Kulis.az gənc şair Ulucay Akifin yeni şeirlərini təqdim edir.
adını bilmədiyim şeir
mən müharibə görməmişəm
vuruşmamışam Stalinqrad uğrunda
nə Berlin divarının qarşısında
qurban getməmişəm bir mərmiyə
ya da bir at belində
qılınc-qalxanım əlimdə
atılmamışam döyüş meydanına
amma bilirəm -
barmaqlar həmişə düşmən olub çəkilən tətiyə
boğuşmamışam aslanlarla Afrika cəngəlliklərində
hücum etməyib mənə yekədişli bir timsah
Nil çayının sahilində
heç köpək balığı da görməmişəm
amma üzmüşəm onlarla bir sularda
Ağ dənizdə, Qara dənizdə
qərar verə bilməmişəm heç vaxt
əsmərlər daha gözəldi, sarışınlar, ya kürənlər?
çox axtarmışam sevgini ağ bənizdə, qara bənizdə
güllərin adlarını da bilməmişəm
amma çox sevmişəm qoxularını
fərqi nə - adı Bənövşədi, Nərgiz, ya Lalə?
sərxoş olub ayaqyalın gəzmişəm dəniz sahilində
çox içmişəm eşq şərabından
gecələr dolub boşalıb piyaləm
heç küləkləri də tanımamışam
bilməmişəm adlarını
hansı xəzridi, hansı gilavar?
amma sevmişəm onları da
ona görə
pis günlərə yox
gözəl günlərə “bir külək idi, əsib keçdi” demişəm
bir külək kimi əsib keçib
adını unutduğum
gül qoxulu gözəl qızlar ömrümdən
heç vaxt görməmişəm,
eşitməmişəm Allahı
amma həmişə sevmişəm
ümidlə gözləmişəm O gələcək sabahı
dua etmişəm İstanbulda məsciddə
Tiflisdə bir kilsədə,
Piterdə sinaqoqda
həəə, indi yadıma düşdü
mən eşitmişəm
mən görmüşəm Allahı!
Revolver
səni sevsəydim orta əsrdə
mütləq bir at belində
cəng meydanında
sıyırıb qılıncımı qınından
şığıyardım düşmən üstünə
sənin uğrunda
ya da belimdə "Revolver"
bir duel meydanında
başı dik atılmış on addımdan sonra
cəld tərpənsəm də düşməndən
çıxarıb silahımı
atəş açardım havaya
son addımdan sonra
darıxmaq adlı diktator
əllərim yarsa bu gecəni
yarsa bu dənizləri Musanın əsası kimi
bu gecənin ortasında
səni düşünmək - sevginin əsası kimi
bu gecənin ortasında
sənə yazmaq -
səhralara düşmüş Məcnuna
bir qurtum su kimi
bu gecənin ortasında
yazdığım hər söz, hər hərf
darıxmaq adlı diktatorun ordusu kimi
işğal edir ruhumu
bu gecənin ortasında
əllərim havada
təslim oluram eşq adlı quldura
bu qorxu deyil ölüm qorxusu kimi
tarix kitabı
bir tarix kitabı səhifələdim
üç min il yol getdim bir anda
milyonlarla əsgər öldü
qılınc yarasından, ox yarasından
milyonlarla əsgər öldü
adını bilmədiyim
yaşını bilmədiyim
üç min il yol getdim bir anda
türklər Konstantinopolu fəth etdilər
adını İstanbul qoydular
milyonlarla adam öldü
qalanın o yanında, bu yanında
adını bilmədiyim
yaşını bilmədiyim
üç min il yol getdim bir anda
İsgəndər Hindistana
Teymurləng Qafqaza
Napoleon ruslara hücum elədi
milyonlarla adam öldü
at belində, fil üstündə
adını bilmədiyim
yaşını bilmədiyim
bir tarix kitabı səhifələdim
üç min il yol getdim bir anda
beş-on ad qaldı yadımda
hamısı kral, imperator, padişah və sultan
amma milyonlarla adam öldü kitabda
adını bilmədiyim
yaşını bilmədiyim.
bəstə
sevirəm
sevirəm səni
sevirəm Allah bizi sevən kimi
sevirəm ağladanda, qorxudanda, incidəndə
sevirəm hara getdiyini bilmədiyim yollarda yeriyəndə
sevirəm gecələr ayı, səhərlər günəşi gözləyəndə
günəş milyon il Şərqdən çıxıb
milyon il Qərbdən çıxsa da sevərəm
sevgi uduzsa da sonda
sevgidən məhrum nəsnələrə
mən yenə aldanaram
saçlarının küləyə qoşulub
oxuduğu bəstələrə.