Kulis.az Ulucay Akifin Qafar Rüstəmovun "Brüs Li zərbəsi" hekayəsi haqqında yazısını təqdim edir.
Yaz aylarında, xüsusən, günəşli günlərdə oxumaq və yazmaq eşqim daha da artır.
Daha çox oxumaq, daha çox danışmaq, söhbətləşmək istəyirəm.
Qafar Rüstəmovun "Brüs Li zərbəsi" hekayəsini də həvəslə oxumağa başladım. Hekayənin adı mənə gəl-gəl dedi. Müəllifi də ilk buna - maraqlı və diqqətçəkən ada görə təbrik edirəm.
Mətnə yaxşı ad qoymaq elə-belə məsələ deyil.
Keçək mətnə...
Hekayənin mövzusu mənə köhnə və maraqsız göründü. Eşələsək, ədəbiyyatımızda bu mövzuda yazılmış azı 2784 hekayə, bir o qədər film və roman epizodu var.
Bunu dəfələrlə demişəm, mənimçün mövzu, yəni “nə yazmaq?” daha vacibdir, nəinki “necə yazmaq?”.
Oxuduğum hər yeni mətndə, izlədiyim hər yeni filmdə yeni, maraqlı, fərqli nəsə gözləyirəm.
Məncə, bu, təbiidir.
Və o yeni dediyimiz şey hər nədirsə, onu tapa bilməyəndə, pərt oluram.
Hekayənin təhkiyəsi ürəyimi çox açmadı. Müəllif bu mətni niyə keçmiş zamanda yazıb, başa düşmədim. Düzdür, mətn keçmiş zamanda da yazıla bilər, amma belə nağılvari keçmiş zamanda yox.
Məsələn, hekayədə elə də gözəbatmayan bu cümləyə baxaq:
"Axırıncı dərsdən qaçardı..."
Bu və bu cür cümlələr mətni real ab-havadan çıxarır, süniləşdirir. "Qaçardı" yerinə "qaçırdı" yazmaq daha düzgün olar. Hekayədə belə cümlələr çox idi.
Hekayənin dialoqlarla bol olması xoşuma gəldi. Mətnə dinamiklik verir dialoqlar.
Ancaq Qafar Rüstəmovun hekayəsindəki dialoqlar da ürəyimi çox açmadı.
Məsələn, hekayədəki dialoqlardan bir hissəyə baxaq.
Hekayənin baş obrazı, azyaşlı Səməd dostuna atasının necə öldüyünü danışır:
"- Kəndin qoyun-quzusu tez-tez yoxa çıxırmış. Onda biz heç doğulmamışdıq. Keçən il oynamağa getdiymiz meşə var idi e, bax orada böyük bir dənə şir var imiş. Heyvanları tutub yeyirmiş. Bütün kənd zar-zar ağlayırdı. Bilmirdilər, nə eləsinlər. Atama deyiblər ki, onun öhdəsindən sən gələrsən. O da evdəki tüfəngi götürüb meşəyə gedib. Fit çalan kimi şir nərildəyə-nərildəyə ona tərəf gəlib. Atam silahı kənara atıb onunla güləşməyə başlayıb, bir dənə badalaq, şir sərələnib yerə. Belindəki xəncəri çıxarıb şirin boğazına dirəyib. Gözünü qırpmadan şirin başını kəsib. Yaman yorulubmuş, üstü-başı da qan içində. Kölgəlikdə uzanıb tez yuxuya gedib, oyananda nə görsə yaxşıdı, əclaf Xanış tüfəngi götürüb ona tərəf tutub. Üstəlik, sırtıq-sırtıq gülürmüş. Atam ayağa qalxmaq istəyəndə gülləylə vurub onu öldürüb".
Burada obrazın dili yoxdur, yenə müəllif təhkiyəsi davam edir. Qaraladığım hissələr qulağımı deşdi. Heç bir uşaq atasının ölümünü dostuna bu dillə, bizim Ömər demiş, “belənçi” danışmaz.
Ümumiyyətlə, bəllidir ki, Azərbaycanda heç bir uşaq, xüsusilə kənddə yaşayan uşaq bu cür danışmır.
Azərbaycanda ancaq televiziyaya çıxan adamlar "üstəlik" sözünü işlədir.
Mətndə çox xırda səhvlər topalanır-topalanır, bir də görürsən, bütün mətni kölgələyir.
Yenə romanda xırda səhvlərə göz yummaq olur, amma hekayədə buna icazə yoxdur. Seymur Baycanın qulağından uzaq, türkiyəlilər demiş: “sıfır tolerans”.
Ya da bu cümlə:
“Heyvanı hərrə dişlərinə sancanda meyvənin suyu fırçıltıyla ətrafa sıçradı”.
“Hərrə” sözünün mənasını bilmirəm, amma yəqin “iri”, ya da “güclü” deməkdir. Bu heç.
Ancaq mən indiyə kimi dişləyəndə suyu fırçıltıyla ətrafa sıçrayan heyva nə yemişəm, nə də görmüşəm.
Heyva sözünü eşidən kimi dilim-dodağım quruyur, boğazım geyişir. Düzdür, nisbətən sulu olanları da olur, amma heç vaxt suyu fırçıltıyla ətrafa sıçramır.
Belə xırda məqamlar məni çox narahat edir. Mətndən zövq almaq ehtimalım azalır. İlişib qalıram o məqamlarda.
Hekayənin sonluğunu isə çox bəyəndim. Müəllif hekayənin kuliminasiya nöqtəsini çox uğurlu şəkildə sona saxlayıb. Hekayənin adı kimi.
Şar kimi şişən hadisəni sonda “partlatmaq” asan məsələ deyil.