Kulis,az İlqar Fəhminin "Əsrə bərabər gün" tamaşası barədə "Uzun yolun sonu..." adlı yazısını təqdim edir.
Proloq - Güzgü
Hər bir yaxşı əsər güzgü xarakteri daşıyır. Hansısa güzgü zəmanəni, dövrü göstərir, hansısa güzgü cəmiyyəti, hansısa güzgü müəllifin özünün daxilindəki iblisləri.
"Əsrə bərabər gün" tamaşası bizə məhz Çingiz Aytmatovu göstərdi. Bu onun güzgüsüydü.
Elə əsərə rejissor yanaşmasının əsas bədii tapıntısı da, məhz bu detal idi. Tamaşada hər şey bunun üzərində qurulub.
Bizə təqdim olunan baş qəhrəman Yedigey də, elə Aytmatovun özüdür. Bütün müsbət və mənfi keyfiyyətlərilə birlikdə.
Baş qəhrəmanın bir günün içində keçdiyi yol da - keçmişdən tutmuş, gələcəyə qədər; yerin dərin qatlarından tutmuş, kosmosa qədər - bütün bunlar alleqorik olaraq Aytmatovun bir şəxsiyyət olaraq, özünün keçdiyi yoldu.
Bəli, sovet hakimiyyətinin yetirməsi olub da, öz keçmiş genetik kodlarından qopub göylərə (kosmosa) üz tutan, lakin bu qopmağı bütün varlığı ilə faciə kimi yaşayan Aytmatov.
Ömrü boyu Sovet Sosialist cəmiyyətinin təsvirləri arasında bu cəmiyyətdən kənar olan mifik təfəkkür və düşüncələri sızdıran Aytmatov.
Gen yaddaşı ilə müasir düşüncəsi arasında gedən savaşlara meydan olan və nəhayətdə, sanki məğlub olan Aytmatov.
Və "kökündən qopan səmalara da əl uzatsa, əli kəsiləcək" həqiqətini dərk edən və yalnız ölümündən sonra "Atabeyit"ə qayıdan Aytmatov.
Rejissor bu tamaşada bizə dahi və ziddiyyətli Çingiz Aytmatovun, sanki metafizik bioqrafiyasını təqdim etdi.
Düşüncə
Dünyaca məşhur olan irihəcmli romanların teatr səhnəsinə gətirilməsi praktikası dünya təcrübəsində o qədər də çox deyil. Əksər hallarda rejissorlar irihəcmli romanın içindən müəyyən fraqmentləri götürərək, onları müstəqil şəkildə səhnələşdirirlər. Və yaxud, romanı qısa icmal formasında teatr çərçivələrinə uyğunlaşdırırlar.
XX əsrin ən tanınmış qələm adamlarından olan, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanı da bu cür irihəcmli əsərlərdəndir. Əsəri teatr səhnəsinə tam halda gətirmək çox ağır və böyük zəhmət tələb edən iş olduğuna görə, nə SSRİ dövründə, nə də sonrakı illərdə heç bir teatr rejissoru bu yükün altına girə bilməyib. Məlumdur ki, romanda hadisələr bir günün içində baş versə də, çoxlu paralel süjet xətləri - keçmiş xatirələr, mifoloji keçidlər, fantastik xətlər mövcuddur ki, bu da ümumilikdə rejissorun işini qat-qat çətinləşdirir. Əksər hallarda romanın içindən yalnız bir fraqment - "Manqurt" hekayəti səhnələşdirilib, ekranlaşdırılıb.
Bu çoxqatlı, dərin məzmunlu romanın tam halda səhnəyə gətirmək kimi ağır yükü öz çiyinlərinə isə yalnız müasir Azərbaycan rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə götürə bildi...
Mövzu
İstənilən bir bitkin əsəri (konkret bu halda, tamaşanı) analiz edərkən, ümumilikdə müsbət və mənfi fikir bildirmək peşəkarlıqdan kənardı. Belə işlərə, məncə, bir neçə aspektdən yanaşıb, hər birini ayrı-ayrılıqda dəyərləndirmək lazımdır.
Birinci, əsər seçimi, ikinci, əsərə yanaşma üslubunun seçilməsi, üçüncüsü, quruluş formasının müəyyən edilməsi və nəhayət, seçilən formada reallaşmanın keyfiyyəti...
Düşünürəm ki, ilk olaraq rejissorun niyə məhz bu əsər üzərində dayandığını düşünmək lazımdır. Akademik Milli Teatrda uzun illər ərzində çoxsaylı tamaşalar ərsəyə gətirən, truppanı yaxından tanıyan Mehriban Ələkbərzadə bu dəfə artıq Baş rejissor olaraq teatra təyinat alır və bir müddət sonra məhz bu əsərin üzərində işə başladığı barədə məlumat yayılır.
Məncə, bugünkü ictimai-siyasi şəraitdə bundan uğurlu seçim ola bilməzdi. İlk olaraq, ona görə ki, dünya şöhrətli Çingiz Aytmatov məhz türk xalqının yetirməsidir. İkincisi, bu əsərdə türk mifologiyasından başlayan, kosmik dövrün fantastik hadisələrinə qədər gəlib çıxan böyük bir xətt var ki, dünəndən bu günə, bu gündən də sabaha bir körpü atır. Başqa sözlə desək, bizim altşüurumuzdan başlayan bu yol üstşüura (təhtəlşüura) qədər davam edir. Və bu üç reallığın hər biri fəlsəfi plastda geniş şəkildə açılır.
Son illərdə daha da aktivləşən türk birliyi ideyası kontekstində rejissor tərəfindən məhz bu əsərin seçilməsi məncə, çox aktual və zamanında qəbul edilmiş qərardır.
"- Seçim üçün əsərlər çox idi. Fikrimdə təxminən üç və dörd əsər vardı. Təbii ki, təyinetmə məqamında bir çox parametrlər nəzərə alınır, məhz bu baxımdan, düşündüm ki, Dram teatrındakı fəaliyyətimin yeni mərhələsi məhz "Əsrə bərabər gün" ilə başlamalıdı. Bütün kollektivi bərabər şəkildə ayağa qaldırmaq, birgə hədəfli işə yönəltmək, enerji şkalasına baxmaq...hər kəsə lupa altında baxmaq , bu işi kollektiv iş kimi ortaya çıxarmaq mənimçün çox vacib idi.
Həm də, mən də ərazi bütövlüyümüzdən sonra əsl nəcabətimizin uyuduğu torpaqlara olan münasibəti bütün mətləblərdən önə qoyan insanam. Mən hər zaman deyirəm: sənət şəxsiyyəti kosmopolit olmağa vadar edir. Mən isə, birinci növbədə, vətəndaş, sonra rejissoram. Mənimçün torpaqlarıma yiyəlik hissinin mütləqliyi var. Mənim üçün əcdadlarımın torpağa qarışmış enerjilərinə qayıtmaq mütləqliyi var. Bu əsərdə mən bu yolu açıq-aydın gördüyümdən bütün milli dəyərlərimi, universal dəyərlərə çevirərək, mənəviyyat enerjisi ilə məhz bu materialda birləşdirə bildim. Odur ki, seçim "Əsrə bərabər gün" oldu.
Yəqin ki, 44 günlük savaş və Qələbəmiz olmasaydı, bu əsər mənimçün bu qədər ön plana çıxmazdı..." (M. Ələkbərzadə)
İkinci məsələ əsərə yanaşma tərzinin seçilməsidir. Qeyd etdiyim kimi, bu əsərə fraqmentar yanaşma üzərində qurulan tamaşalar, filmlər olub. Lakin rejissor, sadəcə, bir hekayətin təqdim olunmasına yönəlməyib, əksinə, əsərdəki hər üç plastı ayrı-ayrılıqda təqdim etməklə, bunların arasındakı fəlsəfi intellektual rabitəni ön plana çəkir. Bəli, əsas məsələ, sadəcə, uzaq çöllərdəki insanların hekayəti deyil; əsas məsələ keçmişdə yadelli işğalçılarla mübarizə aparan igidlərin aqibəti deyil; əsas məsələ kosmik stansiyada baş verən gözlənilməz hadisələr deyil.
Əsas məsələ bunların arasındakı rabitədir. Bu rabitənin strukturudur.
Niyə yazıçı bu üç fəlsəfi plastı bir əsərdə paralel şəkildə yerləşdirib? Rejissor bütün düşüncəsini məhz buna yönəldib və əsəri fraqmentar yox, bütünlükdə səhnələşdirməyi qərara alıb. Əks halda, yazıçının mesajının tam bütöv və bitkin halda çatdırılmağı mümkün olmazdı.
Üçüncü aspekt isə, tamaşanın quruluş üslubunun təyin edilməsidir ki, burda da rejissor böyük yazıçıya olan daxili sayqısını nümayiş etdirərək, romanın öz məzmununu, süjet xəttini, məna yükünü realist üslubda, maksimum dərəcədə saxlamağa çalışıb.
Əlbəttə, romanı söküb təzədən yığmaq da olardı, bütün süjet xəttini dəyişmək də olardı, yeni səhnələr, hekayətlər əlavə etmək də olardı.
Lakin bu artıq Çingiz Aytmatov olmayacaqdı. Mehriban xanımın əsas məqsədi, ideyası isə bundan ibarət olub ki, məhz Aytmatovun uzun illər əvvəl verdiyi, lakin bu günə qədər aktuallığını itirməyən ümumbəşəri mesajı yenidən diriltmək, yenidən tamaşaçı diqqətinə çatdırmaqdır. Çünki böyük ideyaların, qlobal mesajların əsas ağırlığı onda olur ki, hər dəfə zaman, dövr dəyişir, yeni reallıqlar ortaya çıxır və tamaşaçı, oxucu həmin böyük əsərə artıq öz dövrünün prizmasından baxır və dəyərləndirir. Rejissorun da bu tamaşada əsas məqsədi məhz Aytmatovun ideyalarını, mesajlarını artıq müasir dövrün baxış bucağından nümayiş etdirməkdir. Çünki rejissorun öz fikir və düşüncələri də, göründüyü kimi, yazıçının romanda verdiyi mesajlarla demək olar ki, üst-üstə düşür, ona görə də burda əsəri sındırıb dəyişməyə, bir əsərdən tamam başqa bir əsər çıxarmağa ehtiyac qalmır. Çünki rejissorun seçimi və məqsədi budur. Kimlərsə bu seçimi və məqsədi bəyənməyə bilər, lakin bu, artıq hər kəsin subyektiv işidir. Kimlər üçünsə Aytmatov ümumiyyətlə maraqlı gəlməyə bilər. Onun yazdıqları bir zaman əfsanə olmasına rəğmən. Bu gün Aytmatov fəlsəfəsi sadə göründüyü qədər də dərindir. Əlbəttə ki, tamaşaçıdan intellekt hazırlığı istəyir.
"- Aytmatov Sovet hökuməti dövründə yaşasa da, kommunizm ideologiyasından uzaq, çox dərin olan insan idi. Yazdıqlarının arxasında da yaza bilmədikləri durur. Yəni Ezop dili mütləqiliyi yaşayırdı desək, yanılmarıq. Rejimin etnik bir yurd yerində onun qədim qəbiristanlığını ekskavatorla dağıdıb, yazılan tarixi pozub... yüksək fəzalara yol açmaqçün saldığı kosmodroma bu qədər aydın münasibət çox ciddi məsələdir. Bu, Aytmatov münasibətidir. Çünki rejimin strateji bir obyektinin altında etnik problemi, milli məsələnin qaldırılması çox əhəmiyyətli,vacib və riskli idi. Amma Aytmatovun da yazıçı məharəti bunda idi ki, bütün bu fikirləri sadə bir yol tənzimləyicinin az qala, sərsəm bir düşüncələrinin, rejimin vacib bir projesinə olan etiraz altında pərdələmişdi.
Mənim şəxsi və vacib mesajım... əsas ideyam belə idi: sən əgər öz kökünə, şəcərənə gedən yolu unudursansa, əgər sənin genetik kodların dəyişir. Bəllidir ki, genetik kod dəyişirsə, genetik informasiyalar da itir. Beləliklə, bir nəslin keçmişi ilə bağ qopur. Hər şey sıfırlanır. Və keçmişi olmayan nəslin sabahı şübhə altına düşür. Belə bir insanın heç uzaq gələcəkdə də, yerdən kənar sivilizasiyalarda da yeri olmayacaq. Mənim düşüncəmdə bu varlıqlar sonrakı dünyada da, yerdənkənar sivilizasiyalara da gedib çıxmayacaq, kimsəyə qovuşmayacaq. Nə doğmaya...nə ali dəyərə. Aytmatov bunu sözlə ifadəsindən başqa, enerji qatında verməsəydi, bunu mən də bu cür qavraya bilməzdim. Tamaşa da bütün bu problemin məhz qaranlıq səmtiylə yol gedir. "Ana Beyit" kolliziyası altında məkan təyinetməsi məsələsi mənə çox cazib göründü.
Allah... Yaradan bizi harda axtara bilər? Əlbəttə ki, mənim genetik kodlarım hardadırsa, Allah mənim ruhumu da orda axtaracaq. Və mənim hansı torpaqda genetik kodlarım varsa, o yurd yerinə sahiblənmək lazımdır. İnsan YURDunu tanımalı, onu qorumalıdır. Yiyəlik, Sahiblik hissinin oyanması mənim üçün çox əhəmiyyətlidir.
Beləcə, Aytmatov ilk baxışdan çox sadə görünən, uzun bir günün içində baş verən, gündəlik anlam daşıyan bir hadisə altında çox vacib, böyük əhəmiyyətli... çox dərin məzmunları verə bilib." (M. Ələkbərzadə)
Səhnə
Bütün seçimlərdən sonra, məncə, tamaşanın vizual həlli rejissor üçün ikinci böyük çətinliyi yaratmış olub. Çünki qeyd edildiyi kimi, romanda hadisələr bir məkanda və bir zamanda baş vermir. Dəmiryol stansiyasından tutmuş, qəbiristanlığa qədər böyük bir yol keçilir və bu yol yazıçının qeyd etdiyi kimi bir əsrə bərabərdir. Paralel olaraq, qədim türk mifologiyası və kosmik məkan təqdim edilir. Bütün bunlar tamaşanın texniki həllini çox çətinə salır.
Açıq etiraf edək ki, müasir dünya teatrlarında olan vizual texniki imkanlar bizim teatrlarda yoxdu.
Olsaydı, təbii ki, biz həm çölün ortasındakı Buranlı stansiyasını, həm qədim mifoloji dövrləri, kosmik stansiyanı, fəzanın dərinliklərindəki uzaq, əlçatmaz planeti görə bilərdik. Yəqin ki, bu texniki problemlər də, nə vaxtsa həllini tapar və biz teatrlarımızın səhnələrində inkişaf etmiş ölkələrdə olduğu kimi, hər cür texniki innovasiyaları görə biləcəyik.
Amma bu film deyil. Teatr tamaşaçıdan həm də təxəyyül istəyir. Bütün təkilf edilmiş coğrafiyanın teatral detalları yetərincə mükəmməl işlənilmişdi.
İndiki halda isə biz səhnədə geniş zaman və məkan müstəvisinin texniki şəraitin imkan verdiyi maksimumunu görə bilirik. Kino, qrafika və səhnə tandemi ilə, məkan, zaman territoriyasi həll edilmişdi. Həm stansiyanın şərti görüntüləri, həm Meşədöşlü stansiyası, həm qədim türk obaları - bütün bu görüntülər həm səhnədəki quruluş, həm də fondakı ekrandakı qrafik video-görüntülərin vəhdətiylə mümkün qədər çatdırılmağa çalışılıb. Musiqi həlli də əsərin emosional yükünü maksimum çatdırmağa xidmət edir.
Baş qəhrəman
Əsərdə onlarla obraz iştirak etsə də, məlum faktdır ki, burda lokomotiv kimi məhz Yedigey obrazı çıxış edir.
Əsərin bütün məna yükünü məhz o daşıyır. Ümumiyyətlə, təqdim olunan hadisənin əsl səbəbkarı da odur. Əgər Qazanqapın məhz Ana Beyit qəbiristanlığında dəfn edilmək istəyini ortaya çıxartmasaydı, onu elə stansiya yanında dəfn edəcəkdilər və hadisə də bununla bitəcəkdi. Beləliklə, əslində biz həm romanda, həm də tamaşada məhz Yedigeyin dünyasına baş vururuq. Bizi Aytmatov fəlsəfəsinə, onun içinə məhz o çəkir. Və təbii ki, bu qədər ağır yükü səhnədə daşıya biləcək, bir neçə səhnəni çıxmaq şərtilə, demək olar ki, bütün tamaşa boyu səhnədə olan obrazı yaratmaq, həqiqətən, ağır və məsuliyyətli işdir ki, rejissor bu işi məhz Nurəddin Mehdixanlıya həvalə edib. Məncə, çox uğurlu seçimdir.
Romandakı Yedigey obrazı rejissorun düşüncə filtrindən keçərək məhz bu cür təqdim olunub. Rejissor məhz Ana Beyitə getməyə qüdrəti çatan... Şərəfli keçmişə baş vurmaq üçün mücadilə aparan... Qeyd etdiyimiz kimi, Yedigeyi Aytmatovun özü kimi qəbul edir. Zahirən sadəlövh,bir az da inadkar görünən personajın üst qatını götürəndə, tamam fərqli bir dünya ilə rastlaşırsan.
Əslində keçmiş də, gələcək də elə baş qəhrəmanın içindədi. Keçmiş əsrdə baş verənləri döndərib bir lent kimi yenidən baxan...onu bir də yaşayan Yedigey... Ana Beyitə bağlanan yolun səbəbini axtarır. Bütün hər nə varsa - Qədim qəbiristanlıqdan tutmuş, gələcəkdəki kosmik stansiyaya qədər, hər şey onun içindən keçir. Bir insanın, Əsrə bərabər gün də onun içindədir, bütün Türküstan çölləri də onun içindədir.Yanlışlıqlar da, doğrular da onunladır.
Və bu qədər geniş, sonsuz müstəvini öz içində birləşdirən qəhrəman sadəlövh, səmimi, duyğusal, amma məqamı gələndə inadkar, sərt, barışmaz bir türk oğludur.
Bizə, sanki bir türkün içindəki dünyanı göstərir rejissor - həm keçmişini, həm bu gününü, həm də gələcəyini.
Səhnədəki bütün obrazlar, xarakterlər, hətta simvol və arxetiplər məhz Yedigeylə toqquşarkən özünü büruzə verir, iç dünyası üzə çıxır.
Hətta müasir insanları özünə yaxın buraxmayan qədim Anabeyit qəbiristanlığı da...
"- Aytmatovun əsərinin sonu məhz Ana Beyitlə bitir. Həm də qəhrəmanların gedib çıxa bilmədikləri, əlçatmaz olaraq qalan Ana Beyit. Mən əsərdən fərqli olaraq bu istiqamətdə Qazanqap obrazını çox ciddi arqument olaraq gördüm. Axı əsərin süjeti məhz Qazanqapın dəfn olunması üzərində qurulub. Lakin sonuc açıq deyilmir ki, bunun nəşini niyə Ana Beyitə buraxmırlar? Bəli, strateji obyekt qorunur. Lakin təkcə bu idimi səbəb? Ana Beyit yurduna, nəslinə, şəcərəsinə sadiq insanları qoynuna ala bilər. Nankor və dönükləri yox. Qədim rəvayətdən fərqli olaraq müasir insanlar məcburiyyətdən deyil, könüllü şəkildə manqurtdurlar. Könüllü şəkildə əcdadlarının ruhundan imtina ediblər. Məşhur 1937-ci il repressiyalarından keçmiş Qazanqap atasından imtina edən adamdır. Və Ana Beyitə girə bilməməkləri, Nayman ananın yalnız ayağının dəydiyi yerdə Qazanqapın dəfn olunmağı da, sanki bizə deyir ki, insanlar bu dünyada etdikləri əməllərlə, müqəddəs yerə layiq ola biləcək vəziyyətə gəliblər.
Vacib bir məsələ. Törə baba arxetipi mənim üçün çox vacibdir. Onu bu əsərə böyük bir açar olaraq qəbul etdim. Bizə bəlli olan Baykanur kosmodromu, əslində Törə baba ocağı, türbəsi üstündə tikilib. Sadəcə, Aytmatov əsərdə Ana Beyit qəbiristanlığını uydurub. Və Ana Beyit adlandırsa da... sanki "siz Törə babaya layiq deyilsiz", demək istəyir.
Daha bir məqam... Yedigeyin qədim qəbiristanlığa gedən yolun açılmasına israr etməsi, sanki özünün də ora gedib-gedə bilməməyini təyin eləmək istəyir. Çünki hətta Yedigey də öz nəfsinə qalib gələ bilməyən, müəyyən mənada, Anabeyitə layiq olmayan insanlar səviyyəsinə düşüb. Bu paralellik mənimçün çox maraqlıydı. Bir faktı da qeyd edim ki, Ana Beyit qəbiristanlığına yolun olması, açılması, bərpası Aytmatov üçün həyat qədər əhəmiyyətli məsələ idi. Təsadüfi deyil ki, Aytmatov vəfat etdikdən sonra onu yeni salınan qəbiristanlıqda - Ata Beyitdə dəfn etdilər.." (M. Ələkbərzadə)
Baş qəhrəmanın ziddiyyətləri
Xalq artisti Nurəddin Mehdixanlının bu tamaşada məncə, ən böyük uğuru məhz daxili ziddiyyətləri çox düzgün, səlis şəkildə təqdim edə bilməyindədir. Obraz zahirən nə qədər sadəlövh, dürüst, pak və inamlı görünsə də, müəyyən məqamlarda içindəki bütün qarışıq hisslər, ziddiyyətli duyğular, sanki çat vermiş divarın arasından sızan su kimi azadlığa çıxır. Obrazın quruluşuna rejissor yanaşmasının ən maraqlı cəhəti isə budur ki, Yedigey bu ziddiyyətlərin mahiyyətini də anlamağa çətinlik çəkir. Dünya ədəbiyyatında, kino və teatrında psixologizm janrında yaradılan əsərlərdə qəhrəmanların daxili ziddiyyətləri müxtəlif üslublarda təqdim olunub. Adətən ağıllı, intellektual, dərin düşüncəli qəhrəman öz daxili ziddiyyətləri içində boğulur, onları dərin düşüncəylə analiz edir, məntiqlə anlamağa çalışır.
Lakin Yedigey obrazının təqdimatında bunu görmürük. Onun içindəki ziddiyyətlər də, sanki uşaq sadəlövhlüyü ilə qarşılanır. Təbiət qədər doğal bir obrazdır Nurəddinin Yedigeyi. Müasir psixologiyanın, psixoanalizin nailiyyətlərindən xəbərsiz olan sadə və səmimi, zəhmətkeş insan öz içindəki bu hisslərin mahiyyətinə belə varmağa çətinlik çəkir, anlamır. Hətta hansısa dolaşıq hiss və duyğuların izahını belə verərkən, onun fikirlərində bir uşaq sadəlövhlüyü hiss olunur ki, aktyor oyununda məhz bu məqam çox ustalıqla önə çıxarılıb. Bəli, bizim qarşımızdakı obraz dərin düşünən, intellektual filosof deyil (bu qarşıdurma Abutalıbla yanaşı olanda daha bariz üzə çıxır). O, sadə bir insandır. Lakin görünür, biz elə bir dövrə gəlib çıxmışıq ki, sadə, səmimi, saf görünən, adi dürüst insanlar da artıq iblislərin əlində aciz qalıblar. Hətta öz mürşidi-kamilinin halal xanımına sevgi elan edə biləcək qədər aşağı düşüblər.
Mürşidi-kamil
Tamaşadakı maraqlı rejissor tapıntılarından biri də, yuxarıda qeyd etdiyim Abutalıb obrazına fərqli və gözlənilməz bir yanaşma ortaya qoymaq idi.
Romanda Abutalıb sadə bir sovet müəllimidir. Müharibədə döyüşüb, əsir düşüb, qaçıb partizanlara qoşulub, müharibə bitəndən sonra, bir müddət istintaq ediləndən sonra azadlığa buraxılıb. Ağıllı, savadlı, elmli adamdır, belə demək olarsa, "zəmanənin gediş-gəlişi"ni başa düşür və özünün müharibə xatirələrini yazmaqla məşğuldur. Orda nə yazır, nə yazmır - romanda bu dərinliklər çox da xırdalanmır, üzdən keçilir. Hər nədisə, Abutalıb bir sovet insanı olduğuna görə, fikir və düşüncələri də daha çox dünyəvi yüksəliş, dünyəvi maariflənmə haqqındadır.
Lakin rejissor bu qədər personajın içində məhz Abutalıbı seçib, Yedigey üçün mürşidi-kamil simasında təqdim edir və onun dilindən "kamil insan" məfhumunu çatdırır. Rejissorun bizə göstərdiyi Abutalıb, sadəcə, dünyada xoşbəxt gələcək, ideal cəmiyyət qurmağa çalışmır, həm də insan-tanrı, yer-kosmos, keçmiş-gələcək münasibətləri kontekstindən bizə "ilahi nura boyanmış KAMİL İNSAN" ideyasını təqdim edir.
Bu məqam bizimçün Meşədöşlü planetini görüb gələn kosmonavtların timsalında da təzahür edir. Əgər romanda o uzaq planetə gedən kosmonavtlar, sanki ideal bir cəmiyyət görmüş insanlar kimi (sadəcə, müşahidəçi qismində) verilirsə, tamaşada rejissor bu kosmonavtları həm də o ideal işığın içində ərimiş, işıqlanmış və Şeyx Səfiəddinin təbirincə, desək, "İrşad sahibi" olmuş varlıqlar kimi təqdim edir. Və bu İrşad sahibləri hal-hazırda yerdəki insan cəmiyyətinə lazım deyillər. Niyə? Çünki bütün bəşəriyyəti "işığ"a yoluxdura bilərlər. Bu saat dünyada mövcud olan insan cəmiyyəti üçün "işığa yoluxmaq" müəyyən mənada, kovidə, quş qripinə, vəbaya, tauna yoluxmaqdan daha təhlükəlidir. Çünki işığa yoluxanları sürü halına salıb, idarə eləmək mümkün deyil.
Yol
Roman, demək olar ki, sonsuz bir YOL üzərində qurulub və rejissor da tamaşa da yolu bizə əyani şəkildə təqdim edir.
Ümumiyyətlə, bir məqamı qeyd edim ki, Mehriban Ələkbərzadə yaradıcılığı üçün yol arxetipi çox önəmlidir. Ələlxüsus, son dövrlərdə hazırladığı tamaşalara baxanda görürük ki, hər biri sonu səmalara gedən bir yolun yolçuluğudur, sadəcə, yol gedənlər və yolun mahiyyəti fərqlidir.
Bu tamaşaya da baxdıqca, biz keçmişə və gələcəyə, aşağıdan yuxarıya, batindən zahirə gedən bir yolun yolçusuna çevrilirik, yolu rejissorla, obrazlarla birlikdə addımladıqca, onların bütün savab və günahlarından keçirik, sevgilərini yaşayırıq, iztirab və sarsıntılarına şərik oluruq. O yol çox doğma və yaxın gəlir bizə... Çünki o yol, həm də bu gün bizim hamımızın içindən keçən yoldur.
Və əfsus ki, bu yolun sonunda bir şlaqbaum var. Hər birimiz üçün? Niyə? Bəlkə ona görə ki, səhnədə gördüyümüz personajlar kimi, elə bizim özümüz də göylərə əl çatdırmaq üçün dədə-baba qəbiristanlığındakı başdaşılarının üstünə çıxan adamlarıq? Bəlkə biz tamaşaya yox, elə güzgüyə baxırıq? Bəlkə elə hər birimiz hər günümüzü bu cür əsrə bərabər yaşayırıq və hər günün sonunda bu cür şlaqbauma dirənirik?!
Məgər uzun illər biz də, bütün ənənələrimizi, tariximizi, milli dəyərlərimizi ayağımızın altına qoyub, üzümüzü Qərbə tutmamışdıqmı? Elə bilirdik ki, o qəbir daşlarının üstünə çıxsaq, o yüksəkliyə əlimiz daha yaxşı çatacaq.. Amma nə oldu? Orda üzümüzə qapı açıldımı?
Əsərin bugünki günlə səsləşən əsas mesajlarından biri də budur, məncə. Yuxarılara qapı açmaq ümidilə aşağını ayağımız altına qoysaq, sonda hər ikisindən məhrum olacağıq. Kökündən qoparılmış ağac göylərə yüksələ bilməz.
Sarınər və Sabitcan
Tamaşada ön plana çəkilən daha bir duet mənim diqqətimi cəlb elədi. Bir tərəfdə, xəyanət və etibarsızlıq simvolu olan Sabitcan (Qazanqapın oğlu), digər tərəfdə, sədaqət və etibar simvolu olan Sarınər (Qaranər)... Biri insanlığını itirmiş və heyvanlaşmış insan, digəri bir insanın ən etibarlı varlığına çevrilən, az qala insanlaşmış bir dəvə... İki qütb.
Sabitcan obrazı ötən əsrin 60-cı illərinin təmsilçisi olsa da, rejissor trakovkasında məhz XXI əsrin istehkam cəmiyyətinin innovativ, kreativ personajı kimi görünür. Bu gün də ətrafımıza baxsaq, Sabitcan kimi bütün keçmişini, adət-ənənələrini, milli mentalitetini dırnaqarası inkişaf, yüksəliş, karyera naminə qurban verən yüzlərlə tiplər görürük. Hətta öz atasının meyidini belə tez-tələsik harda gəldi, basdırıb, yenə də öz "vacib işləri"nin dalınca qaçmağa hazır olan, bütün mənəvi dəyərlərə yuxarıdan aşağı baxan Sabitcan kimilər çoxaldıqca, həqiqi yüksəliş yolumuzu kəsən şlaqbaumlar da çoxalacaq və nəhayətdə, keçilməz səddə çevriləcək...Əlbəttə, vaxtilə (37-ci ildə) atasından imtina edən Qazanqapın xələfi məhz belə olmalıdır. O, həbs olunmuş atasından imtina etdiyi kimi, indi də oğlu qoca dəmiryolçunun meyidinə yiyə durmaqdan imtina edir.
İndi də oxşar halları çox görürük. Amma əfsus ki, sədaqətli, vəfalı dəvə artıq çoxdan qeyb olub...
Epiloq
Pyesin tam məzmununu, bütün rejissor tapıntılarını, səhnə mizanlarını, aktyorların işinin incəliklərini tam şərh eləmək, yəqin ki, teatrşünaslarımızın işidi. Mənsə, öz fikir və düşüncələrimi daha çox sırf rejissor düşüncələrinə yönəltdim, çünki əsəri, demək olar ki, hamı oxuyub, süjeti bilir, hadisələrdən xəbərdardır, ideyası barədə məlumatlıdır... Mənə maraqlı olan isə bu məlum və məşhur materialın üzərində rejissorun hansı təfəkkür işi apardığına diqqəti çəkmək idi.
Sonda rejissorun özünün artırdığı bir cümlə ilə onun əsərə niyə müraciət elədiyi və niyə məhz indi bu əsəri səhnələşdirdiyinin kodu verilir.
- İlahi, canımızı al, həyatımızı al, amma torpağımızı daha bizdən alma...
Və məncə, uzun aylar, hətta illər ərzində rejissor təxəyyülündə və təfəkküründə gedən bu proseslər teatrın maddi-texniki vəziyyəti imkan verdiyi qədər reallaşa bilib.
Bircə təəssüf elədiyim odur ki, kaş bu tamaşa Çingiz Aytmatov həyatda olanda səhnələşdirilərdi və özü də premyerada iştirak edərdi.
Əminəm ki, bəyənəcəkdi... Hər halda, mən düşünürəm ki, tamaşa vaxtı böyük yazıçının ruhu elə səhnədə, personajların başının üstündə idi...
P.S. Mən Aytmatov ruhunu başım üstə hiss edirəm!! (M.Ələkbərzadə)