Oxucunun vaxtına girən yazıçılar – Tural Turan yazır...

Tural Turan, yazar

Tural Turan, yazar

7 aprel 2023
# 15:30

Kulis.az Tural Turanın yeni yazısını təqdim edir.

İndi hər şey sürətlə dəyişir. Baxışlar, yanaşmalar durmadan, “nəfəs almadan” yenilənir.

İnformasiya texnologiyalarından tutmuş ədəbiyyata qədər hər şeyə baxış təzələnir. Amerikada da, Avstraliyada da “təzə nə oxumusan?”, “niyə oxumursan?” – suallarına qarşı tərəf bir qısa cümlə ilə cavab verir: “Vaxtım yoxdur”...

Bizdə də eyni suallara, təqribən, oxşar cavablar verəcəklər.

Qısa və vaxt demişkən, hər şey vaxta görə qısalaşmaqda, incəlməkdə, nazikləşməkdədir.

Bəlkə, biz də ədəbiyyata baxışımızı dəyişək? Nə deyirsiniz?

Çoxhəcmli romanlar, qalın-qalın kitablar yazmaqdan imtina edək. Artıq Avropada da, Amerikada da buna keçid başlayıb. Özü də indi yox, hələ 10-15 il bundan əvvəl Qərb dünyası “vaxt qıtlığını” nəzərə alaraq ədəbi mətnləri yığcamlaşdırıb.

200-300 səhifəlik romanlar 80-90 səhifəyə düşüb. Hekayələr daha 10-15 səhifə deyil, maksimum 3-4 səhifə, ən pis halda, 6-7 min işarədən o yana keçmir.

Poeziyada da vəziyyət eynidir. Poema janrı, ümumiyyətlə, sıradan çıxıb. Şeirlərin, düzgülərin həcmi beş-altı misraya düşüb. İndi Qərb müəllifləri oxuculara çatdırmaq istədikləri poetik fikirləri ələkdən, xəlbirdən keçirərək təqdim edirlər. Səbəbi çox sadədir; əlahəzrət oxucunun vaxtını çox almaq istəmirlər.

Hətta Yaponiya ədəbiyyatı “hayku” janrında ixtisarlar apararaq üç cümləlik poetik mətnləri bir cümləyə qədər endirməkdədirlər.

Dediklərim hekayələr üçün də keçərlidir. Artıq Avropada bir cümləlik hekayələr dəbdədir. Sizə asan gəlməsin. Bir cümləlik hekayələrin yoğrulub yapılması uzun-uzadı mətnlərdən daha çətindir.

Yazıçı uzun mətnləri yazdığı halda, bir cümləlik hekayələri qələmə almır, onları doğur... Doğum prosesi isə həmişə və hər yerdə sancılı olub.

Beləliklə, müəllif qısalaşma prosesinə qoşulmaqla ortaya daha sanballı və “incəbelli” mətnlər qoyur. Eyni zamanda, oxucuların vaxtını almırlar.

İndi informasiya texnologiyaları dövrüdür. İnsanlar gün ərzində onsuz da lazımlı və lazımsız bilgilərlə yüklənmək məcburiyyətindədirlər. Sizin “qollu-budaqlı” sənət nümunələriniz, qalın-qalın söz yığınınız onları maraqlandırmır.

Oxucuları özünüzə cəlb etmək üçün yolunuzu bir romana bərabər “yek cümləlik” hekayələrdən salmalısınız.

Bu bir cümləlik hekayələr həm özü ilə yeni baxış, yeni yanaşma və yeni söz demə formaları ilə seçilməlidir. Ən əsası, orijinal olmalıdır, oğurluq yox...

Məsələn, azyaşlı bir dilənçi qızın ağrı-acısını bir cümlədə vermək üçün uzun-uzadı dastan qoşmağa nə hacət?! Sadəcə olaraq “20 qəpiyə 7 yaşlı qızın göz yaşları satılır” – deməyiniz kifayətdir.

Yeri gəlmişkən, Azərbaycanda bir ilkə imza atmaq niyyətinə düşmüşəm. Yazı dili yüyrək olar, bir cümləlik hekayələrimdən ibarət kitab çıxarmaq istəyirəm. Hər şey hazırdır, sadəcə nəşriyyatlardan təklif gözləyirəm.

Siz də inadınızı yerə qoyun, keçin biz tərəfə; bir cümləlik şeirlər və hekayələr yazın.

Əsas olan orijinallıqdır. Bundan da önəmlisi, başqalarının vaxtına və haqqına girməməkdir.

Kölgəm haqqı, insanlar sürətlə sözsüz mətnlərə doğru yüyürür, biz isə “kilim-palaz mətn”lərin ətəyindən yapışıb fırlanırıq. Sonra da üstümüzə gələnin yaxasından yapışırıq ki, bizi niyə oxumursunuz?

İmkan yaradın oxusunlar də...

# 1939 dəfə oxunub

Müəllifin son yazıları

# # #