Masamıza yaxınlaşan müəmmalı xanım, “paxmel”lə koronavirusu səhv salan yazıçı – Pandemiya qorxusu ilə keçən kitab təqdimatı – Reportaj

Masamıza yaxınlaşan müəmmalı xanım, “paxmel”lə koronavirusu səhv salan yazıçı – Pandemiya qorxusu ilə keçən kitab təqdimatı – Reportaj
1 sentyabr 2021
# 12:30

Kulis.az Ulucay Akifin şair Əsəd Qaraqaplanın kitab təqdimatından yazdığı reportajı təqdim edir.

Şair Əsəd Qaraqaplanın “Ah deliriya” adlı yeni kitabının təqdimatı idi.

Özü də 10-cu kitabının...

Fotoqrafımız İlkini də götürüb yollandım hadisə yerinə. Maşınımızla ahəstə-ahəstə “Azərkitab” kitab mərkəzinə yollandıq.

- Hara gedirik, Ulucay? – İlkin tərəddüdlə məndən soruşdu.

- Kitab təqdimatına.

- Çox adam olar?

- Nə bilim, ola bilər. Nədi ki? – sualı məni təəccübləndirdi.

- Deyirəm, risklidi də, virus yayılıb. Gedib koronavirusa yoluxarıq birdən. Bəlkə heç getməyək? – çəkinə-çəkinə sual verdi.

- Əşi, nə koronavirus?! Poeziya, ədəbiyyat elə əsl antivirus peyvəndi. İki doza şeir deyəcəklər, olacaqsan turp kimi! – zarafat edərək fotoqrafımızı ürəkləndirdim.

Artıq təqdimatın keçirildiyi məkana çatmışıq. Tərslikdən ilk qarşıma çıxan Kəramət Böyükçöl olur. İşim tərs getməsin deyə sol çiynimə nəzərə çarpmadan üç dəfə tüpürürəm.

- Kəramət, necəsən? –salamlaşmaq üçün əlimi uzadıram.

Kəramət özünü geri çəkir:

- Ulucay, əllə görüşməyək, deyəsən, koronavirus olmuşam.

- Deyəsən nədi? Qızdırman var? Boğazın ağrıyır?

- Yox e, heç nəyim yoxdu, bir dənə başım ağrıyır, yenə də ehtiyat eləyirəm.

- Kəramət, o koronanın yox, “paxmel”in əlamətidir – deyib zarafat eləyirəm.

Kəramət belindəki böyük çantanın qollarını dartışdıraraq üzünü turşudur. Çantasında həmişəki kimi satdığı kitablar var.

Bu dəm Əsəd Qaraqaplan gəlir. Görüşürük. Fürsət bu fürsətdir deyib, tez kitabımı imzaladım deyirəm:

- Əsəd, 8-ci kitabın çap olunandan sonra demişdin e, Allahın 4 kitabı var, mənim 8... – yadına salıram.

- Həəə, elə demişdim. Düz demişəm də! – gülür.

- Düz demisən e, amma Allahın milyardlarla oxucusu var, sənin oxucularına isə bir dənə belə zal bəs eləyir. Onu da nəzərə al.

Kitabımı götürüb zala keçirəm. İnsanların sayı getdikcə artır. Toya gəlmiş kimi bəzənib-düzənmiş gözəl xanımlar, yaraşıqlı və işıqlı bəylər, tanış simalar...

Tədbir xüsusi formatda getmirdi, sərbəstlik var idi. İstəyən müəllifə yaxınlaşıb kitabı imzaladır, istəyən mikrofonu əlinə alıb ürək sözlərini deyir, ya da müəllifdən şeir səsləndirirdi.

Bir kənarda dayanıb tədbir iştirakçılarını müşahidə edirəm. Murad Köhnəqala içəri girir. Onunla da görüşürük. Sonra Kəraməti görüb ona tərəf addımlayır. Əlini uzadır. Kəramət yenə özünü geri çəkir:

- Murad, deyəsən, korona... – sözü ağzında qalır.

Murad Köhnəqala artıq Kəramətin əlindən tutub özünə tərəf dartır, hələ öpür də. Kəramət də çarəsiz-çarəsiz onu qucaqlayır.

- Əşi, nə korona?! Mən vaksin zad vurdurmayacam. Baldızım vaksin olundu, xəstələndi, qaynanam vaksin olundu, o da xəstələndi...

Bəzəkli, gözəl köynəyi ilə qəfil yanımızda zühur edən Zahir Əzəmət söhbətə müdaxilə edir:

- Mən elə indi gedəcəm birinci dozanı vurdurmağa. Ölərəm də ölərəm! Onsuz da öldürmək istəsələr, öldürəcəklər.

Qəfil fikir verirəm ki, kitab təqdimatında, ədəbiyyat tədbirində belə ən çox müzakirə olunan mövzu “Covid 19”-dur.

Heyif deyildi, əvvəllər hansısa başqa qələm dostumuzun qeybətini edirdik, arxasınca danışırdıq, istedadına lağ edirdik. İndi düşmüşük canımızın hayına...

Əsəd Qaraqaplan sinəsini qabağa verib, yumruğunu havada yellədə-yellədə gur səsi ilə şeir deyir.

Şeiri elə deyir, elə bil bəyənməyənləri döyəcək!

Hamı dinməzcə qulaq asır.

Sanki hamı bilir mən deyənləri və qorxudan qulaq asır.

Tədbirin aparıcısı, şair dostumuz Anar Əlizadənin mənə şeir demək üçün söz vermək istədiyini görüb aradan çıxıram.

Murad Köhnəqala, Zahir Əzəmət, Sadiq Elyerlə bir masa arxasında dayanıb söhbət edirik.

Xanımlardan biri masamıza yaxınlaşır, Murad Köhnəqala ilə görüşür, onu xeyli tərifləyir və gedir. Murad Köhnəqala Zahir Əzəmətdən soruşur:

- Çox tanış gəldi xanım. Tanımadın?

- Yox, mənə də tanış gəldi, amma tanımadım.

- Mən tanıyıram! – Sadiq Elyer inamla dedi.

- Kimdi? – Murad Köhnəqala soruşdu.

- Adı yadımdan çıxdı... – Sadiq Elyer təəssüflə dedi.

Bir azdan xanım yenidən masamıza yaxınlaşıb Murad Köhnəqalaya bir-iki kitab və dərgi hədiyyə etdi. Xanımın kimliyi bizə yenə də naməlum qaldı.

Nə qədər cəhd eləsəm də çıxışdan yayına bilmirəm. Anar məni görüb, çağırırlar. Kürsüyə çıxıb Əsəd Qaraqaplan haqqında fikirlərimi söyləyirəm.

Müəllif oxucuları üçün kitablarını imzalayır. Xoş söhbətlər, zarafatlar biri-birini əvəzləyir.

Şeirli, ədəbiyyatlı bir günü də beləcə yaddaşımıza həkk edirik.

Fotolar: İlkin Nəbiyev

# 4296 dəfə oxunub

Müəllifin son yazıları

# # #