Gözlənilməyən bir qətlin tarixçəsi - Ulucay Akifdən yeni hekayə

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

12 sentyabr 2023
# 10:55

Kulis.az Ulucay Akifin "Gözlənilməyən bir qətlin tarixçəsi" adlı yeni hekayəsini təqdim edir.

– Bəlkə, kəndə gedəsən? – qazın üstündəki qazanı qırağa çəkib asta səslə dedi.

– Nədi? – Süleyman arvadının nə dediyini eşitsə də, təkrar soruşdu.

– Deyirəm, bəlkə, rayona gedəsən? Bir ay kənddə qal, həm dincəl, həm də bu söz-söhbət qurtarsın, sonra qayıt gəl, bu dəfə daha ürkək səslə dedi.

– Boş-boş danışma! Mən yazıq neynəmişəm ki, camaatdan gizlənim?! – əsəbiləşsə də, arvadının bu məsələdə günahsız olduğunu başa düşüb tez də yumşaldı, – Yeməyi gətir, düzələcək, narahat olma sən.

Otuz il idi ki evliydilər. Sevib evlənmişdilər.

Süleyman onu məktəb vaxtı sevmişdi. Xuramanın da sevməyi çox vaxt almamışdı. Süleyman dörd il məktəbdən evə ötürmüşdü onu; xəlvətcə əlindən də tutmuşdu, bir dəfə öpmüşdü də.

Xuraman yeməyi çəkib əyləşdi. Cındırı çıxmış əski ilə əllərini silə-silə ərinə baxdı.

Süleyman arvadının əsəbi olduğunu ya halına acıdığını tuta bilmədi. Başını aşağı salıb yeməyini qaşıqladı.

***

Eləcə eşələndi, o tərəfə çevrildi, bu tərəfə çevrildi. Gözünə yuxu getmədi. Xuramanın təklifi ağlına batmışdı. Ən yaxşısı bu məsələlər səngiyənə kimi gözə görünməmək idi. Həm də neçə ildir düz-əməlli istirahət eləmirdi.

Dikəlib arvadını oyatdı:

– Xuraman, mən gedirəm.

Xuraman yaxşı bilirdi ki, əri onun təklifiylə razılaşacaq.

O da yatmamışdı. Səsi yuxulu deyildi:

– Pal-paltarını yığmışam. Şkafdadı çamadanın. Hər şey qoymuşam. Qalxım yolluq da qoyum, yolda acarsan.

Xuraman onun üçün yolluq hazırlayırdı, Süleyman siqaret çəkə-çəkə Əhmədlinin boz binalarına, şəhərin adda-budda işıqlarını əks etdirən dənizə, kələ-kötür yollara, şütüyən maşınlara baxırdı.

Bəzi evlərin işıqları yanırdı, bəzilərinin yox. Yoldan tək-tük maşınlar ötüb keçirdi. Hələ səhərə çox var idi. Süleyman səhər açılmamış kəndə çatmaq istəyirdi.

– Avtobusla gedəcəksən?

– Yox, nə avtobus? Taksi demişəm, gələcək bir azdan.

– Taksi niyə deyirdin? Çox baha aparacaq.

– Cəhənnəmə baha aparsın! Camaat avtobusda da məni görüb lağ eləsin? – son qullabını alıb siqaretin kötüyünü divarda əzdi, çırtma ilə ən uzağa atmağa çalışdı. Siqaret yerə düşəndən sonra xaxırıb bəlğəmini də bütün gücüylə Bakıya tüpürdü. – Di ver nə hazırlamısansa, rədd olum gedim, görək başımıza nə gəlir.

– Yaxşı olacaq. Ürəyini sıxma! Uzağı bir aya hamının yadından çıxacaq, – Xuraman hazırladığı yolluğu Süleymana verdi.

Süleyman qapıdan çıxanda arvadını qucaqladı. Əslində, eləcə yanağından öpmək istəmişdi, amma bir də gördü ki, Xuramanı bərk-bərk köksünə sıxıb dodaqlarından öpür. Xuraman da özünü itirdi. Axırıncı dəfə nə vaxt öpüşdüklərini ikisi də unutmuşdu.

Öpüş uzandı... Bir də onda fərqinə vardı ki, əlləri arvadının yumşaq, yumru ombasındadır.

Bir az da sıxmalayıb əllərini çəkdi:

– Yaxşı, yaxşı, bəsdi bu qədər, müharibəyə getmirəm. Bir aya gələcəm inşallah, – gülə-gülə dedi.

– Bilirəm, bilirəm... – Xuraman nəfəsini dərə-dərə dedi, – İnşallah! Salamat get. Yaxşı olacaq.

Süleyman taksiyə minəndə artıq başında yekə, boz şlyapa, gözündə qara şüşəli iri eynək var idi. Sürücüylə elə salamlaşdı ki, əvvəldən arada pərdə yaransın, boşboğazlığıyla yolboyu onu narahat etməsin.

***

Sürücü xəbərlər buraxılışının başladığını eşidən kimi radionun səsini artırıb, başını azca sağa əydi.

“Bu gün Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri Azərbaycanın müzəffər ordusu tərəfindən düşməndən azad edilib! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

– Ay Allah, sənə şükür! Şükür! Şükür! Gözün aydın sənin də, qardaş! Hamımızın gözü aydın! – sürücü arxaya çevrildi.

Süleymanın sevinmədiyini görüb duruxdu. İstədi bayaqdan ağzını açmayan, şlyapa və eynək altında gizlənmiş müştərini söysün, amma özünü saxladı.

– Həəə. Gözümüz aydın. Bunu səhərdən demişdilər, bilirdim, – Süleyman dilləndi ki, sürücü də toxtasın.

– Mən özüm Zəngilandanam. Zəngilanı da alsaydılar... Bütün günü o xəbəri gözləyirəm. Qorxuram, Zəngilanı qaytarmamış müharibə dayana, – əlli yaşlarında arıq, çəlimsiz sürücü güzgüdən arxa oturacaqda büzüşmüş Süleymana baxıb dedi.

– Bir-iki günə Zəngilanı da alarlar. Narahat olma, – pəncərədən çölə boylanan Süleyman dedi.

– Ay qardaş, səhərdən sənə baxıram, mənim ürəyim sıxılır. Sən Allah o başındakını, gözündəkini çıxar rahat otur da. Özünə niyə zülüm verirsən?! ­– sürücü cəsarətlənib bayaqdan demək istədiklərini dilə gətirdi.

– Mənə belə rahatdı. Sən yolunu sür, tez çataq, – Süleymanın bu sözlərindən sonra pərt olmuş sürücü susdu.

***

İki-üç saat sonra Süleyman pəncərənin taqqıltısına oyandı.

– Kürdəmirdəyik. Düş bir tikə çörək yeyək, çay içək, – incik sürücü dedi.

– Çox sağ ol. Ac deyiləm. Sənə nuş olsun, rahat yeməyini ye.

Sürücü gedəndən sonra maşından düşdü. Hələ gecə idi. Hesabladı ki, kəndə səhər tezdən çatacaq. Sürücü yaxşı sürmüşdü.

Fürsətkən bir siqaret yandırıb, kafedən aralıdakı tualetə tərəf addımladı.

Tualetin qapısının qırıq yerindən səmaya baxırdı. Kafedə oturan adamların, qab-qaşığın səsi eşidilirdi. Təkəmseyrək it hürüşlərini cırcıramalar fasiləsiz, eyni ritmlə müşayiət edirdi. Göydə bir ulduz da yox idi. Ay buludların arxasından bir neçə saniyəlik üzə çıxır, sonra yenə yox olurdu.

Kafedən gələn mahnı səsinə diksindi.

Kafedəkilər gülüşürdülər, deyəsən, rəqs eləyirdilər. Əl çalırdılar.

İşini qurtarıb tez ayağa qalxdı. Çöldə əl-üzünü yuyanda, sürücü qəfil yanında peyda oldu:

– Oooo, müəlliiim! Burdasan? Mən də bayaqdan səni axtarıram!

Süleyman əlüzyuyandan başını qaldırmadan tez eynəyini və şlyapasını taxıb çevrildi. Heç nə demədi. Kefikök sürücü artıq onun tərsliyinə öyrəşmişdi:

– Bir dənə mən də tualetə dəyim, gedək, müəllim. Çox yubanmayaq. Nə deyib atalar? Yolçu yolda gərək.

Süleyman maşına tərəf gedib yenə siqaret yandırdı. Sürücü gələn kimi yola çıxdılar.

Bu dəfə tez yuxuya getdi. Gözünü açanda gördüyü yerlər ona çox doğma idi. Rayonlarına çatmışdı. Dan yeri ağarmağa başlamışdı. Üzündə təbəssüm yarandı.

Geniş əkin sahələrinə baxdıqca ürəyi də sinəsində böyüyürdü. Uzaqdakı nəhəng dağlar kölgə kimi qaralırdı. Əkin sahələrinin üstündən uçan bütün quşları tanıyırdı: Bu şanapipikdir, bu sağsağandır, bu sarıköynəkdir...

Sahədəki atlardan gözlərini çəkmir, bir tərəfdən də sahiblərini axtarırdı. Əlində uzun çubuqla sahədə gəzişən şux qamətli kimisə görəndə, bilirdi ki, atın sahibidir, rahatlayırdı.

Maşın sürətlənmişdi, yol qırağındakı adamları, heyvanları 25-ci kadr kimi görürdü. Elə bil zamanda səyahət edirdi. Adamlar bir anın içində görünüb qəfil gözdən itirdilər.

Ağaclar isə daha gec yoxa çıxırdılar. Süleymana elə gəlirdi ki, ağaclar da harasa gedir. O kəndə qayıdırdı, ağaclar isə kənddən baş götürüb qaçırdılar.

***

Kəndə az qalmışdı. Gözləri dolmuşdu. Ağlamamaq üçün özünü güclə saxlayırdı. Sürücü də bunun fərqinə varıb sürəti azaltmışdı ki, bu eynəkli, şlyapalı tərs adam ətrafa doyunca baxa bilsin. Süleymanın düz otuz il idi ki, buralara ayağı dəymirdi...

Elə bil dünən idi, iyirmi yaşındaydı. Əsgərlikdən təzə gəlmişdi. Xuramanı sevirdi. Xuraman da onu sevirdi. Sübh tezdən kəndin çıxışındakı qəbiristanlıqda görüşüb Bakıya qaçacaqlar. Elə bil dünən idi...

Xuramanın atası Bəylər kişi demişdi ki, iki dünya bir ola, Hikmətin oğluna qız verməz.

Kəndin ən hörmətli kişilərindən idi Bəylər kişi. Mal-mülkünün sayı-hesabı bilinmirdi. Üç oğlu, bir qızı var idi. Evin ilkbeşiyi idi Xuraman. Oğullarından da çox istəyirdi qızını. Amma Hikmətin oğluna qız verməməyinin səbəbi başqaydı.

Süleymanın atası Hikmət kişi də elə-belə adam deyildi, kənd sovetinin sədri idi. Bütün kənd onun sözünə tabe idi. Onun icazəsi olmadan heç kim daş üstünə daş qoya bilməzdi. Hamı onun yanına xahişə gəlirdi.

Vəzifəyə gələndən sonra lap əzazilləşmişdi. Bir vaxtlar Bəylər kişi ilə möhkəm dost idilər. Uşaqlıqdan bir yerdə böyümüşdülər. Sonra nə oldu, nə olmadı, heç kənd camaatı da bilmədi, bir gecənin içindəcə qanlı-bıçaqlı oldular. Görəndə bir-birlərinə salam da vermədilər.

Hikmət kişi də Süleymana demişdi ki, Bəylərin qızını alsa, ona haqqını halal eləməyəcək, çıxaracaq oğulluqdan.

Ancaq Süleyman atasına qulaq asmadı. Çox sevirdi Xuramanı. Xuraman da onu çox sevirdi. Qoşulub qaçdılar Bakıya.

Bir saatın içində bütün kəndə yayıldı xəbər. Bəylər kişi Hikmətin qapısına gəldi. Kənd camaatı da tamaşaya yığışmışdı. Söyüşdülər, əlbəyaxa oldular, axır taqətdən düşüb aralandılar.

Heç on gün olmamış Hikmət kişi insult keçirdi, yatağa düşdü. Anası günlərlə Süleymana zəng vurdu, nə qədər and-aman elədi ki, atası ölüm ayağındadır, bu gün-sabah öləcək, gəlsin, halallıq istəsin. Süleyman inanmadı. Elə bildi aldadırlar onu, Xuramandan ayırmaq üçün belə deyirlər. Getmədi kəndə.

Atasının ölüm xəbəri gələndən sonra bildi ki, yalan deyilmiş. Bilmədi neynəsin. Gecə birbaşa atasının qəbrinə getdi. Hönkür-hönkür ağladı atasını. Sakitləşdi. Sonra yenə ağladı. Ta ki gözündə yaş qalmadı.

Gizlincə evə getdi ordan. Anası başına qara yaylıq atıb təsbeh çevirirdi həyətdə. Oğlunu görüb hönkürdü o da. Süleymanın ürəyi bircə ona rahatladı ki, anası onu heç nədə günahlandırmadı. Dedi, Allahın qisməti beləymiş: “siz Bakıda Xuramanla bir-birinizdən muğayat olun, heç bura gəlməyin, mən hərdən gələcəm sizin yanınıza”.

O cür də elədi Süleyman. Bir də kəndə qayıtmadı. Düz otuz il. Düz otuz il bir-birindən muğayat oldu Bakıda iyirmi yaşlı Süleymanla on səkkiz yaşlı Xuraman. İş tapdılar, işlədilər. Kirayələrdə qaldılar.

Uşaqları olmadı. Bütün pulları həkimlərə, dərmanlara getdi. Türkiyəyə, İrana getdilər şəfa tapmaq üçün. İsraildən Bakıya gələn yəhudi həkim son ümidləri idi. O da kömək olmadı.

Süleymanın anası girdi işin içinə. Falçılara, baxıcılara, pirlərə, ziyarətgahlara apardı gəlinini. Hər dəfə bir molla yanına getdi, dua yazdırdı, dedilər, əməl eləyiblər gəlininə, əməl eləyənin əli qurusun.

İyirmi il sonra oldu uşaqları. Hikmət qoydular adını.

***

Taksi kəndin girişinə təzəcə çatmışdı, Süleyman sürücüyə dedi ki, qəbiristanlıqda saxlasın. Sürücü “baş üstə” - deyib maşını saxladı.

Səhər açılmışdı. Süleyman maşından düşüb qəbiristanlığa baxdı. Qəbiristanlıq xeyli böyümüşdü. Qonşu kəndə çatırdı artıq.

Atasının məzarını axtara-axtara qəbiristanlıqda gəzməyə başladı. Hələ üstü götürülməmiş qəbirlər var idi, üstündə hərbi formada cavan oğlan şəkilləri, bayraqlar. Kəndin şəhidləri. Hamısının qarşısında dayanıb şəkillərinə, məsum üzlərinə baxdı, adlarını, təvəllüdlərini oxudu.

19 yaş, 18 yaş, 20 yaş, 21 yaş...

O da əsgərlikdən qayıdıb Xuramanı qaçıranda bu yaşda idi. Elə bu qəbiristanlığın yanında görüşüb qaçmışdılar.

Düşünə-düşünə atasının qəbrinə çatdı. Özünü saxlaya bilmədi, yenə hönkür-hönkür ağladı. Bilirdi ki, atası ona görə ölüb, amma daha çox atası ilə halallaşmağa gəlmədiyi üçün peşman idi, özünü bağışlaya bilmirdi.

Sürücünün də siqaret çəkə-çəkə ona baxdığını görüb, özünü ələ aldı. Gödəkcəsini çıxarıb atasının başdaşının tozunu sildi, şəklini sığallayıb öpdü, sonra qəbrin yanında bitmiş kol-kosları da yolub maşına tələsdi.

– Bu yolnan sür elə. Hələ gedəcəksən, var bir az.

– Atan idi, müəllim?

– Hə. Atam idi...

Süleyman çox yorulmuşdu. Həm də hiss eləyirdi ki, kəndə qayıtdığı üçün narahatdır. Bakıdan niyə qaçdığını unutmuşdu. İndi o problem eyninə də deyildi. Elə bil bu kənddən qıraqda heç həyatı olmamışdı. Bakıda yaşadığı otuz il elə bu kəndin həndəvərində fırlanmaq kimi bir şey idi onun üçün. Kəndə haqq-hesab çəkmək üçün qayıtmışdı...

– Allah rəhmət eləsin! Mənim də atam mən uşaq olanda ölmüşdü...

– Allah rəhmət eləsin! Qabaqdan sağa dönəcəksən, – Süleyman sürücünün təzə söhbətə başlamaq istədiyini hiss edib tez qarşısını aldı, – Sağa dönüb axıra kimi düz get. O çayı görürsən? Körpünü keçib yoxuşu qalxacaqsan. Ode, təpənin başındakı evdi.

Hava tamam aydınlanmışdı. Küçədəki tək-tük adamlar təəccüblə maşına baxırdılar. Maşın gözdən itənə kimi baxışlarını çəkmirdilər.

Süleyman şlyapasını bir az da üzünə endirmişdi.

– Düz o göy darvazanın ağzında saxla! Hə, hə, burda saxla! Saxla! – yolboyu sakit danışan Süleyman həyəcanla dedi.

Sürücünün pulunu artıqlaması ilə verdi, çamadanını götürüb maşından düşdü. Heç yol yoldaşı ilə sağollaşmaq ağlına da gəlmədi.

Darvazanı çiyni ilə itələyib tez içəri girdi. Darvazaları həmişə açıq olurdu.

***

Həyətə girən kimi anasını gördü. Anası ətəyinə dən doldurub toyuq-cücəni yemləyirdi. Əvvəl tanımadı, qorxdu, sonra şlyapalı, eynəkli adamın oğlu olduğunu bilib ətəyindəki dənin hamısını yerə tökdü, yüyürdü onun üstünə, qucaqlayıb bağrına basdı, öpdü, qoxladı.

Süleyman da boynunu büküb eləcə dayandı. İçəri keçdilər. Ordan-burdan hal-əhval tutdular. Anası söhbət edə-edə süfrə açdı oğluna. Çayı dəmləmişdi artıq. Pendiri, çörəyi, şoru, qaymağı, balı stola düzdü.

Anası çayı da gətirəndən sonra oturdu. Gözlədi ki, oğlu danışsın. Süleyman da bunun fərqində idi, amma heç nə demək istəmirdi. Acmışdı. Hələ çay gəlməmiş yeməyə başlamışdı. Bir təndir çörəyini yeyib qurtarmağına azca qalmışdı.

Anası ikinci stəkan çayı da qabağına qoyanda soruşdu:

– Nə əcəb ilin-günün bu vaxtı kəndə gəlmisən? Özü də bu saatda. Nəsə olmayıb ki?

Süleyman ağzına qoymağa hazırlaşdığı loxmanı əlində saxladı.

– Ay ana, guya bilmirsən nolub?! Canımı boğazıma yığıblar ta! Şəhərdə hamı başıma oyun açır! Evdən çölə çıxmağıma peşman oluram! Dəli eləyiblər məni! – deyib çayından qurtumladı.

Anası məsələnin nə olduğunu bilirmiş kimi dinmədi. Gözlədi ki, Süleyman özü danışsın.

– Mən bədbax neyləyim ki, o it oğlu it Paşinyana oxşayıram?! Allah belə yaradıb da! Mənim günahım nədi?! – Əlində saxladığı loxmanı ağzına atıb diri-diri uddu, üstündən də çay içdi. – Burnumdan gətirirlər hər şeyi! Nə işdə otura bilirəm, nə avtobusa minə bilirəm, nə mağazaya girə bilirəm! O gün bizim Elnurun oğlunun sünnət toyunda idim. Toyda hamı mənə baxıb gülürdü. Uşaqlar gəlib götümə təpik-zad vurdular! Küçədə də rahat yeriyə bilmirəm!

– Qələt eləyirlər! Özləridi erməni! Haran oxşayır?! Heç haran Paşinyana oxşamır! Özləri oxşayır elə erməniyə! – anası danışdıqca əsəbiləşən, pörtən oğluna təsəlli verməyə çalışdı.

– Oxşayıram da! Özüm görmürəm?! Elə bil əkiz qardaşıyam o it oğlu itin! Hara gedirəm barmaqla məni göstərib gülürlər.

Doğrudan da, Süleyman birəbir Paşinyana oxşayırdı. Müharibəyə qədər bu bənzərlik başına bəla olmamışdı, ancaq müharibədən sonra onun kabusuna çevrildi.

Müharibənin ən qızğın vaxtları idi. Ölkədə Paşinyanı tanımayan, “Noldu, Paşinyan?” ifadəsini bilməyən adam qalmamışdı.

İşdə iş yoldaşları, məhəllədə qonşuları, avtobusda, metroda tanımadığı adamlar, - hamı onu ələ salırdı.

Nə restoranda bir tikə çörək yeyə bilirdi, nə də marketdən çörək ala bilirdi.

Süleyman bir müddət buna dözməyə çalışdı, fikirləşdi ki, bir-iki günə yaddan çıxacaq, rahat həyatına qayıdacaq, amma elə olmadı.

Üstəlik, dostu Elnurun oğlunun sünnət toyunda rəqs eləyəndə, uşaqlar Süleymanı mühasirəyə alıb başına oyun açmışdılar. Biri üstünə zeytun atmışdı, biri dalına təpik vurub qaçmışdı. Hamı gülmüşdü, o da pencəyini götürüb heç pul da yazdırmadan aradan çıxmışdı. Həmin günün səhəri məzuniyyət götürməyi qərara almışdı.

O günlərdən birində oğlu məktəbdən ağlaya-ağlaya gəldi. Uşağı güc-bəla ilə sakitləşdirdilər. Su verdilər, nəfəsini dərdi. Bir az özünə gəldi. Sonra “Məktəbdə hamı mənə “Paşinyanın oğlu” deyiiiir” - deyib yenə hıçqıra-hıçqıra ağladı.

– Gedib o məktəbi uçuracam başlarına! Erməni köpəy uşağı! – Süleyman yerindən dik atıldı.

Asılqandan pencəyini götürüb geyinənə kimi əsəbi soyudu ya nədən, qapının ağzında dayanıb heç nə demədən eləcə arvadına baxdı.

Xuraman: “Sən otur, ay Süleyman. Mən sabah gedərəm o məktəbə! Qələt eləyirlər! Gedib özüm ağızlarını cıracam!” - deyib ərini sakitləşdirdi. Süleymanın eşitmək istədiyi sözləri muncuq kimi ard-arda düzdü.

Süleyman rahatlayıb pencəyini əynindən çıxardı, yerinə asdı.

– Sən də zarıma yalandan! Nolub Paşinyana?! Rədd ol get əl-üzünü yu, gəl çörəyini ye! – Xuraman hikkəsindən hələ də hıçqıran oğlunun üstünə qışqırdı.

Süleymanın səbir kasasını daşıran sonuncu damcı oldu bu. Elə həmin gecə Xuraman Süleymana təklif elədi ki, rayona getsin, həm başı dincələr, həm də bu söhbət yaddan çıxar, sonra qayıdar.

***

– Bilirəm, kənddəkilər də bunu danışır... – Süleyman əllərini, ağzını silib dedi.

– Cəhənnəmə danışsınlar... – anası dodağının altında mızıldandı.

– Hə, cəhənnəmə danışsınlar. Sən heç kimə demə gəldiyimi. Ona görə tezdən gəlmişəm. Heç kim görmədi məni. Bir-iki ay burda qalacam. Müharibə qurtarsın, Paşinyan-zad yaddan çıxsın, qayıdaram Bakıya. Ona kimi burda qalacam.

***

O cür də elədi. İlk günlər evdən çölə çıxmadı. Həyətdə bağ-baxça ilə başını qatırdı. Heç darıxmırdı da.

Evləri kəndin ən hündür yerində idi. Təpənin başında. Bütün kəndi görmək olurdu. Körpünü, söyüdlükdəki “Kislovodsk” kafesini, kəndin məktəbini, qayınatası Bəylər kişinin malikanəsini... Kəndin çıxışındakı qəbiristanlıq da görünürdü. Ən çox da ora baxmağı sevirdi niyəsə. Hər dəfə qəbiristanlığa baxanda, ona elə gəlirdi ki, başdaşları sahədə işləyən adamlardı. Günün istisində, yağışın altında, səhər tezdən, axşamçağı dayanmadan sahədə işləyən balaca adamlar...

Həyətləri də böyük idi Süleymangilin. Nar, gavalı, alma, armud, zoğal, ərik, qoz... Hər ağacdan var idi. Ucsuz-bucaqsız bağları meşəyə oxşayırdı. Bu bağa girən qonaqlar çox vaxt azırdılar, güc-bəla ilə bağın çıxışını tapırdılar.

Uşaq vaxtı Süleyman özü də bu bağda xeyli azmışdı. Sonra yavaş-yavaş ağacların yerini əzbərlədi. Çətini nar ağaclarını tapana kimi idi, nar ağaclarının yanından düz keçəndən sonra həyətdəki balaca tualet görünürdü, ondan sonrası asan idi.

Nar ağaclarının altında köhnə “Moskviç” də var idi. Qırmızı, təkərləri, oturacaqları sökülmüş, pəncərəsiz “Moskviç”. Babasının idi. Amma bilmirdi ki, o maşın niyə burdadır, necə bu hala düşüb? Heç maraqlanmamışdı da. Hərdən oynayanda maşının üstünə çıxıb, hoppanıb-düşürdü.

Hələ də yerində idi “Moskviç”. Lap pis hala düşmüşdü, amma heç yerindən tərpənmək fikri yox idi. Süleyman maşının çoxdan partlamış təkərinə təpik vurub bağa girdi.

Hər yeri ot-alaq basmışdı. Nar ağaclarının çoxu qurumuşdu. O biri ağacların da vəziyyəti yaxşı deyildi.

***

Süleyman bütün günü bağla əlləşirdi. Ən birinci ot-alaqları təmizlədi. Bağın üz-gözü açıldı. Onda fikir verdi ki, əslində, bağları o qədər də böyük deyilmiş.

Bütün bağı başdan-ayağa bellədi. Qapıdan keçən arxdan bağa su qoşdu, budadığı ağacların hamısına doyunca su içirtdi. Gövdələrini, yarpaqlarını sığalladı.

Üz-gözünü saqqal basmışdı. Neçə gündü güzgüyə baxmırdı. Gəldiyi gün həyətdəki əlüzyuyanın güzgüsünü qırıb atmışdı. Anasına da demişdi ki, iş görəndə qırıb bilmədən.

Müharibə isə davam eləyirdi. Hər gün azad olunmuş torpaqların xəbəri gəlirdi.

Hər şad xəbərdən sonra Süleyman həyətə çıxıb fərəhlə kəndə tamaşa eləyirdi. Uzaqda qaralan dağların yavaş-yavaş göyərdiyini, yaşıllaşdığını görürdü.

Kəndə altı şəhid gəlmişdi. Hər dəfə kənd camaatı qara xəbər gələn qapıya qarışqa kimi axışırdı. Süleyman da anasından öyrənirdi kimin şəhid olduğunu. İstəyirdi gedib başsağlığı versin, amma ürək eləmirdi evdən çıxmağa. Həm Bəylər kişiylə rastlaşar deyə, həm də Bakıda onu gözümçıxdıya salan bu bəlaya görə.

***

İki həftədən çox vaxt keçmişdi. Süleyman ayın, həftənin hansı günü olduğunu da bilmirdi. Təkcə müharibənin neçənci günü olduğunu öyrənirdi televizordan. Qırx günü keçmişdi.

Süleyman darvazadan çölə ayağını da atmamışdı bu günlər ərzində. Heç kim duyuq düşməmişdi onun kənddə olmağından. Həyətdə başını qatırdı. Gah bağda işləyirdi, gah da ayaqları laxlayan stol-stulu düzəldirdi həyətdə.

Bir gün anası təlaşla gəldi çöldən.

Yenə bağda iş görürdü Süleyman. Çiyninə atdığı dəsmalnan boynunun, üz-gözünün, başının tərini sildi, kürəyə dirsəklənib anasının verəcəyi xəbəri gözlədi:

– Bəylərin balaca oğlu Murad şəhid olub! Tabutu yoldadı... – anası Süleymanın nə deyəcəyini gözlədi.

Süleyman heç nə demədi. Kürəyi ağacın dibinə atıb evə qalxdı.

***

Tabutdan qabaq Xuraman gəldi kəndə. Qaranəfəs idi, elə bil bütün yolu qaçmışdı. Ərinə baxmadı heç. Yolboyu saçını alaq otu kimi yolmuşdu. Süleyman onu görüb ayağa qalxdı. Dodaqları əsdi, amma heç nə deyə bilmədi. Nar ağacı kimi quruyub yerindəcə qaldı.

Xuraman gəldiyi kimi də evdən çıxıb getdi atası evinə. Süleymanın anası da başına yaylıq bağlaya-bağlaya onun arxasınca çıxdı.

Süleyman oğlu Hikmətlə evdə qaldı. Hikmət də ağlamışdı, gözləri şişmişdi, amma Süleyman bilirdi ki, Hikmət anasının halına ağlayıb, dayısını heç tanımır, şəhid nədir bilmir.

“Qarabağ! Qarabağ! Qarabağ!”

“Şəhidlər ölməz, Vətən bölünməz!”

“Qarabağ bizimdir! Bizim olacaq!”

“Allahu Əkbər! Allahu Əkbər!”

Kənd camaatının səsi Süleymangilin evinə qədər çatanda, bildi ki, qaynı Muradın tabutu artıq kənddədir. Ağlaşma səsi şüarlara qarışıb bütün kəndi ağuşuna almışdı.

İstədi gedib tabutu da öpsün, Bəylər kişinin əl-ayağını da... Amma quruyub qalmışdı yerindəcə. Kimsə astaca toxunsa, qurumuş budaq kimi sınıb qopacaqdı bədənindən əl-ayağı. Getmədi.

Yata da bilmədi o gecəni.

Gecəboyu fikirləşdi. Gecəboyu kənd camaatının səsi kəsilmədi. Şüarlar dayanmışdı, amma ağlaşma səsi kəsilmirdi.

Səhərə yaxın yuxuya getdi.

Günorta oyanan kimi ağlına nə gəldisə, tez əynini geyinib, əl-üzünü yuyub çıxdı evdən.

Hava günəşli idi, isti idi. Elə bil noyabr yox, yayın ortası idi.

Evdən çıxıb eniş aşağı sallandı. Bir-iki uşaqdan başqa heç kim yox idi küçədə. Bütün kənd camaatı Bəylər kişinin qapısında idi.

Süleymanı görən uşaqlar əvvəlcə qorxdular. Sonra “Paşinyaaaaan! Paşinyaaaan!” deyə-deyə düşdülər arxasınca.

Süleyman yeyin-yeyin yeriməyə başladı. Uşaqlar da bir-birini haylaya-haylaya çoxalırdılar. Gülə-gülə Süleymanın dalınca qaçırdılar, söyürdülər, gülə-gülə “Noooldu, Paşinyan?! Noooldu, Paşinyan?!” - deyib daşlayırdılar. Əl çəkənə oxşamırdılar.

Süleyman körpüyə çatanda artıq qaçmağa başlamışdı.

Təngnəfəs olmuşdu, amma dayana bilməzdi. Cənazə götürülməmiş Bəylər kişinin evinə çatmalı idi.

Ev görünürdü. Az qalmışdı. Bir az da qaçsa, uşaqlardan canını qurtaracaqdı.

Bəylər kişinin evinin qabağına yığışmış böyüklər uzaqdan qaça-qaça gələn adama, onun arxasınca düşən uşaqlara baxırdılar. Heç kim başa düşmürdü ki, nə baş verir.

Uşaqların səs-küyünə həyətdəki, evdəki adamlar da çölə çıxmışdılar.

“Tutun Paşinyanı!”

“Paşinyaaaan!”

Kəndin cavanları Süleymanı Bəylər kişinin evinin darvazasına çatmamış haqladılar. Yumruqlayıb yıxdılar yerə. Uşaqlar, dəliqanlı gənclər, böyüklər qarışqa kimi daraşdılar onun üstünə. Vurduqca vurdular, söydükcə söydülər, tüpürdükcə tüpürdülər... Soyumadı ürəkləri.

Bəylər kişinin heç tükü də qımıldamadı. Nə Xuraman girə bildi araya, nə Süleymanın anası...

Ta ki qocalardan biri “Öldü ta it oğlu it! Bəsdirin!” – deyənə kimi.

Bir saç-başını yolan Xuraman qaldı Süleymanın cansız bədəninin başında, bir də anası...

Onların səsi kəndə elə yayıldı ki, heç dünən Muradın tabutu gələndə bütün kənd camaatından belə səs çıxmamışdı...

Sonra kimsə xəbər gətirdi:

– Ay camaat! Şuşanı azad elədik! Prezident özü dedi televizorda! Müharibə qurtardı!

# 12639 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #