Kulis.az Ulucay Akifin "Kitabsızlıq" adlı yazısını təqdim edir.
BİRİNCİ PƏRDƏ
Universitetin 4-cü kurs tələbəsi ilə söhbət
– Hansı yazıçını oxumusan?
– Dostoyevskini.
Nə hikmətdirsə, “hansı yazıçını oxumusan?” sualına ən çox verilən cavablardan biri Dostoyevski olur. Bilmirəm, buna siz də fikir vermisiniz, ya yox. Səbəb bəllidir. Ad populyardır, tez ağıllarına o gəlir ilk.
– Nə yaxşı! Hansı əsərini oxumusan?
– “Karamazov qardaşları”nı.
“Karamazov qardaşları”. Həm əla romandı, həm də əla cavabdı. “Cinayət və cəza” da deyə bilərdi.
– Əla! Necə romandı, nə haqqında idi?
– Bilmirəm e, hələ 46-cı səhifədəyəm.
Məşədi İbadın “Tarixi-Nadir” kitabını yarıya qədər oxuması yada düşür.
Pərdə qapanır.
İKİNCİ PƏRDƏ
– Mən niyə kitab oxuyum ki?!
Sual auditoriyanın içində divardan-divara çırpılıb özünə yer tapa bilmir və otaqda əks-səda verdikdən sonra açıq pəncərədən özünü yerə atır.
Tələbə verdiyi sualın absurdluğundan özü də çaşıb sualı düzəltməyə çalışır.
– Mən niyə bədii ədəbiyyat oxuyum ki?
Bu cümlə də təzə-təzə düşüb adamların dilinə. Elə danışırlar, elə bil elmi kitabları yalayıb udurlar, metafizikadan girib, Riçard Dovkinsin “Eqoist gen”indən çıxırlar, Feynmanın “Fizika mühazirələri”ndən girib Stiven Hokinqin “Zamanın çox qısa tarixi” kitabından çıxırlar,
bədii ədəbiyyat oxumaq istəmirlər
“Bədii ədəbiyyat oxumayın”. Əli Xəyyam və DJ Tural kimi adamların işlətdiyi cümlələrdi bunlar. Bədii ədəbiyyat oxumayıb nə oxuyacaqsınız ki? Uzağı bir-birinin eynisi olan motivasiya kitabları. Uğur, pul, dost qazanmanın yollarını “öyrədən” kitablar.
“Mən niyə bədii ədəbiyyat oxuyum ki?” Bu sual da elə ilk sual kimi özünü auditoriyanın pəncərəsindən aşağı atıb intihar edir.
Pərdə qapanır
ÜÇÜNCÜ PƏRDƏ
– Sizə kim deyir ki, biz kitab oxumuruq? – tələbə kinayəli gülüşlə soruşur.
Heç kim demir. Özünüz deyirsiniz. Savadsızlığınızla, bilgisizliyinizlə, şəxsi düşüncənizin, öz baxış bucağınızın, analiz qabiliyyətinizin olmaması ilə bunu özünüz deyirsiniz. Jurnalistsiniz, amma iki cümləlik status belə yaza bilmirsiniz. Danışanda fikrinizi ifadə edə bilmirsiniz.
Əsəbiləşməyin, əlbəttə, hamıya aid ola bilməz bu fikirlər. Amma mütləq əksəriyyətiniz təəssüf ki, belədir. Bunu qətiyyən kimlərisə aşağılamaq üçün demirəm. Bu problem məni narahat etdiyi üçün deyirəm.
Mənə yalandan kitab oxuduğunuzu deyə bilərsiniz, məni və hamını aldada bilərsiniz. Bəs özünüzü? Özünüzü aldada bilərsiniz?
Əgər kitab oxuyursunuzsa, elə indicə yanınızdakı qrup yoldaşınızla oxuduğunuz kitablar haqqında bir az söhbət edin. Söhbətinizin 10 saniyədən o tərəfə keçməyəcəyinə əminəm. Yoxlayın, siz də əmin olacaqsınız.
Pərdə qapanır.
Artıq ölkədə savadlı kadr tapmaq olmur. İstisnasız, bütün sahələrdə vəziyyət belədir. Ölkənin ən böyük problemi də elə budur. Savadlı kadrların yetişməməsi, yetişdirilməməsi.
Bu səbəbdən gənclərin əksəriyyəti öz sahəsində iş tapa bilməməkdən, ya da, ümumiyyətlə, iş tapa bilməməkdən gileylənir. Buna görə narkomaniya, əxlaqsızlıq, cinayətlər, sosial şəbəkələrdəki bambılılıqlar günü-gündən sürətlə artır. Bütün bunların ən böyük səbəbi işsizlikdir. Kasıblıq yox, məhz işsizlik.
Cavan-cavan adamlar işsizlikdən TikTokda ekran “tıkla”daraq pul qazanmağa çalışır. Və elə bilirlər ki, bu cür də olmalıdır.
Əllərindəki “Ağıllı telefon”ların (Smartfon) ağlına güvənən bu gənclər başa düşmürlər ki, bu, öz ağılları yox, həmin o smartfonların ağlıdır. Əllərindən telefonu alsan, görəcəklər ki, heç bir savadları, bilikləri yoxdur. “Google” və “Wikipedia” ilə iş düzəlmir.
Süni intellekt o qədər inkişaf edir ki, insan əməyi get-gedə daha da dəyərsizləşir. Bir azdan içində zəka olmayan əməyə ehtiyac duyulmayacaq. Beş-on ildən sonra isə indiki gənclərin çox kiçik bir qismi özünə iş tapa biləcək. Əsl faciə də elə onda başlayacaq. Texnologiya artıq insan əməyini, insanların özünü yeməkdədir. Bütün sahələrdə vəziyyət budur.
İstanbulda insansız metro-stansiyaya minəndə bunu anladım ki, bütün sahələri bu aqibət gözləyir. Qatarı idarə edən maşinistə, sərnişinlərin üstünə qışqıran nəzarətçilərə də ehtiyac olmayacaq.
Nəhəng binalar fəhləsiz ucaldılacaq. Böyük torpaq sahələri insansız əkilib-becəriləcək.
Və insanları bu bəladan xilas edə biləcək yeganə şey elmdir, savaddır.
DÖRDÜNCÜ PƏRDƏ
4-cü kurs tələbələri ilə söhbət
– Magistraturada oxuduğum vaxt 300 manat maaşa işləyirdim, insan gərək təcrübə qazana bilmək üçün az maaşla da işləyə bilsin – deyirəm.
– Yox! Mən niyə 300 manata işləməliyəm?! Qiymətlərdən xəbəriniz var?! Heç kim 300 manata işləməz! – tələbə qızlardan biri üstümə qışqırır.
“Sən elə ömrünün axırına kimi 300 manata işləyəcəksən” deyirəm içimdən. Həm kitab oxuma, həm əziyyət çəkmək istəmə, həm də 300 manata ağız əy.
– Qəzetlərdə neçə illərdi 300-400 manata işləyən jurnalistlər var. – “Karamazov qardaşları”nın 46 səhifəsini oxumuş gənc söhbətə girişir.
– Neçə illərdi 300-400 manata işləməyə razı olanlar bunlardı – əlimlə partanı taqqıldadıram. “Tak-tak-tak!”. Qablarında heç nə yoxdur, ona görə razıdılar illərlə o maaşa işləməyə. Qorxurlar gedib başqa yerdə işləməyə. Çıxsınlar qəzetlərindən.
– Qəzetlər bağlansın?! – gənclər hiddətlənir.
– Bağlansın da! Qəzet oxuyursunuz? Oxuyursan qəzet?
– Yox, oxumuram.
– Onda niyə bağlanmasını istəmirsən? Məscid deyil ki. Qəzetdi də...
Auditoriyaya sükut çökür.
Hər şeydə yenilikçi olan, azad seksin, cinsi azlıqların, vətəndaş nikahının, modernləşmənin, qloballaşmağın tərəfdarı olan bu gənclərin sırf mənimlə mübahisə etmək üçün qəzetlərin qapanmasına qarşı olduğu çox aydın hiss olunur. Yoxsa hər şeydə yenilikçi olan gənclər niyə mediada ənənəçi olsunlar, qəzetlərin bağlanmasını istəməsinlər? Hələ-hələ qəzet oxumurlarsa... Və heç kim oxumursa...
Tələbədilər. Keçmək olar günahlarından. Tələbələr daha etirazçı, daha üsyankar olurlar, hər şeyə zidd getməyi xoşlayırlar.
Məsələn, müəllimlə qiymət davası edəndə, elə bilirlər ki, Çe Gevaradılar, inqilab edirlər. Ta fikirləşmirlər ki, Mahmud müəllimdir də, 8 bal yazmadı, 9 yazdı. Nə böyük uğur!
Pərdə qapanır
BEŞİNCİ PƏRDƏ
Müxalif media orqanlarında çalışan jurnalistlərə, xüsusən də, gənc jurnalistlərə xoşniyyətli müraciət
İnsanların siyasi görüşləri ilə heç bir işim yoxdur. Müxalif cəbhədə, müxalif fikirdə olan insanlara rəğbətim çox böyükdür.
Hər halda, onların arasında da ölkənin problemlərini düşünən, həmin problemləri işıqlandıran, həll etməyə çalışanlar yetərincədir. Məhz buna görə onların hörmətə layiq olduqlarını düşünürəm.
İnsanın müxalifətçi, yoxsa iqtidarçı, AXCP-çi, yoxsa YAP-çı olmağının mənim üçün heç bir fərqi yoxdur. Əsas olan gördüyü iş, amalıdır.
Amma müxalif media orqanlarında çalışan jurnalistlər, xüsusən də, gənc jurnalistlər başa düşməlidirlər ki, jurnalistin tək işi hakimiyyəti tənqid etmək, kimisə təhqir etmək və digər problemləri görməzdən gəlib ancaq bu məsələlərə köklənmək deyil. Belə olmamalıdır.
Cəmiyyətin qüsurlarını görməzdən gəlmək nə dərəcədə düzgündür? Kitab oxumayan cəmiyyətin hüquqlarını kim müdafiə edəcək? Kitab oxumayan jurnalistlər?
Cəmiyyətimizdə cahilliyin, savadsızlığın günü-gündən necə artdığını görmürsünüz? Savadsız, cahil insan nə dərəcədə haqq və hüquqlarından xəbərdar ola bilər ki?
Son olaraq “Z” və Alfa nəslinin nümayəndələrinə sual.
Dünyanın inkişaf etmiş ölkələrində “Z” nəslinin nümayəndələri at oynadır. Əsl peşəkarlar, mütəxəssislər yetişir. Texnoloji inkişafda bilavasitə yer alırlar. İT mütəxəssisləri, proqramistlər, CEO-lar, menecerlər.
Bəs bizdə?
Bizdə “Z” nəsli nümayəndələri ən yaxşı halda SMM (esemem) işində işləyirlər. Kimə baxırsan, esemem-dir, kontent menecerdir. Heç onu da edə bilmir ha. Sosial şəbəkələrdə postlar paylaşıb onları qruplara atmaqla SMM olunduğunu düşünürlər. Elə deyil? Əlbəttə, elədir. İndi mən nə edim ki, siz bunu etiraf etmək əvəzinə, mənə əsəbiləşirsiniz.
Bizim “Z” və Alfa nəslimizin ən yaxşı bacardığı şey elə TikTokda ekran tıklatmaqdır. Tıklayın, dostlar, tıklayııın. Uduzuruq, ekrana tıklayın, uduzuruq.
Ən sonda hamınızdan, xüsusən də, “Karamazov qardaşları”nın 46 səhifəsini oxumuş dostumuzdan üzr istəyirəm.