Üzr istəməyin və üzr istədilməyin dəbə mindiyi məmləkətimizdə belə gözəl, günəşli həftəsonunu bu yazını yazmağa sərf etdiyim üçün əvvəla özümdən üzr istəyirəm.
Dünən yayımladığımız yazılardan birinin başlığı bir çox insanı narahat edib, hətta, görürəm ki, həddən ziyadə qəzəbləndirib də.
Yəqin, qəzəblənməyə başqa bir problemləri, dərdləri olmadığındandır ki, bütün kin-küdurətlərini, əsəblərini bizdən çıxmağa çalışırlar. Olsun.
Bizim, yəni “Kulis” haqqında nəsə mənfi bir şey demək, ya da yazmaq üçün əlində balta, hazır vəziyyətdə dayanan ağzıgöyçəklərədir sözüm.
Kulis haqqında bu cür nifrət dolu yazılar yazmağınızın səbəbini anlamaqda çətinlik çəkirəm. Sizin ədalətinizə və səmimiyyətinizə o zaman inanardım ki, Kulisin illər boyu yayımladığı minlərlə gözəl yazı, müsahibə, hekayə, şeir, məqalə haqqında da xoş sözlərinizi əsirgəməzdiniz.
Artıq 10 ildən çoxdur ki, Kulis təkbaşına Azərbaycan ədəbiyyatı və mədəniyyətinin lokomotivi olmaqdadır.
Ümid edirəm ki, ən azından vicdanınız (təbii ki, əgər varsa) bu həqiqəti inkar etməyə imkan verməyəcək.
Bu yazını Kulis-in Baş redaktoru kimi yox, 2013-cü ildən burada yazıları yayımlanan bir müəllif kimi yazdığımı da bildirmək istəyirəm. O illərdə də, elə indinin özündə də Kulis bir çox istedadlı imzanı böyük kütlələrə tanıtmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatına qazandırdı və yenə də qazandırmaqdadır.
Kulis ölkənin mədəniyyət sahəsindəki bütün problemləri işıqlandırdı və bu problemlərin həlli üçün qollarını çirmələyib canla-başla əlindən gələni etdi və yenə də etməkdədir.
İstər Mədəniyyət Nazirliyi, istər Azərbaycan Yazıçılar Birliyi, istər Bəstəkarlar İttifaqı və bütün digər qurumların qüsurlarını göstərməklə yanaşı, bu qüsurların aradan qaldırılması üçün nələrin edilməli olduğunu deyirik, yazırıq.
Ola bilər ki, bəzən hansısa yazıların başlıqları, ya da elə yazının özü sizin xoşunuza gəlməz, amma bütün bunlara rəğmən Kulis-in 10 ildən də çoxdur etdikləri, çəkdiyi zəhmət və göstərdiyi mücadiləni görməzdən gəlmək, danmaq sadəcə və sadəcə vicdansızlıq olar.
Bu gün ölkədə yazılan mətnlərin on minlərlə, hətta yüz minlərlə adam tərəfindən oxunduğu yeganə məkan Kulis-dir. Ölkədə istisnasız heç bir saytda, qəzetdə, jurnalda yazılar bu qədər oxucu tərəfindən oxunmur və reaksiya görmür. Əgər varsa, deyin, biz də bilək, biz də oxuyaq, izləyək.
Bəlkə elə bu yazımı da birmənalı qarşılamayacaqsınız, amma bunun zərrə də məni maraqlandırmadığını da bilməyinizi istəyirəm.
Vaxtım azdı, bu gün gözəl bir xanımla görüşüm var, ona görə də yazını çox uzatmadan yekunlaşdırmaq istəyirəm.
Elə gəlmişdim həmin ağzıgöyçəklərə deyim ki, qələt* eləyirsiniz! Belə gözəl, günəşli həftəsonunu sosial şəbəkələrdə it kimi hürməyə sərf etməməyinizi tövsiyyə edərdim.
Sevgilər…
Qələt* - ərəbcədən tərcümədə “səhv” mənasını verir.