Kulis.az Fəridənin "Tanrı quşu gəlmədi" tamaşası haqqında təəssürat yazısını təqdim edir.
Nənəmin qəribə bir şakəri vardı: gözdən oğurlanan kimi beş-altı payanı eninə-uzununa keçirirdi, uclarını da saman ipiylə bağlayıb nərdivan düzəldirdi.
Sonra da tayaya, ağaca, divara – hara gəldi dayayırdı; gah quş yuvasına baxmağa, gah toyuq yumurtası axtarmağa... Çox vaxt da yıxılardı. Saman ipləriylə bağlanmış paya Ərəbzəngiyə bənzəyən nənəmi götürərdi heç?!
“Əyallah, öldüm, əyallah öldüm”, - sonra da dodaqaltı zarıyardı. Qorxurdu ki, atam səsini eşidib hirslənər.
Arabir yadıma düşür, gülürəm, arabir də kədərlənirəm. Axşam yenə qəfil xatırladım. Özü də, harada? Dram teatrında.
Cavid Zeynallının pyesi əsasında səhnələşdirilmiş “Tanrı quşu gəlmədi” tamaşasının premyerasında.
Dram teatrında nənəmi niyə xatırladığımı izah edəcəm, bir az səbrli olun.
Əvvəlcə tamaşanın mövzusunu qısaca yazacam. Mən sizə faciəvi hadisə danışacam, amma siz güləcəksiniz. Hazırsınız? Getdik.
Tamaşa “axsaq filankəs” öldü replikasıyla başlayır. Məlum olur ki, bu axsaq filankəs öldüyünə görə bizim baş qəhrəman kəndə qayıtmağa qərar verib.
Qəhrəman ömrünün ahıl yaşlarını yaşamaqda olan bir “dədə”dir. Tamaşa boyu bu kişinin nə yuvanın quşu olduğunu aydınlaşdırmağa çalışıb, axırda belə qərara gələcəyik ki, dədə haramzadanın, nadanın, hətta “ırz düşmanı”nın biridir.
Nə isə.
Bu kişi o vaxt kənddən çıxandı. Bakıda vəzifədə işləyib (nə işləyib deyə soruşmayın, başa düşə bilmədim), uşağı olmayıb, uşaq götürüb saxlayıb, sonra bu uşaq da böyüyüb adam vurmaqdan narkotikə qədər hər şeylə dədəsinin imtahanına çevrilib.
Anası da bunun dərdinə dözməyib, ölüb.
İndi bu oğul bir rəssam xanımla evlidir. Rəssam xanım da artıq cana gəlib, münasibətləri dözülməz gərginlik həddindədir, uşaqları da olmur.
Qaqaş rəssam xanımına deyir ki, istəmirsənsə, boşan, amma xanım dirəşib ki, “yox, mən dədənə baxacam; mən olmasam, o kişi ölər”, ay nə bilim nə.
Hətta guya zarafata salıb kişiyə arvad da axtarır.
Əlqərəz.
Bir də, həkim var, bunların ailə dostudur. Danışıqlarından, gəlinbacıya baxışından-zad bir ara elə bildim, nəsə başqa söhbət qaynayacaq, şükür, düşündüyüm kimi olmadı.
Hə, deməli, axsaq filankəs ölüb, dədə ata-baba yurduna qayıtmaq istəyir, buna görə də Bakıdakı evi satmalıdır. Oğlu da evin satılmağını istəmir və qiyamət qopur.
Mövzu budur.
Burda önəmli bir qeyd edim ki, o boyda rus və dünya ədəbiyyatında cild-cild əsərlər yazılıb, atalar-oğullar, nəsillər problemi işlənib, bizim müəllif isə qabartdığı bu mövzunu oğlunun atasına dediyi “sən məni başa düşmürsən” cümləsi ilə bağlayıb.
Gəlinbacı da gedir o yana, gəlir bu yana, “Ay allah, bu nə zülmdür?” deyib, fəryad edir. Hansı zülmdən söhbət gedir? Anlaşılmır.
Tut dolu boşqabı əlində mətbəxə aparıb, mətbəxdən qucağında palitra ilə başını bayıra uzadan bu qəhrəmanın, məncə, bütün tamaşa boyu nəyi, kimi oynadığından heç özünün də xəbəri yox idi.
“Dədə”, “dədə” - qışqıra-qışqıra gəlməyi bir yerdən sonra adamı güldürür. Bir-iki dəfə özümü unudub pıqqıldadım hətta.
Müəllifin qeyrətli, abırlı, böyük-kiçik, hörmət-izzət mücəssiməsi olan Azərbaycan qadını (özü də, rəssam, yaradıcı) yaratmaq cəhdi havada qalıb.
Həkim dost da maraqlı tipaj idi, amma tamaşada nə işi vardı, məncə, özünün də xəbəri yox idi.
Bir də, yadıma düşmüşkən, cahilliyimə yazın, bilmirəm, ona görə soruşuram: Əcəba, Akademik Milli Dram Tetarında oynanılan tamaşalarda mütləq akademik üslubdan istifadə edilməlidi?
Məsələn, hansı ailədə gəlin qaynatasına “dədə, keçin oturun, indi ürəyiniz tutacaqdır” deyir?
Hələ əsl tamaşa dədə kəndə qayıdandan sonra baş verir. Bir ara payaları bir-birinə bağlayan saman ipləri qırıldı... onda “kim kimlə harada nə edib” sualları qatar kimi keçdi başımın içindən.
Məsələn, mövzularda zaman keçidləri yoxdur.
Başıpozuq oğlunun əməllərinə görə narahat olan dədə vasitəçiyə zəng eləyir, deyir, bəs belə tez alınmayacaq, bu alqı-satqı məsələsini bir neçə gün ertələyək. Bu vaxt qapı döyülür: budur, rəssam gəlin mübarək qədəmləriynən qədim yurd yerini şərəfləndirir.
Məlum olur ki, kişinin oğlunu bayaq haqqında danışdığım həkim Moskvaya - müalicəyə aparıb, gəlin də götür-qoy eləyib ki, indi vəfa vaxtıdır, yaşlı, kimsəsiz kişini tək qoymaq olmaz... - qayınatasının dalınca kəndə gəlib.
Kişi əvvəl əsəbiləşir, ancaq tezcənə yumşalır, fikirləşir, fürsət bu fürsətdir, təzədən Bakıya - vasitəçiyə zəng vurub deyir ki, sabah günorta Bakıdayam, bəs gəl evi al.
Vaxt ötür... hardasa iki dəqiqə, üç dəqiqə... Hamı görür də. Hamı gördü. Kişi heç otaqdan-otağaca keçmir. Eləcə səhnədə danışır və qəfil gəlninə deyir ki, evi satmışam, pulunu da banka qoymuşam.
Qəti şişirtmirəm. Elə belə də oldu. Keçidsiz-zadsız.
Srağagün Rusiyaya müalicəyə getmiş oğul da haçansa qayıtdı.
Sonra falçı qadın açdı sandığı, tökdü pambığı. Məlum oldu ki, bəs, dədə namussuzun biriymiş. Onu orda, bunu burda... Onunla yolda, bununla kolda...
Üstəlik, falçının özünü də, zorlayıbmış... Orası bilinmir ki, bu qadın zorlanandan sonra falçı olub, yoxsa ta əzəldən falçı idi... Falçı idisə, özünün aqibətini nə əcəb görməyib, görən... Hər şey bir yana, tutalım, bunlar sevişəndə səs-küy qopub... kişinin fürsəti olmayıb ki, ayaqqabılarını geyinsin. Elə dabanına tüpürüb ayaqyalın götürülüb... O gedən bu gedən... İndi qayıdıb gəlib ayaqqabılarını götürməyə. (Zarafatsız, falçı etibarlı adammış, kişinin ayaqqabılarını qaytarır özünə)
O gecə falçı hamilə qalıbmış. Sonra da hamıdan gizlin qaçıbmış Bakıya... Sabunçuda kimsə kömək eləyibmiş buna, nəhayət, uşağı doğubmuş, doğub zibil qutusuna tullayıbmış və qayıdıbmış kəndə...
Bəs nə? Ora-bura... bir neçə ildən sonra öyrənirik ki, bu kişinin övladlığa götürdüyü uşaq, əslində, öz oğlu imiş.
Belə. Gülməlidir, hə?
Daha çox “xəşil” deyərdim. Hələ mən çalışdım ki, maksimum bəsitləşdirim məsələni.
Nə başınızı ağrıdım, yazıçı pyesdə kənddən çıxıb şəhərə üz tutan, yaxşı-pis bir həyat yaşayıb illər sonra ata ocağına qayıtmaq arzusuyla yaşayan bir kişinin dramını yazmağa cəhd edib.
Amma elə bilin ki, xəyalında “toçka”lar qeyd edib, sonra burdan-ora, ordan-bura ox işarələri çəkib, fikirləşib ki, nəyi kimə calasa, maraqlı bir hekayə alına bilər?
Bəsit, adi, rabitəsiz, əsaslandırılmayan, maraqsız, mövzu kimi olduqca lazımsız bir hekayənin içinə bir-iki mistik elementlər atıb, ab-hava yaratmağa çalışıb.
Axıra yaxın düşünürdüm ki, görəsən, tamaşa rejissorun əsəri sayılmalıdır, yoxsa yazıçının? Gözümüzün önündəki bu mənasızlıq təntənəsinin günahkarı hansıdır? (Rejissor, ya yazar?)
Boşluqları, uğurla dramatikləşdirilməyən, bədii həlli olmayan süjet xəttini rejissorun, obrazları mənimsəyə bilməməyi aktyorların üstünə atdım, amma bəs, bu mətnin ideyası? Mənası? Yazılan hekayə? Qurula bilməyən xətlər? Mövzu? Bu boyda zövqsüzlüyü rejissor təkbaşına yaratmışdısa, bravo.
Axı gündəlik həyatda, sıradan bir ailədə bundan daha maraqlı dramlar cərəyan edir. Bu əndirbadi qurama hansı ehtiyacın məhsulu ola bilər? Özünü dağa-daşa, meşəyə vurmaq nəyə lazım?!
Meşə demişkən, axırda da dədə gedir meşəyə, başını ağacın haçasına soxur və orada ölür.
(Burda özümü saxlaya bilməyib yenə güldüm. Bu dəfə də yadıma ipdən açılıb, əldən çıxan kimi başını at arabasının taxta cağlarının arasına soxan inəyimiz düşmüşdü. Əldən çıxan kimi gedib başını soxurdu cağların arasına, maral buynuzuna oxşayan buynuzları ilişirdi, başı qalırdı orda.)
Tamaşaya baxa-baxa düşünürdüm ki, “hə, noolsun”? Amma cavab yoxdur. Elə bil müəllif hər dəfə bu sualı düşünəndə “dədə”yə bir düyün də vurub, axırda görüb, kişinin “dərdi” yaman ağır olacaq, əl saxlayıb. Nəticədə ortaya bir çuval yiyəsiz dərd tökülüb. Amma bunun mövzuyla əlaqəsi yoxdur.
Nə demək istədiyimi başa düşdünüz? Əminəm ki, yuxarıdakı abzasımdan heç nə anlamadınız.
Baxın, eynilə belə. Guya nəsə deməyə çalışdım, sözləri yığdım bir yerə, amma ortada heç nə yoxdu.
Baxdığımız tamaşada eynilə beləydi.
Bircə falçı qadını oynayan aktrisa (Qızılgül Quliyeva) möhtəşəm idi. Ədalar, mimikalar, jestlər, reaksiyalar, səs, intonasiya... – hər şeyilə... sanki qotik bir filmdən qaçıb bu tamaşaya düşmüşdü. Filmlərdə heyranlıqla izlədiyimiz əcnəbi aktrisalardan geri qalmırdı.
Bu tamaşanı ayaqüstdə alqışlayan hər kəsi məhz o aktrisanın performansı ayağa qaldırmışdı. Təkcə bu performansı görmək üçün tamaşaya getməyə dəyər.
Ssenari, mövzu və digər aktyorların oyunu (oğlu oyanayan aktyor istisna) isə iri bir təəssüf.
(Yadımdan çıxmamış qeyd edim ki, musiqi seçimi də möhtəşəm idi. Axşamdan bəri ha düşünürəm, tapa bilmirəm ki, oxuyan kim idi, amma səs və musiqi çox gözəl idi.)
Hind filmi dadında, məzmunsuz, maraqsız, həyəcansız bir tamaşa...
Təəssüf ki, tanrı quşu gəlmədi. Ümid edirəm, Cavid bəy özü də səbəbi bilir...