Şuşada döyüşən şair: “Müharibəyə gələndə anam başıma xına qoydu” – Müsahibə

Şuşada döyüşən şair: “Müharibəyə gələndə anam başıma xına qoydu” – Müsahibə
15 dekabr 2020
# 13:03

Kulis.az Şuşa döyüşlərində baş leytenant kimi iştirak edən və hazırda orada xidmətdə olan şair Emin Piri ilə müsahibəni təqdim edir.

- Orduya nə vaxt yollandın, Emin?

- Sentyabrın 25-i komissarlığa gedib qeydiyyata düşdüm, telefon əlaqəsi və digər lazımi məlumatları verdim ki, müharibə olarsa, məni mütləq birinci çağırın. İki gün keçməmiş müharibə başladı. Dərhal zəng edib çağırdılar. Zəng gələndə "Ədalət" qəzetində işdə idim, yazı hazırlayırdım. Dərhal yoldaşlarla görüşüb eləcə evə, ordan da birbaş xidmətə yola düşdüm.

Aprel döyüşləri vaxtı da komissarlığa şəxsən gedib müraciət etmişdim. Buna uyğun olaraq çağırdılar. Zabitlər siyahısında adım birinci yerlərdə idi. İlk mənə zəng etmişdilər. Həm Ağdamda səngər xidmətim olub, həm də kateqoriyalar üzrə uyğun idim.

- Döyüşlərdə düşmən öldürdünmü?

- Hamı bu sualları verir. Mən heç vaxt insan öldürməmişəm. Azərbaycan ordusu bu döyüşlərdə bir insan da öldürməyib. Bəli, söhbət insandan gedir. Ümumiyyətlə, adam öldürmək sualı məni ürküdür. Bildiyim odur ki, bütün əmrləri yerinə yetirmişəm və tutduğumuz mövqedən bir addım da geri atmamışıq. Təbii, bunlar bizə şəhid və yaralılar hesabına başa gəlib. Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı və Şuşanın kəndlərində döyüşmüşük...

- Şairin əlində silah olanda özünü necə hiss edir?

- Müharibədə Piriyev Eminəm, mülki həyatda isə Emin Piri. Emin Piri müasir, sevgi dolu biridir, bəşəri sevgi ilə yaşayır. Piriyev Emin isə qəddar, kobud, mühafizəkar biridir. Şah İsmayıl Xətaiyə qılınc və qələm necə yaraşırsa, mənə də elə. Önəmli olan hansı zaman və məkanda qılınc və qələmdən necə istifadə etməkdir. Zaman var qılınc, zaman var qələm! Mənə indi silah yaraşır, evə gələndə qələm. Amma məncə, kişiyə silah və at daha çox yaraşar. Yenə də Şah babamız Xətai amalını sevirəm. Bir əldə silah, o biri əldə isə həmişə qələm olmalıdır.

- Ölüm qorxusunu hiss etdinmi heç?

- Hisslərimi ifadə edə bilmərəm. Zatən deyəcəklərimə kimsə inanmaz. İnsanların mənə qəhrəman kimi yanaşmasını da istəmirəm. Əminəm ki, bunu hər azərbaycanlı edərdi. Burda olmağım borcum idi, bu xalqa, Vətənə, dövlətə, məni sevənlərə, qadınlarımıza, uşaqlarımıza. Müharibəyə gələrkən, ölümü gözə alıb gəlmişdim. Əslində, müharibədən sağ çıxacağıma inanmırdım. Ona görə də hamı ilə vidalaşıb gəlmişdim. Həmin gün anama dedim, mənim başıma xına qoydu və eləcə yola düşdüm.

Azərbaycan qadınını qorusaq, minlərlə Emin Piri dünyaya gətirəcək, amma qorumasaq, bir Emin Piri də olmayacaq. Ona görə də mən şəhid olsam, kimsə nəsə itirməz, əksinə qazanar. Qismətdən sağ qaldım.

- Qadın demişkən...Qayıdanda evlənmək istəmirsən? Kitabların çap olundu, müəllimlik etdin, torpaq uğrunda vuruşdun, səncə, artıq Koroğlunun Nigara qovuşma vaxtı deyilmi?

- Əsgərlərim söz veriblər ki, qayıdan kimi evlənməsəm, məni silah gücüylə nikah masasına oturdacaqlar. Yarızarafat, yarıciddi elə deyirlər.

- Orda şair olduğunı bilirlər?

- Bilmirdilər, sonradan öyrəndilər. Qarabağda ilk imza günü keçirən şair oldum. Şeir gecəsi də keçirdik. Bir neçə kitabımı gətirmişdim, burada əsgərlər üçün imzaladım. Şeirlər oxudum.

- Baş leytenantsan, əsgərlərinlə nələrdən danışırsan?

- Hər gün atışma səngiyəndə söhbətlərimiz olurdu. Borçalıdan Nicat adlı çavuşum var, Azərbaycan ədəbiyyatını əzbər bilir. Zəlimxan Yaqubun yerlisidir. Onun kimi də yaddaşı var. Ən çox Zəlimxandan bilir. Bir sözlə, hər gün çoxlu şeirlər oxuyurduq. Siyasi, tarixi, ədəbi söhbətlər, kino müzakirələri edirdik. Hüqodan, Tolstoydan, Mopassana, Aytmatova qədər... Düzdü, burda ədəbiyyat sevməyənlər də var, amma komandir olmağımdan istifadə edib şeirlərimi məcburi dinlədirəm əsgərlərə (gülüş).

- Təzə şeir yazmısan orda?

- Şeir yazmağa vaxt və şərait olmayıb, amma beynimdə yazmaq üçün xeyli mövzu var, gələndə yazacam.

- Bu müddət ərzində ən çox nə və kim üçün darıxdın?

- Ən çox bacım uşaqları və Sumqayıt üçün darıxıram.

- Yazıçı-publisist İlham Tumasla da görüşmüsüz orda. Necə tapdınız biri-birinizi?

- Düzünü desəm, o məni gördü. Mən fikirli idim, kimsə "şair, necəsən?" - dedi. İnanmadım. 50 yaşlı jurnalistin burda nə işi vardı? Amma doğmamı tapan kimi sevindim. Ayrı batalyonlarda xidmət etmişik. Burda indi ara-sıra söhbətləşirik. Qələm üçün o da darıxıb, mən də.

- Qayıdanda etmək istədiyin nələr var?

- Müharibə çox qəddarlaşdırdı məni, kobudlaşmışam. Söz ehtiyatımın böyük hissəsi söyüşlərdən ibarətdir. İlk növbədə, bu vərdişimi tərgidəcəm. Sonra səhhətimdə yaranan bəzi xırda-para problemlərlə bağlı müalicə alacam və dincələcəm. Dalınca, təbii ki, dostlarla görüşüb, işimə çıxacam. Heyf, biz gələnə bütün restoranları bağlayıblar.

- Sən sağ-salamat qayıt, biz görüş və qonaqlıqları restoransız da təşkil edərik.

- Yaxşı! (gülüş).

- Özündən muğayat olun, cənab baş leytenant! Bütün əsgər qardaşlarımıza salamlar olsun.

- Salam göndərən sağ olsun!

# 5141 dəfə oxunub

Müəllifin son yazıları

# # #