Mən istəməzdim, Hikmət Rəhimov belə film çəksin... - Ulucay Akif

Mən istəməzdim, Hikmət Rəhimov belə film çəksin... - Ulucay Akif
12 fevral 2024
# 13:30

Kulis.az Hikmət Rəhimovun "Apatiya" filmi haqqında Ulucay Akifin yazısını təqdim edir.

Hikmət Rəhimov çox dəyərli aktyorumuz və mənim dostumdur. O həm peşəkarlığı, həm də xarakteri ilə bütövdür.

Amma bütün bunlara baxmayaraq, "Apatiya" filmi haqqında səmimi fikirlərimi yazacam.

Bəri başdan deyim: filmi bəyənmədim.

Əlbəttə, kim istəsə, yazını elə buradaca saxlaya bilər, yox, əgər filmi niyə bəyənmədiyimi bilmək istəyirsinizsə, söhbətimiz bir az uzun olacaq.


***

Fikir vermişəm, son dönəmlərdə çəkilən filmlərimizin əksəriyyətində mövzu "kasıblıq", "imkansızlıq" olur. Yaxud əsas problemin özü birbaşa kasıblıq olmasa da, əsas problemin səbəbi kimi yenə kasıblıq, imkansızlıq göstərilir.

Üstəlik, obrazlar da bəllidir.

Məsələn, bu cür filmlərdə mütləq deyingən qadın obrazı olur. Deyingən arvad, deyingən ana.

Adətən, bu obraz üçün kök və gözəl olmayan bir qadın aktrisa seçilir.

Növbəti hamıya bəlli obraz isə çoxlu siqaret çəkən, arıq, cılız, xəstəhal bir kişidir.

Bu kişi həmin deyingən, kök və gözəl olmayan qadının əri olur. Ucuz siqaret çəkir, az danışır.

Ümumiyyətlə, demək olar, o ərin rolu eləcə siqaret çəkməkdən ibarətdir. İki manatlıq siqaretdən fıshafıs o qədər çəkir ki, filmdən qətran iyi gəlir. Ekranın bəri üzündəki tamaşaçını öskürək tutur.

Digər hamıya bəlli obraz isə uşaq obrazıdır. Heç danışmayan, psixoloji problemləri olan bir uşaq obrazı.

Bu hamıya bəlli obrazları təəssüf ki, Hikmət Rəhimovun "Apatiya"sında da gördüm...

Mövzu kasıblıq, imkansızlıq, yoxsulluğun fəsadları, obrazların da hamısı tanış, təkrar...

Bu, təkcə filmlərimizdə yox, ədəbiyyatımızda da belədir.

Son dövrlərdə yazılan hekayələrimizin, romanlarımızın əksəriyyətində də əsas mövzu kasıblıq, imkansızlıq, sosial qayğılar, məişət problemləri, çörək, qənd, yağ, kolbasadır...

O gün yenə bu cür bir hekayə oxumuşdum. Hekayədəki problemi 50 manatla həll eləmək olardı. Elə müəllifin özünə də bunu dedim. Dedim, vallah, bu hekayədəki problemi əllicə manata həll eləmək olardı. Yəni yazıçı hekayəyə çox yox, azca imkanlı, azca səxavətli bir obraz salsa, bütün problem kökündən həll olunacaq.

"Apatiya" da beləydi. Ər-arvad evdə oturmaq əvəzinə, gedib bir işlə məşğul olsalar, heç bir problem qalmayacaqdı. Amma niyəsə Hikmət Rəhimovun obrazları evdə oturmaqda qərarlı idilər.

Bu mövzularda ilişib qalan yazıçılarımızı da, rejissorlarımızı da qınayıram.

Başa düşürəm, hamımız kasıbıq, amma bizim kasıblığımız heç kimə maraqlı deyil.

Başa düşürəm, oxuculara, tamaşaçılara "biz sizin vəziyyətinizi bilirik, sizin dərdinizə şərikik, sizdən yazırıq, sizi çəkirik" demək istəyirsiniz, amma bunun sənətə heç bir dəxli yoxdur.

Sənət belə yaranmır.

Nə vaxta kimi "ağlaşma" janrında yazıb, çəkəcəyik?

Bir dəfə də milyonerin problemini yazın, çəkin də.

Varlılar adam deyil? Onların problemləri yoxdur?

Bir dəfə də bank yarsın da kasıblarımız. İndiyə kimi hansısa filmimizdə bank soyğunçusu obrazı görməmişəm. Elə ancaq 50 manat, 100 manatın söhbəti gedir.

Bir dəfə də xakerlər haqqında çəkin də. Bir cavan oğlanın xakerliklə nələr edə biləcəyini göstərin.

Bir dəfə də sosial şəbəkələrdə fırıldaqla camaatdan pul oğurlayanlardan çəkin də.

Şən olsun, dinamik olsun da obrazlarımız.

Bütün obrazlarımız ağlayır.

Filmə baxırsan: ağlaşma!

Kitab açırsan: ağlaşma!

Mahnıya qulaq asırsan: yenə ağlaşma!

Bildik də, bildik, kasıbıq, ölürük aclıqdan, bildik...

Bəs sonra?

Nə edək?

İşimizi-gücümüzü ataq bir qırağa, ancaq bundan yazaq, bunu çəkək?

Bəs sənət?

Bəs bəşəri ideyalar?

Bəs dünyaya çıxmaq?

Qayın ilə yeznənin pul davasında nə bəşəri ideya var?

Nəysə... Deyəsən, əsəbiləşdim.

Mən istəməzdim, Hikmət Rəhimov belə film çəksin. Açığı, bəşəri ideyaları ehtiva edən film gözləyirdim.

Və inanıram ki, o gözlədiyim filmləri də çəkəcək Hikmət Rəhimov.

Filmin mövzusu haqda bu qədər.

Keçək digər məsələlərə.

Filmdə bir-iki cəsarətli səhnə var idi. Bir-iki deyəndə ki, elə iki səhnə var idi: ər-arvadın tualetdə masturbasiya etməyi.

Bu qədər. Amma o səhnələr də filmə yamaq kimi göründü mənə. O səhnələr filmi xilas edəcək gücdə deyildi.

Filmin əvvəlindəcə söyüş, vulqar ifadələr... Nəyə gərəkdir axı? Onda film daha "cəsarətli" sayılır?

Həəə... Bir də son illərdə çəkilən filmlərimizdə məni narahat edən məsələ sosial mesajların çoxluğudur. Obrazların dilindən mütamadi sosial mesajlar tökülür. Rejissor fərqli-fərqli sosial mövzuları dürtüşdürür filmə. Elə bil, film yox, sosial çarx izləyirsən.

Səd-əfsus, "Apatiya" filmində də belə idi: kasıblıq, narkomaniya, erkən nikah...

Çevir tatı, vur tatı...

Hələ o filmlər olur e, obrazlar, az qala, üzünü tamaşaçıya çevirib "narkotik maddələrdən istifadə sizin həyatınızı məhv edər" - deyir.

Nə bilim, "zibili yerə atmayın"-a kimi gedir bu mesajlar.

Yaxşı ki, "Apatiya" filmində bu cür məqamlar (sosial mesajlar) çox cüzi oldu. Hikmət Rəhimov belə bir mövzuda bundan mümkün qədər qaça bilib.

Hər halda ortada iş var, təbrik edirəm!

Amma mən daha böyük, daha fərqli, daha maraqlı mövzular gözləyirəm.

Yazıçılardan da, rejissorlardan da, ssenaristlərdən də...

Dünya başdan ayağa mövzuyla doludur.

Bəşəri heç nə qoya bilmirik ortaya.

Bir-iki mövzunun əlində həm özümüz girinc qalmışıq, həm də oxucunu, tamaşaçını girinc qoymuşuq.

Kasıbıq, bədbəxtik, aha, bunu bildik, bəs sonra?

# 6184 dəfə oxunub

Müəllifin son yazıları

# # #