Kulis.az Sərrafın yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa haqqında yazısını təqdim edir.
Mənim ağ göyərçinim...
Sənətşünasların təbirincə desək, Azərbaycan milli teatrı “məbəd” və “sənət” dövründən keçib bu iki dövrün enerjisi ilə yoğrulmuş “həyat” dövrünü yaşamaqdadır. Bu dövrün tamaşalarından biri haqqında...
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının “milli” statusu alandan sonra ilk göstərisi 18 may tarixində böyük səhnədə yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa oldu. Xalq artisti Cənnət Səlimovanın upuzun qara saç hörürmüş kimi qurduğu tamaşa seyrçiyə 2 açarla təqdim edildi. Bu açarların birincisi səhnədə quraşdırılmış sanki qayaya dəyərək parçalanmış nəhəng yelkənli ağ gəminin gövdəsinin bir parçası, ikincisi isə tamaşaya daxil etdiyi və iştirakçıların hamısı səhnədə olarkən səslənən “Mənim balam kimə neylər?!” zümzüməsi.
Səhnədəki gəmi parçası dağılan böyük Sovet imperiyasının bir parçası olan Azərbaycanı simvolizə edirdi. 1989-1990-cı illərdə Azərbaycanda baş verən hadisələrin gəminin üzərində vizual əksi də tamaşaçıya bu hadisələrin harada baş verdiyini göstərirdi. Maraqlıdır ki, bu gəmi parçası tamaşaçıya doğru 90 dərəcə çevriləndə bir dəfə Sovet ölkələrinə qan salacaq əmrin verildiyi Moskvanı, növbəti dəfə isə Moskvada verilən qərar nəticəsində günahsız qurban getmiş şəhidlərin dəfn edildiyi məzarlığın giriş qapısını simgələyirdi. Məkan açarından sonra ustad Cənnət Səlimova tamaşanın zamanını isə “Mənim balam kimə neylər?!” zümzüməsinin sətirləri ilə səhnəyə daşımışdı. Yazıçı-dramaturq Tamara Vəliyevanın drama gətirdiyi mövzuya və bu mövzunun gənc tamaşaçıda doğurduğu katarsisə bu zaman axarında tamaşa edək.
Tut ağacı boyunca...
Sovet dövrü son günlərini yaşayır, amma bu hələ məktəblilərin həyatına sirayət etməyib. Onlar səbrlə son zəngi gözləyir. Amma hiss etmirlər ki, bu son zəng təkcə onların deyil, həm də böyük bir imperiyanın son zəngidir. Hələ kimlərsə bu dövlətin əkdiyi tut ağaclarının barından yemək imkanını özündə saxlayır, aşkarda və gizlində tut yeyən ailələr xoşbəxtdir. Bu xoşbəxtlikdən az da olsa hər kəsə pay düşür. Hər kəs doyunca tut yemək və xoşbəxt yaşamaq istəyir. Bu zaman Aqil (Mirzə Ağa Mirzəyev), Turan (Asya Atakişiyeva), Səidə (Zülfiyyə Alhüseynova), Bəhruz (Ramiq Nəsirov) və onların digər sinif yoldaşları, bu sinfin öz çətri altında birləşdirdiyi valideynlər, ailələr və başqa insanlar xoşbəxtdir. Onlar zamanın sabah verəcəyi rəhmsiz hökmdən xəbərsizdir.
Tut yemədim doyunca...
Qəfil əsən inqilab küləyi tut ağaclarının barını yerlə bir edir. Küləyin üst-üstə qalaqladığı tut artıq yeməli deyil, o qaldıqca kiflənir və bu kifdən yayılan qoxu bütün Sovet imperiyasını, onun bir parçası olan Bakını da bürüyür. İnsanlar narahatdır. Ən çox narahat olan isə Aqilin valideynləri Zəhra (Əməkdar artist Nəsibə Eldarova) və Qürbət (Kərəm Hadızadə), general-polkovnik Natiq (Rövşən Abbasov) və övladlarının həyatını düşünən digər atalar-analardır. Zaman bu insanları yola çıxdıqları Azərbaycan adlı gəmidə gözləmədikləri anda fırtınaya salmışdır. Bakının küçə və meydanlarında baş verənlər hər kəsi qorxutmuş, varlılar, vəzifəlilər itirməkdən, var-dövlət axtarışında olanlar isə onu əldə edə bilməyəcəyindən qoxmağa başlamışdır.
Yarı xəlvətdə gördüm, danımşadım doyunca...
Baş verənlər insanların arzusunu ürəyində qoyur. Xəlvətdə qurulan planlar reallaşır. Aqillə Turanın münasibətləri zamanın ağır şərtləri altında sona çatır, Qürbətlə Zəhranın tərbiyə etdiyi Aqil müstəqil həyatda baş verənlərin valideynlərinin ona verdiyi tərbiyə ilə uyğun gəlməməsinin qurbanına çevrilir. Sinif yoldaşı və dostu Bəhruz ermənilərin azərbaycanlılara qarşı törətdiyi ilk məkrli təxribatın qurbanı olandan sonra zəif xarakterli, müstəqil qərarvermə qabiliyyətindən məhrum edilmiş Aqil onu sonsuz məhəbbətlə sevən Turanın tənələrindən dərs çıxarır. İnsan kimi dəyişir – öz daxilində gizlənmiş kişi xislətini ortaya qoyur...
Mənim balam kimə neylər, quzu balam kimə neylər?!...
Çinlilərin “səni görüm keçid dövründə yaşayasan” qarğışı bu dəfə azərbaycan gənclərini tutur. Valideynlərin çağırışı və fəryadı heç nəyi dəyişə bilmir. Moskvanın əmri ilə Bakıya yeridilən tanklar Aqil kimi onlarla vətənpərvər azərbaycan gəncini öz tırtılları altında xıncım-xıncım edirlər. Heç kimə heç nə etməyən quzu balaların cansız bədənləri imperiyanın iti caynaqlarında göylərə qalxır, ardınca imperiyanın proqnozlaşdırmadığı hal yaşanır. Göylərdə öz bədənlərindən ayrılan gənc ruhlar Azərbaycanın üzərində azadlıq bayrağı kimi dalğalanmağa başlayır. Vətən övladlarının ruhları Azərbaycanın təhlükəsizlik çətiri olur. Valideynlərini nakam qoyan qəhrəman oğul və qızlar Azərbaycanı öz kamına çatdırır. Azərbaycanın müstəqiliyi Aqilin sevgi ilə böyüdülən övladının simasında yenidən səhnədə təcəlli edir. Pərdə hər şeyi bizdən gizləyir.
Yazıçı-dramaturq Tamara Vəliyevanın və rejissor Cənnət Səlimovanın ürək və əmək qoyduğu “Mənim ağ göyərçinim” tamaşası vətənpərvər Azərbaycan gəncləri, övlad tərbiyə edən gənc valideynlər, sevgili cütlüklər, hətta gənc hərbçilər, müəllimlər üçün bir həyat dərsi və katarsis mənbəyidir. Tamaşanın təkcə sözlü qəhrəmanları deyil, tamaşada bir kəlmə sözü belə olmayan aktyorlar da tamaşaçıya nələrsə öyrədir, sanki öz borclarını ödəyirlər. O səhnədə öz həyatımızı görmək və təki bizi belə aldatsınlar deyərək bilet alıb teatrlara getmək də bizim borcumuz olsun.