Bu sosial şəbəkələr elə bir yerdi ki, ən xırda, əhəmiyətsiz məsələ də böyüyüb gündəmə çevrilə bilir. Elə bil, hamı özünü fikir bildirməyə məcbur hiss edir. Əslində, bunun həm yaxşı, həm də pis cəhətləri var.
Yaxşı tərəfi ictimai şüurun formalaşması, ictimai fikrin təzahürüdürsə, pis tərəfi insanların çox lazımsız məsələləri də müzakirə edərək onu gündəmdə saxlamasıdır. Gündəmə çıxan mövzulardan biri də məktəb direktoru ilə bağlı oldu.
Bakı şəhəri 187 saylı orta məktəbin müdirəsinin ad günü şənliyindən videolar yayıldı.
Məktəb direktorunun özünə təntənəli ad günü keçirməsi insanların qınağına səbəb oldu. Bəziləri onu karantin qaydalarını pozduğuna görə qınayıb tənqid elədi, bəziləri isə şəhidlərin ruhuna hörmətsizlik etməkdə günahlandırdı.
Hər iki məsələdə də tənqid və qınaqlar yerində idi, haqsız olduqlarını demək olmaz, amma izlədiyim videolardan sonra məni narahat edən başqa məsələlər oldu.
Ad günü şənliyində çəkilən videolardan sonra məktəb direktorunun digər videoları da yayıldı. Ərdoğana yazdığı şeiri səsləndirməsi, dinlədiyi musiqilər, qoyun ətini doğraması və bunu edərkən saçına iki bayraq sancması...
Dostlardan biri müdirənin saçına o formada bayraq sancması haqqında yaxşı zarafat elədi. Dedi, elə bil baş deyil, Yuxarı Seyidəhmədli kəndidi, işğaldan azad olunub.
Hə... Gəlim şəxsimi narahat edən məsələyə.
Məni narahat edən məsələ izlədiyim videolardakı bayağılıq idi. Videoların hər kadrından, səslənən musiqilərdən, direktorun davranışlarından, danışığından ifrat dərəcədə bayağılıq yağırdı.
Bir məktəb direktorunun bu dərəcədə bayağı olduğunu görəndə, başa düşürsən ki, niyə Üzeyirə qulaq asan şagirdlər çoxdur, niyə elmə zərrə də həvəsi olmayan uşaqlar çoxdur.
Çünki bayağılıq çox dəhşətli bir xəstəlikdir. Bu xəstəlik COVİD-19 virusundan da yoluxucu və təhlükəlidir. Koronavirus bizim ciyərlərimizə ziyan vurursa, bayağılıq birbaşa beynimizi sıradan çıxarır.
Əminəm ki, o direktor indiyə kimi, toplasan, heç 3 bədii kitab oxumayıb, oxuyubsa da, anlamayıb. Bir insanın vətəpərvər olduğunu göstərmək üçün saçına o formada iki bayraq sancması heç normal deyil.
Sən məktəb direktorusan, elm ocağının rəhbəri. Yəni doğrudanmı başına iki bayraq sancanda, düşünmədin ki mən nə edirəm?
Vətənə olan sevgisini bu cür formada nümayiş etdirən adamların hisslərinin səmimiyyətinə heç inanmıram.
Yəqin bütün bunlar bu yazını oxuyanlara da agahdı, amma yenə də istədim ki, mən də fikrimi bildirim.
Çalışın o məktəb direktoru kimi olmayın. Karantin qaydalarını pozub pozmamağınıza özünüz cavadehsiniz, pozsanız, cəzanızı alacaqsınız, amma Vətənə olan sevginizi düz-əməlli göstərin, bu formada yox.
Yox, əgər başqa cür alındıra bilmirsinizsə, çalışın bu Vətəni, ümumiyyətlə, sevməyin.