Puşkinin can verdiyi divan... – Şairin Ev-muzeyindən Reportaj

Puşkinin can verdiyi divan... – Şairin Ev-muzeyindən Reportaj
19 iyul 2019
# 17:57

Peterburq. Nevski prospekti. Moyka çayının sahili. Mənzil, 12.

Puşkinin ömrünün son iki ilini yaşadığı və öldüyü, uzun illərdir onun ev muzeyi kimi fəaliyyət göstərən mənzilin həyətinə daxil oluram.

Elə həyətdə Puşkinin heykəli ilə qarşılaşanda yadıma Lermontovun Puşkinə həsr etdiyi "Şairin ölümü" poemasından ilk misra düşür:

"Şair öldü…"

Ardını xatırlamağa gərək də duymuram.

Kassadan bilet alıb elə həyətdə bir siqaret yandırıram. Çox həyəcanlıyam. Bu həyəcanı sizə təsvir etmək istəsəm, onu deyə bilərəm ki, insan adətən sevəndə belə həyəcanlanır. Həyəcanı mədəndə hiss edirsən və ayaqlarına nəzarəti itirdiyini düşünürsən.

Image result for пушкин

Siqaretimi çəkdikdən sonra özümü toparlayıb içəri keçirəm. Yaşlı bir qadın məni təbəssümlə qarşılayır. Sonradan özü ilə söhbət edəndə, adının İrina Borisovna olduğunu öyrəndim. İrina Borisovna biletimə baxır və hələ vaxtıma 10 dəqiqə qaldığı üçün məni gözləmə otağında əyləşdirir.

Gözləmə otağına keçəndə nə qədər vacib yerdə olduğumu daha da yaxşı anlamağa başlayıram. Bizdə heç diri şairlərin gözləmə otağında adam olmur, amma Puşkinin gözləmə otağı tam doludur, hətta ayaq üstə gözləyənlər də var. Puşkin öldükdən sonra belə insanları qəbul edir. Onunla görüşmək istəyənlər gözləməli olurlar, amma gözləyən adamların heç biri narazı deyil, hər birinin simasında məmnunluq hissi var.

Yavaş-yavaş içimdəki həyəcan daha da böyüyür və nəfəsimin çatmadığını hiss edirəm. Bu mənzil oksigen ilə yox, poeziya ilə doludur. Otaqda Puşkinin şeirləri bir-biri ilə rəqs edir, quş kimi uçaraq otaqları gəzirlər və oksigeni əvəz edən bu şeirlər adamın nəfəsini kəsir.

Gözlərimi yumub içimdə bir-bir Puşkinin misralarını səsləndirirəm və qəfil beynimdə XIX əsr pistoletindən çıxan atəş səsi sədalanır. Əclaf Dantes! Əclaf!

Növbəm çatır və audio-rəhbər ilə otaqlara gəzməyə başlayıram. Bir-bir otaqlara daxil oluram. Ekskursiya zamanı məni addım səslərinin müşayiət etdiyini hiss edirəm. Sanki Puşkinin ruhu da mənim yanımca addımlayır. Onun ayaq səsləri asta-asta arxamca gəlir. Məncə, bu addım səslərini muzeyi gəzən hər kəs hiss edir. Və Puşkinin addımları da “sillabo-tonik” tonda atılır. Sanki hər addım səsi onun misralarındakı vurğuları təkrarlayır.

Birinci mərtəbədə Puşkinin fərqli rəssamlar tərəfindən çəkilmiş portretləri, xanımının bəyaz gecəliyi və ayaqqabıları diqqətimi çəkir. İkinci mərtəbədə isə bir zamanlar küçəyə açılan və Puşkinin sonuncu dəfə bu evdən çıxdığı qapı ilə üzbəüz dayanıram.

Qapının əsaləti ilə yanaşı, kədərli olması diqqətimi çəkir. Qapı "Bacarsaydım həmin gün heç açılmazdım" deyirmiş kimi peşman baxışlarla baxır ziyarətçilərə. Bəli, Puşkin ölümünə səbəb olacaq o duelə bu qapıdan çıxaraq yollanmışdı.

Əclaf Dantes!

Əclaf!

İkinci mərtəbədə Puşkinin xanımı Natalya Nikolayevnanın otağında ayaq saxlayıram. Puşkinin dueldə ölümcül yaralanma xəbəri məhz bu otaqda Natalyaya deyilir və ölümə hazırlıq da elə bu otaqdan başlayır.

Tələsirəm!

Puşkinin övladlarının otaqları, oyuncaqları, rəsmləri, onun yemək yediyi otaq, qonaq otağı…

Bütün otaqları və dəyərli əşyaları sürətlə geridə qoyub görmək üçün səbirsizləndiyim Puşkinin yazı otağına daxil oluram. 4 mindən çox kitab olan şəxsi kitabxana, yazı masası, stul, əlyazmalar, kreslo, əsa, qəlyan…

Və…

Dünyanın ən xoşbəxt və eyni anda ən kədərli əşyası…

Həyatında düz 21 dəfə duelə çağırılıb. 15 dəfə isə özü rəqiblərini duelə dəvət etmişdi ki, bunlardan sadəcə dördü baş tutmuş, digərləri tərəflərin barışığı nəticəsində ləğv olunmuşdu. Bu barışıqların əksəriyyəti Puşkinin dostlarının səyi nəticəsində olmuşdu.

Yox, məni bezdirməyib həyat,

Mən həyatı sevirəm və yaşamaq istəyirəm - deyən şair həyatı ilə "Rus ruleti" oynayırmış kimi davranırdı. O, yaşamaq istəyirdi, amma şərəfi ilə yaşamaq!

Puşkinin otağındayam və onun bu otaqda var-gəl edib öz şeirlərini ucadan səsləndirməsini təsəvvür edirəm. Onun səsini təsəvvür edə bilirəm. Məncə, hamı onun səsinin necə olduğunu öz içində hiss edə bilir.

Rusiya poeziyasının digər nəhəng şairlərinin onun haqqında dediyi fikirlər, ona həsr etdikləri şeirlər, poemalar yadıma düşür…

Düşünürəm, rus şairlərinin hamısının ən böyük arzusu və məqsədi Puşkin olmaq idi. Bəli, istisnasız, hamısının! Puşkindən 100 il əvvəl yaşamış şairlərdən tutmuş, ondan 100 il sonra yaşayan və bundan hələ yüz illər sonra da yaşayacaq bütün şairlərin arzusu Puşkin olmaq idi və olacaq.

Bəlkə də nə vaxtsa rus dilində "puşkin" sözü "şair" sözünə sinonim kimi lüğətlərə əlavə ediləcək. Çünki xalqın dilində bu ad (soyad) artıq uzun zamandır ki, elə "şair" sözünə sinonim kimi istifadə olunur.

Yəqin şairlərin qəzəblənmədiyi yeganə tənqid də elə "Sən Puşkin deyilsən!" cümləsi idi.

Yadıma bir əhvalat düşdü…

Yesenin Balaxanıda qayıq ilə kiçik dəniz səyahətinə çıxır. Səyahət boyu azərbaycanlı qayıqçıya şeirlərini oxuyur və şeirləri çox bəyənərək dinləyən qayıqçı sonda sadəcə bir cümlə ilə yekun fikrini bildirir:

"Nə qədər yaxşı olsa da, yenə də Puşkin deyilsən!".

Hə, əclaf Dantes!

Sən isə tarixin yaddaşında sadəcə Puşkinin qatili kimi qalacaqsan! Və Puşkin və şeirsevərlərin sayı artdıqca, sənə nifrət edənlərin sayı da hər dəfə artacaq. Puşkinin gözəl, sehirli şeirləri təkcə sənin üçün lənətə çevriləcək!

Puşkinin otağındayam… Və… Dünyanın ən xoşbəxt və eyni anda ən kədərli əşyası ilə üzbəüz dayanmışam. Onun həmişə dincəlmək üçün uzandığı və sonda isə öldüyü həmin divan… Bu divan ona görə xoşbəxtdir ki, Puşkin məhz bu divanda uzanaraq çoxlu şeirlər yazmışdı. Bu divan ona görə kədərlidir ki, Puşkin məhz bu divanda ölümcül vəziyyətdə iki gün yatmış və ölmədən əvvəl kitablarına baxıb "Əlvida, dostlar!" demişdi.

Əlvida, şair!

Bir zamanlar sənin də at çapdığın Qafqaz dağlarının ətəyindən gənc bir şair səni görməyə gəlmişdi.

# 4595 dəfə oxunub

Müəllifin son yazıları

# # #