Güllələnən nazirin qohumu: "Onun meyitini su quyusuna atmışdılar" - Müsahibə

Güllələnən nazirin qohumu:  "Onun meyitini su quyusuna atmışdılar" - Müsahibə
11 iyun 2024
# 09:00

Kulis.az Ülvi Bahadırın "Repressiya" silsiləsindən Azərbaycan SSR-Nin ilk maarif komissarı, repressiya qurbanı Dadaş Bünyadzadənin qardaşı nəvəsi Validə Bünyadzadə ilə müsahibəsini təqdim edir.

- Bilirəm ki, siz tanınmış nəsildən - Bünyadzadələr nəslindənsiniz. Özünüz və mənsub olduğunuz nəsil haqqında məlumatlar verərdiniz.

- Mən - Validə Bünyadzadə 1943-cü il 19 iyul tarixində dünyaya gəlmişəm. Nəvəm Ləman da 50 il sonra 19 iyul tarixində dünyaya gəlib. Atam - Seyfəl Bünyadzadə, anam isə Ruqiyyə Əliyevadır. Anam 1907-ci ilin 6 noyabrında dünyaya gəlib. Atamın təvəllüdü isə, təxmini, 1905-ci ildir. Atam dünyaya gələnə qədər valideynlərinin 3 övladı tələf olub.

Seyfəl Bünyadzadə və Ruqiyyə Bünyadzadə

- Ananızdan fərqli olaraq atanızın doğum gününü demədiniz. Fikrimdən yayınmadı.

- Atamın doğulduğu günü nə biz bilmişik, nə özü, çünki valideynləri o dövrün bir çox valideynləri kimi savadsız olub. Atam 31 dekabrda həbsdən azad edilib və anam da deyib, bu gün olsun sənin ad günün.

- Sizin atanız həm də dahi bəstəkarımız Üzeyir Hacıbəyovun orkestrində klarnet ifa edib.

- Bəli. Babam Adil istəməyib o musiqiçi olsun. Deyib ki, bunlar məni müflis edəcəklər: qardaş inqilabçı, oğul musiqiçi. İstəyib ki, özü kimi atam da ticarətlə məşğul olsun.

Atam 1923-1927-ci illərdə Türk İşçi Fakültəsində təhsil alıb. Həsən bəy Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikov atama burada dərs deyib. Sonra atam Leninqradda veterinarlıq ixtisası üzrə təhsil alıb. Nalçikdə süvari diviziyada veterinar olub. Sovet hökuməti əleyhinə üsyan qalxanda oranın ağsaqqal üsyançıları atama sənəd düzəldib Bakıya yola salıblar. Deyiblər, sənlə nə işimiz? Övladın da var.

Ruqiyyə Bünyadzadə həyat yoldaşı Seyfəl və qaynanası Bəyimxanımla birgə Leninqradda

- Atanız hansı musiqi alətlərində ifa etməyi bacarıb?

- Atam bir çox musiqi alətində ifa etməyi bacarıb. Mən fortepiano sinfinə getmək istəmişəm, atam məni skpripka sinfinə yazdırıb. Çox sevdiyi musiqi alətindən bacım üçün imtina etdiyi vaxt da olub: bacıma ev almaq üçün "Bekkerovskaya" royalını satıb. Skripkanı mənə alan da atam olub. Gözəl muğam oxuyub, klarnet, skripka, akkordeonda ifa edib. Atamın anası Bəyimxanım xanım da belə olub.

- Atanızgil ailədə neçə uşaq olublar?

- Atamın 8 qardaşı - Əmrullah, Rüstəm, Səfər, Səftər, Nicad, Eynulla, Sənan, Sabir və 3 bacısı - Övrəz, Səfiyyə və Tükəzban olub. Atamın anası Bəyimxanım xanım içərişəhərli idi. Bəyimxanım xanımın atası (soyadı Şərifov olmalıdır) Bakıda yaşıl aptek (müalicəvi bitkilərin satıldığı aptek) açan ilk şəxs olub.

- Siz həm də repressiya qurbanı Dadaş Bünyadzadənin qohumusunuz.

- Bəli. Repressiya qurbanı qohumlarım çoxdur: Dadaş Bünyadzadə, Mahmud Bünyadzadə, Əliəşrəf Bünyadzadə, Hənəfi Zeynallı. Bunlar hələ öldürülən qohumlarımdır, N sayda Qazaxıstana sürgün edilən qohumlarım olub. Dadaş Bünyadzadə atamın əmisi olub. Ata babam Adil dövrünün zəngin insanlarından idi və paroxodları, neft buruqları, balıq vətəgələri olub. Əsas qazanc mənbəyi Orta Asiyadan gətirilən qaragül qoyun cinsinin dərisindən papaq hazırlayan emalatxanaları idi. Babamın Fatmayıdakı çarhovuzlarını Sovet vaxtı da görmüşəm. Əmim qızı Təranə bir dəfə o çarhovuzlar tərəfə gedəndə, bir fəhlə maraqlanıb kimlərdən olduğunu və biləndə ki, Bünyadzadələrdəndir, başlayıb babamdan danışmağa. Deyib, mən onun işçisi olmuşam, o, fəhlələrlə birgə balıq tuturdu və s. Babam zəhmətsevər adam olub. Dadaş və qardaşı Cəfər daim öz üzərlərində çalışıblar və təkcə maarif sahəsində deyil, siyasi fəaliyyətlə də məşğul olublar. Cəfər Bünyadzadənin də redaktoru olduğu “Tuti” satirik jurnalı üçün mətbəə avadanlığını babam alıb və həmin satirik jurnalın elanlarında Məşədi Adilin papaqçı dükanının elanına da rast gəlirik. Yeni iqtisadi siyasət dövründə kooperativlər ki təşkil edilib, babam da “ Bakı Xəz-Dəri” Kooperativinin sədri olub və bu kooperativin işçilərinin və rəhbər heyətinin şəkillərinin əks olunduğu bir vinetka hazırda Milli Azərbaycan Tarix Muzeyində saxlanılmaqdadır. Qardaşı Dadaş Bünyadzadə “xalq düşməni” elan edilərək güllələndiyi üçün həmin vinetkada babamın soyadı və adı silinib. Dadaş Bünyadzadə Azərbaycanın ən güclü siyasətçilərindən olub.

Seyfəl Bünyadzadənin bacısı Övrəz xanım və Məşədi Adilin həyat yoldaşı Anaxanım

- Atanız əmisi Dadaş Bünyadzadənin “xalq düşməni” elan edilərək güllələndiyi illəri necə xatırlayırdı?

- Nəinki xatırlamaq, atam əmisinin arxasınca neçə dəfə həbsxanaya gedib, onunla mümkün olduğu qədər danışa bilib. Əmim oğlu Əkrəm danışıb ki, babam qulluqçuları olan rus xanımı qardaşı Dadaş Bünyadzadənin yanına həbxanaya göndərib ki, ona təmiz köynək və s. versin. Dadaş Bünyadzadə də ona gətirilən təmiz köynəyə öz qanından bir az sürtüb. Yəni ki, mənim üçün güllələnmə qaçılmazdır. Rus qulluqçu həmin köynəyi evə gətirib babama göstərəndə babam uşaq kimi hönkür-hönkür ağlayıb.

Ermənilər onu öldürüb neft quyusuna atmışdılar - Baş nazirin qardaşı  haqqında

Cəfər Bünyadzadə

- Sizin atanız Azərbaycan Cümhuriyyəti dövründə dövlət qulluqçusu işləsə də, əmisi kommunist Dadaş Bünyadzadə ilə münasibəti çox yaxşı olub.

- Babam ticarətçi olub, atam da cümhuriyyəti dövründə dövlət qulluqçusu, amma Dadaş Bünyadzadəyə vətənini sevən bir şəxsiyyət kimi rəğbətləri hədsiz olub. Yaşadığım bu qədər il ərzində Dadaş Bünyadzadə haqqında istər oxuduğum kitablarda, istər o dövrləri görən və yaşayan insanların xatirələrini dinləyərkən həmişə müsbət məqamlarla tanış olmuşam. Manaf Süleymanovun xatirələrində Dadaş Bünyadzadə ilk xalq maarif komissarı kimi ali təhsil ocaqlarının açılmasında mühüm əhəmiyyəti olan siyasətçi kimi qeyd olunur və ələlxüsus da vurğulanır ki, rus dilini bilmədiyi üçün uzun illər texniki elmlər üzrə ali təhsil ala bilməyən bir çox azərbaycanlı tələbəni (hətta imtahandan kəsilənləri belə) ali təhsil ocağının tələbəsi etdi ki, təki ədalət bərpa olunsun və texniki elmlər üzrə təhsil alan azərbaycanlı tələbələrin sayı artsın. Maraqlıdır ki, sonradan onun qızının həyat yoldaşı olan Əşrəf Hüseynov Azərbaycanda məktəb yaradan tanınmış riyaziyyatçı, nəvəsi – Dilarə Hüseynova fizika-riyaziyyat elmlər doktoru, nəticəsi – Elçin Sultanov da bilogiya üzrə fəlsəfə doktoru olub. Dadaş Bünyadzadə çox adama yaxşılıq edib və rüşvətdən uzaqlığı ilə də seçilib. Sovet dövründə onun xatirə gecəsi keçirilirdi və arxivdən bir sənəd göstərdilər ki, həmin məktuba görə Dadaş Bünyadzadə dövlət büdcəsinə zərər dəyməsin deyə yalnız pencəyinin dəyişilməsi üçün müraciət edib. Təsəvvür edin ki, indi hər hansı nazir dövlət büdcəsinə zərər dəyməsin deyə təkcə köhnəlmiş pencəyinin dəyişilməsi üçün müraciət göndərir. Mümkündürmü?

Dadaş Bünyadzadə

- Dadaş Bünyadzadənin Azərbaycan xalqı qarşısında etdiyi ən böyük xidmətlər, sizcə, hansılardır və onun fəaliyyəti hazırda araşdırmaçılar tərəfindən yetərincə araşdırılırmı?

- İlk xalq maarif komissarı kimi ali təhsil ocaqlarının açılmasında, bütövlükdə, maarif sahəsində xidmətləri danılmazdır və əlavə edim ki, Dadaş Bünyadzadənin qardaşı oğlu Firudin Bünyadzadə xatirələrində Əşrəf Hüseynovun Əvəz Sadıqın Mingəçevirdən bəhs edən romanını oxuyub şəhərə dərindən bələd olmaq istədiyini və Mingəçevirə gəldiyini qeyd edib. Əvəz Sadığı da burda görür. O da deyir ki, Mingəçevir su elektrik stansiyası sənin qaynatanın ideyasıdır. Qaynatan o vaxt gürcülərə təklif edib ki, indiki Mingəçevir tərəflərə elektrik versinlər, onlar da ki imtina edib. Qaynatan da deyib ki, görərsiz, gələcəkdə siz tərəfləri də elektriklə təmin edən biz oluruq ya yox. Dadaş Bünyadzadənin ideyası olsa da, güllələndiyi üçün bu ideyasının gerçəkləşdiyini görmək ona qismət olmayıb. Mir Cəfər Bağırovun məhkəməsi həyata keçirilərkən məhkəməyə bizim qohumları da dəvət ediblər və məhkəmədə səsləndirilib ki, Dadaş Bünyadzadəyə hədsiz ağır işgəncələr verərək bir sıra dövlət xadimlərinin əleyhinə ifadələr alınsa da, məhkəməsində bütün ifadələrdən imtina edib və bütün ifadələrin işgəncə altında alındığını bildirib. Məhkəmədə bir də qeyd etmişdilər ki, Dadaş Bünyadzadəyə barmaqların kəlbətinlə qırılması, yalın ayaq şüşə qırıntıları üzərində gəzmək və s. ağır işgəncə metodları tətbiq edilsə də, əks-inqilabçı olduğunu qəti surətdə rədd edib və öz al qanı ilə köynəyinə “ Mən kommunist doğulmuşam, kommunist də ölürəm” yazıb. Əqidəsini kimsə sevər, kimsə sevməz, amma əqidəsi üçün gözünü qırpmadan ölümə gedən nə qədər insan var ki? İstər o, istər Ruhulla Axundov və digərləri olduqca cəsur insanlar olub. Ruhulla Axundovun qohumu ilə tanış olmaq mənə qismət olub. Qohumu mənim nəvəmə fortepiano dərsi keçib. İnqilabçıların inqilaba qədər xeyli publisistik məqalələri, bədii əsərləri var. Hansı araşdırılır? Heç biri. Dadaş babanın özünün “Səda” qəzetində inqilabdan əvvələ aid N sayda məqaləsi var. Hazırda onun fəaliyyətini araşdıran yalnız qardaşı Adilin nəticəsi Xəyaldır. Nəslə aid nə qədər məlumat var, qeyd edir və köhnə şəkilləri də bir-bir yığır.

Dadaş Bünyadzadənin qızı Nəsibə xanım və Nəsibə xanımın həyat yoldaşı akademik Əşrəf Hüseynov

- Dadaş Bünyadzadənin repressiya qurbanı olmağı onun qohumlarına nə dərəcədə təsir edib?

- O repressiya qurbanı olanda doğulduğu kənd olan Fatmayıda hər gün onun əleyhinə nitqlər söylənib, kənddə yaşayan qohumları küçədən keçərkən bir-birindən aralı gəzmək, bir-birinə salam verməmək məcburiyyətində qalıb. Dadaş Bünyadzadənin iki oğlu - Nadir və Cahangir internat məktəbinə yerləşdiriliblər və onların sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Həyat yoldaşı, milliyətcə gürcü olan Yelena Bünyadzadə - Dmitriyevna sürgündə olub, sürgündən qayıdandan sonra müalicəsi üçün bir müddət bizim qohumlarda yaşayıb, sonra Gürcüstana gedib. Onun da sonrakı taleyi haqqında məlumatımız yoxdur. Dadaş Bünyadzadənin əmisi oğlu Mahmud Bünyadzadə də güllənib. Mahmud baba “27-lər bəyanatı”nı imzalayanlardan olub. O, 1929-cu il 11 avqustdan 1930-cu il 21 avqusta kimi AK(b)P BK Təşkilat-təlimat şöbəsinin müdiri olub. Məşhur kommunist Əliheydər Qarayev də "27-lər bəyanatı"nı imzalayıb. Bircə kommunist Pleşakov imzalamayıb, lakin o da digər 27 nəfər bəyanatı imzalayan dövlət xadimi kimi güllələnib.

Dadaş Bünyadzadənin böyük qardaşı Əliəşrəf Bünyadzadəni qara maşın gəlib aparıb, bir də qaytarmayıb. Əliəşrəf baba ərəb, fars dillərini mükəmməl bilib, kənddə savadlı şəxsiyyət kimi tanınıb. Atamın əmisi oğlu Adıgözəl mühəndis idi və o da sürgün olunmuşdu. Sürgündən qayıtdıqdan sonra da ona Bakıda işləməyə icazə verməmişdilər və Kəlbəcərdə işləməyə başlamışdı. Dadaş Bünyadzadənin digər qardaşı Məmmədhüseyn Bünyadzadə ailəsi ilə Qazaxıstana sürgün olunub. Məmmədhüseyn babanın nəvəsi Aygün Bünyadzadə tanınmış uşaq yazıçısıdır və “ Beynəlxalq Təbəssüm” ordeninə layiq görülən bütün Şərq dünyasında ilk xanım yazardır. 1968-ci ildə Polşada təsis edilən bu ordenə bu günə qədər Bill Klinton, Marqaret Tetçer, ⅩⅣ Dalay Lama, ⅠⅠ Papa İohann Pavel, Tereza Ana, İsveç kraliçası xanım Silviya, azərbaycanlı aktyor Ələkbər Hüseynov və başqa çoxsaylı ictimai, siyasi və ədəbiyyat xadimləri layiq görülüblər.

Məmmədhüseyn babanın digər nəvəsi Mehman Bünyadzadə 1994-cü ildə Füzulidə şəhid olub. Bakıdakı küçələrdən biri onun adını daşıyır. Məmmədhüseyn babanın qardaşı Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda daşnaklarla döyüşdə şəhid olub. Aygün danışıb ki, babasıgil Qazaxıstanın hansı düşərgəsinə sürgünə göndəriliblərsə, həmin düşərgədən heç bir ailə üzvünü itirmədən qayıda bilən təkcə iki ailə olub: Məmmədhüseyn babagilin ailəsi və Çingiz İldırımın qohumları. Aygün xanımın atası Telman bəyin barmağını da sürgünə göndərildikləri vaqonun qapısı aparıb. Gülmurad Bünyadzadə Azərbaycanın sənayeləşdirilməsi komissiyasında şöbə müdiri idi və repressiya onun da qapısını döyüb. Həyat yoldaşı, övladı ilə birgə Qazaxıstana sürgün olunublar və sürgündən daha sonralar qayıdıblar. Dadaş Bünyadzadə Yelena xanımla ailə qurmazdan əvvəl Zəhra xanımla ailəli olub və bu nikahdan Nəsibə xanım dünyaya gəlib. Baxmayaraq ki, Dadaş Bünyadzadə həbs olunarkən Zəhra xanımla ailəli deyildi, lakin onların övladı Nəsibə xanımı və Nəsibə xanımın həyat yoldaşı Əşrəf Hüseynovu da sürgün etmək istəyiblər. Əşrəf müəllimə deyiblər ki, o, “xalq düşməni” nin qızıdır, ondan boşanmalısan. Əşrəf müəllim boşanmağa razı olmayıb. Bu hərəkət Mir Cəfər Bağırovun xoşuna gəlib və Əşrəf müəllimin həmyerlisi Teymur Quliyev Əşrəf müəllimin NKVD-yə dindirilməyə gələrkən belə öz peşəsi - riyaziyyatla məşğul olmağını Mir Cəfərə göstərərək bu görkəmli alimin və onun ailəsinin sürgün olunmağının qarşısını alıb. Mir Cəfər Bağırovun dövründə dövlət rəhbərliyi üçün şokolad istehsal edən ayrıca şokolad sexi olub. Atamın bacısı Övrəz xanım həmin sexdə naçalnik olub, həmçinin kimyaçı dosent idi. Mir Cəfər Bağırov həmin şokoladlardan nuş edərkən soruşub ki, sexin naçalniki kimdir, şokoladlar yaman dadlı olub. Deyiblər ki, yoldaş Bünyadzadə. O dəqiqə maraqlanıb ki, Dadaş Bünyadzadənin qohumudur? Deyiblər, bəli. Mir Cəfər deyib ki, mən və komandam üçün şokolad istehsal edən sexdə naçalnik Dadaşın nəslinə mənsub adam ola bilməz, zəhərləyə bilər bizi. Sexin direktoru Övrəz bibini yanına çağırıb ki, heç bilmirəm necə edim? Yuxarıdan təlimat veriblər, amma siz də yaxşı işçisiniz və uzun müddətdir burda sex naçalnikisiniz, ən yaxşısı, istefa ərizəsini özünüz yazın. Bibim də istefa ərizəsi yazıb işdən çıxıb. Bibim aspiranturaya daxil olandan sonra kandidat olub. Lenin adına APİ-də dosent kimi dərs deyib. O vaxtlar çətin dövrlər idi, bibim institut tələbələrini mövcud hökumət əleyhinə ayağa da qaldıra bilərdi. Bibim ömrünün sonuna kimi həmin institutda işlədi. Bir də Dadaş babaya bəraət veriləndə qızı Nəsibəyə də pul təklif etmişdilər. Qızı da demişdi ki, o pulla Fatmayıyaya gedən yolu düzəldin. Nəsibə xanım 2 №- li şəhər poliknikasında həkim idi.

- Hənəfi Zeynallı da sizin qohumunuzdur və o da repressiya qurbanı olub.

- Anamın xalası qızı Məhbub Hənəfi Zeynallının baldızı olub. Məhbub xalanın ərini 1937-ci ildə tutublar. Hənəfi Zeynallının oğlu Azər məşhur erməni şahmatçı Harri Kasparovun şahmat müəllimi olub. Mən Hənəfi Zeynallının həm oğlunu, həm də qızını görmüşəm. Ziya Bünyadovun “ Qırmızı terror” kitabından bilirəm ki, ona hədsiz ağır işgəncələr verilib və nəticədə o “nərimanovçular” qrupu, Sovet hökumətinin siyasətinə müxalif təşkilat və onun üzvləri barəsində ifadələr verib. Bir də Frida Şlyomovanın (Ruhulla Axundovun həyat yoldaşı) qəzetdə çap olunmuş xatirələrindən bilirəm ki, Hənəfi Zeynallı ilə Ruhulla Axundov dost olublar.

Sağdan 1-ci Hənəfi Zeynallı

- Atanız, ana babanız necə? Axı atanız Azərbaycan Cümhuriyyətində dövlət qulluqçusu, ana babanız Kərbəlayı Qafar Əliyev də inqilaba qədər Bakının ən iri qızıl taciri olub.

- Atama qarşı təzyiqlər həmişə olub. Bu təzyiqləri mən yox, böyük bacım öz gözləri ilə də görüb. İstər 1937-1938-ci illərdə, istərsə də müharibə vaxtı atamı tez-tez NKVD-yə çağırıblar. Hər dəfə də atam NKVD-yə çağırılanda işdən çıxarılır, sonradan təqsirsiz olduğu sübuta yetirilir və işə bərpa olunurdu. Atam savnarxozun baş veterinarı idi. Adil babamın anama hədiyyə elədiyi sırğanın bir hissəsini ehtiyac üçün satıblar. NKVD-nin rus və tatar əməkdaşları gəlib ki, nə qızıl, cəvahirat varsa, verin. Anam Quranı əlinə alıb bunların yanına gedib, ancaq onlar qorxudan Quranın altından keçməyiblər. Rus deyib ki, deyərsən, mən xaricə heç nə satmamışam, səni azad edərlər. Atam guya xaricə qızıl satışı ilə məşğul imiş. Zairov soyadlı bir tatar olub atam işləyən yerdə, atamın vəzifəsində daim gözü olub. Atam hər dəfə həbs ediləndə Zairov keçirdi atamın yerinə. Zairov atama nə qədər pislik edibsə, atam əksinə, ona ancaq yaxşılıq edib...
Ana babam Kərbəlayı Qafar Əliyev də Fatmayılı olub və ata tərəfim olan Bünyadzadələrlə qohum olub. Qılman İlkinin “Bakı və bakılılar” əsərində də Əliyev qardaşları haqqında var. Bakının ən iri qızıl tacirləri idilər. Hazırda Çingiz Mustafayevin adını daşıyan küçədə Məşədi Əli və Kərbəlayı Qafar Əliyev qardaşları tərəfindən tikdirilmiş çox gözəl bir malikanə var. Həmin malikanə 1909-cu ildə tikilib. Təəssüf ki, Məşədi Əlinin övladları olmayıb. Kərbəlayı Qafarın isə 9 övladı olub ki, həmin övladların nəslindən bu gün də o binanın ikinci mərtəbəsində yaşayanlar var. 1909-cu ildə Məşədi Əli ilə 25 illik əməkdaşlığının şərəfinə Rusiya imperiyasının məşhur zərgərlik şirkətləri ona üzərində təbriklər həkk olunmuş gümüş stela hədiyyə ediblər. 1925-ci ildə qardaşlar ailəni təzyiqlərdən qorumaq üçün evi könüllü olaraq Sovet hökumətinə təhvil veriblər. Daha sonra əmlak müsadirə edilib və bütün qiymətli əşyalar evdən çıxarılıb. Binanın özü isə saxlanılıb və bu gün dövlət tərəfindən qorunur. Babam Kərbəlayı Qafar ilə qardaşı Böyükağanın Azərbaycan kinoteatrının yanında qızıl dükanları olub. Kərbəlayı Qafarın 2 mərtəbəli evi Pervomayskıy küçəsində yerləşib və həmin ev hələ də həmin küçədədir. Qohumlarım hələ də orada yaşayır. Kərbəlayı Qafarın qardaşı malları Fransadan gətirib. Babamı 1937-ci ildən əvvəl tutublar. Qızıl, bağ, ev, nə varsa, Sovet hökumətinə təhvil verib. Mərdəkandakı bağda böyük hovuz vardı, Sovet vaxtı həmin bağ sanatoriya kimi fəaliyyət göstərib. Babam bağdakı quyunun dibində qızıl külçələrini gizlədib. Həmin külçələri NKVD ələ keçirə bilmişdi. Dayım Nüsrət Pedaqoji İnstitutu bitirmişdi o vaxt, Qaxa müəllim işləməyə göndərmişdilər. Həbsxanadan babamın yanında bir molla da olub və sən demə, NKVD əməkdaşı imiş. Babamı şirin dilə salıb qızılların yerini öyrənmək istəyirmiş. Babam sonralar lombardda qiymətləndirici işləyib. Evlərində küp var idi, nənəm yarpağı, badımcanı duza qoyurdu həmin küpdə, küpün dibində də brilyantlar. NKVD-çilərin ağlına, necə olubsa, gəlməyib. Anamın qardaşı İmran da İkinci Dünya müharibəsində şəhid olub. Qəbri Almaniyada olmalıdır.

Bakının ən iri qızıl tacirlərindən Kərbəlayı Qafar Əliyev

- Atanızla ananız necə tanış olublar?

- Qohum idilər. Atamın əvvəl başqa bir qızdan xoşu gəlirmiş, hətta inqilabdan əvvəl teatr tamaşasının bütün biletlərini alıb ki, qızla tək baxa bilsin. Sonra görüb ki, yox, bu qızla münasibətləri alınası deyil. Anamın böyük qardaşı Cabbar atama kimyadan dərs deyib. Atamı özü bilə-bilə evlərinə kitab dalınca göndərib ki, anamla tanış olsun. Anama ilk görüşdən vurulub.
Atam anamı dəhşət çox sevirdi. Babam mühafizəkar adam idi, istəmirdi ki, gəlini küçədə başında şlyapa ilə gəzsin. Bu o dövrdə bir çox azərbaycanlı kişi üçün qəbuledilməz idi. Anam Zeynalabdin Tağıyevin qızlar məktəbində oxuyub, fransız dilini bilib. Atamla anamın böyük sevgisini Bakının mərkəzində yaşayıb bilməyən olmayıb. Atam necə kişilərlə münasibətdə qorxmaz idisə, anamla münasibətdə də bir o qədər həlim olub.

- Ananızın Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbində təhsil aldığını dediniz. Bununla bağlı xatirələrini danışıb heç sizə?

- Anamın bizə danışdıqları Hacı Zeynalabdin Tağıyevlə bağlı çap edilən xatirələr kitabında da öz əksini tapıb. Hey oxumağa həvəsləndirib Hacı onları. Anam Sovet vaxtı ticarət institutunu oxuyub. Vinetkasında institutun direktoru Əli bəy Axundovun (doktor Bəhram bəy Axundovun oğlu), müəllimləri Hacı Kərim Sanılı(Azərbaycan Cümhuriyyəti parlamentində “ Hümmət” partiyası deputatı) və Sədrəddin Vəzirovun (Qambay Vəzirovun qohumu) şəkilləri qaralanıb. Bu isə o deməkdir ki, onlar repressiya qurbanlarıdır və gülləniblər. Atam veterinarlıq yox, Moskvada fizika oxumağa gedəcəkmiş. Yanlışlıq olub, atam yox, onun əvəzinə başqa tələbə dostunu göndəriblər Moskvaya. Atam yanlışlığın düzəldilməsi üçün müraciət etsə də, deyiblər ki, daha dərslər başlayıb, nə etsək, gələn ildən edə bilərik. Atam da fikirləşib ki, 1 il də gözləsəm, qız əldən gedə bilər. Ona görə də sənədlərini Leninqraddakı universitetə veterinarlıq ixtisası üzrə verib. Atamın Rusiyada ali təhsil almağında da anamın diqtəsi rol oynayıb. Anama elçiliyə gələndə anam soruşub ki, sən nəçisən? Atam da deyib ki, sahibkar Məşədi Adilin oğluyam. Tanımayan var bəyəm? Anam da deyib ki, sahibkar atandır. Özün bir peşə sahibi ol, yüksək təhsil al, sonra gələrsən elçiliyə. Anamın bacısı Aliyə Bağırova Sovet vaxtı Azərxalçanın direktoru olub. Anamın balaca bacısının həyat yoldaşı Hənifə Ələsgərov Bakı şəhərinin baş memarı idi. Atamın dəfninə də gəlmişdi. Anamın böyük bacısının kürəkəni Ağarza Qafarov "Tarqovı"nın ticarət işlərinə nəzarət edən milis rəisi idi.

Mərkəzdə Məşədi Adil Bünyadzadə

- Atanızın qardaşı Əmirullah Bünyadzadə veterinarlıq ixtisası üzrə təhsil alsa da, təhlükəsizlik orqanlarında çalışıb.

- Atamın azadlığa çıxmağında qardaşının köməyi olub. Atam deyir, o qədər yorğun idim ki, dindirmələrdən, dindirmə otağındaca yatıb qalmışdım. Yuxumda da görmüşdüm ki, qara köpəklər məni yeyir. Əmirullah Bünyadzadə təqaüdə çıxanda polkovnik rütbəsində idi və Heydər Əliyev təhlükəsizlik orqanında ilk dəfə onun rəhbərlik etdiyi şöbədə fəaliyyətə başlayıb.

Solda Əmirullah Bünyadzadə və sağda onun dostu

- Atanızın əmisi Cəfər Bünyadzadəni daşnaklar qətlə yetirib. Atanız onunla bağlı sizə danışırdımı?

- Heç vaxt bizim evdə gürzə bişməyib. Atamın əmisi Cəfər Bünyadzadə bu yeməyi çox xoşlayırmış və həmişə evlərində bu yemək məhz onun üçün bişirilirmiş. Atam kövrəlirdi ondan danışanda. Cəfər Bünyadzadə “Tuti” satirik jurnalının redaktoru olub, bir çox mətbu orqanda publisistik məqalələri, bədii əsərləri çap edilib. Uşaqlar üçün ilk nəğmələr kitabının müəllifidir. AMEA Ədəbiyyat İnstitutunda işləyən görkəmli alim Rauf Sadıxov ilk dəfə onun yaradıcılığı haqqında tədqiqat aparıb. AMEA Ədəbiyyat İnstitutu Cəfər Bünyadzadənin yazdığı və nəşr etdirdiyi əsərlərin yer aldığı “İgid oğul və ya yaxud Vətən məhəbbəti” kitabını nəşr etdirib. Cəfər Bünyadzadənin qardaşı nəvəsi Səadət Bünyadzadə də “Tuti” satirik jurnalı haqqında məqalələr yazıb. Hazırda onun yaradıcılığının tədqiqinə maraq var. Daşnaklar 1918-ci ilin avqustunda Bakının mərkəzinə hücum edəndə ana babam və ata babam ailələrini götürüb Fatmayı bağlarına qaçıblar. Atam da əmisi Cəfərə deyib ki, sən də bizlə gəl. Əmisi isə deyib ki, daşnak kimdir ki, ondan qorxam? Cəfər və yoldaşları camaatı daşnaklardan xilas edib Fatmayı bağlarına gətirirmişlər. Yolda daşnaklar Cəfərin də, yoldaşlarının da başını kəsib su quyusuna atıblar. Babam onun meyitini quyudan çıxarıb. Meyit o qədər tanınmaz halda olub ki, Cəfərin hamilə həyat yoldaşı üçün aldığı limondan və evlərinin açarından tanıyıblar ki, bu, Cəfərdir. Cəfərin həyat yoldaşı Ümsəlmə xanımın taleyi hələ bundan sonra da faciələrlə dolu olub. Qızı Tuti kiçik yaşında dünyasını dəyişib, qardaşı Mahmud Bünyadzadə də güllələnib.

Kərbəlayı Qafarın qızı, Azərxalça direktoru Aliyə Bağırova

- Atanızın Maksim Qorki ilə birgə şəkli var.

- Atam Maksim Qorkinin Bakıda iştirak etdiyi tədbirlərin təşkilatçısı olub. Şəkildə Maksim Qorkidən kənarda dayanıb. O şəkli bizdən Partiya Tarix İnstitutunda işləyən bir tarixçi gəlib götürmüşdü, 1968-ci ilin martında ya “ Bakinski raboçi”, ya da “Vışka”da həmin şəkil dərc edilmişdi. Guya qaytaracaqdı, ancaq qaytarmadı.

- Seyfəl Bünyadzadə bir ata kimi necə olub?

- Məni bir dəfə məktəbdə rus oğlan vurmuşdu. Atam getdi məktəbə. Öyrəndi ki, oğlanın atası müharibədə həlak olub. Oğlana heç nə demədi. Mənə dedi ki, atası vətən üçün həlak olan uşağa hamı qayğı göstərməlidir. Ürəyi belə mərhəmətli idi. Bir də yadıma düşür ki, Stalin dünyasını dəyişmişdi. Məktəbli qız idim. Ağlayırdım “xalqlar atası”nın ölümünə. Atam dedi ki, siz azadlıq nə olduğunu bilmirsiniz.

# 12302 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #