Mənim taleyimi “Nəsimi” həll elədi – Rasim Balayevlə görüşdən reportaj

Mənim taleyimi “Nəsimi” həll elədi – Rasim Balayevlə görüşdən reportaj
11 may 2023
# 14:35

Kulis.az Rasim Balayevin 75 illiyinə həsr olunan konsertdən reportajı təqdim edir.

Doğrusu, heç bir reportajımda bu qədər həyəcanlanmamışam. Baxma da, əfsanənin 75 illiyinə gedirəm.

Taksidən düşüb əyin-başımı düzəldirəm. Tələm-tələsik Bakı Musiqi Akademiyasının binasına daxil oluram. Adamlardan birindən Opera studiyasının yerini soruşuram:

– Burdan çıxın, sola dönün, arxa tərəfdədir.

– Oldu. Çox sağ olun.

Külək özünü qucaq istəyən uşaqlar kimi aparır.

Mən yorğun, adamam, Bakı küləyi...

Tez deyilən yerə çatıram. Konsertin təşkilatçısı Zaur bəylə əlaqə saxlayıb içəri daxil oluram.

Pilləkənlə yuxarı çıxıb, içəri girirəm. Bir zamanlar ancaq televizorda gördüyüm konsert salonunda özümə yer axtarmağa başlayıram. Harda otururamsa, yanımdakıların səs-küyündən qaçaraq başqa yerdə yuva qururam.

Nəhayət,özümə bir yer tapıb otururam. Hələ ki, sağım da, solum da boş... Elə təzəcə həvəslənmişdim ki, ortayaşlı bir kişi gəlib sol tərəfimdəki yerdə əyləşir. Bir müddət sonra sağımdakı yerlərdə də 2 qadın əyləşir. Elə oturan kimi fasiləsiz danışmağa başlayırlar. Yenə söhbət Rasim müəllimdən, kinodan, teatrdan olsa, dərd yarı.

Nə isə... Nəhayət ki, kinomuzun qoca çinarı Rasim Balayev gurultulu alqışlarla salona daxil olur. Ayağında problem olduğuna görə oturmaq istədiyini deyir və yenə gurultulu alqışların müşayiəti ilə əyləşir:

– Çox sağ olun. Mən qürur duyuram ki, siz bu qədər işin-gücün arasında mənimlə görüşmək istəmisiniz. Buna görə sizə təşəkkür eləyirəm. Çoxdandır ki, səhnəyə çıxmıram. Qabaqlar təzə filmlər çəkilirdi, premyeralar olurdu, tamaşaçılarla görüşürdük. Elə bil ki, ilk dəfədir səhnəyə çıxıram. Bu da ola bilsin ki, mənim məsuliyyətimdən irəli gəlir. Mən tək çətinlik çəkərəm. Ona görə də Elxan Qasımovu dəvət eləmişəm ki, o, mənə kömək eləsin.

Beləliklə “Şofer Əhməd” alqışlarla səhnəyə daxil olub Rasim Balayevin oturduğu yerə yaxınlaşır. Onunla görüşüb əyləşir.

Söhbət isə eyni sürətlə davam eləyir. İndiki qızlar təmiz abırdan düşüblər. Bəlkə, evlənib 1-2 qarın doğsa, yetişər, amma bu gedişlə çətin...

Elxan bəy aramla mikrofonu əlinə götürüb tamaşaçılarla salamlaşır:

– Axşamınız xeyir olsun, əziz rasimsevərlər. Mən zala nəzər salmışam. Burda əyləşənlərin əksəri ilə tanışam. 1984-cü ildə “Köhnə bərə” filmi çəkildi. Rasim o vaxt maşın sürə bilmirdi. Çətin obrazı oynayırdı. Mən də mənfi rolda idim. Oturdu maşında. Mühərriki işə saldı. Maşın gedir, bu saxlamır. Hamı qışqırdı ki, neynirsən, saxla. Mən Rasimin istedadına bələdəm. O girdi sürücü obrazına, oldu sürücü. Rasim böyük sənətkardır. İlk addımdan bir yerdə olmuşuq. Onun ən kiçik obrazları belə sevildi. Bugünki görüşdə biz çalışacağıq heç yerdə eşidilməyən mövzulardan danışaq.

Sağımdakı dayı balaca telefonu ilə kiməsə nəsə başa salmağa çalışır. Qarşı tərəfdəki də, deyəsən, çox dilbilməzdir. Axırda əsəbləşib bərkdən qışqırır, sonra ətrafına utancaq nəzərlərlə baxıb yenə astadan izah eləməyə başlayır.

Rasim Balayev üzünü gənclərə tutur:

– Bu, çox çətin sənətdir və bura ancaq vurğunluq, məcnunluq lazımdır. Mən başlayana qədər 4-5 il çox əziyyətlər çəkdim. Şəklimi çəkib deyirdilər ki, kinoya düşmür və çəkmirdilər. Təbii ki, “Nəsimi” dən sonra məni çox çağırdılar. İndi mən də gənclərə deyirəm ki, bu sənətdə olmaq üçün gərək sevəsən. Sevmədinsə, uğur qazanmağın çox çətindir. Məndən soruşurlar ki, yaxşı sənətkar olmaq üçün nələr lazımdır? Birincisi, Allah vergisidir. İkincisi, zəhmətkeşlik, öz üzərində işləməkdir. Üçüncüsü də əlahəzrət bəxt. Bunlar üçü birləşəndə ortaya bir şey çıxır. Mən gəncləri başa düşürəm. Məsələn, indi mənim 20 yaşım olsaydı, bəlkə də, aktyor olmazdım. Əvvəllər kinostudiyada mindən çox adam işləyirdi, indi orda 6-7 adam var. Ən sədaqətli işçi də Elxandır. Hamı getdi, o qaldı.

Sonra Elxan Qasımov məlum heykəl əhvalatını danışmaq istəyirdi ki, Rasim Balayev onu artıq bir neçə dəfə danışdığını xatırlatdı, ancaq o, yenə də danışdı.

Qabaq sırada bir qızcığaz mənə baxıb şirin-şirin gülür. Hər dəfə çəhrayı jileti sürüşüb əynindən düşür, anası təzədən geyindirir. Saçının rezinini əli ilə çıxarır, sonra anası yenə də əvvəlki vəziyyətinə qaytarır. Qızın da, deyəsən, çox xoşuna gəlir.

Dayı isə hələ də əlini ağzına tutub utana-utana nəyisə başa salmağa davam eləyir.

Rasim Balayev “Nəsimi” filmindən xatirələrini bölüşür:

– Nəiminin parçalanması səhnəsində Nəsiminin münasibəti nəsrlə yazılmışdı. Sonra rəhmətlik İsa Hüseynov mənə dedi ki, Rasim, bir şeir var, sən onu hazırla, Həsən müəllimə göstərək. Həsən müəllim dedi ki, nə danışırsan? Burda onun müəllimini 4 yerə bölürlər, orda şeir yada düşər? Ancaq sonra o mənim ifamı bəyəndi və o hissə “Ayrılıq” şeiri ilə getdi. İndi mən istəyirəm ki, filmdə getməyən bir qəzəlini deyim Nəsiminin. Çünki o şeiri çox sevirəm.

Beləcə Rasim Balayev Nəsiminin “Olmuşam” rədifli qəzəlini deyir və hər kəsi sehrləyir.

Sonra isə “Sual-cavab” bölməsinə keçirlər. Hər kəs bir-bir mikrofona yaxınlaşıb sualını verir.

İlk sual aktrisa Aygün Fətullayevadan gəlir:

– Bayaqdan sizin obrazlar qalereyanıza baxırıq. Bir-birindən fərqli obrazlar canlandırmısınız. Babək, Nəsimi və s. Bunları bir-birindən ayırmaq üçün aktyor hansı kefiyyətlərə sahib olmalıdır?

– Mən bu sənətə gələndə taleyimi “Nəsimi” həll elədi. O vaxta qədər yoxlayırdılar, amma çəkmirdilər. Mən o yerə gəldim ki, artıq Ağsuya qayıdıb klub müdiri olmağa hazırlaşırdım. Qəfildən belə bir təsadüf oldu. Bu da Allahın işidir. Öyrəndim ki, kinostudiyada aktyor ştatı açırlar. Mən də getdim rəhmətlik Ədil İskəndərovun yanına. Dedim ki, mən də aktyor olmaq istəyirəm. Soruşdu ki, hansı filmə çəkilmisən? Dedim ki, heç birinə. Dedi biz bura Leyla Bədirbəylini, Məlik Dadaşovu, Şahmar Ələkbərovu, Həsən Məmmədovu götürürük. Onlar neçə filmə çəkilib. Sən harda çəkilmisən? Dedim ki, mən çəkilməmişəm, ancaq çəkilmək istəyirəm. Dedi ki, boy-buxunun xoşuma gəlir, amma içində nə var, bilmirəm. Səni işə götürüəm, 1 ildə filmlərdə oynaya bilsən, qalacaqsan, yoxsa mən sənə heç nə deməyəcəm, özün ərizəni yaz, çıx get. O vaxt “3 qərənfil” filmi çəkiləcəkdi. Kinostudiyanın tarixində belə şey olmayıb, yəni film açılsın, büdcə buraxılsın, sonra da bağlansın. Müslüm Maqomayev çəkilməli idi. Məni də təsdiq eləmişdilər. Sevincimin həddi hüdudu yox idi.

Bir də eşitdim ki, bağlandı. Bilirsiniz nə vəziyyətə qaldım? Xəstəxanaya düşdüm ee... Yaxşı ki, sonradan rəhmətlik Rasim İsmayılov “Nəsimi” filminə gəldi. Həsən Seyidbəyli şeir deməyimi televiziyadan görüb bəyənmişdi. Əsas xarici görkəmcə bəyənmişdilər. Bilmirdilər oynaya bilərəm, ya yox. 2 ay məşq elədik, sonra məni təsdiq elədilər. İndi xanımın sualına qayıdım. “Nəsimi” ilə başladım, elə o dəqiqə də “Qatır Məmməd” ə çəkildim. Tamam başqa rol idi.. Mənə çoxlu məktublar gəldi ki, bu boyda Nəsimidən sonra niyə Əzizi oynayırsan? Təkrarlanmamaq üçün müxtəlif rollar oyandım və bəzisinə də nail oldum.

Sonrakı suallar isə o qədər yorucu, tərifə hesablanan idi ki, Rasim Balayev özü də narahat görünür. Hiss olunur ki, bu banallıq onu çox sıxır. Di gəl ki, ta iş-işdən keçib. Bu boyda konsert təşkil olunub. Əminəm ki, iştirakçı olsaydı, çoxdan çıxıb getmişdi.

Hələ bir qadın çıxdı. Sovet dövründə müxtəlif bölgələrlə bağlı çəkilən sənədli televiziya filmlərindəki diktorun səs tonu ilə mənasız bir şeir dedi, Rasim Balayevin xatirinə özünü sıxıb saxladım birtəhər. Hələ deyir ki, bir şeir verim, oxuyun. Sağ olsun, Elxan Qasımov hamını xilas elədi:

– Bu konsertdən 27-si də olacaq. Orda səsləndirər Rasim müəllim.

Mənə həmişə maraqlı olub bu adamlar. Necə olur bu vəziyyətə gəlirlər? Hansı mərhələlərdən keçirlər? Nə yeyib-içirlər?

Bu sualların burulğanında səhnəyə tort gəlir. Hamı ayaq üstə sənətkarı alqışlayır.

Binadan çölə çıxıram. Sarı işıqların müşayiəti ilə gözlərimi ovuşdura-ovuşdura şəhərin unudulmuş küçələrindən biri ilə addımlayıram, Bir çörək mağazasının şüşəsindən əvvəlcə çörəklərə, sonra üzümə baxıb pıçıldayıram:

“Mən əbədiyyət üfüqündə doğan Günəşəm. Günəş qürub edəndə əlbət saralar”.


# 9616 dəfə oxunub

Müəllifin son yazıları

# # #