Mollalıq eləyən jurnalistlərimiz

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

23 mart 2023
# 14:40

Əvvəla onu demək istəyirəm ki, Azərbaycanda baş verən heç nə məni təəccübləndirə bilməz. Söhbət pis mənada təəccüblənməkdən gedir.

Yəni pis nəsə baş versin, təəccüblənmərəm, fikirləşərəm ki, bura Azərbaycandır, daha da pisi ola bilər. Yenə hansısa yaxşı hadisəyə təəccüblənə bilərəm, pis şeyə yox.

Dünən Oqtay Əliyev yol qəzasında həyatını itirdi. Allah rəhmət eləsin. Çox pozitiv, xoş aurası olan adam idi.

Həyatdı da. Neynəmək olar? Hansımız ölümdən yaxamızı qurtara biləcəyik?

Məni çox qıcıqlandıran, hətta əsəbiləşdirən isə başqa bir şey oldu.

Birinci...

Hadisə yerindən, qəzadan çox narahatedici şəkillər çəkilib paylaşıldı. Mərhumun cəsədinin olduğu şəkilləri deyirəm.

Özü də bunu təkcə sosial şəbəkələrdə mediadan, mətbuatdan kənar adamlar edə, deyərsən ki, cəhənnəm, media etikasından xəbərdar deyillər, nə olar, nə olmaz bilmirlər.

Halbuki belə primitiv şeyləri bilmək, anlamaq üçün jurnalist olmağa ehtiyac da yoxdur. O şəkli çəkən, paylaşan adamın sadəcə özünə bir sual verməyi kifayətdir:

"Mən öz doğmamın cəsədinin şəklinin çəkilib paylaşılmasını istəyərdimmi?"

Hansı normal insan bu suala "istəyərdim" cavabını verər?

Heç kim!

Bəs niyə özünə rəva bilmədiyi şeyi başqasına rəva bilir bu adamlar?

Adam necə bu qədər rahatca belə tərbiyəsizlik, belə hörmətsizlik, belə mədəniyyətsizlik edə bilər?

Sonra mən bu adamların debil olduğunu deyəndə, boğazımdan yapışırsınız ki, camaatı təhqir eləmə!

Təhqir etmirəm. Sadəcə adları ilə çağırıram.

Debildilər də. Debil necə olur ki?

İlahi, necə vəhşidir bu adamlar!

Necə maraqlıdırlar ölü, cənazə, meyit şəkli paylaşmağa!

Özünə çöldə hansısa jurnalist sorğu üçün mikrafon uzadanda "Çəkmə! Çəkmə!" deyib üzünü tutur, qaçır, amma camaatın ölüsünün şəklini çəkib paylaşır.

Nə üçün? Layk üçün?

Bəli. Layk üçün, reytinq üçün, İP üçün, baxış üçün.

Bu cahil, ağzıqara adamları bildim. Jurnalistlərə nolub?

Saytlar manşetdən verir şəkilləri, videoları.

Necə iyrəncdilər, İlahi!

Kaş özləri də fərqində olalar bunun.

Hələ televiziya kanalları!

Biabırçılıq!

Dəfndə olanlar deyir ki, jurnalistlər məsciddə ölünün yuyulduğu otağa da girməyə çalışırlarmış.

Vallah, dəhşətdir!

Tutasan yaxasından, deyəsən ki, ay adam, ay bacım, ay qardaşım, sənin nə işin var ölünün yuyulduğu otaqda?!

Nə çəkəcəksən orda?! Nə çəkəcəksən də?!

Ay debil, nə işin var sənin orda?! Denən!

Sən jurnalistsən, yoxsa mürdəşir?!

Mollalıq eləyəcəksən, bəlkə?!

Cavab ver! Elə indicə cavab ver!

Televiziya kanallarımızdan birində süjet gedir. Mərhum necə basdırılır, üstünə necə torpaq atılır, "İxlas" surəsi necə oxunur. Ağlaşma, ağı demək. Hamısını çəkib göstərirlər.

Dəlisiniz siz? Başınız gedib?

Sən o boyda TV-sən e.

Bunları niyə çəkib göstərirsən?

Yox e, xətrinizə dəyməsin. Dəyirsə də, cəhənnəmə.

Mənə izah edin ki, bunu niyə çəkib camaata göstərirsiniz?

Manyaksınız siz? Əqli çatışmazlığınız var, ya ruhi sağlamlığınıza nəsə olub?

Sizə heç nə olmayıbsa da, onu bilirəm ki, mənim və milyonların psixologiyasını pozmağı bacarmısınız.

Hamı adamyeyənə dönüb.

Adamlar ölü, cinayət, qəza, cəsəd, qan, faciə, göz yaşı, qəbir, ağlaşma görmədən dayana bilmirlər.

Bir şey olan kimi ən faciəvi şəkilləri, ən dəhşətli kadrları tapıb baxmaq, paylaşmaq istəyir adamlar.

Ayıbdır. Vallah, ayıbdır. Billah, ayıbdır.

And da içirəm. Başqa sizi necə inandırım ki, ayıbdır, tərbiyəsizlikdir, mədəniyyətsizlikdir bu?

Eləməyin belə.

Adını belə bilmədiyimiz hansısa saytların, heç orta təhsili də olmayan "jurnalistlərin", əlində telefon olan ağzıqara adamların etdiyini qoydum bir qırağa, bəs tekanallar niyə jurnalistlərinin mollalıq eləməyinə göz yumur?

# 2987 dəfə oxunub

Müəllifin son yazıları

# # #