Azərbaycanda falçı yanına gedənlər kimlərdir?

Azərbaycanda falçı yanına gedənlər kimlərdir?
15 aprel 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin falçılar haqqında yazısını təqdim edir.

Gün yeni imkanlar açır. Özünə inamsızlıq və ya sadəcə, qeyri-müəyyən bir narahatlıq səbəbindən bu imkanları əldən buraxsanız, çox peşman olarsınız. Vacib bir addım atmağa qərar verənlər peşman olmazlar. Əldə etdiyiniz uğurları tez-tez yada salın. Bu, gücünüzə olan inamınızı bərpa edəcək.

Qız bürcünün bu günə olan ulduz falı

Əziz xanımlar və cənablar, atalar və oğullar, analar və bacılar, qardaşlar və qardaş olmayanlar, bibilər və əmilər, xalalar və dayılar, yeznələr və qayınlar, baldızlar və yengələr, dayıuşaqları və əminəvələri, xalauşaqları və bibinəvələri, gəlinlər və dullar, subaylar və evlilər, qayınanalar və qayınatalar, qudalar və quda olmayanlar, ərlər və arvadlar, nəvələr və nəticələr, kötükcələr və yetimçələr, boşanmışlar və boşanmamışlar, sürünənlər və məməlilər, bakılılar və şəhərimizin qonaqları.

Yaxın gəlin, bu yazı hamınıza aiddir. Bütün bəşəriyyəti, Mezazoy erasından Kaynazoy erasına kimi bütün insanlıq aləmini əhatə edən, hər kəsi bilavasitə maraqlandıran bir mövzu haqqında danışmaq istəyirəm.

Bildiyiniz kimi ölkəmizdə qeyri-neft sektorunun bütün sahələri inkişafdadır. Bu sahələrdən biri də falçılıq, cadugərlik, baxıcılıq, ekstrasenslikdir.

Əvvəlcə, anlayışları qarışdırmamağınız üçün kiçik izah verməliyəm. “Falçılıq” – gələcəklə bağlı məlumat vermək, “Cadugərlik” – kiməsə cadu edib, göz görə-görə onu bədbəxt etmək, “Baxıcılıq” – insanın özünə qayıdışı və taleyi ilə maraqlanması, “Ekstrasenslik” isə mənasız bir şeydir. Sadəcə varlılar falçıya ekstrasens deyirlər.

Azərbaycanda fal və falçılıq daima gündəmdədir. Heç kim fala inanmasa da, ondan da qalmır. Hər kəs bir falçının yanında bəxt açdırır, bəxt bağlatdırır. (çox qəmli mənzərədir).

Gəlin qruplaşdıraq və görək ki, hansı adamlar hansı məqsədlər üçün və həyatın hansı mərhələsində falçıya müraciət edirlər.

Cavan qızlar (23 yaş və yuxarı) – bu qrupun nümayəndələri, əsasən, ərə getmək, ərə gedənləri boşatdırmaq, ərə gedəndən sonrakı prosedurlar, ər evində qaynananın ağzını bağlatdırmaq, qayınatanın damağına isti su tökdürmək, qonşuları şikəst eləmək, varlı ər tapmaq və sair məqsədlərlə falçıya müraciət edirlər.

Göründüyü kimi bu seqmentin nümayəndələrinin fikirləri-zikirləri ər, ər və yenə də ərdir. Əgər ərə gedə bilmirsənsə, özünü inandırmağa başlayırsan ki, sənə güclü cadu ediblər. Bütün sinif yoldaşların, padruqaların partapart ərə gedərkən, sən sadəcə qıraqdan seyr etməklə məşğul olursansa, mütləq hansısa falçıya görünməli, öz üstündəki cadunu, gözü-nəzəri təmizləməlisən. Yalnız bu yolla ərə, üstəlik, varlı ərə də gedə bilərsən.

Bu cəhətdən, falçıların zəhmətkeş əməyi danılmazdır. Nə yaxşı ki, onlar var və ər atəşi-hicranı ilə yanıb-alışan qadınlara ümid paylayırlar. Əgər ərə gedə bilməyən bu qadınlar bilsələr ki, problem özlərindədir və falçıya getməklə heç nə dəyişməyəcək, əgər bilsələr ki, sadəcə özlərini aldadırlar, əgər dəhşətli həqiqətlə üzləşsələr bizi diri-diri yeyərlər. Ona görə də, falçılar soxulcan kimi işləyir, cəmiyyəti xaosdan qoruyur və münbit şərait yaradırlar. Sağolsunlar.

Orta yaşlı vəzifəli kişilər (35 yaş və yuxarı) – Bu seqmentin nümayəndələri isə əsasən, iş yerlərini itirməmək üçün, vəzifələrini, kreslolarını əldən çıxarmamaq üçün həyatın müxtəlif dövrlərində falçıya gedirlər.

Onlar, əsasən, idarəyə yoxlama gələndə, idarədə hansısa problem olanda, yuxarıdan nəyisə təftiş etmək əmri veriləndə və s. problemlər ucbatından fal açdırırlar. Bu adamların heç kimə bir pisliyi olmur, sadəcə, müfəttişin ağzı bağlansın, rüşvət aldığı adamlar sussun, idarəyə dəyən olmasın, kresloları özlərində qalsın deyə bu işə əl atırlar.

Bir dua olsun, heç kim mənə toxunmasın. Xısın-xısın, bir qıraqdan kəsəyən kimi yeyim, alım, yığım.

Falçılar bu mənada da dövlət səviyyəsində əvəzolunmaz rol oynayırlar. Onlar neçə-neçə idarənin bağlanmasına, işçilərin iş yerlərini itirməməyinə və müdirlərin rahat pul yeyə bilməsinə şərait yaradırlar.

Orta yaşlı ərli, bir neçə uşağı olan qadınlar (30 yaş və yuxarı) – Ən təhlükəli kateqoriya, bu kateqoriyadır. Onlar birməanlı şəkildə kiməsə pislik etmək üçün, kiminsə bəxtini bağlatdırmaq üçün, baldızlarını lal etmək üçün, qayınlarını və qayınarvadlarını kar etmək üçün, küsülü olduqları, kin saxladıqları, zəhlələri gedən kim varsa, onları məhv etmək, həyatdan və yer üzündən silmək üçün falçıya gedirlər.

Onlar bütün cinni-şəyatin aləmi ilə yaxından tanışdırlar. Cadu edəcəkləri adamın cındır paltarından bir cəngə kəsib götürür, üstünə qurd yağı sürtür, soyuducuda iki saat saxlayıb, nanəcövhər və çobanyastığı ilə qarışdırır, üstünə azca istiot və sumax səpir, 15 dəqiqə qızardır və cadu edəcəkləri adamların evlərindən seysmik zona diapazonunda, üstəlik, əncir ağacının altında basdırırlar. Bəli, fantaziyalar hüdudsuzdur. Kim istəsə cadunun gücünü artırmaq üçün başqa inqrediyentlərdən də istifadə edə bilərlər. Misalçün, tük, dırnaq və sair.

Bu kateqoriyaya məxsus adamlar təhlükəlidir. Onlarla gərək yaxşı dolanasan, yoxsa bir də gördün yolda gedəndə bir dənə yekə daş gəldi düşdü başına.

Mən istəyirəm ki, bu yaxınlarda Əli Mirəliyevə güclü bir cadu edim, ən azından, dili-zadı qatdansın.

Müğənnilər və sənət adamları (yaş söhbəti yoxdur) – Bu kateqoriyanın nümayəndələri isə öz sənət karyeralarında addımlamaq, həci tapmaq, yaxşı-yaxşı, sponsor tapmaq, məşhur olmaq, varlanmaq, düşmənlərini puç etmək və sənət yoldaşlarının əlini, ayağını-filan bağlamaq üçün falçıya gedirlər. Sənətdə uğursuz olan adamlar elə bilir ki, üstündə bəd-nəzər, cadu var. Təcili olaraq özünü çek-apa saldırmalı, ümumi olaraq baxdırmalıdır ki, görsün nə göstərir? Heç kim acı həqiqətlə üzləşmək, əzablı doğruları qəbul etmək istəmir. Hamı uğursuz bir iş tutan kimi, elə bilir ki, üstündə bəd-nəzər və cadu var.

Son zamanlar isə məşhurlaşan bir trend var. Deməli, hər şeyin onlayn rejimə keçdiyi ərəfələrdə, falçılıq da dövrlə ayaqlaşmış, internet və texnologiya əsrinə keçid etmişdir. Bu, əlbəttə ki, çox müsbət haldır.

Deməli, “Tik-tok”da müəyyən bir izləyici kütləsinə sahib olan falçı və baxıcılar, öz hesablarından canlı yayım açaraq, canlı yayımda izləyicilərin talelərinə baxır, müxtəlif suallara aydınlıq gətirir, kimin ağzı bağlanmalıdırsa, elə yerindəcə, canlı yayımda birdəfəlik söhbəti həll edirlər.

Misalçün, canlı yayımda bir izləyici adını, soyadını, yaşını və digər vacib məlumatlarını yazır, falçı da kartları-filan düzür və həmin adamın keçmişini, onu gələcəkdə nə gözlədiyini deyir. Adamlar da, həqiqətən də, inanırlar. Falçının bu bilgiləri hardan və necə bildiyinə görə şoka düşürlər, qışqırırlar və sair.

Üstəlik, falçılıq və ya dələduzluq qanunla nə qədər qadağan olunsa da, bu şarlatanları heç cürə yığışdırmaq, yer üzündən silmək olmur. Din də deyir qadağandır, dövlət də deyir qadağandır, tanış-tunuş da deyir boş söhbətdir, amma yenə də baxırsan ki, bir falçının, cadugərin canlı yayımını minlərlə insan izləyir.

Bu ona görədir ki, əvvəla, bizim xalqımız özü haqqında nə varsa başqasından eşidəndə, yalanda olsa, səhv də olsa inanır. Digər tərəfdən işin şirnikləndirici tərəfi də var ki, “görəsən, nə vaxt varlanacam?, nə vaxt məşhur olacam?, nə vaxt başıma nə gələcək?”. Başqa bir tərəfdən isə nə qədər qadağan olunsa da, ekstrasenslər, falçılar bütün gün televiziyalara çağırılır, sosial mediada baxılır və izlənilirlər.

Zarafatı qoyaq bir qırağa. Vəziyyət olduqca dəhşətli hal alıb. İnsanlar ümidsizliyə düçar olublar. Heç kim gələcəkdən xüsusi bir şey gözləmir. Adamların artıq gələcəyin nə gətirdiyini gözləməyə hövsələləri çatmır. Heç kim həyatdan nə istədiyini bilmir. Bütün uğursuzluqları başqalarında axtarırlar. Hamı falçıya, ekstrasensə gedir, sosial şəbəkələrdə çıxan “gələcəkdə filan şey olacaqsan, bir ildən sonra belə olacaqsan, uşağın belə görünəcək” tipli oyunlar oynayır və ümidsizcəsinə öz gələcək həyatına bir ölçü tapmaq, ona uyğun bir paltar tikmək istəyirlər. Xüsusən, fanatik dindarlar və elmdən, kitabdan uzaq düşmüş adamlar bu yollarla gələcəklərini öyrənmək, sevmədiyi adamlara pislik etmək və özləri haqqında geniş məlumata sahib olmaq niyyəti ilə bu əmələ əl atırlar. Həmin cahil və savadsız kütləni falçılar, cadugərlər, ekstrasenslər idarə edir, onların həyatına yön verir, istiqaməntləndirirlər. Acınacaqlı, eyni zamanda, kədərli mənzərədir. Adamın lap ürəyi ağrıyır.

İstəyirsən ki, durub deyəsən, “mən də falçıyam. Gəlin yanıma”. Yanına gələn qızlara deyəsən “bir adam görürəm, adında “T” hərfi var. Bu adam sənin üçün hər şeyi edəcək. Səbirli ol, onun yolunu gözlə”. Qızlar da inana, lap elə ömürlərinin sonuna kimi adında “T” hərfi olan adamı gözləyə.

Yanına gələn adamlara deyəsən ki, “uzaq səfərə çıxacaqsan bu yaxınlarda. Heç nədən qorxma. Bu vaxtlar sənin ən güclü vaxtlarındır. Bir az kitab oxusan, həyatın dəyişəcək. Öz zəhmətinlə hər şeyə qalib gələ bilərsən. Yorulma, bezmə, həyatdan zövq al. Mütləq bu yaxınlarda xoşbəxt olacaqsan”.

Yanına cadu eləməyə gələn qadınlara deyəsən ki, “biz öz seçimlərimizdən ibarətik. Hər seçim bir imtinadır. Ən böyük pisliyi, insan öz-özünə edə bilər. Kiməsə pislik etməklə sən xoşbəxt olmayacaqsan. Kiminsə bədbəxtliyi üzərində öz həyatını inşa etmə. Narahat olmayın, hər kəs bir gün öləcək və ən yaxşısını bilən var...”

# 5466 dəfə oxunub

Müəllifin son yazıları

# # #