Kulis.az Aliyə Qədirovanın "Məlikməmmədin nağılı" hekayəsi haqqında Ulucay Akifin yazısını təqdim edir.
Dünən gecə çox xoşbəxt yatdım. Dünən gecə çox xoşbəxt və çox həyəcanlı idim. Daha doğrusu, dünən gecə o qədər həyəcanlı idim ki, birtəhər yuxuya getdim.
Səhərin açılmasını, tez işə gəlib kompüterimin arxasına keçib bu yazını yazmağa başlamağı səbrsizliklə gözləyirdim. Həyəcandan ürəyim elə sürətlə döyünürdü ki, eyvana çıxıb dalbadal iki siqaret də çəkdim. Sonra iki stəkan ilıq su içib yerimə keçdim. Yavaş-yavaş sakitləşib yuxuya getdim.
Və budur...
İndi işdə, kompüterimin arxasına keçib məni o qədər həyəcanlandıran və xoşbəxt edən şey haqqında yazıram.
Dörd-beş gün öncə Tacikistanda olduğum vaxt tanımadığım nömrədən vatsapıma mesaj gəldi:
"Salaam, ümid edirəm ki, yaxşısız. Nömrənizi Firəngiz xanımdan aldım.
Mən Aliyə, konseptual incəsənətlə məşğul olan kimyaçıyam. Eyni zamanda postmodern bir nağıl yazmışam, istəyərdim ki, Kulis.azda onu publish edək.
Sizə həmin faylı göndərirəm"
Firəngiz adında birini tanımadığım üçün mesaj mənim üçün əhəmiyyətini ciddi şəkildə itirmişdi artıq. Həm də mesajdakı "PUBLİSH EDƏK" ifadəsi də məni qıcıqlandırmışdı bir az.
Qısaca cavab yazdım:
"Salam. Yaxşı olun. Baxacağıq"
Cavab gecikmədi:
"Təşəkkürləəəəəər".
Bu mesajdan sonra hekayəni oxumayacağıma əmin oldum.
Tacikistanın ən dağlıq bölgələrindən birində, Pamir dağlarının ətəyində idim. İnternet çox zəif idi. Həm də özümə söz vermişdim, orada olduğum müddətdə mümkün qədər işdən uzaq duracam ki, başım dincəlsin.
Xanımın yolladığı hekayəni bizim Ömərə yönləndirdim:
"Buna baxarsan da. Bir qız yollayıb, tanımıram. Çox pis deyilsə, ver saytda"
Ömərin də dolğun cavabı gecikmədi:
"Ok"
İnterneti söndürüb dağların fonunda şəkillər çəkdirməyə davam elədim. Həmin gün bir kafedə at əti də gətirdilər bizə. Yemədim. Bizlə bərabər olan qazaxlar və özbəklərin at ətini iştaha ilə yediyini görəndə də çox məyus oldum. Bunu özlərinə də dedim. Dedim ki,
"türk xalqlarının at əti yeməyinə yaxşı baxmıram. At həmişə bizim dostumuz olub. Biz həmişə at belində döyüşlərə getmişik və onlar heç vaxt bizi yarı yolda qoymayıb. Yeri gəlib bizdən qabaq öldürülüb atlarımız döyüşdə. Yeri gəlib belimizə, qolumuza, ayağımıza ox sancılanda, ağır yaralananda atlarımız bizi yurdumuza, evimizə çatdırıb, dincəlmədən, qorxmadan küləkdən də sürətli qaçıblar. İndi döyüşlərə at belində getmirik deyə onları yeməyimiz nə dərəcədə düzgündür?!".
Bu sentimental çıxışım türk qardaşlarımızı təsirləndirsə də, qablarındaki əti axıra kimi yedilər.
Günlər sonra Bakıya qayıdanda həmin qızdan mesaj gəldi yenə:
"Salaaaaaaam. Necəsiniz? Hekayəmi yayımladınız?"
İçimdə "Hekayə vaxtıdı? Orta Asiyada türklər hər gün at əti yeyir. Hara gedir axırımız?" fikri ilə cavab yazdım:
"Salam. İndi baxacam. Yayımlayacağıq".
Redaksiyadakılardan hekayəni xəbər alanda məlum oldu ki, bizim Ömər "ok"una sadiq qalıb, elə dediyim gün mətni "publish" edib.
Linki xanıma göndərdim:
"Hekayəniz yayımlanıb".
Cavab yenə gecikmədi:
"Okiiii. Çox sağ olun (gözündən ürək çıxan smaylik)".
Və ardınca növbəti mesaj:
"Bir də nağılın adı “Həyat Ağacı” deyil axı. Onu dəyişib, “Məlikməmməd in a new generation” qoya bilərik? Ya da istəsəz azərbaycanca".
Ardınca növbəti mesaj:
"Özünüz də oxuyub fikrinizi deyərsiniz. Məncə, çox bəyənəcəksiniz".
Mesajları oxuyub cavab yazmadım.
Gecə evdə saytımızda yayımlanan mətnlərə göz gəzdirirdim. Birdən həmin hekayə qarşıma çıxdı. Elə-belə ötəri göz gəzdirmək istədim. Ki, görüm nə hekayədir. Linki açanda güman edirdim ki, uzağı, 3-cü cümlədən sonra yarıda saxlayacam və linkdən çıxacam.
Amma belə olmadı.
Yazının əvvəlində dediyim həyəcanın yaranmasına səbəb olan şeylə rastlaşdım. İlk abzasdan sonra başa düşdüm ki, bu mətndə məni tamamilə fərqli bir dünya gözləyir.
Get-gedə artan həyəcandan ürəyimin köksümə sığışmadığını hiss edirdim. Bir tərəfdən də gülürdüm. Müəllif elə gözəl və gülməli (gülməli olduğu qədər də ciddi!) gedişlər edirdi ki, özümü saxlaya bilmirdim.
Hekayənin mövzusu, məni güldürən cümlələr və digər şeylər haqqında heç nə yazmaq istəmirəm. Məncə, özünüz hekayəni oxuyanda həmin məqamları duyacaqsınız.
Hə. Müəllifin "Məlikməmməd in a new generation" adlandırdığı hekayə məni tamam fərqli dünyaya salmışdı dünən gecə.
Məndən sənətin, ədəbiyyatın əsas məqsədinin nə olduğunu soruşsalar, əminliklə deyəcəyim ilk (və, bəlkə də, tək!) cümlə bu olacaq:
"Alternativ dünya yaratmaq!"
Sənətin bütün sahələrində (ədəbiyyat, rəsm, musiqi, heykəltaraşlıq və s.) müəllif alternativ dünya yaratmalıdır və hər kəsi o alternativ dünyanın varlığına inandırmalıdır. Oxucu əsəri oxuduqca bu dünyadan ayrıldığını, başqa dünyaya keçid etdiyini duymalıdır.
Dünən mən həmin alternativ dünyanın içində idim. Müəllifin pinti, xeyli redaktəyə ehtiyacı olan cümlələri belə o alternativ dünyada özümü narahat hiss etməyimə səbəb olmurdu.
Müəllifin bu dərəcədə fərqli düşüncəyə, təxəyyülə sahib olmağı, həmçinin intellektinin hiss olunmağı məni mətnə qarşı ovsunlamışdı. Müəllif nə yazsa, necə yazsa, inanacaqdım.
Bəzən hekayəni yarıda saxlayıb siqaret çəkmək üçün eyvana çıxırdım. Sonra yenidən qayıdıb oxumağa davam edirdim.
Və sevinirdim ki, çox şükür, uzun müddət sonra ədəbiyyatımıza bir qadın imza gəlir. Nə yazdığını bilən, tamamilə fərqli dalğada olan, intellekti və yumoru yüksək səviyyədə olan, bayağı sentimentallıqdan və pafosdan uzaq əsl imza: Aliyə Qədirova!
Bəlkə, kim olduğunu belə bilmədiyim, cəmi bircə hekayəsini oxuduğum bir müəllif haqqında belə cümlə yazmağımı düzgün saymayacaqsınız, amma təkcə bu hekayə belə onun əsl yazıçı olduğunu deməyimə kifayət edir.
Mənə qəribə gəldi ki, necə olur, dörd-beş gün öncə saytımızda yayımlanan (və 700-dən çox adamın oxuduğu) belə gözəl, maraqlı postmodern hekayə haqqında bircə adam, bircə yazıçı, bircə ədəbiyyatşünas, tənqidçi də paylaşım etməyib, bir şərh yazmayıb?
Yəni əla mətnin fərqinə varmaq bu qədərmi çətindir?
Yəqin tənqidçilərimiz hələ də Füzulinin rindü-şeydalığını təhlil edib bitirməyib. Yazıçılara da eqo və paxıllıq hissi bunu etyməyə imkan vermir.
Həəə... İndiyə kimi bir çox gənc müəllifi (istər nasir, istər şair) şəxsən ədəbi cameəyə, oxuculara təqdim etmişəm. Onların arasında sözlərimin boş olmadığını təsdiqləyənlər də oldu, ümidlərimi doğrultmayan da.
Ancaq inanıram ki, hazırda haqqında danışdığım müəllif bu uğurlu başlanğıcının təsadüfi olmadığını isbatlayacaq və biz onun hər növbəti mətninə sevinəcəyik.
Təbrik edirəm!
Min və milyon dəfə təbrik edirəm!
Hə, əziz bu yazını oxuyanlar...
Haqqında yazdığım hekayəni bu linkdən oxuya bilərsiniz: https://kulis.az/xeber/kulis-+/melikmemmedin-nagili-aliye-qedirovanin-hekayesi-54576