Tarif Şurası yenə iş başındadır. Qazın və işığın gündüz tarifləri qalxdı.
Camaat əsəbini, aqressiyasını mədəni formada sosial şəbəkələrdə status yazaraq soyutmağa çalışdığı vaxt, aparıcı Lalə Azərtaş efirdəki çıxışında insanlara mürəbbəni gecə bişirməyi tövsiyə elədi.
Adamlar təzədən qızışdı. Virtual əllərini Tarif Şurasının yaxasından çəkib, aparıcıdan yapışdılar.
Mənə maraqlı olan məsələ isə başqadır:
Görəsən, aparıcının mətnini kim və niyə yazıb?
Redaktorlar hara baxıb?
Aparıcının öz məntiqi harada idi?
Yoxsa, aparıcı o cümlələri elə öz düşüncəsi ilə, spontan deyirdi?
Əslində, bu, inandırıcı deyil, çünki efirin necə tənzimləndiyini çox yaxşı bilirik. Lap canlı yayım olsa belə, rejissorlar, redaktorlar problemli məqamın qarşısını ala bilirlər.
Həm də Lalə xanımın mətni suflyordan oxuduğu hiss olunur.
Elə isə bu cür gərgin bir vaxtda insanları qıcıqlandırmaq kimin nəyinə lazımdır?
Qazın qiymətini qaldırıblar, cəhənnəmə! Heç olmasa insanların əsəbi ilə oynamasınlar.
Mənim məqsədim aparıcını linç edənlərə qoşulmaq deyil. Bəllidir ki, bu çıxış onun özbaşına qərar verəcəyi bir iş deyil. Məsuliyyətin ən böyüyünü verilişin redaktorları və kanal rəhbərliyi daşıyır.
Ay, Xəzər TV, sənin dərdin nədi?
Get, hansısa rayonda doğulmuş dördayaqlı qazı çək də!
Axı, bu qaz o qazdan deyil.