"Keçmiş ərim deyir ki, təzədən kəbin kəsdirək..." - "Qaraca qız"-ın Xədicəsi ilə müsahibə

"Keçmiş ərim deyir ki, təzədən kəbin kəsdirək..." - "Qaraca qız"-ın Xədicəsi ilə müsahibə
3 oktyabr 2024
# 09:00

Kulis.az Ülvi Bahadırın "Qaraca qız" filminin Xədicəsi Leyli Axundova ilə müsahibəsini təqdim edir.

Leyli xanım, necə bir ailədə doğulmusunuz?

– Mən kinoda öz həyatımı oynamışam. Dövlətli ailədə doğulmuşam. Valideynlərimin on il uşaqları olmayıb. On ildən sonra mən olmuşam.

"Qaraca qız" ta uşaqlıqdan sevərək baxdığımız filmlərdəndir. Sizi bu rola kim dəvət elədi?

– Atam kinoya çəkilməyimə razı deyildi. Birinci sinifdə oxuyurdum. Musiqidən imtahan verdim, sonra apardılar məni gəzməyə. Orada Şamil Mahmudbəyovun köməkçisi Rəşid müəllim yaxınlaşdı bizə, dedi ki, mən bayaqdan sizin dalınızca gəzirəm. Bu uşağı filmə çəkəcəyik, filmdəki bəyin qızı Xədicəyə çox bənzəyir. Atam dedi ki, bu bacarar? Uşaqdı axı. O da dedi ki, bacarar. Mən bayaqdan fikir verirəm ki, necə aydın danışır, söhbət edir. Bizdə qələm yox idi, onda da olmadı. Kibriti yandırdı. Qarası ilə qutunun üstünə yazdı. Sonra itirdilər onu. Onda telestudiya Hökümət evinin yanında idi. Bizə demişdilər ki, telestudiya buradadır, yaxınlaşın. Atam da demişdi ki, biz gedirik Kislovodska. Ancaq Rəssamlar İttifaqının üzvü olduğunu da qeyd eləmişdi. Bunlar birtəhər tapdılar; Axundov İsmət. Axundov da elə çox yayılmamış soyad idi. Bizə Kislovodska teleqram gəldi. Teleqramda yazılırdı ki, artıq çəkilişlər başlayıb. Yarımçıq geri qayıtdıq. Kinostudiyaya gələndə Şamil müəllimlə Arif müəllim məni görən kimi dedilər ki, sən bir şeir de. Sonra ehtiyac olmadı. Bakıda çəkiliş olmamışdı. Biz getdik Çuxuryurda. Bütün çəkilişlər Çuxuryurdda olmuşdu. Ora konsertmeyster gəlmişdi. Çəkiliş yerində şərait yox idi. Qaz da yox idi. Yeməyi ocaqda bişirirdilər. Biz bir ay qaldıq Çuxuryurdda.

Onda neçə yaşınız var idi?

– Yeddi-səkkiz.

Uşaq idiniz. Çətin deyildi?

– Əslində, elə də çətin deyildi. Mən tək uşaq olduğuma görə çox ərköyün idim, bəzən nəsə deyiləndə eləmək istəmirdim. Amma hesab edirəm ki, hər şey yaxşı alındı. Onlar istəyirdilər ki, mən nələrisə təkrar edim. Mənsə eləmək istəmirdim. Deyirdim, qoy əzbərləyim. Onları çox incidirdim.

Məktəbə gedirdiniz?

– Bu, çox çətinlik yaradırdı. Bəzən dərsə gedirdim, dərsdən sonra çəkilişlərə gəlirdik. Gecə saat on ikidə evə gedirdik. Bir uşaq üçün də bu, çox çətin idi. Ümumiyyətlə, aktyor, aktrisa olmaq çox ağırdır.

Çəkiliş zamanı nə kimi çətinliklərlə qarşılaşırdınız?

– Biz Sevillə dərsə gedirdik, orada oynayırdıq. Axırda Qaraca qızın ölüm səhnəsini çəkməyə başlamışdılar. Mənə dedilər ki, Tutu ölüb, bu da onun qəbridir. Məndə isterika başlandı. İki gün nə qədər ağladım. Bütün çəkiliş heyəti mənə baxıb ağlayırdı. Sonra dedim ki, daha sizin kinonuzda çəkilmirəm. Anam demişdi ki, bu, arsızdı, bütün günü gülür. Elə edək bu doğrudan ağlasın. Amma bu mənim üçün böyük travma oldu. Sonra dedilər ki, tez Sevili gətirin, görsün ki, Sevil sağdır.

Bir də ilanlar mənim üçün çox qorxulu idi. Zəhərli deyildilər. Zooparkdan götürmüşdülər. Onlar da qaçdılar. Mən neçə gün qorxudan qızdırmada yatdım. Anama demədilər. Ona dedilər ki, biz epizod çəkirik, siz burada gözləyin. Biri balta saxlayır, biri bel, mənə də deyirlər ki, qorxma, Leyli. Mən də axmaq deyiləm axı. Dedim ki, qorxulu deyilsə, siz əlinizdəkiləri niyə saxlayırsınız? Dedilər ki, yox, yox, qorxulu deyil. Yubkanı açacağıq, onu buraxacağıq, vəssalam. Təbii ki, mən yenə də qorxdum. Şamil müəllim dedi ki, qorxduğun üçün onu ürəkdən eləmədin. Onu sonra yenidən çəkərik. Xəstələndim, qızdırmam qalxdı.

Sevil xanımla əvvəldən görüşmüşdünüz?

– Yox, ilk dəfə çəkiliş meydançasında görüşmüşdük.

Onunla münasibət necə idi?

– Baş rol, əslində, Tutu idi. Filmdə iki Tutu çəkilir. Bir balaca Tutu, bir böyük. Balaca Tutu olan bütün epizodları kəsdilər. Yalnız iki epizod qaldı, vəssəlam. Ona görə mən onlardan çox pul aldım. Onda yeddi yaşlı uşaq üçün 1680 manat çox böyük pul idi.

Amma Sevil xanım müsahibəsində deyib ki, elə bir şey olmayıb.

– Necə olmayıb? İstəyirsiniz, gedin 23 saylı məktəbə. Qaraca qızı oradan seçmişdilər. Nərminə idi adı. Mən onu görən kimi tanıdım. Deyir ki, Leyli xanım, onda mən lap balaca idim, necə yadınızda qalmışam? Ancaq bizdən böyük görsənirdi.

Sevil xanım yalanı çox sevir. Anası onları atmışdı. Onda milis işləyirdi. İki uşağını əmisinin üstünə atıb getmişdi. Amma Sevil xanım məktəbdə başqa şeylər danışırdı. Mən axı bu söhbəti bilirdim. Çox qeyrətli atası var idi. Qadın naxoşladı, öldü, kişi onu özü dəfn elədi.

Nə baş verdi ki, hər şey bu nöqtəyə gəldi? Bir anda münasibət kəskinləşdi?

– Bir dəfə məni pis vəziyyətə qoydu. Verilişə birlikdə çıxmalıydıq. Dedi ki, gələcəm. Mənim yoldaşım prokurorluq işçisi idi, verilişə çıxmağımı istəmirdi. Mən də dedim ki, Sevil də gələcək. Son anda mənə xəbər verdilər ki, Leyli xanım, Sevilə zəng edirik, telefonu söndürüb. Deyirəm, necə yəni söndürüb? Götürüb zəng edirəm, görürəm, həqiqətən, söndürüb. Yoldaşım da eşitdi, dedi, sən də getmirsən. Belə oyun çıxardı, mən də camaatın yanında pis vəziyyətdə qaldım. Sonra dedi ki, mən utanıram bu kinoda çəkildiyimə görə. Bu kinonu, həqiqətən, çox yaxşı çəkiblər. Şamil Mahmudbəyov çox istedadlı rejissordur. Arif Nərimanbəyov da gözəl operatordur. Mən fəxr eləyirəm ki, bu kinoda çəkilmişəm.

O filmdən sonra dəvətlər aldınız?

– Əlbəttə, nə qədər çağırırdılar məni. "Dovjenko", "Mosfilm" kinostudiyalarından, Kiyev, Odessa, Pribaltikadan istəyirdilər ki, məni filmə çəksinlər. Onda Toğrul Nərimanbəyov atama dedi ki, İsmət, gedib danışmışam. Leylini imtahansız qəbul edəcəklər. Atam dedi ki, yox, mənim qızım aktrisa olmayacaq. Sonra peşman oldu, dedi ki, kaş sənə mane olmazdım.

Sizin öz arzunuz olub?

– Məndən Türkiyədə nələr yazıblar. "İzmir gözəli" deyirdilər mənə. Şəkillərimi də çəkmişdilər. Mənim nənəm türk qızı olub, İzmir şəhərindən. Ana tərəfdən ulu nənələrim ayrı millətdən idi. Biri xorvat idi, biri türk. Ana tərəfdən bir tərəfim gürcüdür, bir tərəfim fars. Ona görə də mən azərbaycanlılara oxşamıram.

Bir müsahibənizdə "Nəsimi" filminə dəvət aldığınızı demisiniz.

– Hə. Həyat yoldaşım o filmə də qoymadı, "Nizami"yə də.

Kimdən gəldi təklif?

– Bizim rejissorlardan. Dedilər ki, Leyli xanım, çox istərdik ki, siz də bu filmə çəkiləsiniz.

Hansı rola?

– O qədər zaman keçib ki, indi heç xatırlamıram. Bir oyun çıxardı, dava saldı ki, dedim, yaxşı, heç yerə getmirəm.

Həyat yoldaşınızla necə tanış olub evlənmisiniz?

– Qohumum vardı, o da prokurorluqda işləyirdi. O dedi ki, yaxşı bir oğlan var, istəyirəm, səni onunla tanış edim. Atam ona o qədər qarğış edirdi ki... Anamgil də məni heç kimə vermirdi. Bu pisdir, o pisdir. Dedim, ana, siz gedirsiniz ərə?

Sonra özünüz razılaşıb ailə qurdunuz?

– Buna da anam razı deyildi. Deyirdi ki, mən şamaxılıya, gəncəliyə qız vermərəm. Həyatda hər şey qismətdir.

Demisiniz ki, mən xoşbəxt anayam, ancaq xoşbəxt qadın deyiləm.

– Düzdü, mən xoşbəxt anayam. Mənim çox gözəl qızlarım var. Bir qızımın dörd övladı var. Ona baxanda, maşallah, elə bil gənc qızdır.

Hər halda yoldaşınız sizin filmdə çəkildiyinizi bilirdi.

– Bəli. Ancaq onunla danışmaq olurdu ki? Özümə ancaq iş açardım.

Filmə qayıtmışkən, orada hansısa epizodlar təkrar çəkilib?

– Bəli. Epizodları bəyənməyəndə deyirdilər ki, təkrar çəkək, razılaşırdım. Mənimlə oynayırdılar. Məndəki sırğalar, qolbaqlar hər şey muzeydən gətirilirdi. Şamil müəllimə deyirdim ki, muncuq olmasa, mən çəkilmirəm. Dedi ki, haradansa muncuq tapın, gətirin. Dedi ki, sənin əşyaların hamısı muzeydəndir. Dedim, mən muzeydən nəsə istəmirəm, muncuq istəyirəm. Onları çox incidirdim.

Filmin xeyli hissəsi kəsilib.

– "Liftçi qız" filminə diplom işi olduğuna görə çoxlu pul xərcləndi. Nəticəsi olmadı. Şamil müəllimi başladılar dilə-dişə salmağa, kəsdi kinonu.

Orada əsas hansı səhnələr kəsilmişdi?

– Çox. Atam məni Sevilin yanına aparırdı, o mənə rəqs eləməyi öyrədirdi. Alma, gül dərirdik. O güllərdən çələng hörürdük. Hamısını kəsdilər, heç biri qalmadı.

O heyətdən sonra görüşdükləriniz oldu?

– Premyera olanda görüşürdük hərdənbir. Sevillə də görüşürdük. Çünki bir musiqi məktəbində oxuyurduq.

Bəs Şəfiqə xanımla?

– Hə, onunla da olub. Şəfiqə xanımla görümüşəm. O dəfə Şəfiqə xanım bir tədbirə gəlmişdi, orda görüşmüşdük. Onun da debütü idi.

Özünüz baxa bilirsiniz o filmə?

– Çox baxmışam. Axır vaxtlar baxa bilmirəm. Ağlayıram. Mənə zəng eləyirlər ki, Leyli, səni görürük, sən də baxırsan? Deyirəm, yox.

Özünüzün çəkilmək arzusunda olduğunuz bir film olubmu?

– Doğrusu, bunu heç vaxt fikirləşməmişəm. Amma istəyərdim. Şamil müəllim Sevilə Sofi Loren deyirdi. Onun saçları qıvrım, gözləri qara idi. Mənə də Silvani Pampanini deyirdi. Sofi Loreni görmüşdüm, Silvana Pampanini yox. Deyirdi, o, çox gözəldir. Sonra dedi ki, onun bir şəklini arxivdən tapın, gətirin, göstərim ki, mən onu kimə oxşadıram. Görəndən sonra ürəyim sərinlədi.

İndi film təklifi gəlsə, qəbul edərsiniz?

– Bilmirəm. Bir jurnalist var idi – Ulduzə Qaraqızı. Dedi ki, Xədicə obrazı ilə bağlı film çəkək. O, necə böyüyür, uşaqları, ailəsi... Sponsor tapa bilmədik. Gecəni mənim yanımda qalırdı. O oxuyurdu mən ağlayırdım, mən oxuyurdum, o ağlayırdı. Çox yaxşı ssenari idi. Bizdə bilinmir nə çəkirlər.

Əvvəllər efirə tez-tez çıxırdınız...

– İndi istəmirəm. Çox çağırırlar, getmirəm. Elə verilişlər var, elə mövzular gedir ki... Bir verilişdə iştirak etmişdim. Orada bir qadından danışırdılar. Özünü eyvandan atmışdı. Qayınanası saçını qırxmışdı. Tez-tez "xanım" deyirdilər ona. Dedim, saxlayın verilişi, bu, haranın xanımıdı? O hərəkətləri eləyən xanım ola bilməz. Orada bir tufan başladı...

Hələ biri də var, bütün fırıldaqçı həkimləri çıxarır. İstedadsız həkimləri pul alıb reklam eləyir. Siz istəyirsiniz mən elə verilişlərə çıxım?

Bayaq nəvələrinizdən danışdınız. Heç biri sizə "nənə" demir.

– Yox. "Böyük ana" deyirlər. Rəfiqəm böyük nəvəm Riaddan soruşdu ki, siz Leyliyə niyə "nənə" demirsiniz. Onda anam sağ idi. Anamı göstərib dedi ki, nənə Ləmandır. Biz bir yerdə gəzməyə, restorana gedirik. Birlikdə mahnı oxuyuruq, o, nənə deyil. O bizim böyük anamızdır.

Bir şeyə fikir verdim sizdə. Adətən aktrisalar yaşlandıqca üz-gözlərində dəyişikliklər edirlər. Sizdə sezmədim. Belə əməliyyatlara münasibətiniz necədir?

– Mən eləməmişəm, amma bəzən çox istəyirəm eləyim. Üzə olunanlara yaxşı baxıram, amma bədən şəkilləndirmə əməliyyatlarını sevmirəm. Bu cür əməliyyatlar gözəllik yox, eybəcərlikdir. Ayıbdır, sadəcə. Kim özünü zərif, incə göstərmək istəyirsə, onu alqışlayıram. Kimin burnu pisdir, onu düzəltdirə bilirsə, deməli, buna Allah izn verir.

Sovet dövründə yetərincə cizgi filmi, uşaq filmi var idi. İndi isə...

– Hə, İndi bir dənə də yoxdu. Nikita Mixalkovun bir müsahibəsi var idi. Orada demişdi ki, mən indiki cizgi filmlərinə nə övladlarımı, nə də nəvələrimi baxmağa qoyuram, çünki eybəcər personajlar göstərirlər. Uşaqların zövqünü korlayırlar. Mənim nəvələrim ancaq köhnə cizgi filmlərinə baxırlar.

Burada neçə ildir işləyirsiniz?

– İyirmi dörd il. Hətta fəxri fərman belə almışam.

Səsiniz var?

– Yox, mən oxumuram. Fortepiano müəllimiyəm. Mən həmişə tələbələrə deyirəm ki, musiqi olmasa, oxuya, oynaya bilərsiniz? Ona görə də siz musiqiyə hörmət etməlisiniz. Əvvəllər necə bəstəkarlar var idi. Şubert, Bethoven, Motsart... İndi də Elza...

Amma Elza Seyidcahan yaxşı bəstəkardır.

– Mənim qızım onu tanıyır. Mən nəsə deyəndə, deyir, yox, əslində, elə adam deyil, özünə belə imic yaradıb.

Sizin Azərbaycan kinosunda bəyəndiyiniz uşaq obrazları hansılardır?

– "Ögey ana"da İsmayıl, Cəmilə. Necə gözəl oynayırlar...

Sənət adamlarından ünsiyyətdə olduqlarınız var?

– Mən rəssamlarla ünsiyyət edirəm. Moskvada təhsil almışam. İkinci sənətim rəssamlıqdır.

Yaratdığınız rolu indi xatırlayanda hansı hissləri keçirirsiniz?

– Mən indi sizinlə normal danışıram. Amma filmə hər dəfə baxanda ağlayıram. Onda ata-anam da sağ idi.

Nə vaxt vəfat etdilər?

– Atam 2004-cü ildə, anam da 2015-ci ildə vəfat edib.

Həyat yoldaşınız necə?

– Onunla 2001-ci ildə boşanmışıq. Biz dostluq eləyirik. O, yaxşı ər olmayıb, amma pis ata da olmayıb. Deyir, doqquz noyabrda gedib yenidən kəbin kəsdirək. Deyirəm, hansı tarixi seçirsən, seç, o gün mənə düşmür.

İndi obrazınız Xədicə burada olsaydı, ona nə demək istərdiniz?

– Ona deyərdim, sən çox yaxşı qızsan!

Foto: Rüfət Mustafayev

# 43123 dəfə oxunub

Müəllifin son yazıları

# # #