin. Bütün yazılarını eyni şəkli ilə veririk.
Sevda Sultanovaya da xüsusi təşəkkürlərimiz var. O da ölkəmizin başına gələn ən gözəl hadisələrdən biridir. Sevda xanımın intellektuallıq yolunda çox böyük xidmətləri var. Mən bunu dərk etmişəm.
Nihat Pir, Orxan Həsəni, Vüsal Bağırlı, Orxan Cuvarlı, Fəridə, Mirmehdi Ağaoğlu, Qəşəm müəllimə və adları yaddan çıxan, Kulisdə yazısı dərc olunan bütün müəlliflərə dərin minnətdarlağımızı bildiririk. Siz varsızsa, biz də varıq. Necə deyərlər, biz ədəbiyyatın pərdəarxasında baş verən hadisələrik, siz isə bizi görmədən o hadisələri izləyənlər.