Adam yalan yazanda dinsiz olur - Aydın Talıbzadə

Adam yalan yazanda dinsiz olur - Aydın Talıbzadə
17 may 2025
# 10:00

Kulis.az Aydın Talıbzadənin Vaqif İbrahimoğlunun xatirəsinə həsr etdiyi “Azərbaycan teatrının Bəhlul Danəndəsi və yaxud rejissor sənətinin Səttar Bəhlulzadəsi” essesini təqdim edir.

“Cəmşidi-zamani-aləm oldum,

Cəmşidi-zaman, zaman mənəm, mən!”

İmadəddin Nəsimi

Əcəba, daha nə yazım?

Yazmağa qalmadı ki lüzum.

Çünki məqaləmin adında, Nəsimi beytində düşüncələrimin hüdudlarını cızdım, qütblər arasında lağım qazdım və Vaqif İbrahimoğlu ruhunun portretini Yaxın Şərqin mədəniyyət parametrlərində vizuallaşdırdım, obrazını tapdım.

Vəssalam, məqalə bitdi.

Bundan o yanası təfərrüatdır. Hərdən baxırsan ki, qəfil bir cümlə, bir söz birləşməsi və ya sadə bir ifadə sənin bütün dediklərini və deyəcəklərinin hamısını dedi, böyük bir məqaləni tamamən əvəzlədi, nöqtələdi.

Bir də Vaqif İbrahimoğludan mən o qədər yazmışam ki...

Vaqifi Bəhlul Danəndə variantı kimi mədəniyyət üçün açmaq, Səttar Bəhlulzadə variantı kimi yozmaq da əla bir ideya: tədqiqat istər.

Amma bir dəqiqə: bu dəfə tədqiqatı qoyuram bir kənara; Vaqifdən və özümdən danışacağam, bizim münasibətlərin dinamikasından danışacağam, eqoların latent savaşından danışacağam, filosof Niyazi Mehdinin “Loqos” laboratoriyasından danışacağam.

Bəli, məhz “Loqos” laboratoriyasında, o yerdə ki, Niyazi Mehdi tələbələr üçün fəlsəfə konseptlərini “hava şarları kimi uçurdurdu”, tanış oluram bilgisi, yeni teatr ideyası, ekstravaqantlığı, kloun plastikası, hippi sayağı saçları, ironiya və zarafatlarıyla milli sənət camiəsinə yüngül şok yaşatmış Vaqif İbrahimoğlu ilə. Onun fenomenal uğura malik “Yaylağa gedir” tamaşasının müzakirəsi bitincə Vaqif auditoriyadan çıxhaçıxda çönüb mənə deyir ki, “sən gəl, Tədrisə, orada söhbət eləyək”. Bu təklifilə Vaqif mənə eksklüziv kart-blanş verir və praktiki surətdə teatrın qapılarını mənim üçün açıq elan edir. Qürurlana bilərəm: mən Azərbaycan teatrının milli modelini aşkarlayıb mədəniyyətdə legitimləşdirmək ideyası ilə alışan avanqardçı rejissor Vaqif İbrahimoğlu tərəfindən fərqləndirilmiş birisiyəm; deməli, “mən Vaqifdənəm, Vaqif məndən”... Hər halda mən bunu belə qavrayıram ol zamanlarda bir tələbə kimi...

Vaqif İbrahimoğlu ilə unudulmaz Tədris Teatrının, o vaxt bu teatrın direktoru İsrafil İsrafilov idi, rejissor otağında görüşərkən, tamaşalarının konseptual həllindən, milli teatr təfəkküründən, Azərbaycanda teatr fikrinin vibrasiyasından danışarkən o, mənə hətta deyirdi ki, “Aydın, bütün əlyazmalarımı sənə bağışlayacağam, mənim haqqımda kitabı sən yazacaqsan”. Mən bundan aşırı sevinirdim, qürrələnirdim, zənn edirdim ki, hər teatrşünasdan, vallah, “uludur ayətim, şövkətü-şanə sığmazam”.

Amma sən saydığıını say: şahmatda ağ fiqurlarla həmişə fələk oynayır və həmişə də qalib gəlir.

Mən elə ilk məqaləmdəcə onun “Məcnun” (1979) tamaşasını təhlilə çəkdim: “dövrün qadağaları sistemində bədənlə sözün, maddilə mənəvinin konflikti cəmiyyətin əxlaq problemini aşkarlayır”, “bədən və söz arasına yalanlar, kompromislər girdiyi zaman insanın ruhsal-mənəvi harmoniyası pozulur” konseptlərini rejissorun fikir partiturasının dominantları kimi ictimai rəy müstəvisində paylaşdım. Çox-çox sonralar təsadüfən öyrəndim: sən demə, bu məqaləyə Vaqif elə bir dəyər veribmiş ki, götürüb onu öz otağında divardan asıbmış. Hərçənd məqalə barədə mənə heç bircə kəlmə də deməmişdi. Üstündən düz altı ay keçmişdi ki, Vaqifin başqa bir tamaşasının tənqidini qəzetdə yayımladım.

Vaqifin xətrinə dəydi: dramaturq Kamal Aslanova qoşulub mənimlə qəti razılaşmadığını bildirdi, müəyyən məsələləri, şəraitsizliyi niyə nəzərə almadığımı, Tədris teatrında doğma adam sayılarkən nədən tənqidi məqalə yazdığımı sorğuladı. Cavab verdim ki, “sənət mənim üçün din kimi bir şeydir. Adam yalan yazanda dinsiz olur”. Vaqif qəşş eləyib güldü, soruşdu ki, bu cümləni harada oxumusan? Dedim, bilmirəm. Evə gəlib kitabları tökdüm qabağıma, Kanta baxdım, Heqelə baxdım, Nitşeyə və daha kimlərəsə baxdım, oxşar bir şey tapmadım. Ancaq buna rəğmən doğma Tədrisə vizitlərimi azaltmadım.

Zaman-zaman Vaqif İbrahimoğlunun tamaşalarına heyran qaldığım vaxtlar da oldu, onları bəyənmədiyim vaxtlar da. Teatr mənim üçün Tədrisdən başlasa da, mədəniyyətin, elmin və sənətin sirrləri bu qutsal məkanda intellekt kamikadzeləri Rəhman Bədəlovla, Niyazi Mehdilə, Gündüz Sarıyevlə Vaqifin söhbətlərində açılsa da, özümə heç vədə xəyanət eləmədim, həyatımda həmişə “düzü düz, əyrini əyri” konseptini üstün tutdum. Bəzən yazılarımda Vaqifin tamaşalarını Olimpin zirvəsinə qaldırdım, bəzən də amansız oldum, soraqladığım doğruların qurbanı oldum, tənqidi fikirlərimi heç gizlətmədim. Bəzənsə hətta Vaqifi suçlu buldum: onu öz aktyorlarına xəyanətdə günahlandırdım, aktyor talelərinə biganəlikdə məzəmmət elədim. Vaqifə acığım tutdu ki, aktyorlarına müvəqqəti istifadə predmetləri kimi yanaşır, asanlıqla onlardan ayrılır, müəyyən müddət işlədiyi truppanı dağıdıb yenisini yığır. Eh, hansını deyim?

Axırı ki o məndən incidi.

İncisə də, öz dost münasibətini məndən heç vədə əsirgəmədi. Hətta Azərbaycan Teatr Xadimləri İttifaqının qurultayında, səhv etmirəmsə, bu, 1985-ci il idi, bir aktyor, indi o, xalq artistidir, məni tənqid eləyəndə Vaqif söz alıb tribunaya çıxdı və dedi ki, “Aydın bizim ən ləyaqətli, ən qeyrətli gənc teatrşünaslarımızdan biridir.” Cəmi bir cümlə dedi və tribunadan aşağı endi.

Hətta onun belə bir alicənab davranışından sonra da mən öz prinsipiallığımdan dönmədim, Vaqifin maddi sıxıntılar ucbatından, şəraitsizlik ucbatından, paxıllar, bədxahlar ucbatından nə çətinliklər yaşadığını bilsəm də, sənətdə heç vədə nə ona, nə də başqa kimlərəsə güzəştə getmədim.

“Yuğ” teatrının Murtuza Muxtarov küçəsində yerləşən qədim hamam binasında məskunlaşdığı dönəmlərdə artıq aramızda “qara pişiklər” gəzirdi. Mən Vaqifin, bir də görürdün ki, dramaturqlarla, seyrçilərlə, teatrşünaslarla qurduğu şahmat “kombinasiyalarını” qəfildən pozurdum, müzakirələrdə tamaşanın oyatdığı təəssüratı tənqidi pafosa köklənib dilə gətirirdim, hər cür yalana, əksərən dramaturji mətnlərin kasadlığı, primitivliyi səbəbindən və hamının əvəzinə yazıb-pozub işləmək yorğunluğundan Vaqifdə meydana gələn bəraətsiz mistifikasiya cəhdlərinə, yapmacıq diskurslara qarşı çıxırdım. Daha məni tamaşalara, müzakirələrə bir elə də dəvət eləmirdilər. Getdikcə “Yuğ” teatrından Niyazi Mehdi də, Rəhman Bədəlov da uzaqlaşırdı, onların da Vaqiflə ünsiyyətlərində mütəmadi müəyyən problemlər ortaya çıxırdı.

Haradasa 2000-ci illərin əvvəllərində “Teatr” jurnalını hədəfləyərək rusca yazdığım, 2014-cü ildə isə “P.S.” əlavə edib yayımladığım “Mərdəkan hambiti” adlı məqaləmi ona göstərib deyirəm ki, “oxu bunu, sənin portretindir, görüm, sözün nə olacaq: fikrini səbirsizliklə gözləyəcəyəm”. Səhərisi zəng vurub məni “Gənclik” metrostansiyasının yaxınlığındakı çayxanaya dəvət edir, bilsə də ki mən çayxanaları bir elə də xoşlamıram. Günortaya vədələşirik. Gəlib çayxananı tapıram, baxıram ki Vaqif tək deyil, əzizi, can-ciyəri, tərəfkeşi tərcüməçi Eldar Quliyev də yanındadır. Soruşuram ki, “hə, məqalə necədir?”. Susur, sonradan asta-asta dillənir və rusca mənə deyir ki, “sən məni öldürdün, Aydın. Bu məqaləni mən öləndən sonra dərc elətdirərsən”.

Daha başqa heç nə söyləmir. Onun yerinə Eldar başlayır ki, “yaxşı deyil, sən o məqalədən araq-zad məsələsini çıxart, onun kasıblığına çox aksent vurma, ayıbdır”. Mənsə etiraz eləyirəm ki, “bu, onun həyatıdır, mən gördüklərimi yazmışam, müşahidələrimi yazmışam, heç kəsdən heç nə soruşamamışam, sən niyə qarışırsan ki? “Məşhur adamların həyatı” silsiləsindən olan kitabları bir yadına sal...”.

Vaqif yenə dinmir: anlayıram ki, onun fikirlərini Eldar dilə gətirir. Amma həqiqətən hayıf ki, bu məqaləni yazmamışdan öncə elə Eldarın özüylə də, onun konseptual tamaşalarının mərkəzi fiqurları olmuş aktyorlarla da Vaqif haqqında ətraflı danışmamışam, sorğu-sual aparmamışam: səbəb də bu ki, onların səmimiyyətindən şübhələnmişəm. Vaqifin aktyorları, onun ətrafında fırlananlar heç vaxt neqativləri dilə gətirmirdilər: onlardan nə soruşsaydın, komsomol iclaslarında öyrədilmiş gənclər kimi ütülü, sığallı cümlələrlə cavab verirdilər. Təəssüf, mən onu da bilməmişəm ki, İsrafil İsrafilovla Vaqif İbrahimoğlu kirayədə bir evdə yaşayıblar. Mən bunu çox-çox sonralar öyrənəcəyəm: onu da öyrənəcəyəm ki, bu iki dost hətta bir-birilə sonradan qohum da olublar və yenə də İsrafil İsrafilovdan Vaqif barədə heç nə soruşmayacağam. Çünki məqaləm artıq dərc olunmuşdu, sənət portallarında da yayımlanmışdı.

Nə isə...

Doğruları söyləmək naminə mən Vaqifi bu dəfə də özümdən rəncidə etmişdim.

2004-cü ildə Vaqifin bir başqa dostu, müştərək tamaşalar hazırladığı həmkarı telerejissor Ramiz Həsənoğlu haqqında mənim yazdığım “Ustad və Ayna” adlı monoqrafiyam çap olunur və mən kitabı sevincək götürüb yolüstü “Yuğ” teatrına dəyirəm, ilk nüsxənin ilk vərəqinə Ə.Vahidin “Səni zəmanə yetirməz dübarə, birdənəsən” misrasını yazıb Vaqifə bağışlayıram. Reaksiyası çox sönük olur. Əvəzində mən ona söyləyirəm ki, “növbəti monoqrafiyanı səndən yazacağam, çalış, materialları cəmlə bir yerə”. Dilxor mimikalarından görürəm ki, sözlərim eyninə deyil: tələsik sağollaşıram.

Bir həftəyə kitabı oxuyub bitirəndən sonra o, öz kabinetində mənimlə artıq dava intonasiyasında danışırdı. Anlayırdım ki, bu, daha ünsiyyətimizin sonudur.

Vaqif məndən küsdü.

Amma mən yenə ondan və teatrından, tamaşalarından yazmağı tərgitmədim. Vaqif artıq psixosof olmuşdu, mürid və şəyirdlərindən kripto qardaşlıq düzəltmişdi və yalnız ona “ləbbeyk” deyənləri yaxın buraxırdı. Mən “Vaqifiyyə kripto qardaşlığı”nda özgəsi idim.

Bu, mənə çox ağır təsir bağışlayırdı. İstəmirdim ki, Vaqif məndə bir İuda timsalı görsün: axı o da heç İsa Məsih deyildi. Eyni zamanda mən onu da bütün varlığımla dərk edirdim ki, Vaqif sənətdə hansı bir ucalıqda dayanıb və o, mərifət bəhrinin (dəryasının) ən bacarıqlı qəvvaslarından (üzgüçülərindən) biridir.

Onun tamaşalarından fəlsəfəyə, mədəniyyətə min bir lağım atmaq, karnavaldan, meydan oyunlarından, Avropa avanqardından yapışıb islam dünyasının sufi zikrlərinə, Uzaq Şərqin teatr formalarına qədər gedib çıxmaq mümkün idi. Vaqifin tamaşaları hər dəfə fikirlər, ideyalar qəsri kimi təzahür eləyirdi və bu qəsrin həmişə min bir qapısı vardı, hər qapının da öz qıfılı: ol səbəbdən açarlar dəstinə malik olmayınca, onları dərk etmək, özünküləşdirmək imkanı praktiki surətdə sıfra enirdi. Bu rejissorun tamaşaları, adətən, üst-üstə laylanmış mürəkkəb konstruksiya qatlarından ibarət olurdu: hər qatda da müəyyən fəlsəfi, psixoloji, sosioloji, kulturoloji mətləblər şifrələnirdi. Vaqif İbrahimoğlu Dədə Qorqud zirvəsindən Şəhriyar, Nizami, Şekspir, Füzuli, Bokkaço, Çexov zirvələrinə ziplayn sürüşən fateh, alpinist-rejissor idi. O, tamaşa qurmamışdan öncə bədii materialı heç kimin oxumadığı kimi oxuyub kəşf edirdi və bununla da teatr camiəsinin təfəkkür hüdudlarını genişləndirirdi. Odur ki, Vaqifin məni “Yuğ” teatrından mədəni şəkildə uzaqlaşdırmasını, öz ünsiyyətindən məhrum etməsini bir cəza kimi dəyərləndirirdim.

Ona görə də könlüm lap qırılmışdı Vaqifdən.

Bir gün Mədəniyyət Nazirliyindən mənə telefon açdılar ki, bu, 2009-cu ildir, “hazırlaş, “Yuğ” teatrı ilə gedirsən Misirə, Qahirə Beynəlxalq Eksperimental Teatr Festivalına”. Dedim, “getmirəm, Vaqiflə də danışmıram, onun teatrı ilə niyə festivala getməliyəm ki?” Dedilər, “yox e, Vaqif İbrahimoğlunun özü sənin adını çəkib: deyib ki, mənim yerimə Aydın getsin festivala”. Elə bildim, dünyanı mənə bağışladılar. Ancaq nazirliyə qəti cavab vermədim, gözləmələrini xahiş elədim və durub gəldim “Yuğ” teatrına, daxil oldum Vaqifin otağına.

Məni soyuq qarşıladı, bir təhər əl tutub görüşdük. Əyləşib başladım onu inandırmağa ki, Qahirəyə mütləq sən getməlisən “Yuğ” teatrının rəhbəri kimi, Azərbaycanda eksperimental teatrın müəllifi kimi. Dedi “istəmirəm, təyyarəyə minə bilmirəm”. Mən inanmadım. Çox üz vurdum. Alınmadı. Vaqifsə israrlı oldu və onda əlacsız söylədim ki, “halal elə”.

Vaqif gülümsündü: mən “Yuğ” teatrının 7 nəfərlik bir heyətilə Qahirəyə yola düşdüm; geri dönəndə yenə “Yuğ” teatrının Misir sərgüzəştindən və Eksperimental Teatr Festivalından iri bir məqalə yazıb yuğçulara halal elədim.

Sonra biz yenə görüşmədik və təsadüfən hansısa teatr törəni zamanı Dram Teatrının dördüncü mərtəbəsində tamaşadan öncə qarşılaşdıq. Saçlarını ülgüclə qırxdırıb keçəlləşmişdi, qolunu boynundan asmışdı. Görüşəndə başlarımızı bir-birinə yüngülcə toqquşdurduq. Soruşdum nə olub, dedi heç, elə-belə, fikir vermə.

Üstündən bir xeyli ötüşdü: xəbər yayıldı ki, Türkiyədə müalicə alır, bərk xəstədir və sağalmasına ümid azdır. Tez zəng vurdum. Açdı telefonu. Salamlaşdıq. Zarafat dalğasına köklənib dedim ki, eşitmişəm Türkiyəyə getmisən, məni də özünlə aparaydın da!!! O da ironiyasından qalmadı: qayıtdı ki, “bura gəlmək üçün gərək mənim günümə düşəsən”. Mən dərhal cavab verdim: “Sənin gününə nə olub ki? Mən də qolumu asardım boynumdan, gedərdim səninlə”. Beləcə sağollaşıb telefonu qapatdım.

Vaqifi bir daha nə gördüm, nə eşitdim. Son ayaqda daim onun yanında olmuş Məryam xanım Əlizadədən soruşdum ki, necə edim bəs Vaqifə bir baş çəkim. Dedi ki, bica özünü yorma, heç kimlə ünsiyyət saxlamaq istəmir.

2011-ci ildə Vaqif öldü: ruhu çıxan kimi yəqin ki, Dədə Qorqudla görüşə getdi.

“Getdi, qayıtmadı körpə Cəlalım,

Getdi, qayıtmadı, körpə Cəlalım,

Boy-boy ağlaram, boy-boy ağlaram”...

Hər dəfə Vaqifi xatırlayanda onun “Komsomol poeması” tamaşasının aşıq havacatına köklənmiş bu musiqi refreni qulaqlarımda mütləq cingildəyir.

Mən Vaqif üçün kövrəlmirəm, “titan getdi”.

Bəli, Vaqif qeyb oldu, amma görüşlərimiz bitmədi. Busa artıq heç mənlik deyildi, Allahın möcüzəsi, Tanrının lütfü idi, bəlkə də Dədə Qorqudun yanından Vaqif ruhunun mənə göndərdiyi vizual məktub, virtual bir tekst idi.

Dünyasını dəyişəndən bir neçə il sonra Vaqifi yuxumda görürəm.

Görürəm ki, türmənin yarıqaranlıq bom-boş şüşəbənd tipli dəhlizilə məni harasa aparırlar. Ovqatım yaman təlxdir, qəlbim sıxılır. Birdən ayağım nəyəsə ilişir: büdrəyib yıxılıram. Elə bu dəm kimsə çiyinlərimdən tutub məni yuxarı qaldırır. Baxıram ki, Vaqifdir: yaxasından qara buxara papaq çıxarıb başıma qoyur. Ayılıram, məni bir rahatlıq, xoşbəxtlik hissi bürüyür.

Vaqif məşhur bir frazanı təkrarlamaqdan həmişə xoşhallanırdı: “Buddanı gördün, Buddanı öldür”. Buddanı öldürdük, amma Vaqif yaşadı və onun adı indi də teatr camiəsinin dilindən düşmür.

Bilirəm, Vaqif məndən nə qədər incisə də, küssə də, həqiqi, dürüst və saf adam olduğuma bir qırıq da şübhə etmirdi...

Yum, verəlim, xanım!

Yuğçuları da yığaq bir yerə, dəstəmaz alıb, saz götürüb xorla dua oxusunlar Vaqif İbrahimoğlunun ruhuna, arabir də ney çalıb səma eləsinlər!!!

VAQİFİN MİSTİFİKASİYA OBRAZLARININ TƏSNİFATI

  1. TƏDRİS TEATRININ CON LENNONU
  2. ROMANTİK QİYAMÇI
  3. SÖZÜN, SAZIN, CAZIN, AVAZIN, RİTMİN DİVANƏSİ
  4. SƏHNƏ XULİQANI
  5. XUDAYAR BƏYƏ ÇEVRİLMİŞ ARLEKİN
  6. DASTAN DÜNYASININ ANTONEN ARTOSU
  7. DEKONSTRUKSİYA KARDİNALI “CƏNAB “Ö”
  8. QACAR GÖRKƏMLİ TƏLXƏK
  9. NƏ KOSA, NƏ KEÇƏL: KƏNDİRBAZ ŞUMAQƏDƏR
  10. SAXTAKARLIĞI İRONİYASI İLƏ “BOMBALAYAN” ADAM
  11. ŞAOLİN MƏBƏDİNİN RAHİBİ
  12. SİQARET TÜSTÜLƏDƏN BUDDA “QATİLİ”
  13. HAMAMDA YAŞAYAN TÜRK-TATAR DİOGENİ
  14. “YUĞ” TEATRININ MƏXFİ MUSSOLİNİSİ
  15. MƏRDƏKAN ŞAHMATÇISI
  16. MİLLİ TEATRDA DAO
  17. SÜD YOLUNUN SƏMA DƏRVİŞİ
# 216 dəfə oxunub

Oxşar xəbərlər

Lənkəran Teatrında yeni tamaşa hazırlanır

Lənkəran Teatrında yeni tamaşa hazırlanır

17:50 13 may 2025
"Burdan min atlı keçdi..."  tamaşasının premyerası oldu

"Burdan min atlı keçdi..." tamaşasının premyerası oldu

17:54 9 may 2025
Sumqayıt Teatrında premyera:  "İrəvanda nəyim qaldı..."

Sumqayıt Teatrında premyera: "İrəvanda nəyim qaldı..."

14:39 6 may 2025
"Arşın mal alan"nın premyerası keçirildi

"Arşın mal alan"nın premyerası keçirildi

16:00 2 may 2025
Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə

Azərbaycan teatr sənətində Molyer faktoru - Gülər Ədilzadə

14:37 2 may 2025
Gənc Tamaşaçılar Teatrının may repertuarı

Gənc Tamaşaçılar Teatrının may repertuarı

17:30 29 aprel 2025
#
#
# # #